Özbəkistandakı
Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin
daha bir uğurlu layihəsi - “Azərbaycan tarixi və dövlətçiliyi”
muzeyi...
Aydın Xan Əbilov: “Özbəkistanda “Azərbaycan tarixi və dövlətçiliyi” muzeyinin yaradılması dövlətçilik
tariximizin, sahib olduğumuz bu tükənməz
irsin təbliğində müstəsna rol oynayacaq”
Həyat Məhərrəmova:
“Bu muzeyin Özbəkistanda
yaradılmasının mühüm cəhəti
odur ki...”
Artıq dünyada Azərbaycan tarixinə, dövlətçilik irsinə böyük maraq müşahidə olunmaqdadır. Bu gün Azərbaycanın tarixi keçmişi, dövlətçilik ənənələri respublikamızla yanaşı, xarici ölkələrdə də təbliğ edilir. Azərbaycan tarixinin, dövlətçilik ənənələrimizin xarici ölkələrdə tanıdılmasında Heydər Əliyev adına mədəniyyət mərkəzlərinin xüsusi rolu var. Bu gün Azərbaycandan kənarda müxtəlif mədəniyyət mərkəzlərinin fəaliyyət göstərməsi tarixi irsimizin başqa xalqlara tanıdılmasına təkan verir.
Özbəkistanda
fəaliyyət göstərən Heydər Əliyev adına
Azərbaycan Mədəniyyət Mərkəzində “Azərbaycan
tarixi və dövlətçiliyi” muzeyi açılıb. Məlumatlara
görə, “Azərbaycan tarixi və
dövlətçiliyi” muzeyinin
açılışı Azərbaycan Xalq
Cümhuriyyətinin 100 illiyi və Azərbaycanın
yenidən müstəqillik əldə etməsinin 27-ci
ildönümünə həsr edilib.
Özbəkistandakı
Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin
direktoru Samir Abbasov açılışda bildirib ki,
dünyanın ən qədim xalqlarından olan Azərbaycan
xalqının özünün qədim tarixi, maddi mədəniyyət
abidələri, zəngin ənənələri, ədəbiyyatı,
incəsənəti və musiqi mədəniyyəti var.
Qeyd
edək ki, muzeyin yaradılmasında əsas məqsəd
xalqımızın qədim tarixini, zəngin mədəniyyətini
özbək xalqına çatdırmaq və təbliğ etməkdir.
Kulturoloq
Aydın Xan Əbilovun sözlərinə görə, Özbəkistanda
“Azərbaycan tarixi və dövlətçiliyi” muzeyinin
yaradılması və fəaliyyətə başlaması Azərbaycan
və Özbəkistan əlaqələrinin daha da möhkəmlənməsinə
xidmət etməklə yanaşı, həm də dövlətçilik
ənənələrimizin təbliğində müstəsna
rol oynayacaq: “Azərbaycan qədər öz tarixinə,
dövlətçilik irsinə sahib çıxan, ona yüksək
dəyər verən çox az dövlət var. Bu gün 27 yaşlı
müstəqil gənc Azərbaycan 100 yaşlı Azərbaycan
Xalq Cümhuriyyətinin siyasi
varisidir. Bu özü onu göstərir
ki, Azərbaycan dövləti etibarlı,
möhkəm təməllər üzərində inkişaf edir, öz müstəqilliyini qoruyur,
günü-gündən iqtisadi cəhətdən
güclənir. Azərbaycan yalnız Cənubi Qafqazda
güclü dövlət kimi
seçilmir, həm də bütün
dünyada öz siyasi, iqtisadi gücünə
görə tanınır. Bu gün Azərbaycanın mədəniyyət
siyasəti də çox güclü
şəkildə inkişaf edir. Son bir
neçə ildə müxtəlif xarici
ölkələrdə Azərbaycan mədəniyyət mərkəzləri,
Azərbaycan evləri açılıb. Bu
mərkəzlər vasitəsilə Azərbaycanın mədəniyyət,
humanitar siyasəti təbliğ olunur. Dövlətçilik tariximiz,
mədəniyyət ənənələrimiz, ədəbi-mədəni
irsimiz dünya
dövlətlərinə daha yaxından
tanıdılır. “Azərbaycan tarixi və
dövlətçiliyi” muzeyinin
açılması da bu
baxımdan çox dəyərlidir. Bu o deməkdir ki, Azərbaycan tarixi, dövlətçilik
ənənələri, sahib olduğumuz bu unikal dəyərlər özbək xalqı tərəfindən
də maraqla qarşılanır.
Düşünrəm ki, Özbəkistanda
“Azərbaycan tarixi və dövlətçiliyi”
muzeyinin yaradılması dövlətçilik
tariximizin, sahib olduğumuz bu tükənməz
irsin təbliğində müstəsna rol oynayacaq. Azərbaycan tarixinin dünyanın hər yerində
tanıdılması mühüm işlərimizdən
biridir”.
Tarixçi Həyat Məhərrəmova bizimlə söhbətində bildirdi ki, Azərbaycan və Özbəkistan arasında sıx tarixi əlaqələr mövcuddur. Bu əlaqələrin hazırda həm siyasi, həm iqtisadi, həm mədəni, həm də tarixi baxımdan daha da inkişaf etdiyini bildirən tarixçinin sözlərinə görə, bu ölkədə “Azərbaycan tarixi və dövlətçiliyi” muzeyinin yaradılması təsadüfi deyil. Orta Asiya türklərinin, o cümlədən də özbəklərin tarixi-mədəni həyatında Azərbaycanın fikir adamlarının, elm xadimlərinin, mədəniyyət adamlarının az rol oynamadığını deyən H.Məhərrəmovanın qeyd etdiyinə görə, Azərbaycan tarixi və dövlətçilik ənənələri bütün türk xalqlarına bir örnəkdir. “Bu gün Azərbaycan və Özbəkistan arasında siyasi, iqtisadi, mədəni əlaqələr daha da genişlənir. Bu da təsadüfi deyil. Türk xalqının övladları olan özbək və Azərbaycan xalqları hər zaman bir-birinə müsbət mövqedən yanaşıblar. Özbəkistanda fəaliyyət göstərən Heydər Əliyev adına Mədəniyyət Mərkəzində belə bir muzeyin açılması həqiqətən də müsbətdir. Bu muzeydə Azərbaycanın yaxın 100 ilinin tarixi öz əksini tapır. Müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin tarixi ilə bağlı özbək tamaşaçılar da müfəssəl məlumat əldə edəcəklər. Özbəklərlə bizim ortaq tariximiz, ortaq mədəniyyətimiz, ortaq dəyərlərimiz var. Hesab edirəm ki, bu muzeyin Özbəkistanda yaradılmasının mühüm cəhəti odur ki, bütün Orta Asiya xalqları, eləcə də digər türk xalqları bu muzeylə yaxından tanış ola biləcək, Cümhuriyyətin 100, müstəqil Azərbaycanın isə 27 illik tarixi ilə yaxından tanış olacaqlar. Tariximizin, dövlətçilik ənənələrimizin təbliğ edilməsində, tanıdılmasında “Azərbaycan tarixi və dövlətçiliyi” muzeyinin də rolu olacaq. Muzey yeni yaradılsa da, onun daşıdığı missiya çox dəyərlidir. Ümumiyyətlə, Azərbaycanın xaricdəki mədəniyyət mərkəzlərinin hamısı mədəniyyətimizin, dövlətçilik tariximizin, maddi-mədəni irsimizin təbliğini həyata keçirməlidir”.
İradə
SARIYEVA
Bakı xəbər.- 2018.- 3
oktyabr.- S.13.