Həkim-rəssamın
fərdi sərgisi...
“Mənim ilk sərgimi ziyarət etdiyiniz və rəssamlıq sevgisinə ortaq olduğunuz üçün
Sizə minnətdaram.
Hər rəssamın
həyatında keçilməsi
labüd olan sınaqlar var. Bu, yaradıcılıq
yolunun ayrılmaz hissəsidir. Rəssamın işi gözəlliyi
görmək, onu öz qavrayışından
keçirərək inikas
etdirmək və yenidən dünyaya geri verməkdir.
Xoşbəxtlik özünü dərketmədədir...
Öz işlərimi təqdim etməklə Sizə gözəl əhval-ruhiyyə bəxş
etmək arzusundayam...”
Bu səmimi
sətirlər MDB ölkələrində, xüsusən də
Azərbaycanımızda yaxşı tanınan həkim
oftalmoloq, hazırda Rusiya Federasiyasının Moskva şəhərində
yerləşən elmi-Tədqiqat Göz Xəstəlikləri
İnstitutunun aparıcı əməkdaşı kimi fəaliyyət
göstərən istedadlı cərrah, gözəl şair və
ecazkar rəssamlıq duyğulu İnci Arif qızı Vəliyevanın
sərgi iştirakçılarına kövrək ürək
çırpıntıları ilə təqdim etdiyi müraciətindəndir...Dünyanın
özü qədər qədim olan milli rəssamlıq sənətimizin
baş məbədi olan Azərbaycan Rəssamlar
İttifaqı, öz müqəddəs ənənəsinə
sadiq qalaraq, peşəkar və gələcəyin peşəkarları
olacaq gənc sənətkarlarla yanaşı, sənət sahəsində
xüsusi təhsilə yiyələnməyən, lakin bu sənətdə
xüsusi istedad və həvəsə malik olan yaradıcı
insanlara da öz diqqət və qayğısını daim
göstərmiş, fitri qabiliyyətli sənət
adamlarının məharət və bacarıqlarını
geniş kütlələr - ümum cəmiyyət
qarşısında göstərmələri
üçün hər cür şərait yaratmış,
yaradır və təbii ki, gələcəkdə də
yaradacaqdır... İttifaqın növbəti belə bir təqdimatı
bu günlərdə V.Səmədova adına Sərgi salonunda
Azərbaycan tamaşaçılarına təqdim etdiyi həvəskar
rəssam İnci Vəliyevanın əl işlərindən
ibarət fərdi sərgisi oldu...
Sərgini
giriş sözü ilə açan Rəssamlar
İttifaqının katibi, Xalq rəssamı Ağali
İbrahimov İnci Vəliyevanın həyat və fəaliyyəti
haqqında, eyni zamanda onun hər iki - həkim və rəssamlıq
sənətindəki təbəddülatları necə dəf
edərək bugünkü nailiyyətləri əldə etməsi
barədə sərgiyə gələnlərə ətraflı
məlumat verdi. Sonra Azərbaycan Rəssamlar
İttifaqının məsul katibi, əməkdar incəsənət
xadimi Rafiq Kərimov çıxış edərək
İttifaqın sədri, Xalq rəssamı Fərhad Xəlilovun
ölkədə olmadığından bu sərgidə
iştirak edə bilmədiyinə görə təəssüflərini
bildirdiyini, eyni zamanda tədbirin səbəbkarı rəssam
İnci Vəliyevaya onun səmimi təbriklərini
çatdırmağı xahiş etdiyini bildirdi. Ardınca
çox nadir insanlara öz təəssüratlarını
şeirlə ifadə edən Rafiq müəllim İnci Vəliyevaya
həsr etdiyi şeirini oxudu. Azərbaycanın görkəmli
rəssamı Xanlar Əhmədov çıxışına
sərginin təşkilatçılarına öz təşəkkürünü
bildirməklə başladı. Ardınca İnci Vəliyevanın
yaradıcılığındakı peşəkar nəciblikdən
söz açdı. Eyni zamanda sərgi müəllifinin
atası Arif müəllimlə xalaoğlu olduğunu bildirdi və
qeyd etdi ki, təvazökarlıqdan uzaq olsa da,
düşünürəm, elmə, ədəbiyyata, incəsənətə
meyl və xüsusi qabiliyyət Allah tərəfindən bizim
nəsilə verilmiş bir bəxşişdir, hədiyyədir...
Türkiyədə
yaşayıb-yaradan rəssamlar da, öz növbələrində,
İnci Vəliyevanın sənətini,
yaradıcılığını ayrı-ayrı əsərlərini,
bütövlükdə sərgidəki eksponatları yüksək
dəyərləndirdilər və gələcəkdə bu sərginin
davamını Türkiyədə görməyi arzuladılar.
Eyni zamanda sərgiyə dəvət olunmuş sənətşünaslar,
rəssamlar və digər qonaqlar - respublikamızın
görkəmli ziyalıları, alimlər, millət vəkilləri
sərginin açılışı münasibətilə
İnci xanımı təbrik etdilər. Sonra müəllifə
- İnci xanıma söz verildi. O da öz növbəsində
bütün sənət adamlarını,
iştirakçıları, qonaqları salamladı, zəhmət
çəkib onun sərgisinə gəldikləri
üçün onlara dərin təşəkkür və
minnətdarlığını bildirdi.
Sonda
Ağali İbrahimov yekun sözünün ardından sərginin
rəsmi hissəsini yekunlaşdıraraq qırmızı
lenti kəsdi və iştirakçıları sərgiyə
tamaşa etməyə dəvət etdi...
60-a
yaxın eksponatla bəzədilmiş bu müqəddəs
salon - Azərbaycan Rəssamlar İttifaqının Vəcihə
Səmədova adına Sərgi salonu öz
tamaşaçılarını təlatümlü bir
anşlaqla ağuşuna aldı. Sərgidəki əsərlər
elə ilk baxışdan sanki ilahi auralı bir pozitiv enerji ilə
tamaşaçıların qəlblərini ovladı,
ruhlarına hopdu. Bunu onların bir-birinə
sığınaraq uzun müddət hər hansı bir əsərin
qarşısından çəkilə bilməmələri
sübut edirdi...
Sərginin
maraqlı cəhətlərindən biri o idi ki, rəssamın
mövzu müraciətlərində bir sərhədsizlik
açıq-aydın özünü büruzə verirdi. Müəllifdə
mövzu qıtlığı, demək olar ki, heç bir
halda hiss olunmurdu. Digər tərəfdən janr müxtəlifliyi
zənginliyi də kifayət qədərdi. Bu janrlar üzrə
işləmə texnikası da rəssamın özünəməxsusluğu
ilə seçilirdi. Bu texniki üsul məharəti həm rəngkarlıq
- yağlı boya ilə işləmələrində, həm
qrafika - xüsusən də karandaşla işləmələrində
özünü daha qabarıq göstərirdi.
Kağız
üzərində pastel (əlvan rəngli karandaşlar)
işləmə texnikası isə öz incəliyi, zərifliyi,
gözoxşamaları ilə xüsusi təsir gücündə
olan estetik duyğular yaradaraq insan varlığında sanki bir
harmoniya, bir tarazlıq yaradırdı... Düşünürəm
ki, aşağıda bu qəbildən işlənmiş bir
neçə əsərin adını çəksəm, yəqin
ki, oxucularımızda müəyyən təsəvvür
yaratmış olaram!
“O
qadın” (pastel, kağız), “Mahtab” (kətan, akril,
şüşə, konturu) “Mənim palitram” (kətan,
yağlı boya), “Anam” (kətan, yağlı boya), “Lerik” (kətan,
akril), “Atam” (kətan, yağlı boya), “Sükunət” (kətan,
akril), “Roman” (kətan, akril), “Cahan” (kətan, yağlı
boya), “Mikulya” (kətan, yağlı boya), “Səkinə”
(pastel, kağız), “Gülya” (kətan, yağlı boya),
“Çatlaq şəhər” (kətan, akril, şüşə
konturu),“Bağda səhər” (kətan, yağlı boya), “Mənim
molbertim” (karandaş, kağız), “Dərketmə”
(karandaş kağız), “Kotor buxtası” (kətan,
yağlı boya), Monteneqro (kətan, yağlı boya),
“Güllər” (kətan, akril), “Afrikalı qadınlar (triptix)”
(kətan, akril, şüşə konturu), “Qış” (pastel,
kağız), “Kotor Monteneqro” (kətan, yağlı boya),
“Qürub” (kətan, yağlı boya), “Firuzəyi çəllək”
(kətan, yağlı boya) və s. bu qəbildən olan əsərlər
rəssamın təkcə göz görüntülərini əks
etdirmir, eyni zamanda onun bütövlükdə dünya
görüşünü, həyata baxışını,
fırçaya, karandaşa gətirdiyi həyatımızın
bir parçasını, təbiətin bir anını,
bütövlükdə varlıqların həyat
missiyasını idrakından süzülüb gələn fəlsəfi
mahiyyətin əsasları nöqtəsində cəmləşdirmə
məharətini əks etdirir...
Deyirlər
ki, həyatda heç nə təsadüfi olmur. Görünür bu doğrudan da belədir…
Tanışlıq təəssüratı. İnci Arif
qızı Vəliyeva
dünyaya göz açanda nə özü, nə də valideynləri təsəvvürlərinə belə
gətirməzdilər ki,
arıq, xırda bir körpə gələcəkdə yüzlərlə
insanın cismani gözlərinə işıq,
milyonlarla insanın isə bəsirət gözlərinə nur bəxş edəcək.
Bəlkə də elə
beləcə xırdalığına
görə ona bədahətən İnci
adını verdilər.
Bir az
geniş yanaşsaq, bu sözdə - adda iki məna
görmək olar. Birinci görkəmlilik, zəriflik
baxımından, ikincisi
isə gözəllik
və qiymətlilik baxımından. Yəni incəlik
və incilik olaraq.
Heç şübhə etmirəm
ki, bu da Tanrının qüdrəti
idi ki, bu
insan hər iki mənanı öz varlığında,
öz vücudunda tamamladı. Onun vücudundakı bu incəlik adı kimi zərif barmaqlarında tamlandı…
İnsan
varlığının ən
zərif, incə nöqtəsi olan göz əməliyyatları
zamanı cərrah bıçağını tutan
o incə barmaqlar eyni zəriflik, incəliklə də rəssam fırçasını
tutdu. Və eyni diqqət
və həssaslıqla
da kətan üzərində
gəzdi. Sonradan
bu sehirli barmaqlar diyircəkli qələmi də öz aralarında sıxdı və İnci xanımın qəlb çırpıntılarını
misralara çevirib kağız üzərinə
köçürdü… Və
bu incəliklər onun varlığının,
ruhunun inci dəyərində tamamlandı…
Əsmər bənizli,
zərif vücudlu bu qeyri-adi varlığın
ən böyük sücaətlərindən biri
də odur ki, o bu ecazkar
qabiliyyəti, bacarığı
ilə Azərbaycanımızın,
millətimizin başını
yad ölkənin baş kəndində ucalardan uca etməkdədir…
Bütün
bunlarla yanaşı ləyaqətli, nəcib bir ziyalı nəsli
şəcərəsinə mənsub olan İnci xanım nəsillərinin
adına layiq bir ev-ailə qadını, valideynlərinə
göz çırağı olmağı bacaran bir övlad, onun
gələcək arzularını həyata keçirəcək
bir oğul anası, elitar cəmiyyət arasında mötəbər,
ülya bir xanımdır. Atası Arif müəllim də
fizika-riyaziyyat sahəsi üzrə Azərbaycanın görkəmli
elm xadimi olmaqla yanaşı, respublikamızda
tanınmış ədəbi-bədii yaradıcı bir
insandır. Qardaş-bacıları da o cümlədən… Və
bir sözlə, rəssam Xanlar Əhmədovun
çıxışında qeyd etdiyi kimi, digər sahələrlə
yanaşı, ədəbiyyat və incəsənət sahəsindəki
bacarıqlar bu ailənin, bütövlükdə bu nəslin
Tanrı tərəfindən hədiyyə olunmuş vergisidir.
Sərgidən
ayrılanda Arif müəllimin gözlərində nəmli
bir parıltı gördüm. Bu məndə belə bir təəssürat
yaratdı ki, bu parıltı iki müxtəlif hissin
toqquşmasında bərq vuran bir şölədir. Biri
sevimli həyat yoldaşının vaxtsız
dünyasını dəyişməsi səbəbindən
övladının könülləri riqqətə gətirən
bu uğurunu görə bilməməsi təəssüfü,
digəri isə İnci xanımın bu nailiyyətinin –
xoşbəxtlik anının sevincidir...
Mən
də öz növbəmdə İnci xanıma hər iki nəcib
sənətində uğurlar diləyir, daha uca zirvələr
fəth etməsini arzu edirəm…
Binnət HÜMBƏTOĞLU
sənətşünas
Bakı xəbər.- 2018.- 4
oktyabr.- S.15.