Əsir, itkin və girovlarımız barədə
xüsusi “Xatirə Kitabı”…
“Xatirə Kitabı”nın xüsusi buraxılışının fərqi
ondadır ki, bu nəşr şəhidlərə həsr
edilməyib, burada əsir və itkin düşmüş,
girov götürülmüş
vətəndaşlarımız haqqında Azərbaycan və ingilis dillərində ensiklopedik
məlumatlar çap olunub”
Nəzakət Məmmədova: “Biz bu kitabı Əsir və itkin düşmüş,
girov götürülmüş
vətəndaşlarla əlaqədar
Dövlət Komissiyasının
işçi qrupu ilə birgə hazırlamışıq”
Bu günlərdə
“Respublika Xatirə Kitabı” redaksiyası tərəfindən əsir
və itkin düşmüş vətəndaşlarımızla
bağlı “Xatirə
Kitabı”nın xüsusi
cildi çap edilib. Artıq nəşrin Əsir və itkin düşmüş,
girov götürülmüş
vətəndaşlarla əlaqədar
Dövlət Komissiyasının
fəaliyyətinin 25 illiyinə
həsr olunmuş iclasında geniş təqdimatı da keçirilib.
“Respublika Xatirə
Kitabı” redaksiyasının
baş redaktoru Nəzakət Məmmədova
“Bakı-Xəbər”ə bildirdi
ki, sonuncu nəşr indiyə qədər “Xatirə Kitabı” seriyasından çap edilən nəşrlərdən xeyli
fərqlənir.
“Bildiyiniz kimi,
“Respublika Xatirə Kitabı” redaksiyası 20 ildir ki, fəaliyyət
göstərir. İndiyə
qədər “Xatirə
Kitabı”nın XVI cildi
işıq üzü
görüb və hər nəşrdə
16-18 min nəfər şəhidimizin xatirəsi
əbədiləşdirilib. Bu cildlərlə “Xatirə Kitabı”nın xüsusi buraxılışının fərqi
ondadır ki, bu nəşr şəhidlərə həsr
edilməyib, burada əsir və itkin düşmüş,
girov götürülmüş
vətəndaşlarımız haqqında Azərbaycan və ingilis dillərində ensiklopedik
məlumatlar çap olunub. Bu xüsusi buraxılış
yalnız “Xatirə Kitabı”ı kollektivinin səyi ilə meydana gəlməyib. Biz bu kitabı
Əsir və itkin düşmüş,
girov götürülmüş
vətəndaşlarla əlaqədar
Dövlət Komissiyasının
işçi qrupu ilə birgə hazırlamışıq, bu
nəşr bizim əməkdaşlığımız nəticəsində yaranıb.
Onlarla birlikdə belə bir layihə
ortaya qoyduq. Bu qurumun işçi qrupuna bütün güc strukturları daxildir. Əsir və itkin düşmüş,
girov götürülmüş
vətəndaşlarla əlaqədar
Dövlət Komissiyasının
işçi qrupu 25 ildir əsir və itkin düşmüş,
girov götürülmüş
vətəndaşlarla bağlı
işlə məşğuldurlar.
Bu qurumun 25 illik gərgin əməyinin nəticəsidir
ki, birgə əməkdaşlığımız sayəsində biz belə bir kitab
çap etdik. Burada hər bir itkin və
əsir düşmüş
soydaşımız haqqında
məlumat və şəkillər əks olunub. Elə şəxslər var ki, onların fotoları əldə olunmadığı üçün,
fotorobotları hazırlanaraq
kitabda verilib. Bu qurum öz
arxivlərini bizim üzümüzə açıb
və 1 il 6 aydır əməkdaşımız
Nahid Salayev onların arxivində işləyir. Bu nəşrin meydana çıxmasında Nahid
Salayevin çox böyük əməyi olub. O hər bir insan haqqında
məlumatları tam araşdırıb, hər
biri haqqında ayrıca məlumat hazırlayıb. Əslində,
bu bizim üçün də bir yenilik idi. Biz əvvəllər məlumatı
alıb çap edirdik. Yəni o adamlar haqqında məlumatlar alırdıq
ki, onların hansı hərbi komissarlıqdan əsgəri
xidmətə getməsi,
harada şəhid olması və hansı məkanda dəfn edildiyi məlum idi. Lakin bu nəşr
o adamlardan bəhs olunur ki, onların
taleyi haqqında heç bir məlumat yoxdur. Bu nəşrdə 25 il davam edən
araşdırmaların bir
hissəsi əks olunub. O adamlar haqqında məlumatlar şahidlərin ifadəsi
əsasındamövcuddur. Bu
kitab çox unikal bir kitabdır.
Bilirsiniz
ki, indiyə qədər mətbuatda əsir və itkin düşmüş,
girov götürülmüş
vətəndaşlarla bağlı
belə geniş məlumatlar getməmişdi,
bunlar ictimaiyyətə
məlum deyildi” - deyə bildirən N.Məmmədova qeyd etdi ki, əsir
və itkin düşmüş, girov
götürülmüş insanlar haqqında araşdırma aparmaq, onların qandonduran taleyi ilə tanış olmaq həqiqətən də çox dəhşətlidir.
“Xatirə Kitabı”nın xüsusi buraxılışının 4 kitabdan ibarət olacağını deyən
N.Məmmədovanın bildirdiyinə
görə, 1-ci kitabda
922 nəfər vətəndaşımız
haqqında məlumat yer alıb. 3875 nəfəri bu nəşrlər əhatə
edəcək. Yeni məlumata
görə, bu rəqəmə 13 nəfər
də əlavə edilib və hələ artmaq ehtimalı da var. “Əsir və itkin düşmüş,
girov götürülmüş
vətəndaşlarla əlaqədar
Dövlət Komissiyasının
fəaliyyətinin 25 illiyinə
həsr olunmuş iclasda çıxış
edərkən Dövlət Təhlükəsizliyi
Xidmətinin rəhbəri
Mədət Quliyev də bu kitabı
çox yüksək
qiymətləndirdi. Bildirdi
ki, bu kitab
mənim stolüstü
kitabımdır və
hər kəsə də tövsiyə etdi ki, bu
kitab hamının stolüstü kitabı olmalıdır. Bu insanlar talelərindən nigaran qaldığımız
insanlardır. Onlar düşmən əlindədirlər”
- deyə bildirən N.Məmmədovanın bildirdiyinə
görə, kitabın
həm də ingilis dilində olması onun beynəlxalq aləmdə yayılmasına və erməni vəhşiliyinin
dünyaya bəyan edilməsinə şərait
yaradacaq.
N.Məmmədova, həmçinin, onu da dedi
ki, Azərbaycanda əsir və itkin düşmüş,
girov götürülmüş
vətəndaşlarla, eləcə
də şəhidlərlə
bağlı ən aktiv sayt Mədəniyyət
Nazirliyi “Xatirə Kitabı” redaksiyasının
xatirekitabı.az saytıdır. “Bizim saytımız 5 ildir fəaliyyət göstərir və burada “Xatirə Kitabı”nın bütün
cildləri yerləşdirilib.
O cümlədən də
oxucular “Xatirə Kitabı”nın xüsusi buraxılışı ilə
də sayt vasitəsilə tanış
ola bilərlər. “Xatirə Kitabı”nın saytı yarandığı
gündən bu sahədə fəaliyyət
göstərir” - deyə
N.Məmmədova vurğuladı.
İradə SARIYEVA
Bakı
xəbər.- 2018.- 3-5 noyabr.- S.3.