Azərbaycan KTMT çərçivəsində də Ermənistanı küncə sıxışdırmaq gücünə sahiblənir

 

Hərbi və diplomatik müstəvidə Azərbaycan son illərdə Ermənistan üzərində çoxsaylı qələbələrə imza atmağı bacarıb. Eyni zamanda Bakı həyata keçirdiyi transmilli layihələr fonunda işğalçı ölkənin iqtisadi təcridini də əhəmiyyətli dərəcədə dərinləşdirib. Elə bundan irəli gəlir ki, Ermənistanda sosial-iqtisadi vəziyyət hər keçən gün pisləşir.

Azərbaycanın daha bir möhtəşəm uğuru Ermənistanı ənənəvi himayədarlarının dəstəyindən tədricən məhrum etməsidir. İndi nə Qərb dünyasında, nə də Rusiyada Ermənistana əvvəlki münasibət sərgilənir. Təbii ki, bütün bunlar düşmənin daha da zəifləməsinə və beləliklə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Azərbaycanın maraqlarına uyğun əlverişli şəraitin yaranmasına rəvac verir. Bakının biri-birinin ardınca əldə etdiyi bu üstünlüklər Ermənistanda da aydın görülür, sezilir və kifayət qədər böyük narahatlıqla da qarşılanır. Məhz belə bir vaxtda işğalçı tərəfin əndişəsini artıran daha bir məsələ Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında da (KTMT) Ermənistanı küncə sıxışdıra biləcəyidir. Əslində, həmin təşkilata üzv ölkələrlə Azərbaycanın qurduğu əlaqələr indi KTMT-də İrəvanla müqayisədə Bakının səsinin daha çox eşidilməsinə rəvac verir. Halbuki, Ermənistandan fərqli olaraq, Azərbaycan həmin təşkilata üzv deyil. Görünür, elə bu səbəbdəndir ki, KTMT Katibliyinin son toplantısından sonra Azərbaycanın təşkilatda müşahidəçi statusunun ala bilməsinin gündəmə gəlməsi hələ də Ermənistanda böyük təşviş yaradır.

Ermənistanda baş verən son proseslər fonunda kreslosu laxlayan baş nazir Nikol Paşinyan isə bu məsələ ilə bağlı yenidən erməni cəmiyyətini sakitləşdirməyə çalışıb. O iddia edir ki, Azərbaycan heç vaxt KTMT-yə, hətta müşahidəçi kimi də, üzv olmayacaq. Paşinyan qeyd edib ki, KTMT-yə yeni ölkələrin daxil olması konsensusla həll edilir və Azərbaycanın bu təşkilata daxil olması ilə bağlı məsələdə Ermənistanın mövqeyi haqda danışmaq artıqdır: “Ermənistan heç vaxt razılaşmayacaq ki, Azərbaycan bizim üçün əsas hərbi-siyasi təşkilatda üzv və ya müşahidəçi olsun”. Daha öncə isə Ermənistan Xarici İşlər Nazirlyinin mətbuat katibi Tiqran Balayan da eyni mövqedən çıxış edib: “Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baza sənədlərində müəyyən edilmiş parametrlərə uyğun gəlmir. İndiki zamanda bunun olması mümkün deyil. Təşkilatda qərarlar konsensus əsasında qəbul edilir”. Amma bütün bunlara rəğmən, erməni mətbuatında Azərbaycanın KTMT-yə üzv ola biləcəyinə dair məlumatlar yayılır və həyəcan təbili çalınaraq, bunun Ermənistan üçün hərtərəfli, xüsusən də Dağlıq Qarabağ münaqişəsi nöqteyi-nəzərindən olduqca təhlükəli olduğu və ağır nəticələrə gətirib çıxaracağı vurğulanır. Erməni KİV-ləri yazır ki, KTMT-nin Dağlıq Qarabağda mümkün müharibəyə qarışmaq səlahiyyəti olmasa da, indiyədək İrəvan təşkilata üzvlüyündən təhdid vasitəsi kimi istifadə edirdi və ən azı Qarabağ müharibəsi böyüyərək Ermənistan ərazisinə keçərsə, İrəvan təşkilatın nizamnaməsinə uyğun olaraq KTMT-nin hərbi dəstəyinə arxalanırdı. Lakin Azərbaycan təşkilata üzv olduqdan sonra İrəvan bütün təhdid rıçaqlarını itirmiş olacaq. Çünki KTMT iki üzv dövlətin müharibəsinə qarışaraq tərəflərdən kiminsə yanında yer almayacaq. Bu isə regionda hərbi balansı öz xeyrinə dəyişən Azərbaycana daha bir üstünlük verəcək. Məhz bu qorxusuna görə rəsmi İrəvan onsuz da digər üzvlərinin Bakı ilə səmimi və sıx əlaqələrə malik olduğu KTMT-də Cənubi Qafqazın ən güclü ordusu və iqtisadiyyatına sahib Azərbaycanın təmsil olunmaması üçün “parametrlərin uyğunsuzluğu” kimi əsassız və cəfəng bəhanələr gətirərək, bunun qarşısını almağa çalışacağını gizlətmir.

Rusiyanın “Rosbalt” portalı isə Azərbaycanın  KTMT-yə qəbulu məsələsində Ermənistanın ciddi rolu olmayacağını, hər şeyi Moskvanın həll edəcəyini vurğulayır: “Moskva ona təzyiq göstərmək üçün rıçaqlar tapacaq. Və İrəvanın “hə-yox”unun KTMT üçün heç bir həlledici rolu olmayacaq”. Ermənistanın  “Jamanak” qəzeti də yazır ki, Azərbaycan istəsə, quruma üzv olmaqda çətinlik yaşamayacaq:  “Rusiya başda olmaqla, KTMT-nin digər üzvləri Ermənistanın istəklərinin əksinə olaraq Azərbaycanın quruma üzvlüyünü dəstəkləyir. Hesab edilir ki, bununla təşkilat daha güclü hala gələcək. Burada belə fikirlərə də rast gəlmək olar ki, Azərbaycan təşkilata Ermənistandan daha çox fayda gətirmək iqtidarındadır. Belə olan halda Ermənistanın Azərbaycanın üzvlüyünə müqavimət göstərməsi çətin olacaq. Hətta İrəvanın təşkilatı tərk etmək hədələri belə hansısa nəticə verməyəcək”. Hesab edilir ki, Azərbaycanda Rusiya ilə hərbi-siyasi inteqrasiyaya fəal baxılırsa, İrəvanda isə Rusiya qoşunlarının və sərhədçilərinin qovulması tələbilə çıxış edirlərsə, bu məsələdə İrəvanın səsini heç  kim eşitməyəcək. Qəzet onu da vurğulayır ki, KTMT-nin baş katibi Yuri Xaçaturovun postundan kənarlaşdırılması da qurumda İrəvanın mövqelərini zəiflədir. Yeri gəlmişkən qeyd edək ki, hazırda təşkilatda Yuri Xaçaturovu kimin əvəzləyəcəyi müəyyən olunur.  Rusiya xarici işlər nazirinin müavini Aleksandr Pankin də bunu təsdiq edib: “Yuri Xaçaturovun dəyişdirilməsi təşkilatın fəaliyyətinə mənfi təsir etməyəcək. Ermənistan tərəfi Yuri Xaçaturovun tutduğu postdakı səlahiyyətlərinin vaxtından əvvəl dayandırlmasına təşəbbüs edib. Digər üzv dövlətlər kimi Rusiya tərəfi də KTMT baş katibi ətrafında yaranan vəziyyətin təşkilatın fəaliyyətinin effektivliyi və rabitəliliyinə təsir göstərməməsində maraqlıdır”. O əlavə edib ki, hazırda Xaçaturovun məsələsi ilə bağlı proses KTMT-dəki mövcud prosedurlar çərçivəsində icra olunur. Qazaxıstanın xarici işlər naziri Kayrat Əbdürrəhmanov da bildirir ki, KTMT-yə üzv dövlətlər alyansın baş katibi Yuri Xaçaturovun dəyişdirilməsi məsələsi ilə bağlı intensiv məsləhətləşmələr aparır. Onun sözlərinə görə, KTMT baş katibinin dəyişdirilməsilə bağlı qəbul ediləcək qərar hər kəsi razı salmalıdır: “Bu istiqamətdə intensiv fəaliyyət alyansın normal fəaliyyəti üçün yaranacaq hansısa neqativ nəticələrdən qaçmaq üçün aparılır. Əminəm ki, bu situasiya KTMT-nin genişmiqyaslı fəaliyyəti üçün neqativ nəticələrə səbəb olmayacaq”.

Xatırladaq ki, Yuri Xaçaturov Ermənistanda 2008-ci ilin mart qırğını ilə əlaqədar açılan cinayət işi çərçivəsində ölkənin konstitusiya quruluşunu devirməyə cəhddə ittiham olunur. Onun qurumdan gedişi isə İrəvanın təşkilatda mövqelərinin daha da zəifləməsi kimi qiymətləndirilir. Bu durumda əksər rus ekspertlər hesab edir ki, Moskva Azərbaycanın təşkilata üzvlüyünü stimullaşdırmalı, bunun üçün Qarabağ münaqişəsinin həlli istiqamətində də səylərini artırmalıdır. Məsələn, hərbi ekspert  İqor Korotçenko vurğulayır ki, Rusiya KTMT-ni möhkəmləndirməlidir: “Postsovet məkanının gücləndirilməsi iki istiqamət üzrə getməlidir. Bunlardan birincisi KTMT-dir. KTMT-ni genişləndirmək lazımdır. Bizim KTMT-ə üzv olmayan MDB ölkələrimiz var. Azərbaycan və Özbəkistanı KTMT-yə qəbul etmək lazımdır. Yeri gəlmişkən, bu, Ermənistanla hərbi qarşıdurma risqini də minimuma endirməyə imkan verəcək”.

Digər rusiyalı politoloq Qriqori Trofimçuk isə bu xüsusda qeyd edir: “Rusiya regionda Azərbaycanı istənilən məqamda strateji tərəfdaşına çevirməyə hazırdır. Azərbaycan MDB-dən başqa Rusiyanın iştirakçısı olduğu heç bir bloka üzv deyil. Bu baxımdan Azərbaycan əsas sahələrdə tutarlı faktora çevrilir. Bu yaxınlarda Xəzər dənizinin hüququ statusu haqda imzalanmış Konvensiyanı buna misal göstərmək olar. Azərbaycan nə bilavasitə Avrasiya İqtisadi İttifaqına, nə Kollektiv Təhlükəsizlik Təşkilatına iştirakçı kimi qoşulasıdır. Çünki Azərbaycan, Konstitusiyasında da qeyd olunduğu kimi, öz neytrallığını qorumaq hüququna malikdir. Ancaq bu formatlarla sıx əlaqələr qurmaq üçün müşahidəçi qismində çıxış etməyə hazırdır. Rəsmi Bakı başa düşür ki, hətta bu istiqamətdə atdığı addımlar Ermənistana qarşı qeyri-hərbi silah ola bilər. Odur ki, bu istiqamətdə işlərini daha da genişləndirir”.

Rusiya Elmlər Akademiyasının Avropa İnstitutunun direktor müavini Sergey Fyodorov isə hesab edir ki, KTMT Qarabağ probleminin həlli üçün yaxşı meydança ola bilər. Onun sözlərinə görə, bu köhnəlmiş münaqişənin həlli üçün bütün imkanlardan, həmçinin KTMT meydançasından istifadə etmək lazımdır. Müasir İdeologiyanın İnkişafı üzrə Milli İnstitutun direktor müavini İqor Şatrovun da məsələ ilə bağlı fikirləri olduqca maraqlıdır: “Azərbaycanın KTMT-nin yaranmasında rolu olub. Azərbaycan 1993-cü ilin sentyabrında Kollektiv Təhlükəsizlik Müqaviləsini beş il müddətinə imzalayıb. Lakin beş ildən sonra Azərbaycan bu müqaviləni uzatmayıb. Hazırda Azərbaycanla Rusiya arasında iqtisadi, hərbi-texniki sahədə əməkdaşlıq yüksək səviyyədədir. Bizim cənub qonşularımızla sərhəddə təhlükəsizlik elə Rusiyanın cənubunda təhlükəsizlik deməkdir. Moskva Azərbaycanın KTMT və Avrasiya İqtisadi İttifaqı kimi təşkilatlara daxil olması məsələsinə əsla müdaxilə etməyəcək. Azərbaycan KTMT-yə daxil olmaq istəsə, onun atacağı ilk addım müşahidəçi üzv statusu almaqdır. Bu fonda isə məsələnin həllində yeni dinamika müşahidə edilə bilər“. Bütün bu açıqlamalardan aydın görünür ki, Bakı üçün KTMT-yə üzvlük və ya ilk mərhələdə müşahidəçi statusunu alınması elə də çətin deyil. Elə Ermənistanı qorxudan da budur. Amma KTMT-yə üzv olmadan da Bakı təşkilat çərçəivsində Ermənisatnı artıq ciddi təzyiq altında saxlaya bilir. Təşkialt üzvlərinin Azərbaycanla bütün istiqamətlərdə genişlənən əməkdaşlığı, Ermənistanın bu məsələdə narazılığına ümumiyyətlə əhəmiyyət verilməməsi qeyd olunanların təsdiqi sayıla bilər.

 

 

Tahir TAĞIYEV

 

Bakı xəbər.- 2018.- 5 oktyabr.- S.9.