Əhalinin keyfiyyətli enerji təminatı:
görülmüş işlər, real vəziyyət və
perspektivlər...
Axşam düşəndə yanar
Şəhər
nura boyanar
Küçələrdən
boylanar –
Qırmızı,
yaşıl, sarı,
Bakının
işıqları...
Mərhum
müğənni Şövkət Ələkbərova
uşaqlığımın ən populyar mahnılarından
olan “Bakının işıqları”nı oxuyarkən əslində
Bakı bugünkü qədər işıqlı deyildi və
yəqin, bu mahnının sözlərini “sapa düzən”
Adil Babayev də Bakının bugününü görsəydi,
belə düşünərdi... Elə dahi Səməd
Vurğunun “Bakının sayrışan ulduzlarından,
çadrasız-boyasız türk qızlarından” söz
açan misraları da, Bakı gözəlləri ilə
yanaşı, paytaxta əsrarəngiz bəzək verən, Xəzərin
sularında əks olunaraq Bakı gecələrinə bir
ayrı yaraşıq qatan rəngarəng işıqların
vəsfi idi. Təsadüfi deyil ki, hazırkı orta və
yaşlı nəslin nümayəndələri nostalji xatirələrə
daldıqda Bakının məhz bu özəlliyini
xatırlayır...
Bu yaxınlarda sosial şəbəkədə bir xarici
turistin Bakı haqqında təəssüratı gözümə
dəydi. “Gecələri bir başqa, gündüzləri bir
ayrı gözəl Bakı” yazan əcnəbi qonaq rəngarəng
işıqlı Bakı gecələrini nağıla bənzədir,
burada olarkən özünü nağıl qəhrəmanı
kimi hiss etdiyini bildirirdi. Elə qürur duydum ki... Bu
gün Bakını əsrarəngiz nura qərq edən isə
yorulmaq bilmədən çalışan, evlərimizə,
küçələrimizə və nəhayət həyatımıza
işıq paylayan nurlu insanların bir araya gəldiyi bəlli
ünvan – “Azərişıq”dır...
Elə bu
yazıda da bu gün evlərimizə, küçələrimizə
nur paylayan həmin ünvan – “Azərişıq”
Açıq Səhmdar Cəmiyyəti və onun keçdiyi
yoldan, əldə etdiyi uğurlardan, gələcək
perspektivlərindən bəhs edəcəyik. Beləliklə...
Bakının
hüdudlarını aşaraq bütün Azərbaycanı
nura qərq edən “Azərişıq”necə yarandı...
Deyilənə
görə, "Bakının işıqları” keçmiş
SSRİ məkanında deyildiyi kimi "İliç
lampası" ilə yaranmayıb, onun tarixi daha qədim
zamanlara gedir. Mənbələrə görə,
Bakıda elektrik enerjisi Avropanın bu gün ən inkişaf
etmiş şəhərlərindən daha öncə istehsal
və istehlak olunub. Tarixi sənədlərdə
göstərilir ki, Bakıda ilk elektrik stansiyası 1895-ci ildə
Bayıl şossesi üzərindəki "Bakinski dok"da
quraşdırılıb. Azərbaycan Dövlət
Tarixi Arxivinin sənədlərinə görə, o zaman cərəyan
alman istehsalı olan "Algemayne" sisteminin
dinamo-maşınından alınırdı. Çox keçmədən,
1903-cü ildə artıq elektrik stansiyalarının sayı
70-ə çatdırılır. Lakin təbii
ki, bu stansiyalar öz gücünə görə indikilərlə
müqayisə oluna bilməzdi. O üzdən həmin
dövrdə hər obyektin nəzdində öz stansiyası fəaliyyət
göstərirdi.
Bakının və ümumiyyətlə Azərbaycanın
elektrik enerjisi ilə təchizatının əsaslı şəkildə
yenidənqurulması, təbii olaraq, müstəqilliyimizin ilk
illərinə təsadüf edir. O illərdə “Mən xoşbəxtəm
ki, Azərbaycanın müstəqil elektrik enerjisi
potensialının yaradılmasına nail olmuşam”- deyən
mərhum prezident
Heydər Əliyev SSRİ rəhbərliyində
çalışdığı dönəmdə Azərbaycanın
özünü təmin edəcək ayrıca stansiyanın
tikilməsilə bağlı sovet rəhbərliyi
qarşısında dəfələrlə məsələ
qaldırmasını belə xatırlayırdı:"Hər
dəfə elektrik stansiyası tikilməsi haqqında məsələ
qoyarkən mənə deyirdilər ki, bu nəyə
lazımdır? Bizdə - SSRİ-də vahid elektrik enerjisi
sistemi var... bütün SSRİ-ni əhatə
edən sistem var. Azərbaycana nə qədər elektrik
enerjisi istəyirsinizsə verək. Mən
deyirdim ki, yox, istəyirəm bizim özümüzünkü
olsun. Niyə özümüzünkü
olsun? Mən istəyirdim ki, müəyyən
sahələrdə biz asılı olmayaq. Bu
gün mən iftixar hissi ilə deyə bilərəm ki, Azərbaycan
elektrik enerjisi sahəsində asılı deyildir. Özü həmin elektrik stansiyalarında elektrik
enerjisi istehsal edir".
Təbii ki, müstəqilliyin əldə olunduğu o
ağır illərdə - hər sahənin sıfırdan
başlamalı olduğu dönəmdə gələcək
inkişaf üçün baza rolunu oynayacaq möhkəm
fundamentin qurulması asan məsələ deyildi və maliyyə-texniki
tərəfindən başqa, bu həm də böyük əzmkarlıq
tələb edirdi. Zaman göstərdi ki, Azərbaycanda digər sahələrdə
olduğu kimi, enerji sahəsində də sistem ta əvvlindən
düzgün qurulub və o üzdən də ölkəmizin
enerji təminatı sahəsində uğurlu nəticələrə
nail olunur...
Prezidentin
“İşıqlı Azərbaycan” layihəsinin ilk qaranquşu
– “Azərişıq”...
O zamandan
“çox sular axdı” və illər sonra – 2015-ci ilin
oktyabrında “Bakıelektrikşəbəkə”nin
bazasında “Azərişıq” ASC-nin yaradılması
Prezident İlham Əliyevin “İşıqlı Azərbaycan”
layihəsinin həyata keçirilməsinin ilk qaranquşu
oldu. Çünki bununla “Bakıelektrikşəbəkə”nin
təkcə Bakı və ətraf qəsəbələri
deyil, bütün Azərbaycan ərazisini əhatə edən
yeni bir quruma çevrilməsi baş tutdu ki, bu da ölkə
başçısının apardığı iqtisadi və
sosial siyasətin uğurlu nəticələrindən biri
idı.
Əslində
2006-cı ildən başlayaraq 9 il müddətində
Bakı və ətraf qəsəbələrin
dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təminatı
istiqamətində yaradılan yüksək səviyyəli
xidmət, elmi-texniki nailiyyətlər bu qurumun daha
genişmiqyaslı fəaliyyətin öhdəsindən gələcəyi
barədə təsəvvür yaradırdı. Yəqin elə
bu göstəriciləri nəzərə alan
dövlət rəhbərliyi “Bakıelektrikşəbəkə”
kollektivinə növbəti etimad göstərdi və beləliklə
də qurumun fəaliyyəti Bakı və ətraf qəsəbələrin
hüdudlarını aşaraq Azərbaycana yayıldı. Beləliklə, 2015-ci ilin 10 fevral
tarixində Prezidetin 1045 saylı sərəncamı ilə
“Bakıelektrikşəbəkə” Açıq Səhmdar Cəmiyyətinin
bazasında daha geniş arealı – bütün ölkəni
elektrik enerjisilə təmin edəcək “Azərişıq”
Açıq Səhmdar Cəmiyyəti yaradıldı.
Prezident
dedi ki...
“Azərişıq” yaradılarkən onun
qarşısına böyük vəzifələr qoyulub və
bu missiyanın yerinə yetirilməsinin çətin
olduğunu dövlət başçısı da
vurğulayıb. Prezident İlham Əliyev hələ o zaman bu mövzuda
danışarkən deyib: “Azərişıq” Açıq Səhmdar
Cəmiyyəti bu il yaranıb. Cəmiyyətin qarşısında vəzifə
qoyulubdur ki, bölgələrdə elektrik enerjisi ilə təchizat
Bakıdakı kimi olsun. Çox sadə
bir göstərişdir. Ancaq bunu icra etmək
o qədər də sadə məsələ deyil. Həm vəsait lazımdır, həm texniki məsələlər
həllini tapmalıdır. Bölgələrdə
köhnəlmiş infrastruktur, əfsuslar olsun ki, kifayət qədər
çoxdur. Yeni infrastruktur,
ötürücü xətlər, transformatorlar, yəni
bölgələrdə bütün elektrik təsərrüfatı
Bakının səviyyəsinə qalxmalıdır”.
Prezident onu da deyib ki, “Biz elektrik enerjisinin ixracı ilə
məşğuluq. Bunu gələcəkdə daha da
böyük həcmdə edə bilərik. Ancaq əlbəttə ki, ilk növbədə
ölkə daxilində, xüsusilə bölgələrdə,
uzaq kəndlərdə bütün enerji infrastrukturu ən
yüksək səviyyədə olmalıdır”.
Bu gün əminliklə demək olar ki, regionda və
dünyada geosiyasi mövqeyini möhkəmləndirən Azərbaycan
milli enerji sektorunu da hər cür asılılıqdan
çıxarmaqla özünün enerji təhlükəsizliyini
tam təmin edib. Respublikanın
şəhər və rayonlarında paylayıcı elektrik
şəbəkələrinin yenidənqurulması və
inkişaf etdirilməsi üzrə hazırlanan və
2016-cı ilin aprel ayında Nazirlər Kabineti tərəfindən
təsdiq edilən 2015-2025-ci illər üzrə Tədbirlər
Planı isə regional elektrik şəbəkələrinin
normal istismar vəziyyətinə çatdırılması
üçün irihəcmli investisiya qoyuluşları və
irihəcmli tikinti, yenidənqurma və bərpa işlərini
nəzərdə tutan çox önəmli sənəd oldu.
“Azərişıq”ASC-də
aparılan yenidənqurma və inkişaf...
"Azərişıq” ASC-nin yaradılmasından
keçən qısa zaman kəsiyində onun regionlarda
gördüyü işlər isə miqyasına görə
ölçüyəgəlməzdir. Belə ki, abonentlərin keyfiyyətli
və fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi
üçün bu az müddət ərzində regionlarda 19 ədəd
110 kV-luq, 91 ədəd 35 kV-luq yarımstansiya tikilərək
istifadəyə verilib. Yeni yarımstansiyaların
əksəriyyətində idarəetmənin təkmilləşdirilməsi
və çevikliyin artırılması məqsədilə
SCADA dispetçer idarəetmə mərkəzi
yaradılıb. 5000-ə qədər 10-6
kV-luq Trtansformator Məntəqəsi və Komplekt Trasformator Məntəqəsi
quraşdırılıb. 125 min km müxtəlif
gərginlikli elektrik veriliş xətləri çəkilib.
Eyni zamanda, quraşdırılan yeni tipli elektron
sayğacların sayı milyon yarımı keçib ki, nəticədə
ölkənin 1000-ə yaxın kənd və qəsəbəsinin
elektrik təchizatı tamamilə yenidən qurulub və bu
istiqamətdə fəaliyyət davam etməkdədir. Bu illər ərzində ölkəmizin turizm cəlbediciliyi
proqramı nəzərə alınaraq, Qəbələ,
Şəki, Zaqatala, Qax, Quba və turizm potensiallı digər
rayonlarda turizm obyektlərinin, eyni zamanda əhalinin fasiləsiz
elektrik təchizatının səmərəliliyinin
artırılması məqsədilə geniş yenidənqurma
işləri aparılıb. Eyni yenidənqurma işləri cəbhə
bölgəsində də həyata keçirilib. Belə ki,
qoşunların təmas xəttində "Tərtər”,
"Şıxarx”, "Daş Salahlı”, "Cocuqmərcanlı”
kimi yarımstansiyalar tikilib, Lələtəpə və
başqa qaynar nöqtələrə, o cümlədən
işğaldan azad olunandan 22 il sonra Tərtərin
Çaylı kəndinə elektrik enerjisi verilib. Bu ilin fevral
ayında ölkə başçısının Mingəçevirə
səfəri zamanı
isə Səhmdar Cəmiyyətin o zamankı rəhbəri
Baba Rzayev dövlət başçısına məlumat verib
ki, “Azərişıq” ASC-nin Mərkəzi Aran Regional Elektrik
Təchizatı və Satış İdarəsi ötən
müddətdə Mingəçevir, Bərdə, Tərtər,
Yevlax, Kürdəmir, Ağdaş, Naftalan, Goranboy, Ucar,
Ağsu, Göyçay şəhər və rayonları
üzrə 1 milyon 200 min nəfər əhalini əhatə edən
261 min abonentə xidmətin səviyyəsinin yüksəldilməsi
üçün kompleks tədbirlər reallaşdırıb.
Ağsu rayonunda 110 kilovoltluq 3, Ağdaş rayonunda 35 kilovoltluq
8 yarımstansiya tikilib, 490 yeni transformator məntəqəsi
quraşdırılıb, 5700 transformator məntəqəsi əsaslı
təmir olunub. Həmçinin 10,2 kilometr 110 kilovoltluq, 127
kilometr 35 kilovoltluq, 870 kilometr 6-10 kilovoltluq, 710 kilometr 0,4
kilovoltluq hava xətləri, 2300 kilometr
özünüdaşıyan izolyasiyalı naqillər çəkilib,
11 min yeni sayğac quraşdırılıb və 51 min
sayğac yenisi ilə əvəz edilib. Görülmüş
işlər nəticəsində texniki itkilər 13,5 faizdən 11,1 faizə enib, elektrik enerjisinin
satışında yığım 65,5 faizdən 94,1 faizə
yüksəlib.
Beləliklə, görünən
odur ki, ötən müddət ərzində “Azərişıq”
fəaliyyətini ən ucqar yaşayış məskənlərinə
qədər genişləndirərək genişmiqyaslı
işlər görüb və görməkdədir. Halbuki, çox da uzaq olmayan illərdə nəinki
ucqar kəndlər, hətta paytaxtın “bir
addımlığında” olan Bakı kəndləri enerji təchizatında
sayagəlməz problemlər yaşayırdı.
Heç kəsə sirr deyil ki, bu qəsəbə və kəndlərdə
qazsızlıq probleminin yaşanması qış
aylarında elektrik paylayıcılarının hədsiz
yüklənməsinə gətirirdi ki, nəticədə
onsuz da keyfiyyət sarıdan bugünkü vəziyyətdən
çox-çox uzaq olan sistem çökür, təmiri isə
günlərlə, hətta həftələrlə çəkirdi
ki, bu da əhalinin yaşamını dözülməz edirdi.
Bu gün Bakı kəndlərində enerji təchizatında
“sıfır problem” vəziyyətinə nail olunması məhz
“Azərişıq” ASC-nın ciddi uğurlarından
sayılmalıdır. Bu uğurlar isə, qeyd
etdiyimiz kimi, təkcə Bakı və onun qəsəbələrilə
məhdudlaşmır və regionlarımız paytaxt
Bakıdan geri qalmır. Artıq Azərbaycanın
ucqar dağ kəndləri belə elektrik enerjisi ilə tam təchiz
olunaraq, zülmət gecələri nura qərq olub.
"Azərişıq”ın
abonentlərin rahatlığı üçün həyata
keçirdiyi yeniliklərdən biri də ASC-nin müştərilərə
“ASAN xidmət” və “ASAN kommunal” vasitəsilə xidmət
göstərməsidir. Ötən
ay jurnalistlər üçün keçirilən mətbuat
konfransında “Azərişıq” ASC-nin Perspektiv
İnkişaf və “ASAN xidmət”lə İş İdarəsinin
rəisi Elsevər Rüstəmli deyib ki, 2018-ci ilin 7 ayı ərzində
“Azərişıq” ASC-yə
“ASAN xidmət” vasitəsilə göstərdiyi 13 xidmət
üzrə 101 min müraciət edilib. Təbii
ki, bu əlçatanlıq xidmətin bütün
bürokratik əngəlləri aşaraq məmur-vətəndaş
ünsiyyətini sadələşdirməsi sayəsində
mümkün olub və bu müraciətlərin əksəriyyətinin
nəticəsini tapdığı heç bir şübhə
doğurmur.
Göründüyü
kimi, “Azərişıq” ASC öz müqəddəs
missiyasını –
respublikamızı nura qərq etmək
missiyasını uğurla həyata keçirir və daim təkmilləşir.
Heç şübhə yoxdur ki, Səhmdar Cəmiyyət
ölkənin inkişaf yolunda bundan sonra da öz missiyasına
sadiq qalacaq və Azərbaycanı işıqlı sabaha aparan
yollara sözün həqiqi mənasında nur çiləyəcək...
Yolunuz,
yolumuz işıqlı olsun!
Samirə SƏFƏROVA
Bakı xəbər.- 2018.- 2 oktyabr.- S.13.