Tarixdə iz buraxanlar: Fyodor
Dostoyevski
Fyodor Mixayloviç Dostoyevski 11 noyabr 1821-ci ildə
Moskvada anadan olub. Atası Mixail hərbi cərrahlıqdan təqaüdə
çıxdıqdan sonra Marinski xəstəxanasında
yoxsullara xidmət etməyə başlayıb. Xəstəxana
Moskvanın ən pis yerlərindən birində yerləşirdi.
Dostoyevski də bu xəstəxanada dünyaya gəlib.Fyodorun
atası olduqca sərt bir adam idi və ailəsini sərt bir
intizam altında idarə edirdi. Çox tez əsəbiləşər,
uşaqları isə qaçacaq yer axtarardılar. Mixailin
başqa bir xüsusiyyəti də xəsisliyi idi. Vəziyyətinin
yaxşı olmasına baxmayaraq, uşaqları 16-17
yaşına gələnə qədər onlara cibxərcliyi
belə verməyib. Anası Mariya uşaqları ilə yaz
aylarını Tulada keçirərdi. Burada Fyodor atasına
xidmət edən kəndlilərlə tanış olur və
onlara bağlanır. Bu tanışlıq uşağın gələcəkdəki
həyatına çox dərin təsir edəcəkdi.
Dostoyevski uşaqlığını çox
vaxt sərxoş ata və xəstə ana yanında
keçirib. Atasının işlədiyi xəstəxanadan
olan xəstələrlə vaxt keçirməyi və
onların hekayələrini dinləməyi çox sevən
Fyodor ilk təhsilini Moskvada alıb. Anası vərəm
xəstəliyindən öldüyü zaman o, sərt
intizamı ilə məşhur olan Peterburq Mühəndis məktəbinə
gedir. Əsəbi və həddindən artıq həssas bir
xasiyyətə malik olduğu üçün
dostlarının “Alovlu Fedya” ləqəbini verdiyi Dostoyevski
Peterburqda zamanını kitab oxuyaraq, qeyri-adi
düşüncələrə dalaraq, ya da qardaşı
Mixaillə söhbətləşərək keçirib. Peterburq Mühəndis məktəbindəki təhsilini
müvəffəqiyyətlə bitirən Fyodor kiçik
leytenant rütbəsilə Peterburqda İstehkam müdirliyində
çalışmağa başlayır.Dostoyevski özü
üçün heç bir mənası olmayan bir həyata
başlamışdı, maaşına və torpaq payından
götürdüyü illik 5.000 rublluq gəlirə
qarşılıq davamlı çətinlik içində
idi. Çünki bilyard oynamağa maraq salmışdı və
həmişə uduzurdu. Həyatı boyunca
avara həyatı keçirməsi səbəbilə son illərdə
kitablarından təmin etdiyi gəlirin xaricində həmişə
yoxsulluq içində yaşadı.Bu qəribə həyat tərzinə
və davranışlarına qarşılıq onun həyatını
başdan-başa dəyişəcək bir hadisə isə
yetişməkdə idi. Ədəbiyyatla maraqlanmağa
başlamışdı və işə Balzakın Euqenle
Grandetsini rusçaya çevirməklə başlayır. Ordudakı həyatdan da artıq
sıxılmışdı. Böyük qardaşına
yazdığı məktubda “Əsgərliyə kartofa nifrət
etdiyim qədər nifrət edirəm” deyə
yazmışdı. Sonrakı ildə daha çox dözə
bilməyərək tutduğu vəzifədən istefa edir.
Qərarını qardaşına məktubla xəbər verərkən
belə yazırdı: “Heç peşman deyiləm. Bir
ümidim var. Romanımı bitirmək üzrəyəm.
Orijinal bir əsər olacaq...”Roman yazmağa başlayan
Dostoyevskinin ilk kitabı olan “Bədbəxt insanlar” ilk olaraq
1846-cı ildə nümayiş olundu. O, romanını məşhur
bir ədəbiyyat jurnalında yayınlatmağı ümid
edirdi, fəqət aradan bir il keçdiyi halda jurnalın rəhbərliyi
ona, əhəmiyyətli dəyişikliklər etmədikcə,
onun əsərini nəşr etməyəcəyini bildirirdi. O
da istənən dəyişiklikləri etmək yerinə, əsəri
özü nəşr etdirməyi qərarlaşdırdı və
qazanacağı pulla borclarını bağlaya biləcəyi
ümidilə 1846-cı ildə “Bədbəxt insanlar” adlı
kitabını nəşr etdirdi. Kitabı oxuduqdan sonra
zamanın usta tənqidçilərindən biri ona bir məktub
yazaraq: “Siz problemin ruhunun ən dərinliklərinə
girmiş və bir neçə xətdə böyük bir
gerçəyi ortaya qoymuşsunuz. Sizdən xahiş edirəm,
qabiliyyətinizi qiymətləndirin və ona qarşı həmişə
dürüst olun. Beləcə böyük bir yazar ola bilərsiniz”–
deyirdi.
Dostoyevski bu kitabı, cəmiyyətinin
mərhəmətsiz qaydalarında yaşlı bir adamın
yetim bir qıza bəslədiyi sevgini iç
dünyasındakı dərin qarşıdurmalarla yazdı.
Xalqın rəğbətilə qarşılanan bu kitab təngidçilərdən
də təriflər gördü. Belə ki, məşhur tənqidçi
Belinski bu romanı oxuduqdan sonra Dostoyevskiyə gələcəkdə
böyük bir yazar olacağına dair tərif dolu sözlər
söylədi. Tanınmış şair Nikolay Nekrasov
Dostoyevski haqqında “Yeni bir Qoqol doğuldu”– deyərək səsini
ucaltdı.Dostoyevski qısa bir zamanda şöhrətinin zirvəyə
çatdığını gördü. Böyük
qardaşına, “Hər şey sanki bir möcüzə kimi
oldu,”– deyirdi. Fəqət şöhrətə
qovuşduqdan sonra yaxşıca həyasızlaşaraq
özünə heyran olan insanlara sərt şəkildə
davranan Dostoyevskinin bu hərəkəti, kasıb təbəqədən
gəldiyi üçün lağ edilməsinə və
gözdən düşməsinə səbəb oldu. Təcavüzkar
hərəkətləri nəticəsində tənha qalan
yazarın borcları başına dərd oldu. Bu
səbəbdən də yazmağa kafi zamanı ayıra bilməz
olmuşdu. İlk müvəffəqiyyətini təkrar tuta
bilməyəcəkmiş kimi görünürdü. Ədəbiyyat
dünyasının özünə qarşı yuxarıdan
aşağı baxan tutumu isə artaraq davam etməkdə idi.1846-cı
ildə “Oxşar” adlı romanı nümayiş olundu. Yazıçı bu romanda özünü ortadan
qaldırmağa çalışan bənzərilə
davamlı qarşıdurma halında olan bir məmurun hekayəsini
yazırdı. Bu romanda qələmə aldığı cüt
şəxsiyyət mövzusunu daha sonra bəzi romanlarında
istifadə etsə də roman, Belinski daxil olmaqla, heç bir tənqidçi
tərəfindən bəyənilmir. Tənqidçilər
romanı sıxıcı adlandırdılar. 1847-ci ildə isə
“Ev sahibəsi” adlı əsəri nümayiş olunur.
Dostoyevski bu əsəri ilə də gözlədiyi təriflərin
əksinə tənqidlərlə qarşılaşır. O,
keçirdiyi kədərdən xəstələnir. Ancaq
yazıçılığı buraxmayan Dostoyevskinin 1848-ci
ildə “Bəyaz gecələr” və “Bir kövrək ürəkli”
adlı kitabları işıq üzü görür. “Bir
kövrək ürəkli” kitabı yazıçıya
etibarını yenidən qazandırsa da, gözlədiyi
müvəffəqiyyəti əldə edə bilməyən
Dostoyevski ümidini itirir. Yazıçılıqdan
ümidini üzən Dostoyevski siyasətlə maraqlanmağa
başladı və liberalların qrupuna daxil olur.
23 aprel 1849-cu ildə Çarlıq polisi tərəfindən
həbs olunan Dostoyevski qrupun digər iyirmi üzvü ilə
birlikdə dekabr ayının 22-də Semyonevskə
aparılır. Güllələnəcəyi zaman ölüm
cəzasının həbs cəzasına çevrilməsilə
Omska qöndərilir. O burada dörd il
böyunca çəkdiyi ağrıları 1861-ci ildə nəşr
olunan “Ölü evdən qeydlər” adlı kitabında izah
edir. 1854-cü ildə həbs cəzasından azad olduqdan sonra
ər rütbəsi ilə hərbi xidmətə təyin
olunan Dostoyevski burada olan Alayın Yeddinci Xətt Batalyonunda
beş il xidmət edərək zabitliyə qədər
yüksəlib. Azadlığa qovuşduqdan sonra o, Peterburqa
dönür, qardaşı Mixail və dostu N.N.Strabov ilə
birlikdə “Vremya” adlı jurnalı hazırlayır və
yazdığl yazılarla yenidən tanınır. Bu zaman onun
“Gizlindən Qeydlər” kitabı nəşr olunur, yeni bir
dahilik ortaya çıxır.Bu sırada Dostoyevski “Cinayət
və cəza” adlı kitabı üzərində işləyirdi
və fikrini dağıtmamaq üçün Viesbadenə
getmişdi. “Cinayət və cəza” kitabı 1866-cı ildə
hissələr halında nəşr olunur. Bu səbəblə
maddi sıxıntıdan xilas ola bilər, bolluğa qovuşa
bilərdi, fəqət bunun yerinə daha da pis vəziyyətə
düşür. Çünki kitabı müxtəlif
reaksiyalarla qarşılaşır. Dövrünün
çox irəlisində yazan yazıçı heç
cür tam olaraq başa düşülmür. Dostoyevski
qardaşı Mixailə göndərdiyi bir kitabda kitab
haqqında belə yazırdı: “Mövzu həqiqətən
çox gözəldir. Qəhrəmana gəlincə, bu
günə qədər heç sınanmamış bir
adamdır. Amma bu günün Rusiyasına baxacaq olsaq, belə
bir adam qarşımıza tez-tez çıxmaqdadır.
Xalqın başındakı yeni fikirləri anlayaraq bu nəticəyə
gəldim. Elə hiss edirəm ki, yeni fikirlər və
mövzularla döndüyüm zaman romanımı genişlətməkdə
müvəffəqiyyətli olacağam. İnsan yaxşı
olanın xaricində heç bir şey etməməlidir”.“Cinayət
və cəza” romanının qəhrəmanı Raskolnikov belə
bir sınağa çəkilir: O, cinayət törədir,
qoca sələmçi qarını öldürüb, qarət
edir. Bu hadisədən sonra Raskolnikovun ruhi aləmində kəskin
dəyişikliklər baş verir və o, öz ideyasına
da, hərəkətlərinə də, insanlara da sanki
başqa nöqteyi-nəzərdən baxmalı olur.
Raskolnikovun cinayəti ehtiyac ucundan və adi qarət məqsədi
ilə törədilən cinayət deyildir. Onun əsasında
ideya və bu ideyanın həlli cəhdi dayanır. Raskolnikovu
narahat edən, onu özünə tabe edən ideyanın mahiyyəti
belədir: İnsan müəyyən müsbət, xeyirxah, ədalətli
bir məqsədin həyata keçirilməsi naminə
özünə kiçik bir cinayət rəva görə bilərmi?
Qarını – bu gün-sabah onsuz da
dünyasını dəyişəcək bu gərəksiz
insanı, – ödürüb onun var-dövlətinə sahib
olmaq, özünü həyatda təsdiq etmək və bu
kiçik cinayətin müqabilində çoxlu xeyirxah iş
görməklə, ismətini satan cavan qızları xilas etməklə
öz günahını yumaq olarmı? Yəni bir cinayətin
əvəzinə min xeyirxah iş görməklə mənəvi
məsuliyyətdən azad olmaq olarmı? Raskolnikov məntiqi
şəkildə belə nəticəyə gəlir ki, olar. Fəqət
duyğular səviyyəsində öz qəlbinin səsinə
qulaq asaraq hiss edir ki, olmaz. Ağlın və məntiqin qəbul
etdiyi həqiqəti insan qəlbi və insan mənəviyyatı
qəbul etmir. Raskolnikov, bir növ, odla su arasında qalır.
Bu ziddiyyəti həll etmədən, bu ideyanı sona
çatdırmadan o, rahatlıq tapa bilmir. İdeya onu bu hərəkətə
vadar edir, qəlb isə ona bu yoldan imtina etməyi rəva
bilir. Qəhrəman ideyası ilə mənəviyyatı,
ağlı ilə öz ruhu arasında
çaşqınlıq içində iztirab çəkir.
Bu, uzun və əzablı yoldur. Bu yolla Raskolnikov necə irəliləyəcək,
hansı nəticəyə gəlib çıxacaq –
bütün bu suallar cavabsız qalır, çünki
Dostoyevskinin romanı burada tamamlanır. Raskolnikovun cinayəti
nədədir, onun cəzası nədən ibarət oldu?
Qarının öldürülməsi və Raskolnikovun Sibirə
sürgün edilməsi – bunlar cinayətin və cəzanın
hüquqi ifadələridir. Dostoyevski isə belə hesab edir
ki, hüquqi cəzadan da ağır bir cəza vardır ki, o
da mənəvi işgəncələrdir, yəni insanın
öz-özünü ittiham etməsi və cəzalandırmasıdır.
Bu ruhi cəza heç nəylə müqayisə olunmayacaq dərəcədə
ağır cəzadır. Fəqət ədalətli
cəzadır, çünki insanı saflığa, haqqa, məhəbbətə
doğru aparır.Ümumiyyətlə, Dostoyevski belə hesab
edir ki, bütün ziddiyyətlərin və bütün
problemlərin həlli insandan, insanın mənəvi kamilləşməsindən
keçir. İnsanın da həyatdakı ən böyük qələbəsi onun özü üzərindəki
qələbəsidir. Özünə qalib gələn
insan kamil insandır. Özünün, öz
ehtiraslarının, təmənnalarının qulu olan insan
azad sayıla bilməz. Azadlığın yolu
insanın özü üzərindəki qələbəsindən
keçir.Dostoyevskinin qəhrəmanı bu yolun haqq yolu
olduğunu duyur və həmin yola qədəm qoyur.Fyodor
Dostoyevskinin həyatının zirvə romanı olaraq
“Karamazov qardaşları” adlı romanıdır.
Dünya ədəbiyyatında xristian təfəkkürü
təsvirinin ən dərin nümunələrindən olan
“Karamazov qardaşları” XX əsrin ən paradoksal, fəlsəfi
və psixoanalitik interpretasiyalarının obyekti olub. Bu roman
Dostoyevskinin digər romanlarında inadla işlətdiyi detektiv
texnikasının ən gözəl nümunəsidir. Bu
romanda diqqətə layiq çox şey var.
Dostoyevski realizminin əsasında insan
iztirabları, tapdalanmış və təhqir edilmiş şəxsiyyətin
faciəsi dayanır. Belə şəxsiyyətlərdən
biri oxuculara təqdim olunan “Cinayət və cəza”
romanının qəhrəmanı Raskolnikovdur.
Yazıçı humanist niyyətlərini şər yolla həyata
keçirməyə cəhd edən qəhrəmanının
tutduğu yolu inkar edir və çıxış yolunu
insanın həqiqətlə barışmasında
görürdü.
Dostoyevskiyə görə, hüquqi cəzadan
daha ağır olan bir cəza var ki, o da insanın mənəvi
işgəncələrlə öz-özünü ittiham etməsi
və cəzalandırmasıdır. Bu mənada bütün
ictimai, mənəvi problemlərin həlli insanın mənən
kamilləşməsindən, öz ehtirasları üzərində
qələbəsindən keçir.
XX əsrin böyük rus
yazıçısı, rus milli ruhunun dərin ifadəçisi
Fyodor Dostoyevski 1881-ci il fevral ayının 9-da vəfat edib.
Fazil QARAOĞLU
Bakı
xəbər.- 2018.- 26-29 may.- S.15.