Cumhuriyyət medalı - Azərbaycanın
şərəfli tarixinin simvollarından biri kimi…
Yunus Oğuz: “Azərbaycan
Xalq Cumhuriyyətinin 100 illiyi” yubiley medalının təsis
olunmasının tarixi-siyasi əhəmiyyəti çox
böyükdür”
Faiq Ələkbərli:
“Cumhuriyyətin 100 illiyini yaşadığımız bir
dönəmdə belə bir medalın təsis edilməsini
çox yüksək dəyərləndirirəm”
Bu il mayın 28-də
Azərbaycan Xalq Cumhuriyyətinin (AXC) 100 yaşı tamam olur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bir
neçə ay əvvəl AXC-nin 100 illik yubileyinin yüksək
səviyyədə keçirilməsi və 2018-ci ilin
“Cumhuriyyət ili” elan edilməsi ilə bağlı Sərəncam
imzalayıb.
Mayın 1-də isə “Azərbaycan Xalq
Cumhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı təsis
edilib. Qeyd edək ki, Milli Məclisin mayın 1-də
keçirilən iclasında “Azərbaycan Xalq Cumhuriyyətinin
100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley
medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan
Respublikasının orden və medallarının təsis edilməsi
haqqında” Qanuna dəyişikliklər edilməsi ilə
bağlı qanun layihəsi müzakirə olunub. Təklif
olunan dəyişikliyə əsasən, “Azərbaycan Xalq
Cumhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı təsis
edilib. Məlumatlara görə, Azərbaycan Xalq
Cumhuriyyəti liderlərinin varisləri və Azərbaycan Xalq
Cumhuriyyəti irsinin tədqiqində və təbliğində,
Azərbaycanın dövlət müstəqilliyinin qorunub
saxlanmasında və inkişafında, ölkənin
ictimai-siyasi həyatında xüsusi xidmətlərinə
görə Azərbaycan vətəndaşları, əcnəbilər
və vətəndaşlığı olmayan şəxslər
bu medalla təltif olunacaqlar.
“Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyi
(1918-2018)” yubiley medalının təsis edilməsinin mahiyyətini
şərh edən ekspertlər qeyd edirlər ki, bunun
böyük tarixi-siyasi əhəmiyyəti var.
“Olaylar” qəzetinin və eyni
adlı saytın rəhbəri, yazıçı-dramaturq, tədqiqatçı
Yunus Oğuz “Bakı-Xəbər”ə
açıqlamasında bildirdi ki, “Azərbaycan Xalq Cumhuriyyətinin
100 illiyi (1918-2018)” yubiley medalının təsis edilməsi
dövlətimizin öz şanlı tarixinə sonsuz
sayğısının təzahürüdür.
“Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyi”
yubiley medalının təsis olunmasının tarixi-siyasi əhəmiyyəti
çox böyükdür. Bu, ilk növbədə, onu
göstərir ki, bu il 1918-ci ildə Müsəlman Şərqində
ilk dəfə qurulan demokratik respublikanın 100 illiyinin
keçirilməsi bir daha o respublikanın qüdrətini təsdiq
edir. Bu medalın təsis edilməsinin tarixi əhəmiyyəti
odur ki, biz keçmişimizi bu kimi vasitələrlə gələcəyə
daşımalıyıq. Gələcək nəsillər bilməlidirlər
ki, Cumhuriyyət olub və işğalçılar tərəfindən
qəsb edilib, ancaq buna baxmayaraq, yenidən bərpa edilib. Bu
medalın təsis edilməsi Cumhuriyyətin təbliği,
tanıdılması baxımından gənc nəsil
üçün də xüsusi əhəmiyyətə
malikdir. Onun gənclərə daha yaxından
tanıdılması olduqca vacibdir. Bu, cəmiyyətimiz
üçün də gərəklidir. Çünki Cumhuriyyətin
bərpasında saysız-hesabsız insan iştirak edib. Mən o fikirlə razılaşmıram ki, 350 nəfər
millət vəkilinin hamısına “istiqlalçı” adı
verilsin. Əslində, Cumhuriyyətin 100 illiyi ilə
bağlı təsis edilən medal, birinci, xalqın
özünə verilməlidir. Çünki dövlətimizin
istiqlalını ikinci dəfə xalq özü qazanıb.
Əgər xalq Ali Soveti mühasirəyə almasaydı,
təzyiq və təpkilər göstərməsəydi, bəlkə
də biz müstəqilliyimizin bərpası məsələsində
Türkmənistandan və digər Orta Asiya respublikalarından
sonra gələrdik. Faktiki olaraq isə Baltikyanı ölkələrdən
sonra birinci Azərbaycan dövlət müstəqilliyini elan
edib, müstəqillik bəyannaməsini imzalayıb.
Sözümün canı odur ki, xalqın özü istiqlala
can atdı və onu yenidən əldə etdi. İndi bir qisim
millət vəkili deyir ki, bəzi deputatlara
“istiqlalçı” adı verilməlidir, bir qisim isə təklif
edir ki, 350 nəfərə verilsin. Fikrimcə, onların
çoxu heç bu ada layiq deyil”- deyə bildirən Y.Oğuz
hesab edir ki, “Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyi” yubiley
medalı Azərbaycan istiqlalının qazanılmasında
rolu olan insanlara verilməlidir. Onun sözlərinə görə,
elə insanlar var ki, onlar həmin dövrdə deputat
olmayıblar, ancaq Azərbaycanın istiqlalı uğrunda
mücadilələr veriblər. O deyir ki,
xalqı istiqlala səsləyən, Cumhuriyyətin bərpası
uğrunda mübarizəyə hazırlayan, onların
önündə gedən insanların əməyi
unudulmamalıdır: ”Əgər onların təklif etdiyi
kimi, deputatlara “istiqlalçı” adı verilsə, bəs onda
meydanlarda olan insanlar nə etsinlər? Deputatlar ona görə
istiqlalın bərpasına əl qaldırıb səs verirdi
ki, onların arxasında xalq dururdu. Müstəqillik bəyannaməsinə
səs verənlər arxayın idilər ki, xalq onlara dəstək
verir. Bilirsiniz, o dövrdə gecə-gündüz yatmayıb
Azərbaycanın müstəqilliyi uğrunda mübarizə
aparan insanlar var idi. Hətta onlar arasında bu yolda canlarını qurban verənlər
də oldu. İnsanlar var idi ki, onlar camaatı meydanlara
toplayır, onları yönləndirir, onlara şüarlar
verirdilər, bəs onlar nə olacaq? Hamı
deyir mən müstəqilliyə səs vermişəm, mənə
“istiqlalçı” adı verilsin. Mən o
vaxt heç deputat olmamışam, ancaq həmişə
xalqın içində meydanlarda idim. O dövrdə
AXC-nin İdarə Heyətinin üzvü idim. Bəs
mənim haqqım, mənim kimi digər insanların haqqı nə
olacaq? Rayon şöbələrinin idarə
heyətlərinin üzvləri vardı, hədsiz dərəcədə
fəal idilər, rayonlarda camaatı mitinqlərə
toplayırdılar. Ona görə də
hesab edirəm ki, millət vəkilləri arasında
“istiqlalçı” sözü
yığışdırılmalıdır. İstiqlalçı xalqdır və istiqlalın bərpa
edilməsi uğrunda mücadilələr verən, mübarizə
aparan insanlara da “Cumhuriyyət” medalı verilsin. Millət vəkillərinə də o medal verilsin,
ancaq onların hamısı “istiqlalçıyam” deməsinlər.
Düzdür, o dövrdə millət vəkilləri
arasında istiqlalçılar da var idi. Məncə,
bu gün ancaq deputatların istiqlalçı
adlandırılması ədalətsizlik olardı. “Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyi” yubiley
medalı ilk növbədə Heydər Əliyevə
düşür. Çünki Azərbaycanın
müstəqilliyi məsələsi ilk dəfə
Naxçıvan Ali Məclisində Heydər Əliyevin rəhbərliyi,
təşəbbüsü ilə gündəmə gətirilib,
üçrəngli bayrağımız orada dalğalanıb.
Bu medal Əbülfəz Elçibəyə,
Gültəkin anaya düşür. Gültəkin
ana ilk dəfə Azərbaycan bayrağını bədəninə
tikib gətirmişdi və bayrağı 1988-ci ildə meydanda
açdı. Belə insanlar vardı.
Bu gün onların hər üçü haqq
dünyasındadır, Allah onlara rəhmət eləsin.
Mən yüzlərlə elə insan adı
çəkə bilərəm. Neçə
nəfər Naxçıvanda istiqlal uğrunda şəhid
olub, bəs millət vəkilləri onlardan və onların
ailələrindən niyə danışmır, ancaq özləri
haqqında düşünürlər ki, onlar istiqlala səs
veriblər. Onda xahiş edirəm,
Naxçıvan Ali Məclisinin bütün deputatlarına
“Cumhuriyyət” medalı verilsin, çünki ilk dəfə
Azərbaycan bayrağını onlar qaldırıblar. Belə faktlar var. Bu baxımdan,
bölücülük aparılması düzgün deyil.
Kimin əməyi, xidməti olub, xalqın
önündə gedib, bu yolda təzyiqlə, təqiblə
üzləşib, onlar bu medala layiq görülsünlər”.
Tarix üzrə fəlsəfə doktoru Faiq Ələkbərli
də “Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyi (1918-2018)”
yubiley medalının təsis edilməsini yüksək dəyərləndirir. Bu medalın təsis edilməsinin
böyük əhəmiyyət
daşıdığını vurğulayan alim bildirdi ki, bu,
dövlətimizin Cumhuriyyət irsinə verdiyi dəyər
olmaqla yanaşı, həm də Cumhuriyyətin
hüquqi-siyasi varisi olmasının bir daha sübut edilməsidir: ”Sözün açığı, Azərbaycan
Xalq Cumhuriyyəti ilə bağlı belə bir medalın təsis
olunması hər bir vətəndaşda qürur hissi
yaradır. Yəni bunu duymaq çox
qürurvericidir. Bu medalın təsis edilməsi
yalnız Cumhuriyyətin varlığının dərkində
deyil, həm də
Cumhuriyyət ənənələrinin yeni nəslə
çatdırılmasında önəmli rol oynayır. Bu, müsir gəncliyin Cumhuriyyət
ideyalarının mahiyyətini dərk etməsində də
önəmlidir. Bu medalın təsis edilməsinin
əhəmiyyəti həm tarixi, həm siyasi, həm də
digər baxımdan çox böyükdür. Ümid edirəm ki, Cumhuriyyətlə bağlı
digər medal və ordenlər də təsis ediləcək.
Çünki Cumhiriyyət bizim XX və XXI əsrin
əvvələrindəki tariximiz üçün son dərəcə
önəmlidir. Bu cür medalların göstərilən sahədə
fədakarlıq göstərən insanlara verilməsi
çox yaxşı olardı. Bu, bir tərəfdən,
milli tariximizin, ictimai-fəlsəfi düşüncəmizin dərk
edilməsidir, digər tərəfdən, Azərbaycanın
bütövləşməsi, işğaldan azad edilməsi
istiqamətində verilən bir dəyərdir. Ona görə də Cumhuriyyətin 100 illiyini
yaşadığımız bir dönəmdə belə bir
medalın təsis edilməsini çox yüksək dəyərləndirirəm.
Hesab edirəm ki, bu, Cumhuriyyət tarixini tədqiq
edib araşdıranlara, bu ideyanı yaşadanlara və onu təbliğ
edənlərə də verilən qiymətdir. Bu medalın təsis edilməsi Cumhuriyyətə,
onu quranların xatirəsinə ehtiram və onu yaşadanlara
da böyük töhfədir”.
İradə
SARIYEVA
Bakı
xəbər.- 2018.- 3 may.- S.7.