Tarixdə
iz buraxanlar: Mirzə Şəfi Vazeh
Mirzə
Şəfi Vazeh 1792-ci il iyun ayının
14-də Gəncədə anadan olub. Atası Kərbəlayi
Sadıq bəy, anası Nanə xanımdır. Atası Şəfinin gələcəkdə ruhani
rütbəsi almaq məqsədilə onu Gəncə mədrəsəsinə
qoyub. Şəfi mədrəsədə ərəb, fars dillərini və şəriət elmlərini
öyrənməklə bərabər, o vaxtlar geniş
yayılan Şərq poeziyası ilə də tanış
olub. O, hüsnxət dərslərinə xüsusi maraq
göstərib. Şəfi hələ mədrəsədə
oxuduğu zaman atası vəfat edib.
Dövrünün mədəni şəxsiyyətlərindən
olan Hacı Abdullanın Təbrizdən Gəncəyə
qayıtması və gənc Şəfini öz himayəsi
altına alması gələcək şairin inkişafına
mühüm təsir göstərir. Gəncənin molla və
axundları Hacı Abdullaya düşmən münasibət bəsləyirdi.
Çünki Hacı Abdulla onlarla münaqişəyə
girir, onların dini baxış və uydurmalarının cəfəngiyat
oldunu göstərirdi. Təlim aldığı mollalara
qarşı çox soyuq və etinasız olan gənc Şəfi
onu himayəsi altına alan Hacı Abdullaya
dərin məhəbbət bəsləyirdi. Hacı
Abdulla isə gələcək mütəfəkkir və
şairdə elm və mədəniyyətə böyük həvəs
oyadırdı. Bütün bunlar mollaların
diqqətini cəlb etməyə bilməzdi. Nəhayət, bir gün Mirzə Şəfi
özünü mədrəsədən kənarda
gördü. Hacı Abdullanın məsləhəti
ilə Şəfi məğlub olan Cavad xanın qızı
Püstə xanımın yanında binagüzarlıq və
yazı-pozu işlərini idarə etmək üçün
qulluğa götürülür. Bu
zamandan Şəfi Mirzə Şəfi deyə tanınır.
1826-cı ildə İranla Rusiya arasında müharibə
başlayır. İranlılar Gəncəni işğal
edir. Cavad xanın oğlu Uğurlu
xanın itaətinə verilən Gəncə şəhərində
onlar ancaq üç ay qala bilirlər. İranlıların
Şəmkir altında məğlubiyyəti və Gəncədən
sıxışdırılıb
çıxarılmalarından sonra Uğurlu xan bacısı
Püstə xanımı da götürüb İrana
qaçır. Beləliklə, Mirzə
Şəfi yenidən məscidə qayıdır, hücrələrin
birində müxtəlif kitabların üzünü
köçürməklə məşğul olur ki, bir təhər
güzaran keçirsin. Mirzə Şəfinin
vəziyyəti ona bu vaxta qədər köməklik edən
Hacı Abdullanın 1831-ci ildə vəfat etməsi ilə
daha da pisləşir. Onsuz da az gəlir
gətirən gözəl dəsti-xətti tezliklə ona gərəksiz
olur. İranda artıq litoqrafiyadan istifadə
olunduğu üçün kitabları əl ilə
köçürməyə ehtiyac qalmır. Mirzə
Şəfi ərəb və fars dillərindən
fərdi dərs verməklə dolanmağa məcbur olur.
Otuzuncu
illərin əvvəllərində Mirzə Şəfi gənc
Mirzə Fətəli Axundovla tanış
olur və ona öz fikirləri ilə ciddi təsir edir. Özünün mənəvi həyatında
böyük dəyişiklik yaradan bu həyəcanlı
görüşləri haqqında Mirzə Fətəli Axundov
ətraflı bəhs edib. Böyük mütəfəkkir
öz tərcümeyi-halında yazır: “Gəncə məscidinin
hücrələrindən birində bu vilayət əhalisindən
Mirzə Şəfi adlı birisi yaşayırdı. Bu adam, növbənöv elmlərdən
başqa, nəstətliq yazısını da çox
yaxşı yazırdı. Bu həmən Mirzə
Şəfidir ki, Almaniya məmləkətində onun həyatı
və farsca şeirdə malik olduğu fəziləti
haqqında məlumat verilib. Mən
atalığımın buyruğu ilə hər gün bu
şəxsin yanına gedib nəstətliq yazısının
məşqini edirdim. Belə ki, get-gedə
mənimlə bu möhtərəm şəxsin arasında
ülfət və ünsiyyət hasil oldu. Bir gün bu
möhtərəm şəxs məndən soruşdu: “Mirzə
Fətəli, elmləri təhsil etmək də nədir?” Cavab verdim ki, ruhani olmaq istəyirəm. O dedi:
“Sən onlar kimi riyakar və şarlatanmı olmaq istəyirsən?”
Təəccüb və heyrət etdim ki, bu nə
sözdür. Mirzə Şəfi mənim halıma baxıb dedi: “Mirzə Fətəli,
öz həyatını bu qaragüruhun içərisində
puç etmə, başqa bir məşğuliyyət qəbul
et!” Onun ruhaniliyə nifrət etməsinin səbəbini
soruşduqda, o günə qədər mənim
üçün örtülü olan mətləbləri
açmağa başladı. Atalığımın
Həcdən qayıtmasına qədər Mirzə Şəfi
bütün mətalibi-irfaniyyəni mənə təlqin etdi
və gözümün qabağından qəflət pərdəsini
qaldırdı.” Göründüyü
kimi, məhz Mirzə Şəfinin təsiri ilə M.F.Axundov
ruhani olmaq məqsədindən imtina edib və 1832-ci ildə
Nuxa qəza məktəbinə daxil olub.
1840-cı ildə M.F.Axundov Tiflis qəza məktəbində
Şərq dilləri üzrə müəllim işləyirdi. Həmin il
o, bu vəzifədən çıxarkən öz yerinə
Mirzə Şəfini məsləhət görüb. Qəza məktəbinin Azərbaycan dili müəllimi
vəzifəsini tutmaq üçün xüsusi imtahan verdikdən
sonra Mirzə Şəfi bu vəzifəyə qəbul edilib və
uzun zaman Tiflisdə yaşayıb.
Mirzə Şəfi qəza məktəbində işləməklə
yanaşı, fərdi dərs verməklə də məşğul
olub. Artıq
Gəncə molla və ruhanilərinin hücumundan uzaq olan
şair burada dövrünün qabaqcıl adamları ilə
daha yaxından tanış olmaq imkanı əldə
edib. O, Axundov, Bakıxanov, Budaqov və başqaları ilə
yaxından dostluq əlaqəsinə girib. Mirzə Şəfi
alman səyyahı, rus və Şərq poeziyasının tərcüməçisi
Fridrix Bodenştedtlə də Tiflisdə tanış
olub. Bodenştedt Tiflisdə ikən Azərbaycan və fars dillərini öyrənməyə
başlamışdı. Mirzə Şəfi ona
dərs deyirdi. Mirzə Şəfi dərs
zamanı ona Firdovsi, Xəyyam, Sədi, Hafiz və Füzulinin
şeirlərindən oxuyar, daha çox öz şeirlərini
yazdırardı. Bodenştedt yazır: “Həftədə
üç dəfə dərs keçirdik, dərsdə həmçinin
Mirzə Şəfinin digər tələbələri də
iştirak edirdi. Axırda “Divani-hikmət”
başlanırdı. Mirzə Şəfi
öz nəğmələrini oxuyur və bizə izah edirdi.
Həmin nəğmələrin, demək olar
ki, böyük bir hissəsi mənim gözlərimin
önündə yaranmışdır”. Bir dəfə
“Divani-hikmətdən” sonra bağda Mirzə Şəfi ilə
gəzməyə çıxan Bodenştedt onun bədahətən
seir söyləməsinə təəccübünü bildirərək
deyib: “Ey mənim müdrik müəllimim, necə olur ki, sən
öz nəğmələrini bu qədər tez qoşursan?”
Mirzə Şəfi oradaca topladığı güllərdən
bir dəstə bağlayıb Bodenştedtə verir və
deyir: “Bax, bu gül dəstəsini mən bir an içində
düzəltdim. Halbuki, bu güllər bir anda əmələ
gəlib açılmamışlar, mənim şeirlərim də
bunun kimi.”
Bodenştedt yazır ki, səyahətdən
qayıtdıqdan sonra Mirzə Şəfi özünün
şeirlər külliyyatını ona
bağışladı. O, Tiflisdən gedərkən apardığı dəftərlərdən
bəhs edərək deyir ki, həmin dəftərlər
şairin Azərbaycan və fars dillərində
yazdığı nəğmələrdən ibarət idi.
XX əsr
rus və Azərbaycan ədəbiyyatşünaslığında
müəyyən edilib ki, Almaniyada Bodenştedt tərəfindən
“Mirzə Şəfi nəğmələri” və “Mirzə
Şəfi irsindən” adlı kitablarda dərc edilən və
XIX əsrin 70-ci illərində Mirzə Şəfinin vəfatından
sonra Bodenştedtin öz adına çıxmaq istədiyi
şeirlərin əksəriyyəti Mirzə Şəfiyə
məxsusdur. Onu da qeyd etmək lazımdır ki, Mirzə Şəfi
haqqında həqiqətin meydana çıxarılması,
onun bədii yaradıcılığının təhlili,
ictimai-fəlsəfi fikirlərinin öyrənilməsi sahəsində
ədəbiyyatşünaslardan Ə.Seyidzadə, S.Mümtaz,
E.Enikolopov, professorlardan M.Rəfili, F.Qasımzadə,
H.Hüseynov, M.Qasımov və akademik A.Makovelskinin xüsusi
xidmətləri olub.
“Mirzə
Şəfi nəğmələri”nin
Almaniyada ilk çapı böyük müvəffəqiyyətlə
qarşılanıb. İlk dəfə 1851-ci
ildə nəşr edilən həmin şeirlərin
1893-cü ildə 145-ci, 1924-cü ildə isə 170-ci nəşri
çapdan çıxıb. İndiyə
qədər həmin kitab 300 dəfədən çox təkrar
nəşr edilib. “Mirzə Şəfi nəğmələri”
fransız, ingilis, italyan, İsveç, holland, Danimarka, ispan,
portuqal, rus, çex, macar, yəhudi və s. dillərdə dəfələrlə
çap olunaraq geniş yayılıb.
Bodenştedt 1847-ci ildə Tiflisi tərk edir. Bundan bir il
sonra, yəni 1848-ci ildə Mirzə Şəfi də Tiflisdən
köçüb Gəncəyə gəlir. O burada qəza məktəbində
Azərbaycan dili müəllimi vəzifəsində işləyir.
Fəqət iki il sonra yenidən Tiflisə
qayıdır, Tiflis gimnaziyasında Azərbaycan və fars dillərindən
dərs deyir. Vəfatından bir az əvvəl
Mirzə Şəfi həmin gimnaziyanın müəllimi
İ.İ.Qriqoryevlə birlikdə Azərbaycan dilini öyrənənlər
üçün dərslik yazıb hazırlayır.
Mirzə Şəfinin vaxtilə ədəbiyyatşünas
Salman Mümtaz tərəfindən əldə edilən
orijinal şeirlərinin əsas hissəsini məhəbbət
lirikası təşkil edir. Mirzə Şəfinin
əldə olan qəzəlləri, müxəmməs və
rübailəri onun nə qədər zəngin
yaradıcılıq təcrübəsinə və yüksək
istedada malik olduğunu göstərir. Onun əsərlərində
feodal quruluşun mənfi cəhətlərinin kəskin tənqidi
mühüm yer tutur.
Xoşbəxtliyə
can atmaq təşəbbüsü Mirzə Şəfi seirlərində
irəli sürülən etik fikirlərin əsas amilidir. Şairin diqqət mərkəzində duran yalnız
insandır – bütün iztirab və sevinci, xoşbəxtlik və
bədbəxtliyi, məhəbbət və nifrəti ilə
birlikdə götürülən insan. “Xoşbəxtlik
uzaqda deyil. Fəqət onu görmək, əldə etmək
lazımdır! Buna görə də,
insanların gözünü açmaq lazımdır. Xalq ancaq öz bədbəxtliyini dərk etdikdən
sonra bədbəxtlikdən xilas olmaq uğrunda mübarizə
aparır,”– deyib Mirzə Şəfi. Mirzə
Şəfiyə görə, bu sahədə əsas vasitə
xalqı maarifləndirməkdir. Yəni
Mirzə Şəfi poeziyanın roluna böyük qiymət
verib.
Mirzə
Şəfi poeziyanın ictimai rolunu unudan, qulağı
oxşayan məzmunsuz qafiyəpərdazlıqla məşğul
olan, ömrü boyu güldən, bülbüldən, hicran və
vüsaldan, günəşdən və aydan, cənnət və
cəhənnəmdən “mızıldayan” şairləri
lağa qoyur: “Sizin tutduğunuz bu yol asandır, fəqət
axmaqlarçün “ürəkaçandır”.
Şeriniz
ürəyi gətirməz coşa,
Qanan kəslər
üçün bəladır başa!
Mirzə Şəfi öz şeirlərində həqiqət
və doğruluğun tərəfində durur. O deyir ki, həqiqəti müdafiə
etmək çətin olsa da, onu müdafiə etmək
lazımdır.
Qoy sən
həqiqəti söyləyən zaman,
Qopsun min təhlükə, qopsun min tufan.
Gəl
baxma bunlara ey Mirzə Şəfi,
Uca tut
daima arı, şərəfi!
Mirzə Şəfiyə görə, həqiqəti ifadə
etməyin ən yaxşı yolu şeirdir. Şeirlə
həqiqət, həqiqətlə şeir qardaşdır.
Qadın azadlığı məsələsi də Mirzə
Şəfi poeziyasında xüsusi yer tutur. Şair deyir
ki, Şərq gözəlinin qara çadra altında gizlənən
üzündən çadranı atması lazımdır ki, bəşəriyyət
həyatın ən gözəl nemətlərinin birindən
məhrum olmasın. Bu cəhətdən
onun “Tulla çadranı” şeiri xarakterdir.
Tulla gəl
çadranı... görünsün üzün,
Gül də gizlədərmi, de, bağda özün?
Səni
qadir Allah, ey incə çiçək,
Yaratmış dünyaya verməkçin bəzək.
De, bunca lətafət,
bunca məlahət,
Solsun dar qəfəsdə neyçin, nəhayət?!
Şair yoxsulluğa dünyada ən böyük, hətta
ölümdən də dəhşətli bir hadisə kimi
baxıb. Yoxsulluq, ehtiyac Mirzə Şəfiyə görə ən
ağıllı adamın belə qürurunu
sındırır; onu elə adamlara möhtac edir ki,
onların qarşısında boyun əyməkdənsə,
ölüm yaxşıdır. “Eytiyac
şeriyyətin düşmənidir!”– deyib
bu tarixi şəxsiyyət.
Şair “yoxsulluq” və “bədbəxtlik” haqqında
danışsa da, onlardan qurtarmağın yolunu müdriklikdə,
ağılda, insanın möhkəm iradə və mənəvi
yüksəkliyində görür. O, bəzən öz oxucusuna təsəlli
verir, ruhdan düşməməyə, gözəl gələcəyə
ümid bəsləməyə çağırır. O deyir
ki, “Elə bir varlıq yoxdur ki, əzabdan azad olsun. Fəqət
hər gecənin bir gündüzü var! Hər
şeyi ürəyinə salma, çünki hər şey dəyişir.”
Mirzə Şəfinin bədii yaradıcılığı,
onun əsərlərində irəli sürdüyü
ictimai-fəlsəfi ideyalar xalqımızın mədəniyyət
tarixində xüsusi yer tutur. Fəqət o, öz ədəbi
fəaliyyəti ilə Azərbaycanda ictimai fikrin
inkişafına verdiyi güclü təkanın nəticələrini
görə bilmədi. Bu da bir həqiqətdir
ki, onun ideyaları getdikcə yayıldı və M.F.Axundov,
H.B.Zərdabi, S.Ə.Şirvani və başqa ədib və
mütəfəkkirlərimiz tərəfindən davam və
inkişaf etdirildi.
Mirzə Şəfi 16 noyabr 1852-ci ildə vəfat edib. O, professor M.Rəfilinin
yazdığı kimi, “...tənha, unudulmuş, soyulub talan
edilmiş bir halda vəfat etdi. Fəqət onun
bəzi şeirləri xalqın hafizəsində, həmçinin
əlyazmaları şəklində qalaraq, Avropa dillərinə
tərcümə edilərək şairə dünya
şöhrəti qazandırdı.”
Allah rəhmət eləsin.
Fazil
QARAOĞLU
professor
Bakı xəbər.- 2018.- 22 may.- S.15.