Azərbaycan Ermənistanın Qarabağ üzrə danışıqlar formatını dəyişdirmək cəhdlərinə qəti qalib gəldi...

 

Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində indiyə qədər formalaşan danışıqlar formatının pozulması məqsədilə İrəvanın atdığı addımlar, gözlənildiyi kimi, fiaskoya uğradı. Hesab edilir ki, Ermənistanı əvvəlki danışıqlar formatına qaytımağa vadar etməklə Bakı İrəvan üzərində növbəti diplomatik qələbəyə imza atıb.

Xatırladaq ki, son günlərə qədər Ermənistanın baş naziri  Nikol Paşinyan işğal edilmiş ərazilərdə yaradılan separatçı rejimin danışıqlar prosesində tərəf olmasını gündəmə gətirirdi. Bu da, öz növbəsində, sülh prosesinin üzərindən birdəfəlik xətt çəkirdi. Bütün bunlar həm də Ermənistanın beynəlxalq hüququn norma və prinsiplərinə, o cümlədən BMT Təhlüəsizlik Şurasının qətnamə və qərarlarına qarşı çıxması demək idi. Belə vəziyyət ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə aparılan sülh prosesini də təhlükə altına alırdı. Məsələnin narahatlıq yaradan digər tərəfi ondan ibarət idi ki, yaranmış durum Qarabağ münaqişəsinin hərbi müstəvidə həllini qaçılmaz edirdi. Azərbaycan açıq bəyan edirdi ki, Ermənistan rəhbərliyi qəbuledilməz şərtlərindən əl çəkməsə, konflikt alternativ yollarla həllini tapmalı olacaq. Bakının bu qətiyyətli mövqeyi, eyni zamanda İrəvanın sülh prosesinə zərbə vuran yanaşmasını dünya ictimaiyyətinin qarşısında faş etməsi sonda öz nəticəsini verdi. İrəvan bu fonda yanlış yolda olduğunu anlayaraq mövqe dəyişikliyinə getdi. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Düşənbədə baş tutan söhbətdən sonra bəlli oldu ki,  rəsmi İrəvanın irəli sürdüyü bütün iddiaların üzərindən xətt çəkilir.

Xatırladaq ki, tərəflər arasında təmas Ermənistan baş nazirinin təşəbbüsü ilə baş tutub. Paşinyan bildirib ki, Azərbaycan Prezidenti ilə  bir sıra məsələlər üzrə razılıq əldə edib. Bunlar sərhəddə sülh şəraitinin qorunması, dialoq və danışıqlar prosesinə sadiqlikoperativ rabitənin yaradılmasıdır: Bu razılaşmaların əldə olunmasını çox vacib hesab edirəm. Əhəmiyyətlidir ki, İlham Əliyevlə əlaqə yaratmaq barədə razılaşdıq, ATƏT-in Minsk Qrupunun üzvlərinə rəsmi məlumat verilib ki, Ermənistan və Azərbaycan rəhbərliyi arasında daimi rabitənin yaradılması haqqında razılaşmışıq”.  Onun sözlərinə görə, bunun texniki cəhətdən necə icra ediləcəyi hələlik aydın deyil. Lakin bu, vəziyyətə daha operativ nəzarət etməyə imkan yaradacaq. Bütün bunlar isə göstərir ki, Paşinyan əvvəlki Qarabağ mövqeyindən geri çəkilir. Həmçinin verilən açıqlamalardan o da aydın olur ki, Qarabağ məsələsində bütün təmaslar əvvəlki kimi Bakı və İrəvan arasında olacaq,  danışıqlar prosesinin formatı dəyişilməz qalacaq. Bununla işğal altındakı Azərbaycan ərazilərində formalaşdırılmış qondarma rejimin danışıqlar prosesinə qatılmasının mümkünsüzlüyü bir daha təsdiqini tapır. Erməni ictimaiyyətinə də çox açıq bəlli oldu ki, danışıqlar Azərbaycanla Ermənistan aradında aparılır və hətta tərəflər danışıqlar prosesinin davam etdirilməsinə sadiqlik nümayiş etdirib. Digər tərəfdən, Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyanın Nyu-Yorkda Minsk Qrupunun həmsədrlərinin iştirakı ilə Azərbaycanın xarici işlər nazirliyi ilə keçirilmiş görüşü də göstərir ki, separatçı rejimin danışıqlarda mümkün iştirakına dair indiyə kimi səsləndirilmiş bəyanatların hamısı blef xarakteri daşıyıb. İrəvandan səsləndirilən bəyanatlar reallıqdan tamamilə uzaq olub. Başqa sözlə, Ermənistanda öz istəklərinin həyata keçirilməsinin mümkünsüzlüyünü başa düşüblər və indiyə kimi formalaşmış danışıqlar formatını məqbul hesab ediblər. Ekspertlər hesab edir ki, bu, əslində Azərbaycanın həyata keçirdiyi güc tətbiq etmədən sülhə məcburetmə diplomatiyasının nəticəsidir. O baxımdan ki,  Paşinyan tərəfindən danışıqların qondarma qurumla aparılması, danışıqların formatının dəyişdirilməsinin zəruriliyi, Ermənistanın danışıqlarda tərəf olmaması kimi iddialara son qoyuldu. Başqa sözlə, Ermənistanın işğalçılıq siyasəti və onun nəticələri ilə bağlı məsuliyyətdən yayınması mümkün olmadı.

Məsələyə münasibət bildirən politoloq Aydın Quliyev MDB-nin Düşənbə sammitində Prezident İlham Əliyevlə Nikol Paşinyanın əldə etdiyi razılaşmanı aprel ayından indiyə qədər Dağlıq Qarabağ münaqişəsi ilə bağlı proseslərdə böyük yenilik adlandırıb. “Trend”-ə açıqlamasında A.Quliyev deyib ki, Azərbaycan və Ermənistan rəhbərləri danışıqların davam etdirilməsi, iki ölkənin sərhədlərində və təmas xəttində atəşkəsin qorunması, habelə insidentlərin qarşısının alınması üçün operativ əlaqə mexanizmlərinin yaradılması barədə əldə edilmiş razılaşma mahiyyətinə və doğura biləcəyi nəticələrə görə böyük hadisədir:"Bu razılaşma Ermənistanın sülh danışıqlarına daha konstruktiv yanaşmağa başladığını çox aydın ifadə edir. Razılaşaq ki, son 5 ayda bu, Ermənistan rəhbərliyinin Dağlıq Qarabağ siyasətində tam yeni təzahürdür. Düşənbə razılaşması göstərir ki, Ermənistan rəhbəri ənənəvi danışıqlar formatını dəyişmək və qondarma rejimi müstəqil tərəf kimi danışıqlar prosesinə qatmaq iddiasından geri çəkilib, sülh danışıqlarının Azərbaycanla Ermənistan arasında aparılmasının yeganə səmərəli variant olması ilə barışıb".

Ekspert vurğulayıb ki, son Düşənbə razılaşmasının başqa bir maraqlı məqamı da var: "Bu da ondan ibarətdir ki, sərhədlərdə insidentlər baş verəcəyi hallarda onun qarşısının mümkün qədər tez alınması üçün beynəlxalq vasitəçilərin müdaxiləsindən əvvəl iki dövlətin müvafiq strukturlarının yaratdığı təmas mexanizmi işə düşəcək. Bu, çox maraqlı elementdiriki ölkənin ali rəhbərlərinin görüşünün çox yaxında baş tuta biləcəyi barədə ümidləri xeyli artırır".

A.Quliyev əlavə edib ki, Düşənbə razılaşması Dağlıq Qarabağ danışıqlarının beş ay əvvəl dayandırıldığı yerdən bərpa olunmasına şans açdı: "Əslində bu hadisə Ermənistanın yeni rəhbərinin qeyd-şərtsiz danışıqlar prosesinə qayıtması deməkdir. Bunu Azərbaycanın beş aylıq aralıq diplomatiya dövrünün uğuru saymaq olar. Yəqin unudulmayıb ki, Paşinyan ilk əvvəllər danışıqlar üçün hansı şərtlərdən çıxış edirdi: qondarma rejimin danışıqlarda iştirakı ilə yanaşı, Azərbaycanın öz üzərinə atəşkəsi pozmayacağı barədə öhdəlik götürməsi kimi absurd şərt qoyurdu. Ermənistanın yeni rəhbərinin danışıqlara nisbətən konstruktiv yanaşma tərzi əhəmiyyətli dönüş anıdır və ciddi siyasi-beynəlxalq səbəbləri var. Görünür ki, Paşinyan danışıqların bütün əvvəlki konsepsiyasını alt-üst edən dağıdıcı şərtlərin dünya tərəfindən heç bir halda qəbul olunmayacağını, əksinə, süngü ilə qarşılandığını zamanında görə bildi".

Onun sözlərinə görə, N.Paşinyanın danışıqlara münasibətinin dəyişməsində Azərbaycanın sərt, qəti və aydın müqaviməti böyük rol oynadı: "Paşinyanın mövqe dəyişməsinin Rusiya-Azərbaycan münasibətlərinin böyük sürətlə pozitiv cəhətdən dərinləşdiyi indiki günlərdə baş verməsi də təsadüf deyil. Görünür, erməni analitiklər proseslər davam edəcəyi halda Ermənistan rəhbərinin daha sıx təcrid vəziyyətinə düşə biləcəyinin fərqinə vardılar. Eyni zamanda, Paşinyanın BMT tribunasinda məlum aqressiv çıxışından sonra Prezident Əliyevlə hazırkı razılaşması da təsadüfi deyil. Paşinyan BMT-dəki görüşlərdə özünün əvvəlki Qarabağ davranışına dəstək tapa bilmədi. Ermənistanın danışıqlarda konstruktiv olmağa meyillənməsi, hansı səbəblərdən baş verməsindən asılı olmayaraq, proqressiv dəyişiklikdir. Paşinyan danışıqların Madrid prinsipləri əsasında davam etdirilməsinə razılaşsa, indiki Düşənbə razılaşmasının praktik əhəmiyyəti daha da artacaq. Paşinyan konstruktiv ruhda davam etsə, 2018-ci ilin Düşənbə razılaşması 1994-cü ildəki məşhur Bişkek protokolu kimi tarixə düşə bilər".

Hər halda, proseslərin sonrakı gedişi Ermənistanın münaqişənin sülh yolu ilə güzəştlərə nə dərəcədə hazır olacağını göstərməsindən asılı olacaq. İrəvan güzüştə getməməkdə israr edərsə, bu, bölgədə yeni savaşı tətikləyəcək. Bunu rusiyalı politoloq Qriqori Trofimçuk da istisna etmir: ”Hazırda silahlı münaqişədə atəşkəsin pozulması artıq mütəmadi hal alıb və müharibə istənilən an baş verə bilər. Buna görə də burada hansısa tarixə və ya müddətə əsaslanmaq lazım deyil. Müharibənin başlanması üçün zəmin hazırdır. Daha aydın danışacam: müharibə artıq gedir, sadəcə olaraq, hələ ki, qeyri-aktiv fazadadır. Müharibənin geniş miqyasda başlaması  Moskvanın Bakı və ya İrəvanla münasibətlərinin gərgin həddə çatması halında ola bilər. Hazırda Ermənistanda baş vermiş hadisələr və onların inkişaf tendensiyası göstərir ki, bu gözləntinin reallaşması mümkündür. Bakı - Moskva münasibətləri yüksək səviyyədə olsa da, İrəvanla bağlı bunu demək olmaz”.  Ekspert hesab edir ki, savaşın qarşısının alınması üçün İrəvan reallıqda Qarabağ konfliktinin həlli istiqamətində əməli addımlat atmalıdır. Əks təqdirdə savaş qaçılmazdır. Digər rusiyalı politoloq Stanislav Tarasov hesab edir ki, MDB dövlət başçılarının Düşənbədə keçirilən iclası çərçivəsində əldə olunan razılıqdan İrəvan istifadə etməli, hər vəchlə güclü Azərbaycanla savaşdan qaçmalıdır. Onun fikrincə, Rusiyanın dəstəyini itirdiyi vaxtda başlanan savaş Ermənistan üçün müsbət heç nə vəd etmir. Kofnliktin dinc müstəvidə həlli isə, ekspertə görə, İrəvanın Bakı, eyni zamanda Ankara ilə də münasibətlərinə müsbət təsir edəcək. O iddia edir ki, prosesə Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan da daxil olacaq: “Proqnozumuz belədir ki, Əliyevlə Paşinyanın razılaşması praktiki olaraq reallaşmağa başlayanda Ərdoğan prosesə daxil olacaq. Ankara Ermənistanla münasibətlərin normallaşmasını və Azərbaycanın ərazi bütövlüyünün bu formada həllini tapmasını istəyir. Görünür, Bakı və Ankara Qarabağla bağlı birgə strateji plan hazırlayıb və Düşənbədəki razılaşma bu planın ilk mərhələsinin başlanması idi”. Bundan başqa, münaqişənin həlli istiqamətində müəyyən irəliləyişlərin olması Azərbaycanla münasibətlərini daha da dərinləşdirmək istəyən Rusiya üçün də maraqlıdır. Faktdır ki, sanksiyalar altında yaşayan Rusiya yaxın qonşuları, o cümlədən də Azərbaycanla daha yaxşı və sərfəli münasibətlər qurmağa çalışır. Azərbaycan həm iqtisadi potensialı, həm də Rusiya ilə qurulmuş iqtisadi əlaqələr baxımından Moskva üçün indi əvəzedilməz tərəfdaşlardan biridir. Belə vəziyyətdə Dağlıq Qarabağ problemi üzrə Rusiya ilə anlaşma dərəcəsi yüksələn xətt üzrə gedir. Kreml ilk növbədə Dağlıq Qarabağın hüdudlarından kənardakı rayonların qaytarılmasında maraqlı olduğunu gizlətmir. İndi Moskva İrəvanın bu prosesi ləngitməsi, Qarabağ məsələsində oynaya biləcəyi strateji rolun əhəmiyyətini azaltması, Azərbaycanla bu fonda münasibətlərinə xələl gəlməsini istəmir. Bu isə o deməkdir ki, Qarabağ məsələsində geosiyasi şərtlər də tamamilə Azərbaycanın lehinədir və İrəvanın güzəştə getməkdən başqa çarəsi yoxdur.

İndilikdə isə əsas diqqət buna yönəlib ki, gələn ay Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə tərəflər arasında danışıqlar prosesi yenilənəcək. İrəvanın Dağlıq Qarabağdakı separatçı rejimin danışıqlar prosesində tərəf kimi çıxış etməsi ilə bağlı ritorikasından əl çəkməsi fonunda münaqişənin həllində müəyyən yeniliklər ola bilər.  Çünki artıq  Ermənistan Azərbaycana yönəlik şantaj, təzyiq metodlarının işləmədiyini bir daha gördü.  Belə şəraitdə  Ermənistanın qeyri-konstruktiv mövqeyindən geri çəkilməsinə inam artır. Əks təqdirdə, qeyd olunduğu kimi, Qarabağ savaşının yenidən başlanması qaçılmazdır.

 

 

Tahir TAĞIYEV

 

Bakı xəbər.- 2018.- 2 oktyabr.- S.9.