Bakıda beynəlxalq teatr konfranslarının tarixi yüksəliş dinamikası...

 

Birdən beşədək...

 

Ölkəmiz uzun illərdir çeşidli mədəniyyət tədbirlərinə evsahibliyi edir. Maraqlı nüans odur ki, bu tədbirlərin əksəriyyətinin ideya müəllifi, təşəbbüskarı Azərbaycandır. Bu gün dünyanın müxtəlif ölkələrindən respublikamıza mədəniyyət xadimləri, elm adamları, mədəniyyət kollektivləri gəlir və ölkəmizin evsahibliyi etdiyi tədbirlərdə iştirak edirlər.

Özü də ölkəmizdə keçirilən bütün beynəlxalq tədbirlər ənənəvi xarakterlidir. Yəni tədbirlər davamlı olaraq keçirilir və ilbəil həmin tədbirlərə qatılan ölkələrin sayı artır. Azərbaycan dövlətinin yürütdüyü uğurlu mədəniyyət siyasəti nəticəsində beynəlxalq humanitar, mədəni tədbirlər müasir dünyada ölkəmizin imicinə müsbət dividendlər gətirir. Bu sırada Mədəniyyət Nazirliyi, Teatr Xadimləri İttifaqı və Azərbaycan Milli Elmlər Akademiyasının birgə təşkilatçılığı ilə reallaşan Beynəlxalq Teatr Konfransı xüsusilə seçilir.

 

Artıq ənənəvi olaraq keçirilən bu konfrans böyük nəticələr verməkdədir.

 

Şübhəsiz ki, teatr mədəniyyətlərarası əlaqələrin formalaşdırılmasında mühüm rol oynayan mədəniyyət sahələrindən biri kimi xarakterizə edilir. Azərbaycanda teatr sənətinin çağdaş durumu, bu sahənin inkişafı, başa ölkələrin teatrları ilə yaradıcılıq əlaqələri qurması və bu müstəvidə bir sıra layihələr həyata keçirməsi, tamaşalar səhnələşdirməsi məsələsi dövlət tərəfindən stimullaşdırılır. Bu əlbəttə ki, teatr sahəsinə göstərilən dəstəyin təzahürüdür.

5-6 noyabr tarixlərində Bakıda V Beynəlxalq Teatr Konfransı keçirilib. “XXI əsr teatr fəlsəfəsi: mövcudluq konsepsiyası” adı altında keçirilən konfransa Prezident İlham Əliyevin təbrik məktubu ünvanlaması və konfransın işinə uğurlar arzulaması teatr xadimləri və qonaqlar tərəfindən görülən işlərə dəstək, isti münasibət kimi dəyərləndirilir. V Beynəlxalq Teatr Konfransında 40-dan çox ölkədən 120 xarici qonağın iştirak etməsi bu tədbirə beynəlxalq aləmdə böyük maraq göstərilməsinin əsas göstəricilərindən biridir.

Sevindirici haldır ki, ölkəmizdə beynəlxalq əhəmiyyətli tədbir və festivalların keçirilməsinə xarici mütəxəssislər hər zaman müsbət yanaşırlar.

Ölkəmizin evsahibliyi ilə keçirilən Beynəlxalq Teatr Konfransının əsası 2010-cu ildə qoyulub. Həmin ilin 7-8 noyabr tarixlərində ilk dəfə olaraqDünya teatr prosesi XXI əsrdə: problemlər, perspektivlər və alternativlər” mövzusunda Bakıda Beynəlxalq Teatr Konfransı baş tutub.

Konfrans “Azərbaycan teatrı 2009-2019-cu illərdə" Dövlət Proqramının 2.15-ci bəndində uyğun olaraq müasir dövrün teatr problemləri ilə bağlı təşkil olunub. 2010-cu ildə bu konfransda Amerika Birləşmiş Ştatlarından, Kanadadan, Rusiyadan, Çexiyadan, Hon-Konqdan, Səudiyyə Ərəbistanından, Ukraynadan, İsveçrədən, İrandan, Türkiyədən, Polşadan, Avstriyadan, Belarusdan, Finlandiyadan, Estoniyadan, Litvadan, Çindən, Fransadan, Gürcüstandan, Qazaxıstandan, Qırğızıstandan, Tacikistandan, Moldovadan, Tunisdən, İngiltərədən, Sinqapurdan, Koreyadan, Yunanıstandan, Almaniyadan, ümumilikdə, 30-dan artıq dövlətdən 60-dan artıq mütəxəssis iştirak edib.

II Beynəlxalq Teatr Konfransı isə 2012-ci il 5-6 noyabr tarixlərində keçirilib. Bu dəfə konfrans təmsilçilərinin sayında və miqyasında böyük irəliləyişlər baş verib. Belə ki, II Beynəlxalq Teatr Konfransında MDB, Avropa, AmerikaAsiya ölkələrindən 80-dən artıq nümayəndə iştirak edib və onların arasında müxtəlif ölkələrin mədəniyyət nazirləri və yüksək vəzifəli şəxsləri də olub.

2014-cü ildə Bakıda keçirilən  III Beynəlxalq Teatr Konfransı da bir sıra əlamətdar hadisələrlə yaddaşlarda qalıb. Artıq ənənə halını alan sözügedən beynəlxalq konfransda 50-yə yaxın ölkədən 110-a yaxın məşhur teatr, incəsənət xadimi iştirak edib. Beynəlxalq konfransın mövzusu isə “Teatr sənətinin multikulturalizm-universal dəyərlər sistemində yeri” adlandırılıb.

Heç şübhəsiz ki, beynəlxalq teatr konfransları teatr sahəsində daha böyük inkişafın baş verməsinə təkan verir, teatrları dünya teatr aləmində yaşanan yeniliklərlə tanış edir.

2016-cı ildə keçirilən IV Beynəlxalq Teatr Konfransında 40-dan çox ölkədən 120 xarici qonaq iştirak edib.

Bütün bu tədbirlər Prezident İlham Əliyevin 2009-cu il 18 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan teatrı 2009-2019-cu illərdə Dövlət Proqramı”na əsasən keçirilir.

Mütəxəssislər bildirirlər ki, ümumiyyətlə, Beynəlxalq Teatr Konfransının məqsədi dünyanın müxtəlif ölkələrindən gəlmiş teatr peşəkarları tərəfindən müasir teatrların imkanlarının və qarşılıqlı əlaqələrinin müzakirə edilməsi, yeniləşən dünyada teatr üçün platforma yaratmaqdır. Sözsüz ki, müxtəlif ölkələrdən teatr xadimlərinin yenidən bir araya gəlməsi və belə bir tədbirin Bakıda keçirilməsi müsbət bir hadisədir və Azərbaycanın dünyada mədəniyyətlərarası dialoqun mövcud olduğu bir ölkə kimi tanınmasında mühüm rol oynayır. Hər iki ildən bir keçirilən konfransda dünyanın məşhur teatr, incəsənət xadimlərinin, rejissorların, aktyorların, dramaturqların, ssenaristlərin, bəzi ölkələrin teatr xadimləri ittifaqlarının, teatrla bağlı tanınmış qurumların, eləcə də müxtəlif ölkələrin teatr rəhbərlərinin iştirakı ilə məruzələr dinlənir, teatr bilicilərinin ünsiyyəti yaradılır.

XXI əsrin Azərbaycan teatrı tamamilə başqa bir istiqamətdə inkişaf etməli və dünya teatr karvanına qoşulub dünyanı dolaşmalıdır. Bu gün Azərbaycan teatrları dünyanın məşhur festivallarında uğurla çıxış edir və ödüllər qazanırlar. Sözsüz ki, ölkəmizdə mədəniyyət sahəsinə xüsusi qayğı var. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın təşəbbüsü ilə ölkəmizdə keçirilən beynəlxalq tədbirlər, forumlar, konfranslar, yarışlar, reallaşdırılan layihələr, ümumilikdə, dövlətimizin daha yaxından tanınmasına xidmət edir. Dövlətimizin teatr sahəsinə verdiyi böyük dəstəyin əks-sədası bu gün dünyanın bir çox ölkəsində duyulur.

 

İradə SARIYEVA

 

Bakı xəbər.- 2018.- 8 noyabr. - S. 15.