Tarixdə
iz buraxanlar: Mirvarid Dilbazi
Mirvarid
Dilbazi 1912-ci il avqust ayının 19-da Qazax
rayonunun Musaköy kəndində anadan olub. Atası
Paşa bəy, anası Cavahir xanımdır. Atasını erkən itirən Mirvarid Dilbazi
babası Mustafa ağanın mülkündə Qazaxın ulu
yurd yerləri olan Dilican yaylaqlarında, əsrarəngiz təbiətin
qoynunda böyüyüb. Böyüdüyü
məişət və mədəni mühit, tərbiyə
aldığı doğmaların şəxsi nümunəsi və
tövsiyələri onun tutumlu bir şəxsiyyət kimi
formalaşmasına münbit zəmin yaradıb. 1921-ci ildə ana və bacısı ilə Bakıya
köçən Mirvarid Dilbazi qızlar seminariyasında təhsil
alıb, Azərbaycan Pedaqoji İnstitutunun Dil və Ədəbiyyat-İctimaiyyət
fakültəsində təhsilini davam etdirib.
Yaradıcılığa təhsil illərində
başlayan şairənin qadın azadlığı
mövzusunda yazdığı “Qadınların hürriyyəti”
adlı ilk şeiri 1927-ci ildə “Oktyabr alovları” adlı
jurnalda dərc edilib. Bu jurnalda şairənin keçən əsrin
20-ci illərinin axırlarında yazılan, Azərbaycan
qadınlarının yeni həyat yollarını tərənnüm
edən “Zəhra”, “Qurtuluş”, “Qadın” kimi şeirləri də
dərc olunub. İki ildən sonra
Bakıya qayıdan Mirvarid xanım Azərbaycan Elmlər
Akademiyasının Əlyazmaları fondunda şöbə
müdiri, sonra Azərbaycan Dövlət Nəşriyyatında
tərcüməçi vəzifələrində işləyib.
Doğma Azərbaycanı qarış-qarış gəzən
şairə onun hər guşəsinin gözəlliyini dərindən
duya-duya mənəvi dünyasından keçirərək bədiiləşdirməyə
nail olub. Təbiətən
kəndə doğma hisslərlə
bağlı olduğu üçün zəhmət
adamlarının saf mənəviyyatını da ilhamla qələmə alıb.
Böyük Vətən müharibəsi illərində,
bir çox sənətkarlarımızda olduğu kimi, Mirvarid
Dilbazi xanımın yaradıcılığında da Vətəni
müdafiə mövzusu əsas yer tutub. Bu illərdə
şairənin yeddi kitabı nəşr olunub ki, bunların
altısı Vətən müharibəsinə həsr edilib.
Bu kitablarda onun qəhrəmanları sevgilisinin
yolunu intizarla gözləyən gənc qız, körpə
balasının taleyi üçün narahat ana, arxa cəbhədə
çətinliyə qatlaşan mərd qadın olub.
Daha çox lirik şairə kimi tanınan və sevilən
Mirvarid Dilbazi səadətini saf, təmiz məhəbbətdə
axtaran, etibar, sədaqət timsalı olan bir qadındır. Bu qəhrəman
xanım aşiqindən vəfasızlıq görəndə
qürurunu itirmir, əyilmir. Mirvarid
Dilbazinin poeziyasında analıq dünyasının rəngarəng
məqamları dərin emosionallıqla verilib. Belə şeirlərdə həm ana və
övladın bir-birinə olan duyğularına, həm də
mehriban nənənin nəvaziş və
qayğılarının bədii inikasına rast gəlinir.
Ana olmağı əvəzsiz bir səadət
bilən şairə özü haqqında “Şair və
ana-tale iki şahlıq tacını bəxş etmiş ona”
yazıb. Eyni zamanda, “Kişi anası ol ana olanda”– deyən
şairə gözəl insani keyfiyyətlərlə zəngin
təkcə valideynin deyil, eyni zamanda xalqının da
sabahında layiqli varis ola biləcək bir övlad
böyütməyi, tərbiyə etməyi ən böyük
analıq şərəfi
sayıb.
Mirvarid Dilbazi Azərbaycanın ictimai-siyasi həyatında
XX əsrin sonlarındakı tarixi hadisələri dərindən
yaşayaraq səciyyəvi lirik lövhələr yaradıb. Bu dövrdə
Vətənin, xalqın taleyi ən ağrılı enişləri
ilə onun varlığından keçərək şeirə
çevrilib. Yurd-yuvasından didərgin
düşmüş qaçqın və köçgünlərimizə
həsr etdiyi “Ağla, kamanım, ağla”, “Qoymayın
ağlayım məni”, 20 yanvar faciəsi ilə bağlı
yazdığı “Öpün bu qanlı torpağı”,
“Şəhidlər qəbristanında” və digər şeirləri
bu mövzuda yazılan çox gözəl poeziya nümunələridir.
Kədərini, sevincini kövrək misralara
çevirən şairə ömrünün payız
çağlarında xalqımızın qələbəsini
görmək arzusu ilə yazıb-yaradırdı.
Mirvarid
Dilbazi ədəbi irsinə lirik, ictimai məzmunlu şeirlər,
“Məshəti”, “Əlcəzairli qız”, “Partizan Aliyə”,
“Avey dağla söhbət” və digər poemaları,
“Xocalı fəryadı”, “Məhsəti” pyesləri daxildir.
Xaqani Şirvani, Nizami Gəncəvi, Əlişir Nəvai,
Aleksandr Puşkin, Taras Şevçenko, Nikolay Tixonov, Samuel
Marşak və başqa şairlərin əsərlərini,
Evripidin “İppolit” faciəsini dilimizə tərcümə
edib. Əsərləri xarici dillərə tərcümə
olunub. Bəstəkarlarımız Mirvarid
Dilbazinin sözlərinə mahnılar yazıblar.
Ağabacı Rzayevanın onun “Çoban Qara”, “Evimizə gəlin
gəlir”, “Anam yadıma düşdü”, “Lay-lay”, “Azərbaycan
elləri” şeirlərinə yazdığı mahnılar bu
gün də sevilə-sevilə oxunur.
Özünün
yazdığı kimi, od üstündə
doğulmuşdu. Mirvarid Dilbazi ölümlər,
sürgünlər, qadağalar, milli qırğınlar və
milli əsarət görən nəslin nümayəndəsi
idi. Azərbaycan Xalq Cumhuriyyətinin
qurulduğu günlərin sevinci, süqutunun kədəri, kəndlərinə
qəfil erməni hücumları, Qırmızı ordunun
işğalı, sinfi mübarizə adı altında həbslər,
repressiya tufanı bu nəsildən də yan ötməyib,
onun zərif nümayəndəsi Mirvaridin yaddaşında dərin
izlər buraxıb.
Mirvarid Dilbazinin əsas yaradıcılıq fəaliyyəti
xalqla onun həyatında baş verən tarixi hadisələrlə
bağlı olub. O, Qarabağ faciəsinin ağrı-acılarını
ürək ağrısı ilə yanıqlı poeziya
parçalarında əks etdirib. Onun bir sıra
əsərlərini o zaman məhz şərq
qadınının taleyinə həsr etməsi də tamamilə
təbii idi. Çünki
özünün yazdığı kimi, “Mən ölümlər
və sürgünlər, qadağanlar, milli
qırğınlar və soyğunlar, milli təhqirlər,
milli əsarət görmüş nəslin nümayəndəsiyəm.
Mənim gəncliyim, ahıllığım,
qocalığım kəşməkəşli illərdən
keçib. Atamın şəhid
olmasıyla doğma kəndimizdən, buz bulaqlı meşələrimizdən
ayrılıb, anamızın göz yaşlarını qəlbimizə
axıda-axıda bacımla mənim Daş Salahlı və
şəhər həyatımız başlayıb.” Şairə yeni həyatın qoynuna atılarkən
qadınlara verilən geniş hüquqları müşahidə
edib və qələmə sarılıb. Onun
şeirlərinin mövzusu rəngarəngdir. Cəmiyyətdəki quruculuq işlərinin pafosu,
yeni həyat və mədəniyyət quran xalqların həyatı,
məişəti, fərdi cizgiləri öz əksini
tapıb. O, böyük yaradıcılıq yolunda
öz dəsti-xəttinə sadiq qalıb, yeni mündəricəli
şeirimizin rəhgarəng nümunələrini yaradıb.
Mirvarid Dilbazi təbiətə məftun bir şairə
idi. Onun şeirlərində Azərbaycan bütün
gözəlliyi ilə canlandırılır. O təbiətə
göz açanda Göyəzəni, Avey dağını,
Soyuqbulaq yaylasını, Dilican dərəsini
görmüş, uşaqlıq illərini
yaşadığı Musaköyün enişli-yoxuşlu
dolama cığırlarını, Ağstafaçayın
füsünkar sahillərini qarış-qarış gəzmişdi.
Uşaqlıqdan məftun olduğu bu yerlər
onun lirik poeziyasına bir zəriflik və romantik vüsət
gətirib. Bu romantik vüsət şairənin kamala
çatdığı illərdə gah gənclik xatirələri
kimi, gah da şair duyğularının tərcümanı
kimi bədii don geyib:
Necə
doğru söyləmişlər: doğma vətənin
Başqa dildə
söhbət edir küləkləri də,
Ayrı təhər ətir saçır çiçəkləri
də.
Mirvarid
Dilbazi 80-ci illərin sonu, 90-cı illərin əvvəllərində
o qanlı, odlu çıxış və yazılarında Vətən
oğullarını əyilməməyə, vüqarlı
olmağa çağıraraq yazırdı: “Gözəlliyinə
heyran olduğum, şəninə silsilə şeirlər həsr
etdiyim Qarabağ torpağı, meşələrinin nəğməsini
dinlədiyim, dağlarının havasını udduğum, buz
bulaqlarının suyunu içib qoynunda dincəldiyim Ağdam,
Şahbulaq, Abdal Gülablı cənnət üzərinə
yağdırılan raket, top mərmilərinin ağrısı
mənim ürəyimdən keçir.”
Mirvarid
Dilbazi milli dərdimizə, milli ordumuza, qəhrəman
oğullarımıza həsr etdiyi “Ağla kamanım,
ağla”, “Qoymayın ağlayım məni”, qanlı yanvar
günlərinə yazdığı “Öpün bu qanlı
torpağı”, “Şəhidlər qəbristanında”,
“Qanlı yanvar bayatıları” və digər əsərlərində
mənsub olduğu xalqın hisslərini, həyacanlarını
ifadə edir, fərdi sayıla biləcək mövzularda da məhz
xalqın tarixi taleyi ilə bağlı məsələləri
qaldırırdı:
Sən ey
Odlar elimiz!..
Ayaq
üstə möhkəm dur,
Nə qədər
ki, sən varsan,
Yıxılsan
tapdalanarsan!
Ey od, işıq məbədi!
Bu
işığın odunda
Döyüşdəsən əbədi.
Göründüyü kimi, Mirvarid Dilbazinin şeirləri
yalnız mövzu rəngarəngliyi ilə deyil, həmçinin
forma müxtəlifliyi və fikrin bədii ifadəsi
baxımından da yetkin sənət nümunəsi səviyyəsinə
qalxıb, şeir xəzinəsini zənginləşdirib. Bu qeyri-adilik
Mirvarid xanıma Azərbaycanın Xalq Şairi fəxri
adını qazandırıb.
Mirvarid Dilbazi bir ömür şeir yazdı, amma
heç vaxt torpaqdan qopmadı. Əksinə,
torpağa sığındı, insanın torpaqdan
yarandığını, torpaqdan cücərdiyini unutmadı.
Həyatda da torpaq kimi sadə, torpaq kimi təvəzökar,
torpaq kimi mərhəmətli oldu. Hərdən
dənizə də oxşadı, coşub-daşdı, qəlbinin
dupduru sularından, yosunların arasından ona lazım olan
söz mirvarisini tapıb üzə çıxardı, bir
ömür sözün pərvanəsi oldu. Od tutub
yandığı vaxtlar da oldu, üşüdüyü
zamanlar da...
Onun yaradıcılığı mirvari dənələri
kimidir – şəffaf, zərif, xoşagələn...
Hansısa bir şeirini ürəyinə taxıb günlərlə,
illərlə, bir ömür zümzümə edə bilərsən.
“Qadınların hürriyyəti” adı ilə ədəbiyyata
qədəm qoyan Mirvarid Dilbazi özü də hiss etmədən
ədəbiyyatımızın ana obrazına çevrildi. Həyat
düsturu təxminən belə oldu: əsilzadə kimi
doğuldu, yoxsulluğu daddı, ayaq üstündə
durmağı bacardı, zərif sevgi yaşadı,
ayrılıqlara alışdı, bütün bunların
içində bağlandığı və əbədi
könül verdiyi söz oldu.
Şeirim
qəlbinizə yol tapa bilsə,
Heç
vaxt əyə bilməz bir kədər məni
– deyən şairə 40 kitabı ilə
oxucunun görüşünə gəldi. Hər
dəfə də yeni söz, yeni nəfəs, yeni arzu, yeni diləklə.
Uca Yaradanın nəzəri, özünün nəcabəti,
səmimiyyəti, həyat tərzi, zəhməti, istedadı,
sevgisiylə xalqın istəyini qazandı. Xalqla arasında
olan səmimiyyətə uzun ömründə kölgə
düşmədi. Bu, çox az insana nəsib olan
xoşbəxtlik idi, Mirvarid Dilbazi bunu bacardı.
Yazıçılığı yüksək
qiymətləndirilən Mirvarid Dilbazi Əməkdar Mədəniyyət
İşçisi, Xalq Şairi fəxri adlarına layiq
görülüb, “Şərəf nişanı”,
“Qırmızı əmək bayrağı”, “İstiqlal”
orden və medallarla təltif edilib.
Ən uzun bənövşə
ömrünü Mirvarid xanım yaşadı. 89 il... Heç vaxt başqasına bənzəmədi,
heç vaxt başqasına baş əymədi, onsuz da onun
obrazında bənövşəyə məxsus bir
boynubüküklük vardı, ömrünün ahıl
çağında Qarabağ dərdi bütün dərdlərini
üstələdi. Qarabağ nisgili ilə
dünyasını dəyişdi. Tarixi şəxsiyyət
Mirvarid Dilbazi 2001-ci il iyul ayının 12-də vəfat edib.
Allah rəhmət eləsin.
Fazil QARAOĞLU
Bakı
xəbər.- 2018.- 12-14 may.- S.12