Son aylarda Azərbaycan
alimlərinin üzə çıxardığı qədim
mədəniyyətimizin izləri…
“Son zamanlar ölkə ərazisində
saysız arxeoloji abidə aşkarlanıb və bu abidələrin
üzə çıxarılmasında dövlətin göstərdiyi
dəstəyin ayrıca yeri var”
Samirə Qurbanova: “Qədim və
orta əsrlər dövrünə aid abidələrin hər
biri aşkarlandıqdan və onun üzərində mütəxəssislər
işini başa çatdırdıqdan sonra əlaqədar
dövlət qurumları o abidələri rəsmən qeydə
almalıdırlar”
Məlum olduğu kimi, Azərbaycan ərazisində aparılan arxeoloji qazıntıların miqyası xeyli dərəcədə genişlənib. Demək olar ki, ölkəmizin müxtəlif bölgələrinə davamlı olaraq ekspedisiyalar təşkil edilir və arxeoloqlar elmə məlum olmayan yeni arxeoloji abidələr aşkarlayırlar. Maraqlıdır ki, bu abidələrin hər birinin tarixi qədim dövrlərə aiddir. Maddi-mədəni irsimizin özəyini təşkil edən arxeoloji abidələr tariximizin ən qiymətli daş örnəkləri kimi arxeoloqlar tərəfindən ictimaiyyətə təqdim edilir.
Son
bir neçə ayda arxeoloji qazıntılar nəticəsində
aşkarlanan arxeoloji abidələrin sayı çoxdur.
Onu
da qeyd edək ki, Sovet dövründə Azərbaycanda arxeoloji
qazıntılar əsasən o dövrün maraqlarına
uyğun aparıldığından, bir çox yerlərdə
bu iş həyata keçirilməyib. Odur
ki, bu gün
ölkəmizin bir sıra yerlərində,
qədim şəhərlərində arxeoloji
qazıntılar aparılması zərurətə çevrilib.
Qeyd
etdiyimiz kimi, Azərbaycan arxeoloqları intensiv olaraq arxeoloji
qazıntı işləri həyata keçirirlər.
Bir
neçə həftə əvvəl Azərbaycan Milli Elmlər
Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun
arxeoloji ekspedisiyası tərəfindən İmişli rayonu
Qızılkənd inzibati ərazi vahidində yerləşən
Qızıltəpə ərazisində ilkin arxeoloji
qazıntılar aparılıb və tədqiqatlar zamanı
qala tipli istehkam tikilisinin qalıqları və orta əsrlərə
aid bir çox maddi mədəniyyət nümunələri
aşkar edilib. İnstitut əməkdaşları, həmçinin, Salyan, Biləsuvar və Yardımlı
rayonlarında həyata keçirdikləri arxeoloji
qazıntılar zamanı küp qəbirlər
aşkarlayıblar.
Ekpertlər
hesab edirlər ki, Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları
tərəfindən aşkarlanan arxeoloji abidələr
xalqımızın tükənməz sərvətidir.
Tarixçi-arxeoloq
Samirə Qurbanova bizimlə söhbətində bildirdi ki, Azərbaycanda
həyata keçirilən arxeoloji qazıntılar zamanı
aşkarlanan abidələr, qala qalıqları, tikililər
vaxtilə sovet arxeoloqlarını maraqlandırmayıb. O
qeyd etdi ki, keçmiş dövrlərdə
Azərbaycan arxeoloqları bu ərazilərdə
qazıntı işləri aparmaq istəsələr
də, onlar sovet rejiminin maneəsi ilə üzləşirdilər.
“Sevindirici haldır ki,
bu gün Azərbaycan
arxeoloqları dövlətdən dəstək alaraq
belə genişmiqyaslı arxeoloji
qazıntılar həyata keçirirlər. Hazırda ölkəmizin
bir neçə fərqli bölgəsində
Arxeologiya və Etnoqrafiya
İnstitutunun əməkdaşları arxeoloji qazıntı işləri
aparırlar. Diqqətçəkən məqamlardan biri odur ki,
arxeoloji qazıntı işinə xarici mütəxəssislər də qoşulublar.
Son zamanlar bir-birinin ardınca həyata keçirilən arxeoloji qazıntılar zamanı bir sıra maddi mədəniyyət nümunələri, arxeoloji abidələr meydana çıxarılıb. Məsələn, arxeoloqlarımız Salyan rayonunun Qırxçıraq yaşayış yerində, Ələt-Astara magistral yolunun sol tərəfində, vaxtilə Rəşid Göyüşov tərəfindən arxeoloji qazıntılar aparılan sahənin davamında və Babazanli küp qəbirlərinin yerləşdiyi ərazilərdə tədqiqatlar aparıblar. Məlumatıma görə, arxeoloji tədqiqatlar zamanı təndir, ocaq yerləri, yaşayış binalarının qalıqları, IX-XV əsrlərə aid olan müxtəlif təyinatlı saxsı qabların hissələri, həmçinin, metal, şüşə və s. qalıqları, dibək daşı və iki ədəd üzəri ərəb yazısı ilə işlənmiş daş plitələr əldə edilib. Həmçinin, Biləsuvar rayonu Bəydilli kəndi ərazisindəki qəbiristanlıqda yerləşən Yedditəpə abidəsindən birində aparılan arxeoloji kəşfiyyat işləri də yeni nəticələrdən xəbər verir. Kəşfiyyat işləri zamanı ilk orta əsrlər dövrünə aid olan çox zəif mədəni təbəqə aşkarlanıb. Belə qənaətə gəlinib ki, həmin təpəliklərdən Sasani işğalları dövründə gözətçi (müşahidə) məntəqələri kimi istifadə edilib. Azərbaycan-İran sərhəd-keçid məntəqəsi yaxınlığında yerləşən Turağay təpəsindəki kəşfiyyat işləri isə abidənin ilk orta əsrlər dövründə iri bir kəndtipli yaşayış məskəni olduğunu söyləməyə əsas verir”.
Ekspert
bildirdi ki, istər Yardımlı rayonundakı təsadüfi
tapıntılarla əlaqədar həmin bölgənin
Peştəsər dağ silsiləsində yerləşən,
Güm-güm adlandırılan, müxtəlif
ölçülü altı ədəd mağaranın qeydə
alınması, istərsə də digər aşkarlanan abidələr
tariximiz üçün qiymətlidir. “Ən böyük mağara isə
Baş Köül (boşluq) adlandırılır. Bundan əlavə,
mağaraların yerləşdiyi yerin ətəyindəki
ərazidə dənli bitkilərin əzilməsi üçün iri dibək
daşı, həmçinin, xırman yeri,
kəhriz bulağı adlanan ərazidə
bir ədəd iri katakomb qəbir, Peştəsər dağ silsiləsində orta
əsrlərə aid gözətçi
yerləri, yaxınlıqda yerləşən Köhnə
Arvana yaşayış yerində dairəvi
daş qutu qəbirlər,
orta əsrlərə aid
daha bir qəbiristanlıq
qeydə edilib. Bu abidələr
"Ayı nəsti” adlanan qayanın ətəyində
yerləşir. Yaxınlıqda Plovtəpə abidəsi
adlı ilk orta əsr
yaşayış yeri var.
Onu yerli əhali "Şütürüm (cəld, şıltaq) küllüyü” adlandırır”- deyə
bildirən ekspertin sözlərinə
görə, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun
apardığı tədqiqatlar zamanı Qax
rayonunda Qıpçaqtəpə abidəsi
aşkarlanıb. O bildirdi ki, Oğuz-Qax arxeoloji ekspedisiyası tərəfindən Qax rayonu ərazisində
aparılan tədqiqatlar nəticəsində Qıpçaq kəndinin
cənubunda (Üzümlü-Ağyazı istiqamətində olan şosse yolunun Əyriçay körpüsünə
çatmamış, yolun sağ
hissəsində, yerli əhali tərəfindən
"Əyrinin tapı" (Əyriçayın təpəlikləri) adlandırılan ərazidə)
çayın sağ sahilində yerləşən
Qıpçaqtəpə abidəsi ilk dəfə
qeydə alınıb. Tədqiqatçı
vurğuladı ki, 4 hektar
ərazini əhatə edən Qıpçaqtəpə abidəsində
arxeoloji kəşfiyyat
qazıntısı aparılıb. Qıpçaqtəpə
abidəsində aparılan arxeoloji kəşfiyyat
qazıntısı zamanı abidənin üst
təbəqələrinin ilk orta əsr və orta əsrlərə
aid olduğu müəyyənləşdirilib.
Tədqiqatçı
bildirdi ki, Goranboy rayonu ərazisində də arxeoloji
qazıntı işləri aparılıb və burada tunc
dövrünə aid yaşayış yeri aşkarlanıb.
Qeyd edək ki, tədqiqatlar zamanı Goranboy rayonunun Şəfəq kəndi ərazisində çoxtəbəqəli yaşayış yeri aşkara çıxarılıb. Tunc dövrünə aid olan yaşayış yerinin üzərində antik və orta əsrlərin maddi mədəniyyət nümunələrinə rast gəlinir. Yaşayış yeri Şəfəq kəndindən 500-600 metr şimal-qərbdə, qədim dərə yatağının sol sahilindədir. Burada tunc, antik və orta əsrlərə aid saxsı və daş məmulatı aşkarlanıb. Tunc dövrünün saxsı məmulatı qara, boz və qonur rəngli küp, küpə, bardaq, boşqab və digər qabların hissələrindən ibarətdir.
Ekspert
qeyd etdi ki, son ayların ən qiymətli arxeoloji abidələrindən
biri arxeoloji qazıntı zamanı eramızdan əvvəl V əsrə
məxsus Əhəməni memarlığını
xatırladan saray qalıqlarının tapılmasıdır.
Bu
ilin avqust ayında “Şəmkir-Qaracəmirli” Azərbaycan-Almaniya
Beynəlxalq ekspedisiyası Şəmkir rayonunun Qaracəmirli
kəndinin yaxınlığında yerləşən Qurbantəpə
və Dərə Yataq adlı abidələrdə arxeoloji tədqiqatlar
aparıb.
Alman
və azərbaycanlı arxeoloqların Qurbantəpə abidəsində
e.ə. V əsrdə Əhəməni memarlıq üslubunda
tikilmiş saray qalıqlarında apardıqları
araşdırmaların maraq doğurduğunu deyən ekspert
hesab edir ki, öz ölçülərinə və tikililərin
saxlanma vəziyyətinə görə bu saray Cənubi
Qafqazdakı oxşar abidələrdən kəskin fərqlənir
və böyük elmi əhəmiyyətə malikdir. “Bu abidənin Cənubi Qafqazda
bənzərinin olmaması diqqətçəkəndir. Məlumatıma
görə, bir neçə tikilidən
ibarət olan bu
kompleksdə arxeoloji qazıntılar
2006-cı ildən başlayıb. Builki
qazıntılar zamanı əldə olunan
nəticələr olduqca
maraqlıdır. Yeni qazıntılar nəticəsində
bir neçə daşdan
hazırlanmış sütun
altlıqları və çiy kərpicdən
hörülmüş divarlar
araşdırılıb” - deyə mütəxəssis bildirdi.
Son dövrlər dövlətin arxeoloji kəşfiyyat işlərinin genişləndirilməsinə, miqyasının artırılmasına, həmçinin, bu sahədə yerli mütəxəssislərlə xarici mütəxəssislərin çalışmasına böyük diqqət yetirdiyini deyən ekspertin sözlərinə görə, Azərbaycanda aparılan və aparılması nəzərdə tutulan arxeoloji qazıntılar ölkə ərazisində daha qədim abidələrin olmasını üzə çıxaracaq. “Qədim və orta əsrlər dövrünə aid abidələrin hər biri aşkarlandıqdan və onun üzərində mütəxəssislər işini başa çatdırdıqdan sonra əlaqədar dövlət qurumları o abidələri rəsmən qeydə almalıdırlar. Bu ən vacib məsələdir. Abidələr aşkarlanır, amma çox zaman onun reyestri aparılmır. Son zamanlar ölkə ərazisində saysız arxeoloji abidə aşkarlanıb və bu abidələrin üzə çıxarılmasında dövlətin göstərdiyi dəstəyin ayrıca yeri var” - deyə mütəxəssis bildirdi.
İradə SARIYEVA
Bakı xəbər.- 2018.- 5
oktyabr.- S.14.