Tarixdə iz buraxanlar: Həmidə
xanım Cavanşir
Həmidə xanım Cavanşir 1873-cü il
yanvar ayının 19-da Şuşa qəzasının Kəhrizli
kəndində anadan olub. Atası görkəmli maarifçi,
tarixçi Əhməd bəy Cavanşir, anası
Mülkicahan xanımdır. Atası Əhməd bəy
deyirdi: “Mənim qızım elə olmalıdır ki, biz
kişilər ölüb getsək, bizi şərəflə əvəz
edə bilsin”. Qızını kişi qeyrətli görmək
istəyən Əhməd bəy onun mükəmməl təhsil
almasına çalışıb. Atasının sayəsində
Həmidə xanım hələ yeniyetmə yaşlarından
rus dilini öyrənib, yüksək intellektə, geniş
dünyagörüşünə malik olub.
Əhməd bəyin vəfatından sonra Həmidə
xanım Qarabağın Kəhrizli kəndində ata
mülkünü idarə edib. O nəinki Kəhrizli kəndinin,
hətta bütün Qarabağın ona pənah gətirən
insanlarından kömək əlini heç vaxt əsirgəməyib.
Aclıq və qıtlıq illərində Həmidə
xanım Qarabağ əhalisinə əl uzadar, onlara yardım
edərdi. Bu da bir həqiqətdir ki, Həmidə xanım
xeyriyyəçilik fəaliyyəti ilə də
yaddaşlarda əbədi qalıb. O, Tiflis Müsəlman
Qadınlarının Xeyriyyə Cəmiyyətinin
yaradıcılarından və ən fəal üzvlərindən
olub. Həmidə xanım Cavanşir xatirələrində
1907-ci ilin yayında Şuşada keçirilən mədəni
tədbirlər haqqında maraqlı məlumatlar verərək,
yığılan pulun imkansız tələbələr
arasında bölüşdürüldüyünü yazır.
Həmidə xanım Cavanşirin “Xatirələrim”
kitabının yazılmasının maraqlı bir tarixçəsi
var. Bu tarixçənin özü də bir xatirədir desək,
bəlkə də yanılmarıq. Belə ki, XX əsrin 30-cu
illərinin ortalarında Mir Cəfər Bağırovun
göstərişi ilə Həmidə xanım
Yazıçılar İttifaqına dəvət edilir. Burada
Həlimə xanıma bildirirlər ki, yoldaş Bağırov
arzu edir ki, o dövrdə Qarabağda olan hadisələri,
inqilabi hərəkatları, o illərin mühüm
bolşevik simaları haqqında bildiklərini qələmə
alsın. Baxmayaraq ki, Həmidə xanım “Xatirələrim”
memuar əsərini artıq yazmağa başlamışdı, təklifi
qəbul edir. Elə oradaca ona ərizə yazdırıb bir
günün içində Yazıçılar
İttifaqına üzvlüyə qəbul edirlər. Əsərin
yazılması üçün müəllifə
iki-üç il vaxt verilir. Bu illərdə Həmidə
xanım yüksək maaş, xüsusi xidmət
maşını, qıtlıq dövrü olduğundan
“kremlyovski payok” deyilən ərzaq payı və başqa bu
kimi imtiyazlarla təmin olunur. Beləliklə, vaxt başa
çatır və Həmidə xanım
yazdıqlarını Yazıçılar İttifaqına təhvil
verir. Növbədə yalnız kitabın
çapı qalırdı. Fəqət bir aydan sonra Həmidə
xanıma Yazıçılar İttifaqından bildirirlər
ki, yoldaş Bağırov əsəri bəyənməyib,
çünki onun Qarabağdakı bolşevik fəaliyyəti,
vətən və xalq qarşısında əvəzsiz xidmətləri
kitabda geniş şəkildə əks olunmayıb. Həmidə
xanımın isə cavabı o zaman kimsənin ifadə edə
bilməyəcəyi sözlərlə qısa və konkret
olur: “Mən görmədiklərimi yaza bilmərəm”. Bununla
da Həmidə xanım Cavanşir repressiyaların
tüğyan etdiyi bir dövrdə böyük bir cəsarət
nümunəsi göstərərək, “yalançı tarix”
yazmaqdan, rəhbəri mədh etməkdən qəti şəkildə
imtina edir. Nəticədə ona verilən bütün
imtiyazlar əlindən alınır, kitab isə çap
olunmur. Fəqət uzun sürən qadağalardan sonra sovet
dövründə “Xatirələrim” kitabının tam deyil,
qısa formada nəşrinə icazə verilir. Kitabda
əsasən Həmidə xanım Cavanşirin
ömür-gün yoldaşı, böyük ədib Cəlil
Məmmədquluzadənin həyatı və
yaradıcılığı öz əksini tapıb.Dövrünün
görkəmli ictimai xadimi, zadəgan-ziyalı zümrəsinin
ən ünlü qadın təmsilçisi, xeyriyyəçi
və maarifçi Həmidə xanım Cavanşirin
“Xatirələrim” əsəri oxuculara ilk dəfə təqdim
edilir. Müəllif burada atası Əhməd bəy
Cavanşir, həyat yoldaşı Cəlil Məmmədquluzadə,
“Molla Nəsrəddin” jurnalı, Qafqaz-İslam ordusunun
Şuşaya gəlişi, Cümhuriyyət dönəmində
Qarabağın vəziyyəti haqqında geniş məlumat
verir, sovet hakimiyyəti gəlincə ailənin necə məşəqqətlə
Təbrizə köç etməsini, Bakıya
döndükdən sonra ailənin ağır vəziyyətini
və başqa hadisələri cəlbedici dillə təsvir
edir. Bu da bir həqiqətdir ki, Həmidə
xanımın saxtakarlıqdan, riyakarlıqdan uzaq “Xatirələri”
tariximizin önəmli bir parçasıdır.İlk sahibkar
xanımlardan olan Həmidə xanım Cavaşir Azərbaycanda
qadınların çalışdığı ilk sənaye
müəssisəsinin qurucusudur. O, 1919-cu ildə Tiflisdən
xüsusi dəzgahlar gətizdirərək Şuşada
toxuculuq arteli açmış, qadınları işə cəlb
etmişdi. Həmidə xanım öz xatirələrində
yazır ki, həmin dönəmdə Şuşaya gələn
hərbi nazir Səməd bəy Mehmandarov emalatxananı gəzərək
çox bəyənib, hətta ordu üçün geyim
sifariş edəcəyinə söz verib.
Tarixi şəxsiyyət Həmidə xanım
Cavanşiri həmvətənlərinin maarifdən kənarda
qalması hər zaman narahat edib. O, atasının ən
böyük arzusunu gerçəkləşdirmək
üçün doğma kəndi Kəhrizlidə xüsusi
bina tikdirərək bir məktəb açıb. Mirzə Cəlil də həyat yoldaşının
bu fəaliyyətini bəyənərək məktəbin
avadanlıqla təmin olunmasında yaxından iştirak edib.
Ümumiyyətlə, Mirzə Cəlil - Həmidə xanım
cütlüyü nəsillərə nümunə ola biləcək
bir ailə olub. Tale həyat yollarını birləşdirənəcən
onları çətin sınaqlardan keçirmişdi. Unudulmaz ədiblə 25 illik birgə həyatları
boyu bütün varidatını, sərvətini Mirzə Cəlilin
yaradıcılığına sərf edən Həmidə
xanım böyük ədibin ağır və xoş
günlərinin şəriki, əsl silahdaşı, fədakar,
dözümlü, mübariz dostu olub, məhəbbət və
qarşılıqlı ehtiramla ömür sürüb.
Bu illər ərzində Mirzə Cəlil Məmmədquluzadə
kəskin zərbələrə, ittihamlara, iftiralara, təzyiqlərə,
təqiblərə məruz qalıb. Həmidə xanım ona
mənəvi dayaq olaraq çalışıb ki, Mirzə Cəlili
nikbin ovqata kökləsin, onun ağır sınaqlardan mətanətlə
çıxmasına yardım göstərə bilsin. O, Mirzə Cəlili sevdi, millətini xurafatdan,
nadanlıqdan xilas etmək üçün bu ziyalı ilə
əl-ələ verərək çox xeyirxah, nəcib
işlərə imza atdı. Qoçaq, mərd qadınlar
haqqında biz dastanlarda, nağıllarda oxumuşuq, amma Həmidə
xanım real varlıq idi. Qarabağda doğulmuşdu,
xan nəslindən idi, mükəmməl təhsil
görmüşdü, var-dövlətinə görə
deyil, hünərinə, şücaətinə görə
seçilirdi. Bununla bahəm həssas qəlbə,
dərin duyğulara, təfəkkürə, müdrikliyə,
uzaqgörənliyə malik xanımlar xanımı idi.Həmidə
xanım, xeyriyyəçilik tədbirləri ilə
yanaşı, bu işi həyat idealına çevirən mərd,
mübariz bir qadın olub. O, Azərbaycan maarifinin
inkişafında müstəsna əhəmiyyəti olan “Molla
Nəsrəddin” jurnalını himayə edib, bu yolda bir an belə
maddi dəstəyini kəsməyib. “Molla Nəsrəddin”çilərdən
olan hər bir ziyalını, o cümlədən böyük
şair Mirzə Ələkbər Sabiri Tiflisə gətirdib
müalicə etdirib. Həmidə xanımın Sabirə
göstərdiyi qayğı haqqında Azərbaycanın
tarixi şəxsiyyəti Üzeyir Hacıbəyov xüsusi məqalə
yazıb. Məqalə bu sözlərlə bitir: “Qoy ədəbiyyat tarixinə yazılsın ki, Sabir
kimi şairi diriliyində təqdir edən bir kişi
olmadısa da, bir nəfər qadın oldu ki, şairin səhhəti
üçün, milyonçu kişilərin olmasına
baxmayaraq, öz varından keçəcək qədər
böyük bir hamiyyət göstərdi”.Həmidə
xanımın xatirələrindən məlum olur ki, Tiflisdə
qızlar məktəbi olan “Müqəddəs Nina” məktəbində
Azərbaycan dili müəllimi olmadığına görə
dərslərin keçirilməməsindən narahat olan Həmidə
xanım məktəbə müəllim təyin etdirib, maaşını
da özü verib. Daha sonralar, 1909-cu ildə Həmidə
xanım Kəhrizlidə öz vəsaiti hesabına tibb məntəqəsi,
toxuculuq emalatxanası və məktəb açdırıb.
Bu yorulmaz fədakar qadın burada işə cəlb etdiyi
müəllimlərlə bir sırada özü də dərs
deyib. Yenə xatirələrindən məlum
olur ki, Azərbaycan Xalq Cumhuriyyətinin qurulma ərəfəsində
Qarabağda baş verən milli qarşıdurmada vətəninin
pərvəri Həlimə xanım Cavanşir öz vəsaiti
hesabına yerli döyüşçü dəstələri
təşkil edib.Bu hadisə Həmidə xanım Cavaşirin
vətəndaş mahiyyətini, xeyirxah əməllərini əks
etdirən yüzlərlə faktdan yalnız biridir. Şair
Ənvər Əhməd Həmidə xanımın malik
olduğu yüksək insani keyfiyyətlərin ona genetik
keçdiyini deyib: “Pənahəli xan kimi əsilzadə zadəganın
nəslindən, Əhməd bəy kimi böyük
maarifçi ziyalının ailəsindən olan Həmidə
xanım məhz belə ləyaqətli və nümunəvi
ömür sürməli idi. Sevindirici haldır ki, Azərbaycan
xalqının adını yüksəklərə qaldıran
ismətli xanımlarımız – Sara xatun, Həcər və
digərlərinin sırasında Həmidə xanımın
da adı hörmətlə çəkilir. Tarixdə və
yaddaşlarda bu qadının xalqına olan
bağlılığını əks etdirən yüzlərlə
fakt var. Bunların hər biri sübut edir ki, Həmidə
xanım Cavanşir Mirzə Cəlilə sadiq
ömür-gün yoldaşı və ən yaxın
silahdaş olmaqla bərabər, həm də onun adını
zirvələrə qaldıran, böyük ustadın bənzərsiz
yaradıcılığını öz yüksək şəxsi
xarakteri ilə tamamlayan insan idi. Ötən əsrin əvvəllərində
Qarabağda, o cümlədən Kəhrizli kəndində və
ətrafda böyük aclıq, kütləvi epidemiya
tüğyan edirdi. Belə təhlükəli məqamda Həmidə
xanım yenə də öndə olub. O öz faytonu ilə hər
bir evə darı, un və digər ərzaqlar paylayıb.
Tauna və qızılcaya qarşı əhaliyə peyvəndlər
vurdurub. Başqa müalicəvi vasitələri tətbiq edib.
O dövrdə yüzlərlə insanı
aclığın və ölümün cəngindən xilas
edən bu nəcib xanım həm də saysız-hesabsız
körpənin, yeniyetmənin savadlanmasını, beləliklə
də, onların gələcəkdə cəmiyyətdə
öz yerlərini tutmalarını təmin edib. Həmidə
xanım qadınların problemlərinin həllində də
xüsusi səy göstərib. Onların savadlanmasına,
problemlərinin həllinə çalışaraq, hətta gəlin
köçən qızlara da xüsusi cehiz ərmağanı
ayırıb. Həmidə xanım Cavanşir öz
xeyirxahlığı, alicənablığı, mərhəməti
ilə Azərbaycan tarixində əbədi yaşamaq haqqı
qazanıb”.Hamidə xanım atası Əhməd bəyin
miras qoyub getdiyi torpaqlara, mülklərə, bağlara,
baxçalara, zəmilərə, var-dövlətinə sahib
çıxdı, qorudu, inkişaf etdirdi. Atasının vəsiyyətini
və özünün arzusunu həyata keçirdi. Kəhrizlidə
ilk olaraq oğlan və qızların birlikdə
oxumalarını həyata keçirən məktəb
açdı. Yoxsulların, kimsəsizlərin balaları təhsilə
cəlb edildi. O zaman tibbi yardımdan söhbət belə gedə
bilməzdi. Həlimə xanım bu işin də
öhdəsindən gəldi, xalqın yaralarına məlhəm
oldu. İlk olaraq Şuşada, sonra isə Kəhrizlidə
xalça emalatxanası açdırdı, müxtəlif
Qarabağ xalçaları toxutdurdu, bayram şənliklərində
hamıya sovqatlar paylayır, əl tuturdu.Millətin
qabaqcıl maarifçilərindən olan Həmidə
xanım ömür-gün yoldaşının vəfatından
sonra da xalqının mədəni, ədəbi və ictimai
intibahında yorulmaz əmək sərf edib. Ədəbiyyat
tariximizdə böyük ürəyə sahib olan bu nəcib
xanımın fədakar əməyini və el-obasının
qayğısına qalmasını sübut edən
çoxlu faktlar var. O, sadiq ömür-gün
yoldaşı və ən yaxın silahdaşı olmaqla bərabər
həm də həyat yoldaşının vəfatından
sonra onun adını uca tutan, böyük ustadın bənzərsiz
yaradıcılığını yüksək şəxsi
xarakteri ilə tamamlayan əsl Azərbaycan xanımı idi.
“Ot kökü üstə bitər” deyib babalarımız. Qarabağ xalqının layiqli törəmələrindən
olan Həmidə xanım Cavanşir həyatı boyu öz
keçmişinə, əzəli kökünə minnətdar
olub, bu müqəddəsliyi şərəflə
daşıyıb, ləyaqətlə yaşayıb.Səksən
iki il ömür sürən, el-obasıyla ünsiyyət
yaradan, əsilzadə, zəhmətsevər Həmidə
xanım əsl el anası, ağbirçək bir sima idi. Həmidə
xanım Cavanşir 6 fevral 1955-ci ildə vəfat edib.
Fazil QARAOĞLU
Bakı
xəbər.- 2018.- 3 may.- S.15.