Azərbaycan kinosu 120: tarixi,
bu günü və gələcək inkişaf perspektivləri…
Kino bəzən həyatın özünə
bənzəyir. Hərdən elə maraqlı hadisələrlə
rastlaşırıq ki, “elə bil kinodur” deyib onu kinoya
oxşadırıq. Kino onilliklərdir insanları öz cazibəsində
saxlamaqda davam edir.
120 illik tarixi olan Azərbaycan kinosu da dünya
kinosunun bir parçası olaraq öz cəlbediciliyini və təsir
gücünü qoruyub saxlamağı bacarır. Bəzən
xoş güzaran, bəzən isə ağır, məşəqqətli
tale yaşayan Azərbaycan kinosu 1 əsrdən artıqdır
öz mövqeyini dəyişməyib. Dəyişə də
bilməzdi. Mayasında azərbaycançılıq
qayəsini yaşadan Azərbaycan kinosu yarandığı
gündən nə qədər sağa-sola çəksələr
də, səmtini dəyişmək istəsələr də,
yenə də milli düşüncəyə, vahid dövlətçilik
ideologiyasına xidmət edib. Sözsüz ki, hər bir
sənət növünün yaradılmasında məqsəd
birmənalı olaraq maarifçiliklə bağlıdır. Sənət
milli düşüncəyə, dövlət və dövlətçiliyə,
cəmiyyətin inkişafına xidmət etməlidir.
Böyük tarixi yol keçən Azərbaycan kinosu cəmiyyətin
inkişafında böyük rol oynayıb.
Belə demək mümkünsə, Müsəlman
Şərqində kinonun ilk yarandığı ölkə Azərbaycandır.
Belə ki, Azərbaycanın kino tarixi 1898-ci il avqustun 2-dən
başlayır. Ölkəmizdə ilk filmlər fotoqraf və
nasir A.M.Mişon tərəfindən çəkilib: “Bibiheybətdə
neft fontanı yanğını”, “Balaxanıda neft fontanı”,
“Şəhər bağında xalq gəzintisi”, “Qafqaz rəqsi”
və bir bədii kinosüjet - “İlişdin”. Qeyd edək ki,
Azərbaycanda ilk kino çəkildikdən iki il sonra, yəni
1900-cü ildə İranda kino sənətinin əsası
qoyulub, Türkiyə kinosunun tarixi isə 1914-cü ildən
başlayır.
Bu baxımdan yanaşdıqda, bəli, Azərbaycan
Şərq kino tarixində ilkə imza atan ölkədir. Qeyd
edək ki, Azərbaycan kinosunun yaranma tarixi uzun müddət
1915-ci ildən götürülüb. Milli kino tariximizi yazan
mütəxəssislər hesab edirdilər ki, M.Musabəyovun
“Neft və milyonlar səltənətində” romanı əsasında
rejissor Boris Svetlovun ekranlaşdırdığı eyniadlı
film Azərbaycanda ilk film olub. Lakin Azərbaycan
müstəqillik əldə etdikdən sonar, bir sıra sahələrdə
olduğu kimi, kino sahəsinin tədqiqi sahəsində də
yeni üfüqlər açıldı və
araşdırmalar zamanı məlum oldu ki, Azərbaycanda kino
çəkilişlərinin tarixi XIX əsrin sonu ilə
bağlıdır.
Bildirək ki, 1915-ci ildə
Tiflisdə çəkilən “Neft və milyonlar səltənətində”
filmində Lütfəli bəy rolunu Hüseyn Ərəblinski
oynayırdı. Azərbaycan kinosu keçən əsrin 10-cu
illərində kövrək addımlarla irəliləyirdi və
artıq kinomuzda janr müxtəlifliyi yaranmağa
başlayırdı. 1916-cı ildə Üzeyir Hacıbəyovun
“Arşın mal alan” operettası əsasında ilk Azərbaycan
kinokomediyası çəkilir. Bundan 3 il sonra, 1919-cu ildə
isə Azərbaycanın müstəqilliyinin
ildönümü münasibətilə “Təntənə”
adlı tammetrajlı film ekranlarda nümayiş etdirildi. Təbii
ki, Cumhuriyyətimiz xain əllərlə beşiyində
boğulmasaydı, Azərbaycan kinosu tamamilə başqa bir
istiqamətdə inkişaf edə bilərdi.Azərbaycan kino
tarixinin böyük bir dövrü Sovet illərinə təsadüf
edir. Sovet dövründə kino sahəsində bir sıra
işlər görülsə də, burada müəyyən
itkilərimiz də olub. Sözsüz ki, o dövrün kinosu
bolşevizm ideologiyasına xidmət etməli, sosrealizmin tələblərini
təbliğ etməyə çalışmalı idi. O illər
kino sənət libaslı ideoloji maşına bənzəyirdi.
Demək olar ki, kinomuz ancaq bolşevizm
ideologiyasını yaymaq, təbliğ etmək, onu zəhmətkeş
kütlələrə çatdırmaq məqsədi
güdürdü. Təbii, kino xadimləri milli kinonun izlərini,
rüşeymlərini yaşatmaq, məhv olmaqdan qorumaq
üçün bolşevizm təbliğatına dəstək
verirdilər. Dövrün tufanları, zamanın təlatümləri
kinomuzdan milli hissləri silməli deyildi. Bunu Azərbaycan
kinematoqrafları öz düşüncələrində
yaşadırdılar. Bir sıra ideoloji filmlər var ki, orada
da kinematoqraflarımız Azərbaycan mədəniyyətinin,
adət-ənənəsinin, folklorunun, yaşamının,
tarixinin zərrələrini əks etdiriblər.
Qeyd edək ki, 1923-cü ildə Azərbaycan
Foto-Kino İdarəsi (AFKİ) təsis olundu. AFKİ
ayrı-ayrı sahibkarların foto, kinoteatr və prokat kontorlarının
milliləşdirilməsi və birləşdirilməsi tədbirlərini
həyata keçirirdi. O zamanlar AFKİ-nin nəzdində
Bakıda "Təyyarə", "Edison",
"Milyon", "Ladya", "Mədənçi" və
s. kinoteatrlar da var idi.1924-cü ildə AFKİ ikiseriyalı
"Qız Qalası əfsanəsi" (rejissor V.V.Vallyuzek)
adlı bədii filmi ekranlara çıxardı. Etnoqrafik cəhətdən
maraqlı olan bu filmdə müəlliflər Şərq
ekzotikasından qaça bilməyiblər. Mütəxəssislər bildirirlər ki, Şərq
ritmləri, rəngləri o qədər zəngin və cəlbedicidir
ki, ondan yayınmaq mümkün deyil.Azərbaycan kino sənətində
milli kadrların hazırlığına keçən əsrin
20-ci illərinin ortalarından başlanıb. Məlumatlara
görə, Azərbaycanda milli rejissor və aktyor kadrları
hazırlamaq üçün 1925-ci ildə Şamil Mahmudbəyovun
təşəbbüsü ilə AFKİ-nin nəzdində
studiya təşkil edilib. C.Cabbarlı, M.Mikayılov,
Ə.Tahirov və başqaları burada oxuyublar. Filmlərin bədii
keyfiyyətini yüksəltmək, milli kadrların
inkişafına kömək məqsədilə Bakıya
V.İ.Pudovkin, İ.A.Sevçenko,
N.M.Şenqelaya, M.E.Çiaureli kimi məşhur kinorejissorları,
eləcə də Q.M.Lemdeq, V.R.Lemke, A.V.Qalperin, İ.S.Frolov,
Ə.M.Feldman, L.L.Kosmatov, V.M.Şneyder və başqa
kinooperatorlar dəvət olunublar, C.Cabbarlı, A.M.Şərifzadə
və başqaları kino yaradıcılığı
işinə cəlb ediliblər. AFKİ
sonralar, 1926-1930-cu illərdə “Azdövlətkino”,
1930-1933-cü illərdə “Azərkino”, 1933-cü ildə
“Azfilm”, 1934-cü ildə “Azdövlətsənayesi”,
1935-1940-cı illərdə “Azərfilm”, 1941-1959-cu illərdə
“Bakı Kinostudiyası”, 1961-ci ildən isə C.Cabbarlı
adına “Azərbaycanfilm” Kinostudiyası adlanır.Azərbaycan
kinosunun XX əsrin 20-ci, 30-cu, 40-cı illəri dövründə
filmlər daha çox müasir həyatdan
götürülən mövzular əsasında çəkilir,
tarixi-inqilabi ruh önə çəkilirdi. Bu illərdə
çəkilən “Lətif”, “İsmət”, “Almaz” və “Yeni
horizont”, “Bakılılar”, “Kəndlilər” filmləri
dövrün mənzərəsini açıq şəkildə
ifadə edir. Bu filmlər ideoloji dəst-xətti əks etdirsə
də, burada milli aktyorlarımızın bənzərsiz
ifası, rejissorlarımızın potensialı, gücü,
istedadı gözdən qaçmır. Bu gün o filmlərə
sırf sənət gözü ilə baxdıqda orada işlədilən
yaradıcılıq texnikasına heyrət etməyə
bilmirsən. Bəli, o rejissorlar o filmləri çəkməsəydilər,
yəqin ki, adlarını kino tariximizə yaza bilməzdilər.
Bu mənada kı, onlar “millətçi”, “pantürkist” kimi
sürgünlərə göndərilə bilərdilər.
Azərbaycan kinosunun yaşaması üçün mücadilələr
verən bu insanların ruhu hər zaman rəhmətlə
anılır.Azərbaycan kinosunun inkişaf mərhələlərini
təhlil etdikcə, qarşımıza olduqca maraqlı faktlar
çıxır. Bilirik ki, müasir Azərbaycan kinosunun
inkişafında dövlətin böyük rolu var. Son illər kino ilə bağlı böyük
işlər görülüb, yeni filmlər çəkilib.
Ölkə başçısı İlham Əliyevin son illər
verdiyi sərəncamlar kinonun bütün sahələrinin
problemlərinin aradan qaldırılmasına səbəb olub.Bəlli
olduğu kimi, 2008-ci il avqustun 4-də cənab Prezidentin sərəncamı
ilə təsdiq olunan "Azərbaycan kinosunun 2008-2018-ci illər
üzrə inkişafına dair Dövlət Proqramı"
artıq öz müsbət nəticələrini verməkdədir.
Belə ki, proqramın qəbulundan sonra kino sənətimizdə
əsaslı yeniliklər müşahidə olunmağa
başlandı. Kinoda yeni inkişaf tendensiyası yarandı. Bu
həm filmlərin çəkilişində, həm
nümayişində, həm də texniki təchizatın
gücləndirilməsində özünü büruzə
verir. Onu da bildirək ki, son bir neçə ildə Azərbaycanda
dövlət sifarişi ilə saysız sənədli və bədii
film çəkilib. Son on ildə çəkilən
filmlərdən "Mən evə qayıdıram",
"Dolu", "Sübhün elçisi",
"Qırmızı bağ", "Qisasını alıb
öl", "Qorxma, mən səninləyəm-2" kimi
ekran nümunələrini qeyd edə bilərik. Çəkilən
filmlər müxtəlif mövzu və janrda istehsal olunur.
2006-2011-ci illərdə ekran əsərlərimiz 40-dək
ölkədə, 100-dən artıq festivalda uğurla
iştirak ediblər. Təkcə ötən il gənc
kinematoqraflarımızın çəkdiyi qısametrajlı
bədii filmlər 30-a yaxın beynəlxalq kinofestivalda
göstərilib.64-cü Beynəlxalq Kann Kinofestivalında ilk
dəfə olaraq Azərbaycan pavilyonu təşkil olunub.
Londonda keçirilən "XV Rainbow" Beynəlxalq Film
Festivalında Azərbaycan Respublikası Mədəniyyət və
Turizm Nazirliyinin sifarişi ilə "Azərbaycanfilm"
Kinostudiyasında lentə alınmış
"Çölçü" filmi "Ən yaxşı bədii
film" nominasiyasında mükafatlandırılıb.
Kinoşünaslar bildirirlər
ki, Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin rəhbərliyi altında ölkəmizin ümumi
iqtisadi, sosial və mədəni inkişafı kino sənətinin
də böyük uğurlar qazanmasına şərait
yaradacaq, Azərbaycan kinosu layiq olduğu yüksək sənət
zirvələrinə ucalacaq.
Ekspertlər bildirirlər ki, milli kinomuzun
keçən illərdə çəkilən filmləri
tamaşaçıların indi də sevdiyi filmlər
sırasındadır. Yaşlı və orta nəslin
nümayəndələri illər əvvəl çəkilən
filmlərə indi də böyük maraq və nostalgiya hissilə
baxırlar. Ancaq su bir yerdə dayana bilmədiyi kimi, kino mədəniyyətimiz
də inkişafdan qala bilməz. Yeni kinonun tələblərilə
köhnə kinonun şərtləri arasında böyük fərqlər
var. Buna görə də onların bir-birindən
seçilməsi təbiidir.Mütəxəssislərin
bildirdiyinə görə, Azərbaycan Respublikası
Prezidentinin "Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə
inkişafına dair Dövlət Proqramı"nın təsdiq
edilməsi haqqında sərəncamı kino sənətinin
sürətli inkişafına böyük təkan oldu.
Kino ilə bağlı qəbul edilən dövlət
proqramları kinomuzun qarşısında yeni üfüqlər
açdı. Məlumdur ki, SSRİ dağıldıqdan sonra
kinomuz çox acınacaqlı bir durum yaşamağa məhkum
oldu. Sirr deyil ki, Azərbaycan kinosunu ən ağır bəladan
xalqımızın böyük oğlu Heydər Əliyev
xilas etdi. Sovet illərində milli ruhlu filmlərin
yaranmasına açıq dəstək verən Heydər
Əliyev sonrakı illərdə də kinonun hamisinə
çevrildi.Müstəqillik dövrünün Azərbaycan
kinosuna dövlətin göstərdiyi diqqət haqqında
çox danışılıb, çox yazılıb. Müstəqillik dövrü Azərbaycan kinosu
haqqında danışarkən çağdaş kinomuza verilən
dövlət dəstəyini mütləq qeyd etməliyik.
Özünün yeni dövrünü yaşayan Azərbaycan
kinosunun xeyli uğurları var və yeni filmlər çəkilib.
Dövlətin kinoya göstərdiyi davamlı maddi yardım
sayəsində Azərbaycanda kino sənayesi yenidən qurulur. Artıq kinonun bir sıra vacib xətləri
inkişaf etməkdədir.Müstəqil Azərbaycan
inkişaf etdikcə, iqtisadi cəhətdən gücü
artdıqca, bütün sahələrlə yanaşı, mədəniyyətə,
onun vacib qollarından biri olan kinoya da diqqət, qayğı
artırıldı. Azərbaycan
kinosu son on-on beş ildə inkişaf relsinə
düşdü. Ümidi tükdən asılı olan kino adamları bu qayğı sayəsində
dirçəldi, yeni yaradıcılıq planlarını
reallaşdırdılar. Çoxları
güman edirdi ki, Azərbaycan kinosu taqətdən
düşüb və o bir daha ayağa qalxa bilməyəcək.
Lakin dövlətin göstərdiyi güclü
dəstək nəticəsində kinonun büdrəyən
dizi gücləndi və irəliyə addımlamağa
başladı. Son on beş il ərzində
Azərbaycan dövlətinin kinoya qoyduğu vəsaitin məbləği
davamlı şəkildə artırılır.Milli kinomuz
Sovet dövrü ilə müqayisədə bu gün daha
çox inkişafa nail olub. Çünki
çəkilən filmlər artıq milli məfkurəyə
söykənir, azərbaycançılığı, milli
birliyi əks etdirir. Son illər milli ruhda
çəkilən filmlər kino tariximizin aktivinə
yazılıb.120 ildir Azərbaycan kinosu nəfəs dərmədən
yol gəlir. Bu illər ərzində
kinomuzun qazancı çox olub. Ən
böyük qazancı isə dövlət qayğısı və
tamaşaçı məhəbbətidir.
İradə
SARIYEVA
Bakı
xəbər.- 2018.- 23 may.- S.- 15.