Xalq yazıçısı Çingiz Abdullayev dedi, Xeyrəddin Qoca dəstək cavabı yazdı...

g

Hörmətli yazıçı dostum Çingiz Abdullayevin sualına düşündüyüm bildiyim kimi cavab vermək istəyirəm...”- deyən tanınmış yazıçı-publisist, sabiq diplomat sabiq millət vəkili Xeyrəddin Qoca özünün sosial media səhifəsində yazır:

 

Çingiz müəllim sual verir ki, "niyə yazıçılara, şairlərə, həkimlərə, ümumiyyətlə ziyalılara hörmət etmirlər?" Mən bir dəfə 47 il xalqın balalarına dərs demiş, dil-ədəbiyyat müəllimi işləyən atama sual verdim ki, "niyə müəllimlərə hörmət etmirlər?" Cavab verdi ki, "müəllimin pulu yoxdur, ona görə!". Sonra əlavə etdi ki, "gərək müəllim şəxsiyyətini qorusun, insanlara nümunə olsun, hər şeydən əvvəl savadı, biliyi, mədəniyyəti ilə insanlardan fərqlənsin! Kürəyində pamidor yeşiyi daşıyan, Rusiyanın bazarlarına alverə gedən müəllimə kim hörmət edəcək?".

 

Mən Pedaqoji Universiteti bitirdim, bircə il müəllim işlədim, gördüm cox cansıxıcıdır: maaş az, ailəni dolandırmaq olmur, hamı, xüsusilə vəzifəli adamlar sənə yuxarıdan aşağı baxır, "müəllim" deyəndə gülümsəyirlər, sanki bu sözə ironiya ilə yanaşırlar s. i.a. Ailəmiz ömür boyu kasıb yaşadığından, gördüm yox, müəllimliklə " baş dolandırmaq" mümkün deyil. Dünyanı düşünürdüm, hər bir neqativ hadisə məni narahat edirdi, hər tərəfdə nöqsan, çatışmazlıq, eybəcərlik... görürdüm. Çünki Kommunist Partiyası bizə yaşamağa imkan vermirdi. Məsələn, dövlət adamları "Çayka" maşınlarda gəzirdilər, sadə insanlar borc-xərc edib adi "Jiquli" ala bilmirdilər! Alan da gərək 10 il növbə gözləyəydi... Belə çıxırdı ki, vəzifədə olanların ailə-uşağı insandır, rahat, firəvan yaşamalıdır, sadə insanlar sürünməlidirlər? Başladım bütün bunlar haqqında tənqidi yazılar yazmağa. Jurnalist, yazıçı oldum, heç olmasa, qonorarla dolanmağa başladım. Zəhmət çəkdim, gecə- gündüz çalışdım, kitablar çap etdirdim, pyeslərim tamaçaya qoyuldu, cəmiyyətdə tanındım... Amma yenə çətin həyat sürürəm. Niyə? İndi Çingiz müəllim demişkən, yazıçıya hörmət qoymurlar. Çünki yazıçının vəzifəsi, pulu yoxdur! Üstəlik yazıçıların (hamısının yox) özlərinin çatmayan cəhətləri var. Bəziləri elə "əsərlər" yazırlar ki, elə bil bu dünyada yaşamırlar, yazdıqlarını heç kim oxumur. Bəziləri özlərini elə aparırlar ki, elə bil alçaq dağları bunlar yaradıblar! Şairlərin çoxu bağıra- bağıra, əl-qol ata-ata şeir oxuyur. Adamdan soruşarlar, olub, niyə qışqırıb-bağırırsan? Bəziləri ekrana çıxıb Yazıçılar Birliyinin sədrindən ev istəyirlər! Yazıçılar Birliyinin sədrinin ev vermək imkanı var? Xalqın içərisində içki içib sərxoş gəzən bəzi yazıçılara kim hörmət edər? Təəssüf ki, belələri qələm sahiblərinin hörmətinə xələl gətirirlər.... Bir sıra yazıçılar da orden- medal, fəxri ad almaq üçün özlərini oda- közə vururlar. Qocalanda da istəyirlər onları Fəxri xiyabanda dəfn etsinlər! Belələrinin yazdığından olar?! Xalq axı, yazıçıdan, ziyalıdan çox şey gözləyir... Bəli, Üzeyir Hacıbəyov, Həsən bəy Zərdabi, Mirzə Ələkbər Sabir, Cəlil Məmmədquluzadə... əsl ziyalı idilər, xalqın dərdini yazırdılar, sənətkar kimi böyük işlərə imza atırdılar, xalq da onları sevirdi!

Həkimlərin çoxu elə bil, 7 il Tibb Universitetində oxumayıblar! Bircə düşüncələri var: kimdən pul qoparsınlar! Lazımsız cərrahiyyə əməliyyatları, lazımsız dərmanlar yazıb insanları zəhərləmələr, lazımsız diaqnostika, xidmət yox... Hansı birini yazım? Hamı pul tapıb xaricdə müalicə olunmağa can atır!..

Alimlərin niyə hörməti yoxdur? Son zamanlar eşitmisiniz ki, hansı alimsə dünyaya səs salan bir elmi kəşf eləsin? Adam var, ona- buna dissertasiya yazır, " alim yetişdirir"! Ölkədə alim əlindən tərpənmək olmur! Heç onların çoxunu tanıyan var? Alim ki, xalq qarşısına çıxıb bir ziyalı kimi ağıllı-başlı söz deyə bilmir, ona necə alim demək olar?

 

Çingiz müəllim, siz ki, bunları hamıdan yaxşı bilirsiniz... Bundan sonra hörmət?

Əlbəttə, hamı yazdıqlarımız kimi deyil.Cəmiyyəti irəli aparan böyük ziyalılarımız da var, müəllimlərimiz var, həkimlərimiz var! Biz onlarla fəxr edirik! Lakin çoxları paxıllıqdan, gözügötürməzlikdən onları da görmək istəmir, belələrinə göz açmağa imkan vermirlər! Çünki insanları, onların bacarıqlarını dəyərləndirməyə səviyyə lazımdır! Bir sıra xalqını düşünməyən vəzifəli şəxslər isə səviyyə-filan qanmazlar!...”.

Bakı xəbər.- 28 mart.- S.13