Azərbaycanın Ermənistan üzərində
sürətlə artan hərbi üstünlüyü kənardan
daha aşkar görünməyə başlayıb
Azərbaycanın malik olduğu böyük
iqtisadi imkanlar ölkənin hərbi gücünün
davamlı şəkildə artması, ordumuzun ən müasir
silah və texnika ilə təmin edilməsinə də
münbit şərait yaradır. Bunun nəticəsidir ki,
texniki təminat və döyüş qabiliyyəti
baxımından Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü 50
ordusu sırasında yer alır. Digər önəmli
məqam budur ki, Dağlıq Qarabağ münaqişəsi
davam etdikcə, ərazilərimiz işğal altında
qaldıqca Azərbaycan ordusunu davamlı şəkildə
gücləndirəcək. İşğalçı Ermənistanın
qeyd olunan xüsusda ölkəmizlə ayaqlaşa bilməsi isə,
sadəcə, mümkünsüzdür.
Hazırda
səfalət içində boğulan İrəvanın belə
bir vaxtda yenidən hərbi xərclərini artırması isə
ölkəni daha sürətlə uçruma yuvarlatmaq deməkdir.
Rusiyanın “regnum.ru“ portalının yazdığına
görə, Ermənistan 2019-cu ildə hərbi büdcəsini
647 milyon dollara qədər artırmaq niyyətinə
düşüb: “Ermənistanın müdafiə
büdcəsinin kəskin artımı ilk dəfə 2018-də
qeydə alınıb, 2017-ci ildəkindən 17,6% çox
olmaqla 518 milyon dollar təşkil edib. 2019-cu ildə daha çox artım gözlənir
və bu göstərici təxminən 647 milyon dollar olacaq.
Hərbi büdcənin bu cür artırılması ÜDM
faizlərində də hissolunacaq şəkildə əks
olunub. Belə ki, göstərici 2018-ci ildə 3,8%-ə yaxın olub, 2019-cu ildə 4,5%-ə çatacaq. Bu tempdə sonrakı
artım çətin olacaq,
ÜDM-dən 5-6% o yana getmək ölkə
iqtisadiyyatı üçün artıq yetərincə təhlükəlidir“. Portal onu da yazır ki, əslində,
hərbi büdcənin artımında Rusiyadan alınan kreditlər
də mühüm rol oynayır: “Büdcənin
özünün artımından savayı, Rusiyanın güzəştli
kreditlərini də qeyd etmək gərəkdir. Onlardan hələlik ikisi verilib - birinci 2016-da 200 milyon dollar, ikincisi
2018-də 100 milyon dollar. Daha 100 milyon
dollarlıq kredit üçün fəal danışıqlar
aparılır. Bu zaman qeyd etmək gərəkdir ki,
2019-cu il artımı istisnasız olaraq
kreditin hesabınadır. Ötən iki ildə
də bu vəsaitlər həmin nisbətlərdə
iştirak edib“. Amma bu artımlar hələ
Ermənistanın Azərbaycanla ayaqlaşa biləcəyi demək
deyil. Əksinə, erməni ekspert Vahan Tumacyan qeyd edir
ki, hərbi büdcənin belə artımı ölkə
iqtisadiyyatının daha böyük problemlərlə üzləşməsi
deməkdir: “Bununla biz Azərbaycana çata biləcəyimizi
düşünürüksə, səhv edirik. Azərbaycanın
təhlükəsizliyə ayırdığı xərc hələ
də Ermənistanın ümumi dövlət büdcəsindən
artıqdır“. Elə “regnum.ru“ portalı
da məsələnin bu tərəfinə diqqət çəkir:
“Aydındır ki, Ermənistanda hətta indiki artım nəzərə
alınmaqla Azərbaycanın büdcəsinə
çatmağa hələ çox var“.
Digər erməni hərbi ekspert Qraçya Petrosyan isə
vurğulayır ki, Ermənistan Azərbaycan kimi müasir
silahlar da ala bilmir. O, bunun konkret isbatı kimi Rusiyanın hər iki ölkəyə
satdığı hərbi texnikanı göstərir. Qeyd edir ki, Rusiya Azərbaycana daha müasir, Ermənistana
isə əsas etibarı ilə köhnə silahlar satır.
Onun sözlərinə görə, Ermənistan
üçün ilk növbədə Azərbaycanın
Rusiyadan aldığı raket-artilleriya vasitələri,
İsrail və Çexiyadan alınan uzunmənzilli
döyüş vasitələri təhlükə yaradır:
“Silahın mənzili baxımından baxsaq, ən güclü
silah İsrailin LORA silahı sayılır. LORA,
yaylım atəşindən fərqli olaraq, hədəfi
operativ-strateji mənzildə məhv edən raketdir. Biz başa düşməliyik ki, burada problem Ermənistan
və Azərbaycan arasında hansı tərəfin daha
çox silah və hərbi sursat toplaya bilməsində deyil.
Anlamalıyıq ki, belə bir miqyasda silah
toplanması baş verirsə, o zaman həmin silahlar bir gün
mütləq atəş açacaq. Bizim
yaxın müttəfiqimiz Rusiya da çox gözəl
başa düşür ki, silahla təmin etdiyi Azərbaycan həmin
silahlarla Ermənistan orudusunu vuracaq”.
Bu arada Rusiyanın TASS agentliyi də xatırladır ki,
Bakı Moskvadan həqiqətən də böyük həcmdə
müasir silahlar alıb. Agentlik ölkəmizin son illərdə
Rusiyadan aldığı silahların siyahısını dərc
edib. Burada qeyd edilir ki, Azərbaycan Rusiya
silahlarının ən iri idxalçılarından biridir.
TASS bildirir ki, Rusiya silahlarının Azərbaycana
axını 2005-ci ildən başlayıb. Belə ki, hələ 2005-2010-cu illərdə Azərbaycanın
güc strukturları üçün yeni vertolyotlar
alınıb. Bura Mi-172, Mi-171B, Ka-32A vertolyotlatları, 62
T-72B tankı, 4 zirehli təmir-təxliyyə maşını
BREM-1, 6 “Msta-B” yedəklənən haubitsası, 70 BTR-82A yeni
zirehli transportyorları, 100 “Kornet-E” tank əleyhinə raket
kompleksləri, iki diviziyon S-300 PMU “Favorit” zenit-raket kompleksləri
daxildir. Bunlardan əlavə, Azərbaycan tərəfi
2013-2018-ci illərdə Rusiyadan quru qoşunları
üçün xeyli miqdarda yeni hərbi texnika alıb.
Bunlar 100 T-90S əsas döyüş tankı, 118 BMP-3 piyada
döyüş maşını, 230 ədəd BTR-82A, 166
artilleriya sistemi, o cümlədən 152 millimetrlik 18 “Msta-S”
özüyeriyən haubitsaları, 18 özüyeriyən
“Vena” haubitsaları, 18 “Smerç” reaktiv yaylım atəşi
sistemi, 24 TOS-1A “Solntsepek” ağır odsaçan sistemləri
aiddir. Eyni zamanda, Azərbaycan Rusiyadan
iki diviziyon “Xrizantema-S” tank əleyhinə özüyeriyən
raket kompleksi, 152 millimetrlik yedəklənən “Msta-B”
haubitsaları, 120 millimetrlik, daşınan “Sani”
minaatanları, avtomobil nəqliyyatı, mühəndis
avadanlıqları, zirehli təmir-təxliyyə
maşını BREM-1M və BREM-L, döyüş
sursatları da alıb. Eləcə də Azərbaycan
Rusiyaya hava hücumundan müdafiə sistemləri sifariş
edib. Həmin sifariş əsasında Azərbaycan
Rusiyadan 300 daşınan zenit-raket kompleksi “İqla-S” və
onlara aid 1500 raket alıb. Bakının
Rusiyadan yenə silahlar alması istisna olunmur və yuxarıda
qeyd olunan silahların böyük əksəriyyəti Ermənistan
ordusunda yoxdur. Qraçya Petrosyan
bütün bunların İrəvan tərəfindən nəzərə
alınmasını vacib sayır. Onun sözlərinə
görə, Azərbaycan ordusu insan resursu baxımından da
Ermənistandan öndədir: “Başqa sözlə, biz
anlamalıyıq ki, qarşıdurmanın əsas vasitəsi
həm də əsgərlər sayılır. Bizim
rəhbərliyimiz müasir aviasiya vasitələri almaq istədiyini
bəyan edir. Mən hesab edirəm ki, bizim
bir o qədər də böyük olmayan regionumuz
üçün zərbə aviasiyasına bu qədər
böyük məbləğin xərclənməsi effektiv
sayıla bilməz. Çünki hər
şeydən əvvəl, bu texnika çox bahadır. İkincisi isə, 400 kilometrlik radiusda fəaliyyət
göstərmək üçün bu effektli variant deyil.
Bunun əvəzinə dağlıq ərazi
şərtlərində zərbə helikopterlərinin
alınması effekt verə bilər. Yeri gəlmişkən,
Azərbaycan artıq Rusiyadan dağlıq ərazidə
döyüş aparmaq qabiliyyətinə malik və hətta
rusların özlərinin də “uçan tank”
adlandırdığı müasir zərbə helikopterləri
alıb”.
Bu arada helikopterlərlə bağlı Ermənistanın
narahatlığına yol açan daha bir məqam onların zərbə
sistemlərinin yenilənməsidir. Belə ki, İsrailin
“Rafael” şirkəti Azərbaycanın döyüş
helikopterlərini modernizə edilmiş “Spike” raketləri ilə
silahlandırır. Şirkətin regional direktoru Şimon Naymen faktı təsdiq edib: “Hazırda
biz Azərbaycanda hərbi helikopterlərdə modernizə
edilmiş “Spike” raketlərinin
quraşdırılmasını həyata keçiririk. Bu raketlərin fəaliyyət radiusu 30 kilometrdir.
Bu isə o deməkdir ki, modernizə edilmiş
“Spike” raketi ilə silahlanmış hərbi vertolyot
düşmən üçün əlçatmaz olacaq.
Başqa sözlə, vertolyotlar Azərbaycanın
nəzarətində olan ərazilərdən düşmənin
nəzarəti altında olan ərazilərə dəqiq zərbə
endirəcək, bu zaman özü atəş altına
düşməyəcək”.
Burada onu
da xatırladaq ki, Azərbaycan ordusunun döyüş
vertolyotlarının düşmənin daşınan
zenit-raket komplekslərinin fəaliyyət radiusuna daxil olmadan hədəflərə
dəqiq zərbə endirmək imkanında olduğunu bu ilin
mayında müdafiə naziri Zakir Həsənov da silahlı
qüvvələrin 100 illiyinə həsr edilmiş mətbuat
konfransı zamanı açıqlamışdı. Nazir bildirmişdi ki, 2016-cı ilin aprel
döyüşlərinin təcrübəsindən
çıxış edilərək, döyüş
vertolyotlarının düşmənin daşınan
zenit-raket komplekslərinin fəaliyyət radiusuna daxil olmadan 50
kilometrə qədər məsafədən hədəfləri
vurmağa imkan verən sistemlərlə təchiz edilməsi həyata
keçirilir. 2016-cı ilin aprelində Azərbaycan
xüsusi təyinatlı qüvvələrinin bir vertolyotu
düşmən mövqelərinə yaxın məsafədən
zərbə endirərkən vurulmuşdu. Azərbaycanın
döyüş vertolyotlarının İsrail istehsalı olan
raketlərlə təchiz edilməsi hələ bir neçə
il əvvəl başlamışdı. Lakin o zaman söhbət radiusu 10-20 kilometr olan raketlərdən
gedirdi. Ermənistan isə son illərdə
Rusiyadan “Verba” daşınan zenit-raket sistemləri əldə
etdiyindən, həmin radiuslu raketlər Azərbaycan ordusunun
vertolyotlarının düşmənə zərbə endirərkən
atəş altına düşməsini qaçılmaz edə
bilərdi. İndi isə vertolyotlar təmas
xəttini keçmədən, yaxud hücum edən
qoşunların onlarla kilometr arxasından düşmən hədəflərinə
sərrast zərbələr endirib onların tanklarını,
zirehli maşınlarını, atəş nöqtlərini
sıradan çıxara biləcək. Bütün
bunlar, öz növbəsində, ordumuzun düşmən
üzərində üstünlüyünü artıran məqamlar
kimi qiymətləndirilir. Elə bu səbəbdəndir
ki, qeyd edilənlərin nəzərə alınmasının
vacibliyi erməni ekspertlərin özləri tərəfindən
də açıq şəkildə vurğulanır. Elə
rus hərbi ekspert Pavel Felqenhauer də Ermənistanın
narahatlığının əbəs
olmadığını bildirir: “Azərbaycan müxtəlif hərbi
istiqamətlər üzrə Ermənistandan çox irəlidədir. Məsələn, Ermənistanda
ümumiyyətlə ciddi aviasiya sistemi yoxdur, onların
yalnız helikopterləri var.
Ümumiyyətlə, nəzərə
almaq lazımdır ki, hazırda Azərbaycan silahlı
qüvvələri ümumi sayına, ağır silahların
sayına görə və indi də raket sahəsində,
xüsusilə də İsrail raketlərinin hesabına keyfiyyətcə
hərbi üstünlüyə malikdir. Özü də onlar
daha çox təkmilləşdirilib“. Belə
vəziyyətdə aydındır ki, erməni tərəfinin
hərbi xərcləri nə qədər artırmasından
asılı olmayaraq, onun Azərbaycanla paritet yarada bilməsi
mümkün deyil. Əksinə,
düşmənin bu istiqamətdə addımları Ermənistanın
daha da zəifləməsinə gətirib çıxarır.
Tahir TAĞIYEV
Bakı xəbər.- 2018.- 3
oktyabr.- S.9.