Qədim əlyazmalarımızın elektronlaşdırılması işi necə gedir...
Aybəniz Əliyeva-Kəngərli: “Mütəxəssislərimiz vaxtaşırı
kurslar keçir, öz bilik və
təcrübələrini daha
da genişləndirirlər”
Qədim əlyazmalar
xalqların tarixinin, ədəbiyyatının, elminin,
mədəniyyətinin minilliklərdən
bu günə daşınan nadir dəyərlərindəndir. Bildiyimiz
kimi, Azərbaycan alimlərinin, şairlərinin,
təbib və səyyahlarının, sənətkarlarının
əlyazmaları da mövcud olub. Tariximizə,
folklorumuza, ədəbiyyatımıza
aid olan əlyazmaların xeyli hissəsi xarici ölkə muzeylərində,
kitabxana və arxivlərində qorunur, qalan qismi isə
Azərbaycan Milli Elmlər Akademiyasının
(AMEA) Məhəmməd Füzuli
adına Əlyazmalar İnstitutunda toplanıb.Son
illər bütün dünyada əlyazmaların
elektronlaşdırılması həyata keçirilir. Dünyanın
ən qədim, nadir əlyazmalarının
elektron variantları hazırlanır. İnformasiya
texnologiyalarının verdiyi
fürsətdən yararlanaraq
dünyada bu proses həyata keçirilir.
Sözsüz ki, dünyanın bir parçası olan Azərbaycanda da bu işin
həyata keçirilməsi
olduqca vacibdir.
Yeri gəlmişkən, 2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin sərəncamı ilə
təsdiq edilən “Azərbaycan dilinin qloballaşma şəraitində
zamanın tələblərinə
uyğun istifadəsinə
və ölkədə
dilçiliyin inkişafına
dair Dövlət Proqramı”nda da bu məsələnin aktuallığı qeyd edilib. Dövlət Proqramının bəndlərindən
birində Azərbaycan
Milli Elmlər Akademiyasının Əlyazmalar
İnstitutunda saxlanan əlyazmalardan istifadəni
asanlaşdırmaq məqsədilə
“Əlyazmaların elektron
kitabxanası”nın və
internet portalının
yaradılması, əlyazmaların
elektronlaşdırılmasının vacibliyi qeyd olunur.
AMEA-nın Əlyazmalar İnstitutunda əlyazmaların
elektronlaşdırılması sahəsində nə kimi işlər görülür?
Məhəmməd Füzuli adına
Əlyazmalar İnstitutunun
direktor müavini, filologiya elmləri doktoru Aybəniz Əliyeva-Kəngərli
“Bakı-Xəbər”ə açıqlamasında
bildirdi ki, İnstitutun Elektron resurslar şöbəsində
əlyazmaların və
çap kitablarının
elektronlaşdırılması işi ilə məşğul olunur.
O qeyd etdi
ki, əlyazmaları elektronlaşdıraraq multimedia
disklərinə köçürür,
müvafiq proqramlara yerləşdirib internetdə
yayırlar. Burada türkdilli, ərəbdilli,
farsdilli əlyazmaların
və əski çap kitabların müasir informasiya vasitələrinin tətbiqi
yolu ilə elektron kataloqu yaradılıb. Direktor müavininin sözlərinə
görə, türkdilli,
ərəbdilli, farsdilli
əlyazmaların elektron
kitabxanası formalaşdırılıb.
Elektronlaşdırılmış əlyazmaların mühafizəsi, uzun müddət saxlanması və istifadəsi üçün multimedia disklərinə köçürüldüyünü
deyən müsahibim bildirdi ki, institutun
veb saytının optimal kontentinin formalaşması, onun aktuallığının təmin
edilməsi və qorunması həyata keçirilib.
Aybəniz Əliyeva-Kəngərlinin
sözlərinə görə,
bu işin həyata keçirilməsi
sahəsində heç
bir çətinliklə
üzləşmirlər: “Bizim
bununla bağlı Elektron resurslar şöbəmiz var və biz orada
əlyazmaları elektronlaşdırırıq.
Birinci işimizi Azərbaycandilli türk əlyazmasının elektronlaşmasından
başladıq. Bilirsiniz
ki, institutumuzda ərəb, fars və türk dillərində olan əlyazmalar saxlanır. Artıq türkdilli əlyazmalarla iş başa çatıb, hazırda ərəbdilli əlyazmaların elektronlaşdırılması
ilə məşğuluq.
Bu əlyazmaların həm kataloqunu hazırlamışıq, həm
də elektron tam mətnli kitabxana yaradırıq ki, bütün dünya ondan istifadə edə bilsin. Kataloqlaşdırma
işini başa çatdırmışıq. Əlyazmaların
elektronlaşdırılmasına gəlincə, 40 mindən
artıq əlyazmanın
tam mətnini elektronlaşdırmışıq”.
Əlyazmaların elektronlaşdırılmasını həyata keçirərkən
hansı ölkənin
təcrübəsindən istifadə
edildiyinə gəlincə,
müsahibimiz bildirdi ki, Rusiyanın İRBİS
64 proqramından yararlanıblar.
“Mən o vaxt Mərkəzi Elmi Kitabxananın direktoru olarkən Rusiyanın
İRBİS 64 proqramını almışdıq. Bu əlyazmalar da həmin proqram əsasında eyni mütəxəssislər tərəfindən
işlənildi, bu gün də o iş davam edir.
Deyim ki, bu işə sırf peşəkar yanaşma olduğundan və gərəkli texnoloji vasitələrlə
təmin olunduğumuzdan,
heç bir çətinliklə üzləşmirik.
Mütəxəssislərimiz vaxtaşırı kurslar keçir, öz bilik və təcrübələrini
daha da genişləndirirlər.
Deyim ki, heç bir çətinlik hiss etmirik, bu
hətta çox zövqverici bir işdir” - deyə bildirən müsahibimiz nəzərə çatdırdı
ki, bu işin
həm dünya, həm də özümüz üçün
əhəmiyyəti danılmazdır.Aybəniz
xanım qeyd etdi ki, əlyazmaların
elektronlaşması dünya
mütəxəssisləri və öz mütəxəssislərimiz üçün
o əlyazmaların daha
əlyetən olmasına
şərait yaradır:
“Bunun əhəmiyyəti
çoxdur. Ən vacibi isə əlyazmaların qorunmasıdır.
Bilirsiniz ki, hər dəfə əlyazmalara əl dəyəndə o nadir nəşrlər təhlükəyə
düşə bilir. Ancaq indi belədir
ki, əlyazmanı sifariş verən oxucu, mütəxəssis onu elektron variantda
əldə edəcək.
Bizim institutda 250-dən
artıq əməkdaş
çalışır, onların
hamısı kompyuteri
bilir, onda yazmağı bacarırlar.
Yəni əlyazmaların
elektronlaşması dövrün
tələbidir və
biz də bu işi həyata
keçiririk. Əlyazmaların
elektronlaşdırılması işi hələ tam başa çatmayıb
və bu sahədə fəaliyyətimizi
davam etdiririk”.
İradə SARIYEVA
Bakı
xəbər.- 2018.- 1 may.- S.15.