Tarixdə
iz buraxanlar: Bilal ibn Rabah
Bilal ibn
Rabah hicrətdən 43 il əvvəl Sərada
anadan olub. Atası Rabah bəy, anası Həmamə
xanımdır. Bilal Məkkədə
böyüyüb boya-başa çatıb. Atası vəfat edərkən onu kafirlərin
başçılarından biri olan Ümeyyə ibn Xələfə
tapşırıb.
Məkkə Müqəddəs İslamın nuru ilə
şəfəq saçdığı və Uca Yaradanın
elçisinin tövhid kəlməsini yaydığı zaman
Bilal ibn Rabah Müqəddəs İslamı ilk qəbul edənlərdən
biri olub. O,
Müqəddəs İslamı qəbul etdiyi zaman hələ
çox adam müsəlman
olmamışdı. Həmin vaxt Müqəddəs
İslamı qəbul edənlər yalnız bunlar idi: Möminlərin
anası Xədicə bint Xuveylid, Əbu Bəkr əs-Siddiq,
Əli ibn Əbu Talib, Ammar ibn Yasir və anası Sümeyyə,
Süheyb ər-Rumi və Miqdad ibn əl-Əsvad.Bilal ibn Rabah
müşriklər tərəfindən heç kəsin məruz
qalmadığı əzab-əziyyətə, onların
şiddət və zülmünə, qəlblərinin hiddət
və küdurətinə məruz qalıb. Ondan
başqası bu qədər iztirab çəkməyib.
O və onunla birgə olan zəif müsəlmanlar Uca
Yaradanın yolunda bütün bəlalara sinə gəlib
böyük səbr nümayiş etdiriblər. Belə
bir səbr və dözüm ancaq onlara məxsusdur.Əbu Bəkr
əs-Siddiqin və Əli ibn Əbu Talibin kütlə
arasında böyük nüfuzları var idi. Camaat onlardan çəkinmirdi. Kölələrdən
olan zəif müsəlmanlar isə Qureyşin ən şiddətli
əzab-əziyyətlərinə dözməli olurdular.
Qureyş tanrıları atıb Hz.Məhəmmədin
dininə tabe olan kəslərə ibrət olsun deyə onlara
olmazın işgəncələr verirdi. Qureyşin
ən qəddar kafirləri onlara işgəncə verməklə
məşğul olurdular. Onların qəlblərini
nifrət hissi bürümüşdü. Əbu
Cəhl Şümeyyəyə dözülməz işgəncələr
verir, onu heyvancasına təhqir edir, söyüş
söyürdü. Nəhayət nizəni
onun qarnından salıb kürəyindən
çıxartdı və onu ilk müsəlman şəhid
qadın etdi. Onun din qardaşları,
xüsusilə də Bilal ibn Rabah kafirlərin işgəncələrinə
məruz qalırdılar. Günorta
düşdükdə onların paltarlarını soyundurur, əvəzində
bədənlərinə dəmirdən geyimlər geyindirib
onları qızmar günəşin yandırıcı
şüaları altında istidən əridir, kürəklərini
şallaqlayır və onlara Hz.Məhəmmədə
qarşı çıxmağı əmr edirdilər. İşgəncə şiddətlənib onlar
üçün dözülməz olduğu zaman bəzən
kafirlərin istəklərini yerinə yetirməyə məcbur
qalırdılar, fəqət onların qəlbləri Uca
Yaradana və Onun rəsuluna yenə də sadiq qalırdı.
Bilal isə Uca Yaradanın yolunda bütün bu
işgəncələrə boyun əymədən sinə gəlirdi.
Ona ən şiddətli işgəncələri
Umeyyə ibn Xələf və onun adamları verirdilər.
Onun kürəyini şallaqla qan
çalağına çevirir, sinəsi üstünə
qaya parçası qoyur və ona olmazın işgəncələr
verirdilər. Ancaq o, bütün bunlara
baxmayaraq “O, təkdir!”, “O, təkdir!” deməkdən əl
çəkmirdi. Onu Lat və Uzzanı zikr
etməyə nə qədər məcbur etsələr də
o, Uca Yaradanı zikr etməyə davam edirdi. Ona öz
dediklərini təkrar etməyə sövq etsələr də
o, onlara belə cabab verirdi: “Dilim sizin dediklərinizi tutmur.” Kafirlər Bilala işgəncələrin ən son həddini
tətbiq edirdilər. Azğın və qəddar
Ümeyyə ibn Xələf ona işgəncə verməkdən
bezdikdə, onun boynuna qalın bir ip bağlayıb
avaraların və uşaqların əlinə verirdi və
onlara tapşırırdı ki, Bilalı Məkkənin
qayalıqlarında dolaşdırsınlar. Bilal isə Uca Yaradanın elçisinin yolunda çəkdiyi
işgəncələri işgəncə yox, rahatlıq və
rifah qəbul edirdi. Onun dili “O, təkdir!”,
“O, təkdir!”, “O, təkdir!”, “O, təkdir!” deməkdən
yorulmurdu.Əbu Bəkr əs-Siddiq Umeyyə ibn Xələfə
yüksək qiymətlə Bilalı ona satmağı təklif
etdi. Umeyyə elə
düşünürdü ki, Əbu Bəkr onu almayacaq.
Əbu Bəkr isə onu yüksək dəyərə
Umeyyə ibn Xələfdən aldı. Satış
sövdələşməsi başa çatdıqdan sonra
Umeyyə dedi: “Əgər onu bir uqiyyəyə də
alsaydın, yenə də satardım.” Əbu Bəkr isə:
“Əgər onu yüz uqiyyəyə də satsaydın, yenə
də alardım” - dedi. Əbu Bəkr Hz.Məhəmmədə
Bilalı alıb zülmkarın əlindən
qurtardığını bildirdikdə, Hz.Peyğəmbər:
“Ey Əbu Bəkr, bu işdə məni də şərik et” - dedi. Əbu Bəkr isə “Ya rəsulullah,
artıq onu azad etmişəm” - deyərək cavab verdi.Uca
Yaradan Öz elçisinə Mədinəyə hicrət etməyə
icazə verdiyi zaman Bilal hicrət edənlər arasında idi.
O, Əbu Bəkr əs-Siddiq və Amir ibn Fihr ilə birgə
eyni evdə qalırdı. Onlar qızdırma xəstəliyinə
tutuldular.Bilal sağaldığı zaman şirin səsini
yüksəldərək bu sözləri dedi:
Görəsən, bir gecə Fəxdə qala biləcəmmi,
ətrafında da gözəl qoxulu bitkilər?
Görəsən, bir gün Micənnədə
dolaşa biləcəmmi, Şamə və Tafilə oradan
doyunca baxım?
Görünür
Bilal Məkkə, onun vadiləri və dağları
üçün çox darıxmışdı. Çünki o, imanın şirinliyini orada
dadmışdı. Çünki o, Uca
Yaradanın nur camalını görmək naminə Onun yolunda
işgəncələrə orada məruz qalmışdı.
Çünki o, öz nəfsinə və
şeytana orada qalib gəlmişdi.Bilal Yəsribdə
Qureyşin işgəncələrindən uzaqda rahatlıq
tapdı və özünü öz peyğəmbərinə,
əzizinə – Hz.Məhəmmədə həsr etdi. Ona
Uca Yaradanın salavatı və salamı olsun! O, Hz.Peyğəmbərlə
birgə namaz qılır, döyüşə qatılır,
onun etdiyi hər şeyi təkrar edərdi. Hz.Peyğəmbər
Mədinədə öz məscidinin inşasını
başa çatdırdığı zaman azan oxuma zamanı gəldikdə
Bilal qalxaraq o gözəl səsi ilə azanı ifa etdi.
O, İslam tarixində ilk müəzzindir. Azanı
qurtardıqdan sonra Bilal Hz.Peyğəmbərin evinin
qapısının ağzında dayanaraq “Namaza gəlin!
Nicata gəlin!”– deyərək
səsləndi. Hz.Peyğəmbər öz
otağından çıxdıqda Bilal onu gördü və
iqamə verməyə başladı.Həbəş kralı
Nəcaşi Hz.Peyğəmbərə krallara və
şahlara layiq üç qısa ox hədiyyə etmişdi.
Hz.Peyğəmbər bu oxlaradan birini özü
üçün saxladı, digərlərini isə Hz.Əli
ibn Əbu Talib və Hz.Ömər ibn əl-Xəttaba hədiyyə
etdi. Sonra özündə qalan oxu Bilala
bağışladı. Bilal həyatı
boyu onu qoruyub saxladı. Onu Ramazan və
Qurban bayramlarında, yağmur namazlarında və məsciddən
kanarda namaz qıldığı zaman belə özü ilə
aparardı.Bilal Hz.Peyğəmbərlə birlikdə Bədr
döyüşündə iştirak edib və Uca Yaradanın
vədinə necə sadiq olduğunun şahidi olub. O, Uca
Yaradanın ordusuna necə kömək etdiyini, əvvəllər
ona işgəncələr verən kafirlərin necə zəlil
vəziyyətə düşdüklərini öz gözləri
ilə gördü. Əbu Cəhl və
Ümeyyə ibn Xələf müsəlmanların
qılınclarına hədəf oldular. Vaxtilə
işgəncə verdikləri kəslər indi onların
qanlarını axıdırdılar.Hz.Peyğəmbər Məkkəyə
qalib kimi girdiyində onun yanında səmaların
carçısı Bilal ibn Rabah da var idi. Möhtəşəm
Kəbə evinə daxil olduğu zaman Hz.Məhəmmədin
yanında Osman ibn Talha, Usamə ibn Zeyd və Rəsulullahın
müəzzini Bilal ibn Rabah da var idi.Zöhr namazı vaxtı
Hz.Peyğəmbərin ətrafında minlərlə insan
toplaşmışdı. Könüllü və
ya könülsüz Müqəddəs İslamı qəbul
edən Qureyş kafirləri də bu canlı mənzərəyə
tamaşa edirdilər. Bu vaxt Hz.Peyğəmbər
Bilal ibn Rabahı çağırıb ona Kəbənin
üstünə çıxmağı və oradan tövhid
kəlməsini elan etməyi əmr etdi. Bilal
bu əmri böyük şövqlə yerinə yetirdi. Azan səsilə könülləri oxşadı.
Minlərlə üz ona tərəf
çevrildi və minlərlə dil onun dediklərini təkrarladı.
Qəlblərində mərəz kök
salmış və xalis imanın nişanələri olmayan kəsləri
isə həsəd və kin öz ağuşuna aldı,
ürəklərini parça-parça etdi. “O, təkdir!”,
“O, təkdir!” deməkdən yorulmayan Bilal ibn Rabahın səsinə
qarşı Hz.Peyğəmbər çox mehriban olub.Uca
Yaradanın elçisi haqq dünyasına qovuşduqda Bilal
ayağa qalxıb azan verdi. Azanın
“Əşhədu ənnə Məhəmmədən rəsulullah”
sözlərinə çatdıqda hüzn onu boğdu,
sözləri ifadə edə bilmədi. Müsəlmanlar
hönkür-hönkür ağlamağa başladılar.
Həmin hadisədən sonra Bilal üç gün azan verdi. O hər dəfə azan verəndə
“Əşhədu ənnə Məhəmmədən rəsulullah”
sözlərinə çatdıqda ağlayır və
ağladırdı.Bu itkiyə dözə bilməyən Bilal
ibn Rabah Rəsulullahın xəlifəsi Əbu Bəkrdən
onu azan verməkdən azad etməyi və Şam
torpaqlarında Uca Allah yolunda cihada qoşulmaq üçün
icazə istədi.
Əbu Bəkr əs-Siddiq onun bu istəyi və Mədinəni
tərk etmək arzusu barədə tərəddüd etdi.
Onda Bilal:
– Əgər
məni özün üçün satın
almışdınsa, məni saxla! Yox əgər məni Uca
Allah üçün azad etmisənsə, onda məni azad
etdiyin kimsəyə burax! – dedi.
Əbu Bəkr:
– Allaha
and olsun ki, səni yalnız Uca Allah üçün satın
aldım və yalnız Uca Allah üçün azad etdim –
dedi.
Bilal
göz yaşları axıdaraq:
– Mən
Rəsulullahdan sonra azan verə bilmirəm – dedi.
Əbu Bəkr
ona:
– Sən
azadsan – deyərək onun getməsinə izin verdi.
Bilal ilk heyyətlə Mədinədən ayrıldı
və Dəməşq yaxınlığındakı Dariyyə
adlanan yerdə azandan ayrı yaşamağa başladı.
Bilal saleh bir bəndə idi. Hz.Peyğəmbərdən
sonra o, kimsə üçün azan ifa etmədi. O, Hz.Məhəmməd
məqamının paklığı keşiyində durdu,
Hz.Peyğəmbərin azançısı olmaq
iftixarını qorudu. Bəli, bu səbəbdən
də Hz.Peyğəmbərin vəfatından sonra Bilal bir daha
azan ifa etmədi. Ümmət Bilalın
könül oxşayan tövhid azanının intizarında
qaldı.
Uca Yaradan bu insanları Hz.Peyğəmbərə Müqəddəs
İslamı yaymaq üçün silahdaş
seçmişdi. Onlar bu yolda heç nəyi – nə
canlarını, nə də mallarını əsirgəmədilər.
Bu yolda ailələrini, evlərini, vətənlərini
tərk edib öz dinlərini qorumaq üçün hicrət
etdilər. Ən çətin
anlarda
Hz.Peyğəmbər ilə hər şeyə dözdülər
və bununla da tarixdə humanist və əzəmətli bir nəsil
kimi tanındılar.
Bilal uzun illər Hz.Peyğəmbərin
yanında olduğundan onun bir çox buyruqlarını yadda
saxlamışdı. O, Hz.Məhəmmədin sözləri və
əməlləri ilə yaxından tanış idi.
Bilalın Hz.Peyğəmbərin dilindən nəql etdiyi
buyuruqlar mötəbər sənəd və istinad ediləsi
mənbə hesab olunur. Bilal Şamda olduğu dövrdə
Hz.Peyğəmbərdən xatirələr nəql etməklə
müsəlmanların təlim-tərbiyəsi ilə məşğul
olurdu. Onun sözləri xalq üçün bir dəlil idi.
Səmaların carçısı Bilal
ömrünün sonuna kimi Dəməşqdə
yaşadı. Ölüm yatağında olarkən zövcəsi
yanında oturub ağlaya-ağlaya deyirdi: “Nə kədərli
gündür!” Bilal isə hər dəfəsində gözlərini
açaraq: “Yox! Nə sevimli gündür!” - deyirdi. Bilal son nəfəsini
verərkən bu sözləri təkrarlayırdı: “Sabah
Hz.Məhəmməd və səhabələri ilə
görüşəcəyik”.
Bilal 63 il yaşadı. O, Dəməşq
yaxınlığındakı “Babus-səğır” adlı
yerdə bəzi səhabələrlə yanaşı dəfn
olundu. Hazırda onun məzarı üzərində qübbə
inşa edilib və bu yer mərifət əhlinin ziyarətgahıdır.
Şam müsafirləri öz ehtiramlarını bildirmək
üçün Bilalın məzarını ziyarət edirlər.
Fazil QARAOĞLU Professor
Bakı
xəbər.- 2018.- 2 may.- S.15.