Hakopyanın arvad dəstəsinin
Qarabağda saxta “sülh missiyası”nın rüsvayçı
iflası beynəlxalq aləmə də yayıldı…
Dağlıq
Qarabağ münaqişəsinin dinc yolla həlli istiqamətində
Ermənistanda mövcud hakimiyyət iqtidara yiyələndiyi
ilk dövrlərdə qəbuledilməz mövqe
nümayiş etdirsə də, Azərbaycanın gedişləri,
beynəlxalq ictimaiyyətin diqqətini daha çox bu məsələyə
yönəltməsi İrəvanın siyasətində ciddi dəyişikliklərə
rəvac verdi.
Xatırladaq
ki, Ermənistanda Nikol Paşinyanın hakimiyyətə gəlməsindən
sonra işğalçı ölkənin baş naziri iddialar
səsləndirirdi ki, zəbt olunmuş ərazilərdə
yaradılan separatçı rejim danışıqlar prosesində
tərəf kimi çıxış etməlidir. Bununla Ermənistan mövcud
danışıqlar formatını tam
dağıtmağı, işğal
faktının daha uzun
müddətə davam etməsini istəyirdi.
Amma Bakı bu mövqenin qəbuledilməz olduğunu
bəyan edərək, yaranmış vəziyyətdə
Dağlıq Qarabağ münaqişəsinin
hərbi müstəvidə həlli ehtimalının daha da
artdığını bildirdi. Eyni zamanda beynəlxalq
ictimaiyyətin, o cümlədən
ATƏT-in Minsk Qrupunun
həmsədrlərinin diqqəti
bu prosesə yönəldildi. Nəticədə
artan təzyiqlər fonunda
İrəvan mövqeyindən geri çəkilməli
oldu. MDB dövlət
başçılarının Düşənbə sammitindən
sonra məlum oldu ki, İrəvan danışıqların əvvəlki
formatda davam etdirilməsinə
razıdır. Bu, Bakının İrəvan
üzərində növbəti diplomatik
qələbəsinə çevrildi.
İndi
Azərbaycan üçün maraq doğuran başlıca məqam
danışıqların artıq konkret nəticə verməsidir. Nazirlər Kabinetinin
2018-ci ilin doqquz
ayının sosial-iqtisadi
inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bununla əlaqədar
Prezident İlham
Əliyev bildirib: “Münaqişənin
həlli üçün kifayət qədər
geniş hüquqi baza vardır, eyni zamanda, yeni addımlar,
xüsusilə ölkəmizin suverenliyi, sərhədlərinin
toxunulmazlığı, ərazi bütövlüyü
ilə bağlı mötəbər beynəlxalq təşkilatların
qərar və qətnamələri, sazişlərdə əks
olunan müddəalar bizim
mövqeyimizi daha da möhkəmləndirir.
Münaqişə
ilə bağlı danışıqların indiki mərhələsi
ictimaiyyət üçün bəllidir. Ermənistan tərəfinin
cəhdləri nəticə vermədi, Ermənistan-Azərbaycan
münaqişəsi ilə bağlı
danışıqların formatı dəyişməz olaraq qalır. Bu
danışıqlar Ermənistan və Azərbaycan arasında
aparılıb, aparılır və aparılmalıdır. İki ölkənin xarici
işlər nazirlərinin iki görüşü bunu bir daha sübut
edir. Son vaxtlar baş
vermiş digər hadisələr onu göstərir ki,
danışıqlar formatı dəyişməz olaraq qalır və bu
münaqişə tezliklə beynəlxalq hüququn
norma və prinsipləri əsasında,
ölkəmizin ərazi bütövlüyü
çərçivəsində öz həllini
tapmalıdır. Azərbaycanın ərazi bütövlüyü heç
vaxt danışıqların predmeti olmayıb, bu gün də deyil və heç vaxt olmayacaq. Ona görə biz bundan sonra
da öz prinsipial mövqeyimizdə qalacağıq. Ümid edirəm ki, Ermənistanın
yeni rəhbərliyi öz
siyasətində konstruktivlik nümayiş etdirəcək və
torpaqlarımız tezliklə işğalçılardan azad olunacaqdır”. Aydındır
ki, Ermənistanın yeni
rəhbərliyi öz siyasətində konstruktivlik nümayiş
etdirməsə, Azərbaycan ərazilərini güc
yolu ilə azad etməli
olacaq. Əslində, Prezident
İlham Əliyev Nazirlər Kabinetinin iclasında bu xüsusda düşmənə lazımi mesajlar verərək, ona
Azərbaycan ordusunun gücünü
xatırladıb: “Azərbaycan ordusu dünya miqyasında 50 ən güclü
ordu sırasındadır və beynəlxalq
reytinqlər də, həyat da bunu göstərir, bizim hərbi
uğurlarımız da buna
dəlalət edir. Bu gün Azərbaycan ordusu ən
müasir silahlarla, texnika ilə təchiz edilib,
bu proses davam etdirilir. Biz bundan sonra
da ən müasir hərbi
texnikanı alacağıq, yeni kontraktlar imzalanır. Əvvəlki illərdə
imzalanmış kontraktlar əsasında ən
müasir silahlar
ölkəmizə gətirilir, onların bir
hissəsi hərbi paradlarda göstərilib,
bir hissəsi göstərilməyib. Demək
olar ki, biz bu gün
öz hərbi potensialımızı maddi-texniki təchizat baxımından tam təmin etmişik. Biz bundan sonra
yalnız ən müasir texnikanı,
silahları almaq fikrindəyik və bu texnikanı bizə satmaq
istəyən ölkələrin sayı artır. Onsuz da bu
məsələ ilə bağlı heç
bir çətinlik yoxdur…
Bu gün biz hərbi texnikanın istehsalı işində
uğurla inkişaf edirik. Azərbaycanda mindən çox
adda hərbi təyinatlı məhsul istehsal olunur. Hərbi
texnikanın, sursatların istehsalı ilə bağlı bizim yeni planlarımız var və biz onları da həyata keçirəcəyik. Bir sözlə, bu gün ölkəmizin hərbi potensialı ən
yüksək səviyyədədir. Ordumuzun
döyüş qabiliyyəti də
yüksək səviyyədədir. Bizim ordumuz bunu döyüş
meydanında da göstərib və nümayiş etdirib”. Bununla Ermənistana
kifayət qədər sadə dildə açıq mesaj verilir ki,
ordumuzun gücünü
yenidən öz üzərində hiss etmək istəmirsə,
danışıqlar yolu ilə Qarabağ münaqişəsinin həllinin
tezləşməsi istiqamətində lazımi addımlar
atmalıdır. Əks təqdirdə cəbhədə yenidən
silahların işə düşməsi
qaçılmazdır və bunun nə ilə
nəticələnəcəyi ermənilərin özünə
də yaxşı məlumdur.
Elə
erməni mediası da yazır ki, İrəvan konfliktin həllinin
uzanmasıdanda getdikcə daha çox itirir. Bundan başqa diqqət ona
yönəldilir ki, baş
nazir Nikol
Paşinyanın həyat yoldaşı Anna
Hakopyanın Rusiyadan olan
qadınları başına toplayaraq Azərbaycanın
işğal olunmuş
Dağlıq Qarabağ bölgəsinə
gəlişi və təmas xəttində “sülh
mesajları” verməsi də hansısa formada
sülhə xidmət etmir.
Xatırladaq ki,
Paşinyanın həyat yoldaşının Azərbaycanın
işğal altında olan
ərazilərinə qanunsuz səfərində
onu Rusiyadan olan bir neçə nəfərdən
ibarət xırda qadın qrupu
müşayət edib. Eyni
zamanda siyahının tam
şəkildə elan edilməməsi də
ondan xəbər verir
ki, əslində, bu qrup təsvir edildiyi qədər
də böyük deyil.
Bütün bunların sülhə xidmət
etməməsi isə elə ermənilərin özləri tərəfindən
də açıq etiraf olunur.
Hətta bəzi ermənilər ölkəni idarə edən ər-arvadı
qorxaqlıqda ittiham edib.
Erməni şərhçi Ramella Mnasakanyan yazır ki, Anna Hakopyanın özü
ilə Qarabağa gətirdiyi qadınlar Rusiyada prezident Vladimir Putinə qarşı çıxan
şəxslərdir: “Bu, demokratik
prinsiplər fonunda normal
görünə bilər. Lakin
Paşinyanın həyat yoldaşının rusiyalı
qadınlarla Qarabağda “sülh
mesajları” verməsi əslində Moskvaya
qarşı yürüdülən siyasətin də tərkib
hissəsidir”. Mnasakanyan qeyd
edir ki, cəbhədə
daim döyüşlər gedir
və rəqibin güclü ordusu erməni hərbçiləri
qarşısında olduqca böyük
görünür: “Lakin
sadə erməni uşaqları oliqarx
övladlarından fərqli olaraq postda dayanırlar. Hakopyanın təmas xəttində
verdiyi mesajlarsa hakimiyyətin
qorxaqlığının nümayişidir.
Hərçənd, onların Rusiyaya
hesablanmış gedişləri də baş
tutmur. Çünki Rusiya mediası bu səfər
haqqında bir cümlə də
yazmadı. Bu, Moskvanın Bakıya dəstəyinin
açıq nümunəsidir”. Mnasakanyan qeyd edir ki,
belə vəziyyətdə İrəvan Bakını
qıcıqlandıran addımlar atmaqdan
çəkinərək diqqəti danışıqlara
yönəltməlidir. Onun sözlərinə görə, Azərbaycan ən
yüksək səviyyədə danışıqlar vasitəsilə
məsələnin həllində maraqlı olduğunu
bildirir və İrəvan bunu
mütləq dəyərləndirməlidir. Əks təqdirdə
Anna Hakopyanın vasitəsilə Qarabağda təşkil edilən ucuz şoular yeni savaşa rəvac
verə bilər. Mnasakanyan bir
daha diqqəti orduların gücünə
yönəldir, Azərbaycanın bu sahədə
irəlidə olmasını açıq etiraf
edir.
Bu arada qeyd edək ki, Anna Hakopyanın rusiyalı qadınlardan ibarət nümayəndə heyəti ilə Azərbaycanın işğal edilmiş ərazisinə gəlişi və orada “sülh mesajları” verməsi Rusiyada da qıcıqla qarşılanıb. Rusiya ekspertləri İrəvanın bu addımla Bakı - Moskvanın münasibətlərinə zərbə vurmaq istədiyini hesab edir. Moskva Dövlət Universitetinin dünya siyasəti fakültəsinin beynəlxalq təhlükəsizlik kafedrasının dosenti, politoloq Aleksey Fenenko hesab edir ki, Paşinyanın öz həyat yoldaşını rusiyalı qadınlarla birgə Qarabağa göndərməsi yaxşı planlaşdırılmış təxribatdır: “Paşinyan bu addımla, hər şeydən əvvəl, Rusiya - Azərbaycan münasibətlərinə zərbə vurmağa çalışır. Həmçinin elə mənzərə yaratmağa çalışır ki, guya Rusiya münaqişənin nizama salınması prosesini bloklayır. Bu təxribatdır və Rusiya xarici siyasət kursuna uyğun deyil. Səfər edənlər arasında yazıçı Ulitskayanın olması onu göstərir ki, bu məsələnin Rusiya hakimiyyətinə aidiyyəti yoxdur. Çünki Ulitskaya Rusiya müxalifətində təmsil olunur. Doğrudur, orada Dövlət Dumasının beynəlxalq işlər komitəsi sədrinin birinci müavini Svetlana Jurovoy da var idi. Ermənistan bundan istifadə edərək, səfərin təşkilində Rusiyanı günahkar olaraq göstərməyə çalışır. Çünki Paşinyan istəmir ki, Rusiya - Azərbaycan münasibətləri yaxşı olsun. Lakin Jurovoyla bağlı Azərbaycan Xarici İşlər Nazirliyi Rusiya Xarici İşlər Nazirliyindən artıq izahat tələb edib”.
Fenenko qeyd edib ki, Paşinyan rusların Dağlıq Qarabağ münaqişəsi haqqında məlumatsızlığından da istifadə edib: “Bu münaqişə Rusiya məktəblərində öyrədilmir, sadəcə Rusiya mediasında işıqlandırılır. Qarabağa gedən rusiyalı qadınların bu münaqişə ilə bağlı ətraflı məlumata malik olmadığını asanlıqla deyə bilərik. Beləliklə, Paşinyan “sülh” aksiyasından Bakı-Moskva münasibətlərini pozmaq üçün təxribat aləti kimi istifadə etdi. Lakin buna nail ola bilməyəcək”. Bütün bunlar kifayət qədər aydın şəkildə göstərir ki, Ermənistanın təxribat xarakterli yeni “sülh mesajları”, əslində iki cəbhədə İrəvanın əleyhinə işləyir. Əvvəla bu, münaqişənin dinc müstəvidə həllinə növbəti zərbədir. İkinci bir tərəfdən, belə gedişlə Ermənistan Rusiya ilə də münasibətlərini zədələməkdə davam edir. O da danılmaz həqiqətdir ki, Ermənistanın bu bəsit gedişləri qarşıdakı dövr ərzində də fiaskoya uğrayacaq. Məhz bu səbəbdən, Prezident İlham Əliyevin də dediyi kimi, Ermənistanın yeni rəhbərliyi öz siyasətində konstruktivlik nümayiş etdirməli, təxribatçı fəaliyyətdən qaçmalıdır. Məhz bu halda Qarabağ konfliktinin qısa müddətdə dinc müstəvidə həlli mümkün olacaq. Əks təqdirdə Azərbaycan problemin çözümü üçün alternativ variantlardan istifadə etməli olacaq ki, bu da Ermənistan üçün sadəcə fəlakət və böyük məğlubiyyət deməkdir.
Tahir TAĞIYEV
Bakı-xəbər.- 2018.- 11
oktyabr.- S.9.