Azərbaycan muzeylərində birgünlük
açıq qapı ziyarəti…
Muzeylər tarixin
qorunduğu məkandır.
Bütün dünyada olduğu
kimi, Azərbaycanda da muzeylər seyrçilərin diqqət
mərkəzindədir. İlin
bütün günlərində
muzeylərə giriş
ödənişli olsa
da, yalnız 18 may tarixində muzeylərdə keçirilən
“Açıq qapı”
günləri çərçivəsində
tamaşaçıların muzeylərə daxil olması pulsuzdur.
Qeyd edək
ki, artıq bir neçə ildir Azərbaycanda da qeyd edilən
18 may - Beynəlxalq Muzeylər Günündə
muzeylərdə “Açıq
qapı” elan edir.
Məlumat üçün
bildirək ki, hər il mayın
18-ni dünya mədəni
ictimaiyyəti Beynəlxalq
Muzey Günü kimi qeyd edir.
Bu gün 1977-ci ildə Beynəlxalq Muzeylər Şurasının
11-ci konfransında Sovet
nümayəndə heyətinin
təklifi ilə təsis olunub. 1978-ci ildən etibarən bu bayram hər
il 150-dən çox ölkədə qeyd olunur. Həmin gün bu bayramın
qeyd edildiyi ölkələrin bütün
muzeylərində “Açıq
qapı” elan olunur və arzu edənlər pulsuz olaraq sərgi
və ekspozisiyalara tamaşa edirlər.
Məlumatlara görə, Azərbaycanda
muzey işinin tarixi çox da qədim deyil.
XX əsrin əvvəllərində
Bakı ticarət məktəbi nəzdində
Sənaye, Xalq məktəblərinin Bakı-Dağıstan
müdiriyyəti nəzdində
Pedaqoji, Rus Texniki Cəmiyyəti Bakı şöbəsi nəzdində Texniki muzeylər fəaliyyət
göstərib. İlk
milli muzeyin yaradılması isə Azərbaycan Xalq Cumhuriyyəti dövrü ilə bağlıdır. 1919-cu il
dekabrın 7-də “İstiqlal”
muzeyi fəaliyyətə
başlayıb. Sovet hakimiyyəti illərində
respublikada muzey şəbəkəsi daha
da genişləndirilib:
Nizami adına Ədəbiyyat Muzeyi, L.Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət
Muzeyi, Azərbaycan Tarixi Muzeyi, Xalq Maarifi Muzeyi,
əksər rayon və şəhərlərdə
tarix, diyarşünaslıq
muzeyləri, elm və mədəniyyət
xadimlərinin ev muzeyləri və s. bu qəbildəndir.
Azərbaycan həm də açıq səma altında yerləşən
muzeylər ölkəsidir.
Bunu Qobustanda, İstisuda (Kəlbəcər)
və Gəmiqayada (Naxçıvan) qayalar üzərindəki təsvirlər
sübut edir. Məşhur Norveç alimi və səyyahı
Tur Heyerdal Qobustanda olarkən buranı obrazlı şəkildə "səma
altında muzey" adlandırıb. Muzeylərlə
zəngin olan ölkəmizdə muzeylərin
fəaliyyətinin tamaşaçılar
tərəfindən qiymətləndirilməsi
çox vacibdir.
18 may - Beynəlxalq
Muzeylər Günü
münasibətilə “İçərişəhər”
Dövlət Tarix-Memarlıq
Qoruğu İdarəsinin
tabeliyində fəaliyyət
göstərən bütün
muzeylərdə “Açıq
qapı” günü elan edilib. Məlumatlara görə, “Açıq
qapı” günündə
paytaxt sakinləri və şəhərimizin
qonaqları İçərişəhərdə
yerləşən Qız
qalası, Şirvanşahlar
Sarayı, Sıratağlı
dini-memarlıq kompleksi,
Numizmatika ekspozisiyası,
Tahir Salahovun ev-muzeyi, Bəylər Məscidi, “Müqəddəs
əmanətlər” ekspozisiyası,
habelə “Qala” qoruğu ərazisində fəaliyyət göstərən
Qala Arxeoloji-etnoqrafik muzey kompleksi, Əntiq Əşyalar Muzeyinin ekspozisiyaları ilə ödənişsiz
tanış olmaq imkanı əldə ediblər.
Qeyd edək
ki, seyrçilər sözügedən muzeylərdə
səhər saat 10-dan
axsam saat 19-dək ekspozisiyaya pulsuz baxıblar.
“Qala Arxeoloji-etnoqrafik
muzeyindən “Bakı-Xəbər”ə
verilən məlumata görə, mayın 18-də
muzeyə daha çox məktəblilər
gəlib. Muzey əməkdaşının sözlərinə
görə, “Açıq
qapı” günü çərçivəsində az sayda olsa
da, əcnəbi turistlər də muzeyi ziyarət ediblər: “Muzeyimizə əsasən şagirdlər gəlirlər.
Beynəlxalq Muzeylər
Günü münasibətilə
“Açıq qapı”
elan etdiyimiz üçün bu gün muzeyə gələn şagirdlərin
sayında əvvəlki
vaxtlarla müqayisədə
xeyli artım var. Mayın 18-də də muzeyimizi əsasən şagirdlər
ziyarət ediblər. Qonaqlarımız sırasında
bir neçə əcnəbi də olub. Muzeyimizi ziyarət edən qonaqların sayı haqqında məlumat verə bilmərik”.
Milli Azərbaycan
Tarixi Muzeyindən də verilən məlumata görə, “Açıq qapı” günü çərçivəsində
muzeyə gələnlərin
sayında xeyli artım müşahidə
edilib. Milli Azərbaycan Tarixi Muzeyinin şöbə müdiri Emin Dadaşov “Bakı-Xəbər”ə
açıqlamasında qeyd
etdi ki, muzey ziyarətçilərinin
sayında xeyli artım baş verib: “Bizim qonaqlarımız
əsasən məktəblilər
olub. Muzeyimizi ziyarət edənlər sırasında turistləri
də qeyd etmək istəyirəm. Beynəlxalq Muzeylər Günündə turistlər
də muzeyimizi ziyarət ediblər. 2000 nəfərdən artıq
şəxs muzeyimizi ziyarət edib. Hesab edirəm ki, heç bir qonağımız bizdən narazı qalmayıb”.
Azərbaycan Xalça Muzeyindən aldığımız məlumata
görə, muzey seyrçiləri arasında
kütləvilik müşahidə
edilib. Muzey əməkdaşının verdiyi
məlumata görə,
həmin gün gündüz saat 12-yə qədər 2000 nəfərdən
artıq qonaq muzeyi ziyarət edib: “Bizim muzeyə
gələnlərin sayı
həmişə çox
olur. Beynəlxlaq Muzeylər Günü münasibətilə isə
ziyarətçilərin sayında
xeyli artım var. Həm yerli,
həm də xarici ziyarətçilər
muzeyimizi ziyarət ediblər”.
Azərbaycan Dövlət Musiqi Mədəniyyəti Muzeyinin
baxıcısı Xumar
İsmayılova “Bakı-Xəbər”ə
bildirdi ki, çalışdığı muzeyə gələn ziyarətçilərin sayı
əvvəlki günlərlə
müqayisədə çoxdur:
“Muzeyimizə əvvəllər
də ziyarətçilər
gəlirdi. Ancaq bu gün (dünən
- İ.S.) daha çox
canlanma müşahidə
edilir. Muzeyimizə gələnlərin sayında
xeyli artım olub. Qonaqlar arasında az da olsa, əcnəbi
turistlər də var. Əsas ziyarətçilər öz
vətəndaşlarımızdır”.
Cəlil Məmmədquluzadənin
mənzil-muzeyinin direktoru
Pərixanım Muradova
da bizimlə söhbətində Beynəlxalq
Muzeylər Günü
münasibətilə muzeyə
məktəblilərin gəldiyini
dedi: “Bizim qonaqlarımız məktəblilər
idi. Bir neçə məktəbli
muzeyimizi ziyarət etdilər və onlar sərgi ilə tanış oldular”.
İradə SARIYEVA
Bakı
xəbər.- 2018.- 19-21 may.- S.13