Azərbaycan üçün
Beynəlxalq Frankofoniya Təşkilatı çərçivəsində
də Ermənistanı sıxışdırmaq
şansları açılır
Azərbaycan ərazilərinin hələ
də bir hissəsini işğal altında saxlayan Ermənistan
zaman-zaman özünün təcavüzkar siyasətinə
hüquqi don geyindirmək üçün müxtəlif cəhdlər
etsə də, hər dəfə böyük fiaskoya
uğrayıb. Azərbaycanın yürütdüyü
xarici siyasət, həyata keçirdiyi diplomatik aktivlik fonunda
Ermənistanın işğalçı dövlət
olduğunu təsbit edən çoxsaylı sənəd, qətnamə
və qərarlar qəbul olunub.
Bir sözlə, dünya Azərbaycanın ərazi
bütövlüyünü qəbul edir, Dağlıq
Qarabağ və onun ətrafındakı 7 rayonun Ermənistan
işğalı altında olduğunu yaxşı bilir. Amma
görünən odur ki, üzləşdiyi iflasa rəğmən,
Ermənistan təxribatçı fəaliyyətinə son
qoymağı hələ də
düşünmür. Bunu Ermənistanın paytaxtı
İrəvanda 58 dövlətin təmsil olunduğu Beynəlxalq
Frankofoniya Təşkilatının (BFT) 17-ci zirvə
görüşü fonunda da aydın görmək olar.
Məlumat üçün bildirək ki,
Frankofoniya sözü ilk dəfə 1880-ci illərdə
fransız coğrafiyaşünası Onezim Reklü tərəfindən
fransız dilində danışan bütün insanları və
ölkələri təyin etmək üçün işlədilib.
Həmin vaxtdan başlayaraq Frankofoniya sözü bütün
dünyada fransız dilini ana dili və yaxud ikinci dil olaraq
istifadə edən insanların birliyini nümayiş etdirən
bayram kimi qeyd edilir. Bu bayram Azərbaycanda da qeyd edilir və
cari ilin mayında Gəncə Dövlət Universitetində
Frankofoniya bayramı ilə bağlı keçrilən tədbiri
buna əyani misal kimi göstərmək olar.
Beynəlxalq Frankofoniya Təşkilatının
17-ci zirvə görüşünün Ermənistanda baş
tutması üçün Fransada və ABŞ-da yaşayan
erməni lobbisinin əməyi az olmayıb. Ermənistan isə
bu təşkilata 2008-ci ildə üzv qəbul edilib. Həmin
il martın 1-də ölkədə baş tutan prezident
seçkisinin nəticələrinin
saxtalaşdırılmasına etiraz olaraq İrəvanda dinc
aksiyalar keçirilmişdi. Ordu və polis
mitinqi güc vasitəsilə dağıtmış və nəticədə
10 aksiya iştirakçısı
öldürülmüş, onlarla insan yaralanmışdı.
Belə bir hadisədən sonra Ermənistanın təşkilata
üzv qəbul edilməsi Frankofoniya devizinə zidd
sayıldığından, elə o vaxt buna etirazlar edilirdi. Burada daha bir
maraqlı məqamı qeyd edək ki, təşkilatın
nizamnaməsinə əsasən, dövlətləri bu təşkilat
çərçivəsində birləşdirən əsas
amil fransız dili və fransız mədəniyyətinə
yaxınlıq olsa da, dünyada sülhün və əmin-amanlığın,
insan hüquq və azadlıqlarının təşviq
edilməsi arzusu da qurumun missiyasını və fəaliyyətinin
əsas prinsiplərini təşkil edir. Ermənistanda isə
fransız dilində danışanların sayı çox
deyil. Faktdır ki, Ermənistan monoetnik dövlətdir və
burada başqa xalqlar, demək olar ki, yoxdur. Digər tərəfdən, bu
ölkə ilk növbədə işğal siyasəti ilə
sülhün və əminamanlığın, insan hüquq və
azadlıqlarının təşviq edilməsinə
qarşı olduğunu da reallıqda sübut edib. Lakin hər
halda reallıq budur ki, Beynəlxalq Frankofoniya Təşkilatının
17-ci zirvə görüşü işğalçı
ölkədə baş tutur. Ermənistan isə fransız
dili və mədəniyyəti ilə bağlı olan bu hadisədən
də siyasi dividend əldə etmək istəyir. Bunu İrəvanda açılan
“Frankofoniya şəhərciyi”ndə Azərbaycanın
işğal edilmiş Dağlıq Qarabağ bölgəsinin
Ermənistan pavilyonu nəzdində təqdim edilməsi də
təsdiq edir. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat
xidmətinin rəhbəri Leyla Abdullayeva bildirir ki, bu addım
Ermənistanın Frankofoniya təşkilatından öz siyasi
məqsədləri üçün istifadə etdiyini
açıq şəkildə nümayiş etdirir: “Vurğulamaq istərdik ki, beynəlxalq hüququn
norma və prinsiplərini, BMT Nizamnaməsini, Helsinki Yekun
Aktını kobud şəkildə pozaraq gücdən istifadə
etməklə Azərbaycana qarşı hərbi təcavüz
və işğal törədən Ermənistanın bu əməlləri,
həmçinin, Frankofoniya təşkilatının nizamnaməsi
və təşkilatın məqsəd və məramları
ilə ziddiyyət təşkil edir. Ermənistanın
Frankofoniya təşkilatının gündəliyini siyasiləşdirmək
cəhdləri bu ölkənin öz işğalçı və
təcavüzkar siyasətini ört-basdır etmək və
ATƏT-in Minsk Qrupu həmsədrlərinin, o cümlədən
təşkilatın təşəbbüskarı olan Fransanın
münaqişənin sülh yolu ilə tənzimlənməsi
səylərinə xələl yetirmək niyyətinin
göstəricisidir”.
Lakin görünən həm də budur ki, əvvəlki
illərdə olduğu kimi, Ermənistanın Frankofoniya təşkilatının
çərçivəsində təxribat cəhdləri yenə
iflasa uğrayacaq. Çünki qurum Azərbaycanın ərazi
bütövlüyünü tanyır. Xatırladaq
ki, hələ 2010-cu ildə İsveçrənin Montrö
şəhərində keçirilmiş zirvə
görüşündə təşkilat Dağlıq
Qarabağ münaqişəsi ilə bağlı qətnamə
qəbul edib və burada ATƏT-in Minsk Qrupunun səylərinin
dəstəkləndiyi, münaqişənin sülh yolu ilə
beynəlxalq hüquq normaları çərçivəsində
həll olunmasının vacibliyi vurğulanıb.
Həmçinin, təşkilat üzvlərinin
ayrı-ayrılıqda və ya beynəlxalq təşkilatlar
çərçivəsində Azərbaycan
torpaqlarının Ermənistan tərəfindən
işğalını tanıması faktı xüsusi qeyd
edilməlidir. Məsələn, qurum üzvlərindən
Rumıniya və Cibuti, həmçinin təşkilata
müşahidəçi dövlətlər Meksika, Sloveniya,
Bosniya və Herseqovina Xocalıda baş vermiş qətliamı
rəsmi şəkildə soyqırımı kimi
tanıyırlar. Frankofoniya təşkilatının lideri
hesab olunan Fransa özü Minsk Qrupunun həmsədri kimi Azərbaycanın
ərazi bütövlüyünü tanıyır. Digər tərəfdən
onu da qeyd edək ki, erməni lobbisinin, İrəvanın cəhdlərinə
rəğmən, Fransa son dövrlərdə daha çox
Bakı ilə yaxınlaşmaq cəhdlərində bulunur.
Bunu rusiyalı politoloq, Valday klubunun eksperti Aleksey Fenenko
“Moskva-Bakı” portalına müsahibəsində xüsusi
olaraq vurğulayır. O, Azərbaycanla yaxınlaşmaq istəyən
Parisin Dağlıq Qarabağ münaqişəsinin həlli
istiqamətində səylərini artıracağını da
qeyd edir: “Fransa Dağlıq Qarabağ münaqişəsinin həllinə
dair öhdəlik götürən ATƏT-in Minsk Qrupunun həmsədri
olaraq qalır. Amma buna rəğmən, son 10 ildə Paris
özünü Qarabağ münaqişəsinin sülhlə
nizamlanmasından faktiki olaraq kənarlaşdırılmış
hiss edir”. Fenenkonun sözlərinə görə, indiyədək
Qarabağ münaqişəsinin nizamlanması ilə əslində
Moskva və Vaşinqton məşğul olub: “Paris isə həmişə
ehtiyat oturacağın harasındasa əyləşib. Amma indi Nikol Paşinyanla Armen Sarkisyanın hakimiyyətə
gəlməsindən sonra fransızlar ənənəvi “irsi
mülkiyyətindən” – Ermənistandan
sıxışdırılıb
çıxarıldıqlarını hiss edir. Çünki
Ermənistanda Amerikanın təsiri qəfil möhkəmlənməyə,
Almaniyanın qeyri-kommersiya təşkilatları və alman
biznesinin buradakı mövqeləri isə güclənməyə
başlayıb. Belə vəziyyətdə fransızlar
artıqdır”.
Rusiyalı politoloqun fikrincə, regionda ABŞ və
Almaniyaya məğlub olmağa başladığını dərk
edən Paris Cənubi Qafqaza geri dönmək üçün
Bakıya üz tutmağa başlayıb. Fenenko
hesab edir ki, İrəvanın və Fransadakı güclü
erməni lobbisinin etirazına baxmayaraq, Azərbaycan Prezident
İlham Əliyevin iyulda Parisə səfəri öncəsi
fransalı həmkarı Emmanuel Makronun 1990-cı illərin əvvəllərindən
bəri Azərbaycana silah satışını qadağan edən
embarqonu ləğv etməsi və nəticədə, Fransadan 3 ədəd “OPV-90” hərbi patrul gəmisi
alınmasını nəzərdə tutan, ümumi dəyəri
500 milyon avro dəyərində müqavilənin imzalanma
perspektivi, hətta gəmilərin Azərbaycanda müştərək
istehsalına dair ikitərəfli danışıqların
aparılması buna nümunədir. Yəni indiyədək
ermənipərəst mövqeyilə seçilən Parisin
artıq Bakıya ehtiyac duyduğu ortaya çıxır.
Rusiyalı politoloqun sözlərindən belə aydın olur
ki, proseslərin bu cür inkişafı regionda Azərbaycanın
üstünlüyünü və artıq diktə edən tərəf
kimi Bakının geosiyasi çəkisini bir qədər də
artıracaq: “Görünür, daha Fransanı Cənubi
Qafqazda sırf ermənipərəst kurs yeridən bir ölkə
hesab etmək olmaz. Yəqin ki, yaxın gələcəkdə
Parislə Bakının münasibətləri
yaxşılaşacaq. Lakin məsələnin digər tərəfi
odur ki, Fransa silahdan başqa real olaraq Azərbaycana nə təklif
edə bilər?”. Onun fikrincə, Parisin Azərbaycana
ehtiyacı həm də ABŞ, Rusiya, qismən də
Böyük Britaniya və İsrail tərəfindən getdikcə
qlobal silah bazarından sıxışdırılan
Fransanın Azərbaycanla hərbi əməkdaşlıq
vasitəsilə bu sahədəki imicini bərpa etmək istəyilə
izah olunur. Bütün bunlar bir daha təsdiq edir ki, Frnasa
qarşıdakı dövr ərzində Ermənistanla
müqayisədə daha çox Azərbaycana
yaxınlaşacaq. Bu vəziyyətdə Fransanın
Qarabağ məsələsində daha çox Azərbaycanın
mövqelərinə uyğun davranış sərgiləməsi
də qaçılmazdır. Bu isə bəri başdan onu deməyə
əsas verir ki, İrəvan
Beynəlxalq Frankofoniya Təşkilatının 17-ci zirvə
görüşündə də istəyinə nail olmayacaq.
Fransa prezidenti Emmanuel Makronun görüşdə Ermənistan
barədə xoş sözlərini isə ekspertlər sadəcə
diplomatik etika ilə izah edirlər. Fransalı ekspert Jak
Soppelsan bu fonda diqqəti ona yönəldir ki, yaranmış
durumda Azərbaycan həqiqətlərinin dünyada, o cümlədən
Fransada yayılması vacibdir:
“Hamı haqlı tərəfin ölkəniz olduğunu bilməlidir.
Çünki Azərbaycan zərərçəkən tərəfdir. Fransa BMT Təhlükəsizlik
Şurasının və ATƏT-in Minsk Qrupunun
üzvüdür. Fransa vasitəçi qismində
Dağlıq Qarabağ münaqişəsinin həllində
böyük rol oynaya bilər. Digər tərəfdən, Azərbaycan
Beynəlxalq Frankofoniya Təşkilatına üzv olmaq
üçün namizədliyini irəli sürüb. Lakin erməni
diasporunun təsiri nəticəsində Azərbaycan təşkilata
üzv qəbul olunmur. Fransada yaşayan erməni mənşəli
son nəslin nümayəndələri, heç vaxt
Dağlıq Qarabağda və Ermənistanda
yaşamamalarına baxmayaraq, özlərini çox aqressiv
aparırlar. Bu məsələ həll edilməlidir və
Paris burada öz səylərini ortaya qoymalıdır”.
Bununla yanaşı, nəzərə
alaq ki, Beynəlxalq Frankofoniya Təşkilatının
üzvlərinin bir qismi Avropa Şurasında, digər bir qismi
İslam Əməkdaşlıq Təşkilatında
Dağlıq Qarabağın işğal faktını təsdiqləyən
sənədlər qəbul ediblər. Bu da İrəvanın
təşkilatın görüşündə istəyinə
nail olmasını mümkünsüz hala gətirən daha
bir faktdır. Proseslər göstərir ki,
qarşıdakı dövr ərzində Azərbaycanın
atdığı addımlar Beynəlxalq Frankofoniya Təşkilatı
çərçivəsində Ermənistanın
bütün cəhdlərini iflasa uğradacaq.
Tahir TAĞIYEV
Bakı
xəbər.- 2018.- 16 oktyabr.- S.9