“Qələmi əlimə
alandan sonra kimsə məni yazmaqdan saxlaya bilməz”
Yunus Oğuz: “Mənim Teymurum
deyirdi: “Nə deyirsiz, dünyaya qılıncla hökm edən
bir insan dünyaya sözlə hökm edən bir insanı edam
etsin?”
-
Yunus müəllim, bu yaxında “Səfəvi şeyxi”
adlı romanınızı bitirmisiniz. Səhv eləmirəmsə,
bu Sizin sayca 9-cu tarixi
romanınızdır.
- Bəli.
- Nə vaxt çap
olunacaq?
- Yəqin ilin axırına kimi kitab şəklində çıxar.
- Roman kim
haqqındadır?
- Təbii
ki, kitabda Şeyx Səfi, Teymurləng, qaraqoyunlu Cahanşah,
ağqoyunlu Uzun Həsən, İstanbulun Fəthi, Saray Xatun və
başqaları barədə də xeyli məlumat var, ancaq əsasən
Şeyx Cüneydin həyatı və fəaliyyəti üzərində
dayanmışam.
-
İstər Fərman Kərimzadənin, istər Əzizə
Cəfərzadənin, istərsə də Əlisa Nicatın
və başqalarının əsərlərində Şeyx
Cüneyd obrazı işlənib. Sizin
Şeyx Cüneyd ədəbi
obraz kimi özünə
qədərkilərdən nə ilə fərqlənir?
- Fərman
Kərimzadənin və o biri yazıçıların əsərlərində
Şeyx Cüneyd fraqment kimi verilib. Mən bu əsəri yazmaq üçün onlarla əlyazmadan,
mənbədən istifadə eləmişəm. Fərman Kərimzadənin,
Əzizə Cəfərzadənin, Əlisa Nicatın
dövründə həmən əlyazmalar yox
idi.
- Belə
çıxır romana yeni faktlar əlavə etmisiniz?
- Əlisa Nicatın əsərində fokus mərkəzində Şah İsmayıldır. Əlisa Nicat Şeyx Cüneydlə Şeyx Heydərin Şirvana gəlib qətlə yetirilmələrini epizodik göstərir. Amma heç kim bilmir ki, Şeyx Cüneyd Şirvana niyə gəlmişdi...
- Niyə gəlmişdi?
-
Uzun Həsən bacısı Xədicəni Şeyx Cüneydə
vermişdi. Şeyx Cüneydin
toyu ərəfəsində 20 min döyüşən əsgəri-müridi
vardı, Uzun Həsən heç
o qədər ordu toplaya bilmirdi. Ona deyirdilər ki, sənin
bu qədər ordun var, niyə dövlət qurmursan?
Onun qaynanası Saray xatun, Sara yazmayasan,
bu yanlışdır. Nədənsə Sovet dövründə o diplomat qadının adını hamı Sara xatun kimi
yazıb, ancaq adı Saray
xatundur. Bəli, Saray xatun və Həsən bəy Şeyx
Cüneydi təhrik edirdilər ki, ordun var,
amma dövlətin yoxdur,
torpağın yoxdur. Bu
nə deməkdir? Şirvan o zaman ən zəif halqa idi. Kim
istəyirdi hücum edib
nəsə qoparırdı. 1501-ci ildə məhz Şah İsmayıl da buna görə Şirvana hücum elədi.
- O
zaman bu hücum qisas məqsədi daşımırdı?
- Qətiyyən. Şah
İsmayılın Şirvana hücumunun məqsədi də babası,
atası kimi dövlət qurmaq
idi.
-
Şeyx Cüneydin daha hansı xüsusiyyətləri
vardı?
- Şiəliyi bu əraziyə Şeyx Cüneyd gətirib. Ona qədər həm xalqımız, həm də Səfəvi şeyxləri sünni idilər. Şeyx Cüneyd gördü ki, yeni dövlət yaratmaq üçün başqa təriqətə keçmək lazımdır. Çünki onun əmisi və hamisi Şeyx Cəfər də Ərdəbildə, Təkkədə hakimiyyəti ələ keçirmişdi. Buna görə də Şeyx Cüneyd elan elədi ki, şiə təriqətinə keçirəm, “əhli-beyt” haqdır. Qızılbaş çalmasını geyinmək adəti isə Şeyx Heydərin vaxtında yaranıb.
- Əsərlərinizin sizin
üçün tarix
tərəfi daha əhəmiyyətlidir, yoxsa ədəbiyyat tərəfi?
- Mən ixtisasca tarixçiyəm. Bu faktları elmi əsər şəklində də yaza bilərəm, ancaq onda çox az adam oxuyacaq, bədiiləşdirib yazanda daha çox insanın marağı yaranır. Passionarlıq nəzəriyyəsi ilə bağlı bir elmi əsər yazdım. Tarix İnstitutunun Elmi Şurasının qərarı ilə dərc olundu. Amma çox az adam oxudu. Çünki Azərbaycanda cəmi üç nəfər passionarlığın nə olduğunu bilir. O əsəri Qumilyova da təqdim etdim, ona dedim ki, bəzi fikirlərinlə razılaşmıram. Sən yazmısan ki, biz türklər Asiyadan gəlmişik, mənsə sübut etmişəm ki, biz bu coğrafiyadan Asiyaya getmişik.
- Qumilyov nə dedi?
-
Qoca kişi idi, dedi ki, Allah bilər hansımız
düzük (gülür).
- Belə
bir fikir var ki, hər bir yazıçı nə
yazdığını, necə yazdığını gözəl
bilir. Bəs Yunus Oğuz
öz yazdıqları haqqında nə düşünür, özünü
necə yazıçı hesab edir?
- Onu
mən yox, gələcək nəsillər deyə bilər. Əgər Elmlər Akademiyasının Ədəbyyat
İnstitutu bədii əsərlərimin
müzakirəsini keçirirsə, əgər bütün kitablarıma Nizami
Cəfərov rəy verirsə, hər halda
pis yazmıram. Çünki
Nizami Cəfərov bəyənməsə
heç vaxt rəy yazmaz.
-
Sizin tarixi əsərləriniz Fərman Kərimzadənin,
Əzizə Cəfərzadənin, Əlisa Nicatın və
başqalarının əsərlərindən nə ilə fərqlənir?
-
Onlar elə dövrdə yaşayırdılar ki,
ideologiyanın pəncəsində əsir olmuşdular. İstədiklərini
yaza bilmirdilər. Mənimsə belə problemim yoxdur. Əlimin
altında əlavə mənbələr var,
onlara istinad edirəm.
Məsələn, Əmir Teymurdan iki cildlik roman
yazdım. Dünya Əmir Teymuru
zalım bilirdi, mən tamamilə başqa rakursdan verdim, Qazaxıstanda, Özbəkistanda təqdim
olundu, 300 min tirajla təqdimatı oldu.
Türkiyədə isə dedilər ki, 50
ildi bizdə Teymurdan heç nə yazılmırdı. Nə var, nə var, guya Teymur Bəyazidi təhqir
eləmişdi. Sən isə elə vermisən ki, Teymur Bəyazidi təhqir
eləmir. Dedim həqiqətən Teymur Bəyazidi təhqir eləməyib, onlara mənbələr göstərdim.
Gərək
mənbəni də oxuya, ordakı alt mənanı tuta biləsən.
Məsələn, Sivasda 4 min erməni əsgərini
Teymur diri-diri
basdırıb. Mənbədə bu barədə
sadəcə olaraq bir
cümlə gedib. Niyə basdırıb? Bu cür dahi
adam niyə belə eləsin? Səbəb
nə idi? Sən demə Sivasda
ermənilər Xocalıda olduğu kimi dinc sakinləri qətlə
yetiriblər. Erməni məliki də Teymura
“Sən bizə söz vermişdin
ki, qan tökməyəcəksən”
deyəndə Teymur da
cavab verib ki, qan tökməyəcəm
ki, diri-diri
basdıracam.
-
İsa Hüseynovun “Məhşər” romanında Əmir
Teymurla Nəsimi görüşür. Halbuki,
tarixdə o görüş
olmayıb. Sizin romanda
necə, şahla şair
görüşür?
- Bu
film insanların beyninə yer edib deyə,
düşündüm ki, İsa Hüseynovun “səhv”ini təkrarlayım.
Odur ki, Teymurla Nəsimini görüşdürdüm.
Mənim əsərimdə Teymur Nəsimini
Sivas həbsxanasında
çıxarır və İsa Hüseynovun Teymurundan fərqli
olaraq, mənim Teymurum
sözün qılıncdan böyük olduğunu qəbul
edir. Teymur deyir: “Nə deyirsiz, dünyaya qılıncla hökm
edən bir insan dünyaya sözlə hökm
edən bir insanı edam
etsin?”
- Səhv
etmirəmsə, bir neçə il əvvəl əsərlərinizin
dilinə görə mətbuatda tənqid olunmuşduz.
- Normaldı. Peyğəmbər deyiləm ki, mən də tənqid oluna
bilərəm.
-
Yadımdadır, “Nadir şah iclas elədi” cümlənizə
görə sizə irad tutulmuşdu.
- Necə
istəyirsiz ki, o dövrün dili ilə yazım heç kəs
oxumasın? İclas
iclasdır da. Bəs nə yazım? Məşvərət də yaza bilərəm. Ancaq kim o sözü
bilir?
- Ümumiyyətlə, orta əsrlərin dilini, üslubunu saxlamağa çalışırsınız?
- Mən müasir insanlar üçün yazıram, ona görə dil də müasir olmalıdır. Özüm bilə-bilə bu
cür yazıram.
- Bir məsələ də var ki,
eyni irad İsa Hüseynova, Əlisa Nicata tutulmayıb, sizə tutulub.
- Ola bilsin məni oxuyan İsa Hüseynovu, Əlisa Nicatı oxumayıb. Hər şey ola bilər.
Sizə bir şeyi də
deyim. Nadir şah elə bizim kimi danışırdı,
o vaxtın danışığının
indiki danışığımızdan
çox böyük fərqi yox idi.
- Kitablarınızın satışı
Sizi qane edir?
- Kitablarımın satışı
məni dolandırır.
Təkcə Azərbaycanda yox,
20 ölkədə 48 kitabım
çıxıb.
- Çingiz Abdullayevi
ötüb keçmisiniz
ki.
- Çingiz Abdullayevə
çata bilmərəm. Onun təkcə
80 romanı mənim evimdədi. Bəlkə mən də
detektiv yazsaydım, həmin ölkələrdə
tirajım daha çox olardı.
- Türk tarixi roman yazarlarının əsərlərinə
münasibətiniz necədir;
Ahmet Ümid var, yarı tarixi, yarı detektiv yazır, İskəndər Pala var...
- İskəndər Pala FETÖ-çü idi. Onu FETÖ-çülər
məşhurlaşdırmışdılar.
O da nəyə görə? “Şah
və Sultan”ı yazıb Şah İsmayılı təhqir
etdiyinə görə.
İskəndər Pala kimi yazıçılar
sifarişlə yazırlar.
Mənə isə sifariş
olunmur, özüm kimdən istəyirəmsə
ondan da yazıram.
- Gələcəkdə kimdən
yazmaq istəyirsiz?
- Açığı, fikrim
çoxdur. Məsələn, Sacilərdən yazılmayıb. Niyə yazılmasın?
Sacilərin möhürünün üstündə Azərbaycan
dövlətinin adı
var, özü də hamısı türk olub.
- Deməli, baxırsız ki, hansı tarixi dövrdə boşluq var, o dövrdən də yazırsınız?
- Təbii, niyə də baxmayım? Ancaq bununla iş
bitmir ki. Qələmi
əlimə almayana kimi hələ bilmirəm nə yazacam. Düzdür, mənbələri oxuyub öyrənirəm, beynimdə maketi qururam. Qələmi əlimə alandan
sonra isə daha kimsə məni yazmaqdan saxlaya bilməz. Mən artıq o tarixi şəxsiyyətlərin yanında
oluram, onlarla nəfəs almağa başlayıram. O tarixi
hadisələr gözlərimin
qarşısında canlanmağa
başlayır.
- Tariximizin bizim bilmədiyimiz qaranlıq dövrləri çoxdurmu?
- Bəli çoxdur.
Bunların hamısını yazıb üzə
çıxartmaq lazımdır. Məsələn, Sultan Məhmətlə Uzun
Həsən vuruşublar, hətta
anası Saray xatun sultandan xahiş edib ki, oğluma
dəymə. Biz bu tarixi
yaxşı bilmirik. Yaxud
Teymurun oğlu Şahrux 47 il hakimiyyətdə
olub, təkcə Azərbaycanı yox, Şirvana qədər
böyük ərazini əlində saxlayıb.
Türk dövlətinin gözəl
paytaxtından biri Herat
olub. Biz bunu da bilmirik,
yazılmayıb.
- Türklər də bu barədə yazmayıblar?
- Onların Əmir Teymurdan zəhləsi gedir. Heç nəslindən də
yazmağa qoymayıblar.
Dərsliklərdə də yazırlar
ki, Şah İsmayıl arvadını
atıb qaçıb.
- Siz niyə onlara
cavab verməmisiniz?
- Kim deyir verməmişəm? “Şah Təhmasib”də
Sultan Süleymanı dörd
dəfə Azərbaycana
gətirmişəm. Mən gətirməmişəm
e, özü gəlib
və hər birində də qoşunu qırılıb
geri çəkilib.
Türklər elə bilirsiniz
bunu yazırlar? Yazmırlar.
Gizlədirlər.
- Yunus müəllim, arxivlərdə çalışırsınız?
- Mən arxivlərdə işləmirəm. Evim arxiv kimidir. Evimdə o qədər tarixi, qədim kitablar var ki. Bəlkə də arxivlərdə o kitablardan yoxdu. Bir də işdə çalışıram. İşdəki kitabxanamı da gördüz.
Bakı xəbər.- 2018.- 29-30
sentyabr.- S.10.