Yaxın aylarda rayonlarımızın azad olunması qaçılmaz proses halına çatır…

 

Ermənistan daxilində baş verən olaylar bu ölkədə ictimai-siyasi gərginliyin hələ müəyyən müddət davam edəcəyini göstərir. Belə görünür ki, İrəvanda normal fəaliyyət göstərə biləcək iqtidarın yaxın tezlikdə formalaşması çətin olacaq. Bu hal isə, öz növbəsində, Dağlıq Qarabağ münaqişəsinin dinc müstəvidə həllinə də ciddi əngəllər yaradır.

Ekspertlər isə baş verənləri iki fərqli rakursdan şərh edirlər. Bunlardan birincisi daxili qarşıdurmalar fonunda Ermənistanın daha  da zəifləməsi və beləliklə işğalçı siyasətin davam etməsinin mümkünsüzlüyü ilə bağlıdır. Digər məqam Rusiya faktoru ilə ilgilidir. İndi belə fikirlər səslənir ki, baş nazir Nikol Paşinyanın siyasətindən narazı qalan Rusiya Ermənistanda vəziyyəti gərginləşdirərək burada yeni hakimiyyət dəyişikliyinə nail olmağı düşünür. Bu versiyanı gücləndirən amillərdən biribudur ki, Paşinyana qarşı çıxan qüvvələr birbaşa Rusiya ilə bağlı qüvvələrdir. Hesab edilir ki, Moskva istəyinə nail olsa, yaxın tezlikdə Ermənistanda yeni hakimiyyətin formalaşmasını gözləmək olar. Kremlin yeni hakimiyyətdən əsas istəklərindən biri isə məhz Qarabağ münaqişəsi ilə bağlı olacaq. Məsələ burasındadır ki, Moskva Qafqazdakı münaqişələrin həllində söz sahibi olduğunu göstərmək üçün ilk mərhələdə Dağlıq Qarabağ ətrafında işğal edilmiş bir neçə rayonun Azərbaycana qaytarılmasını istəyir. Əslində, Serj Sarksiyanın prezidentliyi dönəmində bu məsələ razılaşdırılmışdı. Amma Ermənistanda məlum hakimiyyət çevrilişi prosesin qarşısını aldı. İndi isə Ermənistanda vəziyyət yenidən qarışıb və bunun nəticələrinin Qarabağ münaqişəsinin sonrakı gedişinə təsiri xüsusi maraq doğurur.

Xatırladaq ki, Ermənistanda yeni siyasi gərginlik növbədənkənar parlament seçkiləri ilə bağlıdır. Baş nazir Nikol Paşinyan dekabrda seçkilərin keçiriləcəyini elan etsə də, parlament onu məyus edib. Belə ki, parlamentReqlament haqqında” qanunu qəbul etməklə Paşinyanın, belə demək olarsa, əl-qolunu bağlayıb. Parlamentdə çoxluğa malik olan Respublika Partiyası növbədənkənar parlament seçkilərinin keçirilməsinin qarşısını almağa imkan verən qanun qəbul edib. Qanun layihəsi, baş nazirin ikinci dəfə seçilməsinə zərurət yaranacağı hallarda, qanunvericilik orqanının buraxılmasının yolverilməz olduğunu nəzərdə tutur. Bundan sonra Paşinyan parlamentə ultimatum veribqanunun geri çağırılmasını tələb edib. Lakin Respublika Partiyası tələbi yerinə yetirməyib. Bu durumda Paşinyan ölkədə “əksinqilab” başladığını elan edib.

Hakimiyyətdə koalisiyaya daxil olan “Daşnaksütyun” partiyası Paşinyanın parlamentə təzyiqinə etiraz edərək, hakimiyyətdəki bütün nazirləri və qubernatorlarını geri çağırıb. Bundan dərhal sonra Nikol Paşinyan qanun layihəsinin qəbulunda iştirak etmişDaşnaksütyun” və “Çiçəklənən Ermənistan” partiyalarından olan nazirlərin istefaya göndərilməsi barədə qərar verib. O, parlament qarşısında tərəfdaralırının iştirakı ilə keçirilən yeni etiraz mitinqində hamının gözü qarşısında bu partiyalardan olan 6 nazirin istefası barədə əmr imzalayıb. Baş verənləri şərh edən erməni politoloqların fikrincə, Paşinyan onunla eyni fikirdə olmayan partiyaları əhalinin qəzəbi ilə şantaj etməyə çalışır. Çünki indiki məqamda hakimiyyətini möhkəmləndirməsi üçün bundan başqa rıçaqı, demək olar ki, yoxdur. Amma bu rıçaq da tədricən əldən çıxdığından, Paşinyan parlamentə öz adamlarını yerləşdirmək üçün növbədənkənar seçkilərin keçirilməsini istəyir. Digər tərəfdən nəzərə almaq lazımdır ki, İrəvan Şəhər Şurasına keçirilən seçkilərdə Nikol Paşinyanın blokunun böyük üstünlüklə qalib gəlməsi bir daha göstərdi ki, növbədənkənar parlament seçkilərinin keçirilməsi Serj Sarkisyanın lideri olduğu Respublika Partiyasının, “Qarabağ klanı“nın Ermənistan siyasətində uzun sürən hökumranlığına son verilməsi ilə nətilənəcək. Həmçinin “Çiçəklənən Ermənistan” partiyasının lideri Hagik Tsarukyan da görür ki, bu gedişlə öz sərvətini və siyasi təsirini itirəcək.  Bu səbəbdən də Respublika Partiyası ilə birlikdə hərəkət etdi. Bir sözlə, Respublika Partiyası, “Çiçəklənən Ermənistan” və “Daşnaksütyunbir araya gələrək, Paşinyana müqavimət göstərmək qərarı verdi. Bu qüvvələrin bir araya gəlməsində Rusiyaona bağlı Robert Köçəryanın əlinin olmasına dair erməni mediasında məlumatlar yayılmaqdadır. “Joxovurd” qəzeti yazır ki, Robert Köçəryan Respublika Partiyasının nümayəndələri, o cümlədən Serj Sarkisyanla aktiv əlaqə qurub: “Bizim məlumatımıza görə, Köçəryan xüsusilə aktiv şəkildə Sarkisyanla münasibət qurub. Onlar bu günlərdə bir araya gələrək uzun müddət müzakirə aparıblar, amma müzakirənin nə ilə bağlı olduğu açıqlanmayıb. Köçəryan, həmçinin, Respublika Partiyasının da ofisində olub”.  Bildirilir ki, sabiq prezidentlərə Hagik Tsarukyan da qoşulmağa çalışır və o, Rusiya ilə əsas əlaqələndiricilərdən birinə çevrilib.  Joxovurd” qəzeti yazır ki, Tsarukyanın Respublika Partiyası ilə görüşləri və paralel olaraq bu ərəfədə Moskvaya iki dəfə səfər etməsi prosesin arxasında Rusiyanın bəzi dairələrinin durması ehtimalını daha da artırır. Moskva Ermənistanda Qərbə məğlub olmaq niyyətində deyil. Yox, Rusiya bu dəfə də məğlub duruma düşsə, hesab edilir ki, Kreml Paşinyana müxtəlif istiqamətlərdə ciddi təzyiqlərə başalyacaqbu sırada Qarabağ münaqişəsi də xüsusi yer alacaq. Bunu Rusiya mediasının yazdıqlarından da aydın görmək olar. Qeyd olunur ki, əslində,  Rusiya prezidenti Vladimir Putin bu xüsusda Bakı səfərində azərbaycanlı həmkarı ilə geniş müzakirə aparıb. Bildirilir ki, formal olaraq Vladimir Putin Bakıya Rusiya-Azərbaycan Regionlararası Forumunda iştirak etmək və cüdo üzrə dünya çempionatının final mərhələsini izləmək üçün gəlmişdi. Lakin bağlı qapılar arxasında o, həmkarı İlham Əliyevlə hərbi-texniki əməkdaşlıq, KTMT, həmçinin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi mövzularını müzakirə edib. Bildirilir ki, hələ cari ilin sentyabr ayının 1-də Putinin Soçidəki “Boçarov ruçey” iqamətgahında İlham Əliyev belə bir rəqəm səsləndirmişdi: “Azərbaycan Rusiyadan 5 milyard dollarlıq silah alıb və bu rəqəm artacaq”. Azərbaycan liderinin sözlərinə görə, Rusiya hərbi məhsulların dünya üzrə vacib istehsalçısı və beynəlxalq bazarlara təchizatçısıdır. Bu səbəbdən Azərbaycan bundan sonra da öz ordusunu Rusiyanın köməyi ilə modernləşdirəcək. Rus mediası yazır ki, iki ölkənin hərbi-texniki əməkdaşlığı məsələsi növbəti dəfə bu sualı verməyə vadar edir: Azərbaycan MDB-nin hərbi ittifaqı olan KTMT-nin tamhüquqlu üzvü olmağa hazırlaşmırmı? Ən azı ona görə ki, Rusiya silahını dünya qiymətləri ilə deyil, hazırda Ermənistanın etdiyi kimi Rusiyadaxili qiymətlərlə ala bilmək üçün.

Putinin bu məsələ ilə bağlı mövqeyi hələlik tam bəlli deyil. Analitiklər hesab edir ki, hazırkı vəziyyətdə çox şey Nikol Paşinyanın siyasətindən asılı olacaq. O əvvəlkitək Ermənistanı Moskvanın nüfuz orbitindən çıxarmağa çalışarsa və Avropa İttifaqı ilə NATO istiqamətində yaxınlaşma kursunu davam etdirərsə, Moskva hadisələrin bu cür inkişafından heçxoşhal olmayacaq. Bu zaman Ermənistanı Azərbaycanın işğal edilmiş rayonlarından çıxarmaq hesabına Paşinyanın gözdən salınması planı meydana çıxır. Ermənistanın cəbhədəki məğlubiyyəti İrəvanda narazılıq partlayışına səbəb olacaqbu halda Paşinyan ölkədən qaçmağa məcbur qalacaq. Məsələ ilə bağlı “reqnum” saytı yazır ki,  hadisələrin gedişi Ermənistanda yeni proseslərin nə ilə nəticələnməsindən çox asılı olacaq: “Paşyinyan yenidən qalib gəlib Qərbyönlü siyasətini davam etdirsə, Moskva Qarabağ kartından mütləq yararlanacaq. Prosesdən uduşlu çıxan tərəf isə Azərbaycan olacaq”.

 

Rusiyalı ideoloq Aleksandr Duqin isə qeyd edir ki, Moskva Qarabağ məsələsində uzun illər ərzində əldə olunmuş razılıqların Paşinyan üzündən hədər olmasını istəmir. Onun sözlərinə görə, Putin hər zaman aktiv şəkildə Qarabağ probleminin həllinə çalışıb: “Məhz Putinin sayəsində Serj Sarkisyan dönəmində Qarabağın həlli məsələsində irəlləyiş əldə edilib. Paşinyanın hakimiyyətə gəlişi Bakı, İrəvan və Moskva arasında Dağlıq Qarabağla bağlı əldə edilən razılaşmanı zərbə altına qoydu. İndi Qarabağ ətrafındakı beş rayonun Azərbaycana qaytarılmasını nəzərdə tutan həmin razılaşmanı yenidən bərpa etmək cəhdləri müşahidə edilir. Paşinyan baş nazirliyinin ilk dönəmlərində bu razılaşmalar barədə heç nə eşitmək istəmirdi, amma situasiya onu reallıqla barışmağa məcbur edir. Bakı-Moskva əlaqəsi gücləndikcə İrəvan anlayır ki, Moskvanın inamını əhəmiyyətli dərəcədə itirir. İrəvan anlayır ki, bir müddət əvvəl Ermənistan Rusiyanın müttəfiqi idi, amma indi bu funksiya Bakıya keçir”. O, Paşinyanın artıq reallıqları görməyə başladığını da bildirir: “Düşənbə sammitindəki Əliyev-Paşinyan görüşü sübut edir ki, bütün radikalpopulist çıxışlarına rəğmən, Ermənistan baş naziri Azərbaycan rəhbəri ilə əlaqə qurmağın vacibliyini anlayır. Güman edirəm ki, Azərbaycan və Ermənistan liderlərinin danışığı Moskva və Bakının apardığı böyük fəaliyyətin nəticəsidir. Görünür, Paşinyan həm də taktikasını dəyişir. O başa düşür ki, Dağlıq Qarabağı danışıqlara cəlb etməklə bağlı tutduğu mövqe qeyri-realdır. Bu mövqeni isə nə Rusiya, nə də Qərb müdafiə edir. Ona görə də indiki halda söhbət Paşinyanın mövqeyinin korreksiyasından gedir”. Qeyd edilənlərdən bu qənaətə gəlmək mümkündür ki, hazırda Ermənistan daxilində cərəyan edən proseslər fonunda Qarabağ məsələsinə dair  gözləntilər iki istiqamətdən ibarətdir. Əvvəla, burada yeni hakimiyyət dəyişiklyinin olmasını istəyən Rusiya ona bağlı qüvvələrin iqtidara gəlməsini istəyir. Bu halda həmin qüvvə Kremlin Qarabağ tələbini daha maneəsiz həyata keçirəcək. Yox, Paşinyan yenidən iqtidarda qalmağı bacarsa, onda yenə Rusiyanın istəklərini yerinə yetirməli olacaqbu zaman əsas istəklərdən biri yenə işğal altındakı bəzi rayonların azad edilməsini özündə ehtiva edəcək. Bu halda Paşinyan Moskvanın yardımı ilə hakimiyyətdə qalmağı bacaracaq. Digər variantda Paşinyan Rusiyaya qarşı çıxsa, Kreml onun devrilməsi üçün yenə bir neçə rayonun Azərbaycanın nəzarəti altına qayıtmasını təmin etməli olacaq. İstənilən halda isə yaxın tezlikdə Qarabağ məsələsində müəyyən yeniliklərin olması tamamilə gözləniləndir.

 

 

Tahir TAĞIYEV

 

Bakı xəbər.- 2018.- 4 oktyabr.- S.9.