Muğam haqda qanun (?) layihəsinə tanınmış sənət ustalarının reaksiyası...

 

Onlar qəbul edilməsi gözlənilən bu sənədin muğam sənətinin inkişafına böyük təkan verəcəyini düşünürlər

 

Mənsum İbrahimov: “Bu qanunla həm də muğam sənətinin qorunması, təbliğ edilməsi, yaşadılması və s. məsələlər hüquqi cəhətdən tənzimlənəcək”

 

Qəzənfər Abbasov: “Bu qanun muğamın pərakəndə şəkildə yayılmasının qarşısını alacaq və onun inkişafı üçün hüquqi baza rolunu oynayacaq”

 

Azərbaycan milli musiqisinin əsas qaynaqlarından biri olan muğam sənətinin inkişafına və təbliğ edilməsinə dövlət səviyyəsində çox böyük dəstək var. Muğam sənətinin UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi fikrimizi təsdiq edən faktlardan biridir.

Onu da vurğulayaq ki, Bakıda Beynəlxalq Muğam Mərkəzinin inşa edilməsi, eləcə də Beynəlxaq Muğam Festivalının, muğam müsabiqələrinin təşkil edilməsi dövlətin muğam sənətinə göstərdiyi qayğılar sırasındadır. Sözsüz ki, dövlətlə yanaşı, Heydər Əliyev Fondunun da muğam sənətinin inkişafına, təbliğinə verdiyi böyük töhfələr təqdirəlayiqdir.

Uzun illərdir muğam sənəti haqqında ayrıca qanunun hazırlanaraq qəbul edilməsi məsələsi müzakirə edilirdi. Görkəmli muğam ustaları, musiqiçilər hesab edirdilər ki, muğam sənəti haqqında qanun qəbul edilməsi bu sahəyə böyük dəstək olar.

Milli Məclisin Mədəniyyət komitəsinin rəhbəri, akademik Rəfael Hüseynovun bildirdiyinə görə, artıq muğam sənəti haqqında qanun layihəsi hazırlanıb və təsdiq edilməsi üçün Milli Məclisə təqdim ediləcək. 

Muğam sənəti haqqında qanun bu sənətin mövcud inkişafına necə təsir göstərəcək?

Xalq artisti, professor Mənsum İbrahimov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, artıq Milli Məclisin Mədəniyyət komitəsi tərəfindən hazırlanan muğam sənəti haqqında qanun layihəsinin müzakirəsi aparılır. Onun sözlərinə görə, muğam ustadlarının, musiqiçilərin, muğam ifaçılarının iştirakı ilə qanun layihəsinin müzakirəsi keçirilib. Bu layihənin mükəmməl olduğunu deyən M.İbrahimovun qeyd etdiyinə görə, muğam sənəti haqqında qanun qəbul edilərsə, bu, muğam sənətindəki pərakəndəliyin və s. halların qarşısını alacaq: “Muğam sənəti tarixində ilk dəfədir muğam sənəti haqqında qanun layihəsi hazırlanıb və bu dövlət sənədi qəbul edilir. Bu çox böyük əhəmiyyətə malik bir qanun layihəsidir. İndiyə qədər bizim muğam haqqında qanunumuz olmayıb. Biz artıq konservatoriyada bu layihəni müzakirə etmişik. Oktyabrın 4-də bizi Milli Məclisə dəvət ediblər. Biz orada da bu layihənin müzakirəsində iştirak edəcəyik, təbii ki, öz təkliflərimizi verəcəyik. Hesab edirəm ki, müzakirələrin də nəticələri o olacaq ki, Azərbaycanda muğam haqqında mükəmməl bir qanun qəbul ediləcək. Bu qanunun qəbul edilməsi bizə imkan verəcək ki, bu sahədə olan pərakəndəlik aradan qaldırılsın, muğamın təbliğatı daha yüksək səviyyədə həyata keçirilsin. Bu qanunla həm də muğam sənətinin qorunması, təbliğ edilməsi, yaşadılması və s. məsələlər hüquqi cəhətdən tənzimlənəcək”.

Bu qanunun hazırlanmasının dövlətin muğam sənətinə göstərdiyi dəstəyin daha bir uğurlu nümunəsi olduğunu deyən M.İbrahimov hesab edir ki, muğam sənəti haqqında qanunun qəbul edilməsi bu sənətin daha yüksək səviyyədə inkişafına, qorunmasına və təbliğ edilməsinə hüquqi baza yaradacaq.

Görkəmli xanəndə, Əməkdar müəllim Qəzənfər Abbasov da hesab edir ki, muğam sənəti haqqında qanun layihəsinin hazırlanması bu sahənin mövcud inkişafına və gələcəyinə böyük təkan verəcək: “Bu qanun layihəsinin hazırlanaraq müzakirəyə təqdim edilməsinin çox böyük əhəmiyyəti var. Muğam haqqında qanun hazırlanmasını çox müsbət qarşılayıram. Bu olduqca vacib bir məsələdir. Birincisi, bu qanun muğamın pərakəndə şəkildə yayılmasının qarşısını alacaqonun inkişafı üçün  hüquqi baza rolunu oynayacaq. Digər tərəfdən, dövlətimiz muğam sənətinə böyük dəstək verir. Bu qanunla isə artıq muğam sənəti rəsmi şəkildə dövlət tərəfindən himayə olunacaq. Bu qanun, eyni zamanda, muğamın düşmən ölkələr, yadlar tərəfindən mənimsənilməsinin qarşısını alacaq. Muğam haqqında qanunun qəbul edilməsi muğam sənətinin bütöv Azərbaycanda tədris və təbliğ edilməsinə şərait yaradan bir faktor olacaq. Azərbaycan muğamlarının qədim ənənəsinin qorunub saxlanmasında da bu qanun əsaslı rol oynayacaq. Qanun muğamın müasir dövrdə elmi şəkildə inkişafına gətirib çıxaracaq”.

 

 

İradə SARIYEVA

 

Bakı Xəbər.- 2018.- 4 okt­yabr.- S.14.