MDB sammitində gizli söhbətlər və Qarabağ probleminin təşkilat üçün böyük qorxusu…

 

 

Üzünü Bakıya çevirən Vaşinqton və Moskva Qarabağ məsələsində İrəvana qarşıdır

 

Məlum həqiqətdir ki, bu gün dünya miqyasında hadisələrin gedişinə böyük təsir gücü olan dövlətlər qismində daha çox ABŞ və Rusiya ön planda çıxış edir. Adıçəkilən ölkələr üçün daim xüsusi maraq dairəsində yer alan bölgələrdən biri qismində isə Cənubi Qafqaz çıxış edir.

 

Belə vəziyyətdə region ölkələri üçün ön planda yer alan başlıca məqamlardan biri adları çəkilən dövlətlərlə yüksək səviyyədə, qarşılıqlı maraqların təmin edilməsi prinsipi əsasında münasibətlərin yaradılmasıdır. Real durum bu xüsusda qeyd olunan missyanın sadəcə Azərbaycan tərəfindən uğurla həyata keçirildiyini göstərir.

 

Məlumdur ki, bu gün, Azərbaycandan fərqli olaraq, işğalçı Ermənistana istər Rusiyada, istərsə də ABŞ-da sadəcə forporst ölkə qismində yanaşılır.  Moskva və Vaşinqton İrəvanı bölgədə maraqlarının icrasında yalnız bir vasitə olaraq qəbul edirlər. Bu fonda da Ermənistan indi ABŞ və Rusiya arasında əzilən bir ölkəyə çevrilib. Qonşu Gürcüstan isə xarici siyasətdə yol verdiyi yanlışlıqlar üzündən daim Rusiyanın təzyiqi altındadır. Bu, Gürcüstanın üzləşdiyi ərazi problemlərinin həllində də indi ən böyük maneədir. Hər iki dövlətdən fərqli olaraq isə, Azərbaycan regionda həm ABŞ, həm də Rusiya üçün strateji tərəfdaş statusu daşıyır. Moskva və Vaşinqton üçün Bakı ilə əlaqələrin davamlı olaraq genişləndirilməsi prioritet əhəmiyyət kəsb edir. Bütün bunlar Azərbaycan xarici siyasətinin böyük uğuru kimi qəbul olunur. Eyni zamanda,   Bakı yenə uğurlu manevr edərək həmin böyük dövlətlərin diqqətini daha çox Dağlıq Qarabağ münaqişəsinin həllinə yönəldə bilir. Bu hal ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Boltonun Azərbaycana gözlənilən səfəri fonunda özünü yenidən qabarıq büruzə verir. Bolton özünün “Twitter” hesabında səfərlə bağlı yazır: “Təhlükəsizliklə bağlı bir sıra məsələlərdə ABŞ-ın maraqlarının təşviqi üçün həmkarlarımla və digər yüksək vəzifəli şəxslərlə görüşmək məqsədilə oktyabrın 20-də Rusiya, Azərbaycan, Ermənistan və Gürcüstana səfər edəcəyəm”.

 

ABŞ-ın “Qulf” Analitik Mərkəzinin politoloqu Teodor Karasik isə qeyd edir ki, Boltonun Qafqaz səfəri İrəvanda bir neçə aylıq siyasi qarışıqlıqdan sonra Dağlıq Qarabağ məsələsinin Ermənistan tərəfilə həllinə cəhd kimi qiymətləndirilə bilər. Analitikin sözlərinə görə, Bolton Azərbaycanın geosiyasi əhəmiyyətinin böyüklüyünü nəzərə alaraq Bakının mövqeyini gücləndirməyə çalışır. Ekspertlər bunu təsadüfi saymır. Məsələ burasındadır ki, Ermənistandan fərqli olaraq, Azərbaycan ABŞ-la daha dərin əməkdaşlığa sahibdir və Bolton bunu nəzərə alır.

Eyni zamanda Avropanın enerji təminatının diversifikasiyası, Azərbaycanın bu məsələdə rolu, həyata keçirilən layihələrin əhəmiyyətini də ABŞ-da nəzərə alırlar. Bir sözlə, ABŞ üçün Azərbaycan daha önəmli ölkədir və Boltonun Bakıda aparacağı müzakirələr də bunu deməyə əsas verir. İstənilən halda, Trampın əsas strateqlərindən olan Boltonun səfəri sıradan bir hadisə deyil. Onun təhlükəsizlik məsələləri üzrə təcrübəli kadr olduğunu nəzər alsaq, səfərin müəyyən nəticələrinin olacağını da demək mümkündür. Ermənistana isə ABŞ, belə demək olarsa, hələ də barmaqarası ölkə qismində yanaşır. Bunu  “Washington Times” qəzetində dərc olunan “Ermənistanda anarxiya” başlıqlı məqalədən də aydın görmək olar. Burada qeyd edilir ki, Ermənistan anarxiya, yəni dövlət hakimiyyətinin yoxluğu səbəbindən qanunsuzluq və ya siyasi özbaşınalıq vəziyyətindədir. Ermənistanın institusional dezinteqrasiyası Avropa və Qafqaz üçün ağır nəticələrə gətirib çıxara bilər. Məqalənin müəllifi olan ABŞ Dövlət Departamentinin sabiq əməkdaşı, Amerikanın Bəhreyndəki keçmiş səfiri Adam Ereli yazır ki, Nikol Paşinyanın partiyasının parlamentdə cəmi 9 yerə sahib olmasına baxmayaraq, məhz küçəyə çıxan tərəfdarlarının təzyiqi nəticəsində 2018-ci ilin 8 mayında Ermənistan parlamenti onu baş nazir seçdi: “Lakin vəzifəyə gələn andan etibarən özünü “xalqın namizədi” adlandıran Paşinyan Ermənistanın rəhbər institutlarının ləğvinə və onların sistemli məhvinə başladı”. Ereli onu da qeyd edir ki, küçənin təzyiqindən istifadə edən Paşinyan növbədənkənar seçkilər keçirərək parlamentin tərkibini də öz xeyrinə dəyişmək istəyir: “Paşinyan əvvəlki parlament seçkilərini qeyri-leqitim elan edərək seçki məcəlləsində islahatlardan sonrakı bir il ərzində yeni parlament seçkiləri keçirməyə söz verib. O, İrəvanın Ağsaqqallar Şurasına növbədənkənar seçkilər keçirdi. 2 oktyabrda parlament Paşinyanın qanunverici orqanın buraxılması və növbədənkənar seçkilər keçirilməsi cəhdlərinə müqavimət göstərdi”.

Müəllif qeyd edir ki, parlamentin bu addımına qarşı Paşinyan yenə də öz tərəfdarlarını küçələrə çıxardı: “Təəssüf ki, Ermənistan üçün Paşinyan elə özünün mühakimə etdiyi üsula – quldur taktikasına baş vurur. Ermənistanın məhkəmə sistemini əvvəlki hakimiyyətin imtiyazlı şəxslərinə xidmət edən sistem adlandıran Paşinyanın özü Təhlükəsizlik Xidməti və məhkəmələrdən mafiya stilində siyasi qisas almaq üçün istifadə edir”. Qeyd olunur ki, hakimiyyətdə olmasının cəmi 3-cü ayında Paşinyan özünün əvvəlki rəqiblərinə qarşı mafioz mübarizəsinə başladı: “Onun bu addımları və həyata keçirdiyi həbslər indi baş nazirə çevrilən sabiq inqilabçının hakimiyyətdən sui-istifadəsi kimi qiymətləndirilərək mühakimə olundu”. Məqalədə xüsusilə vurğulanır ki, bütün bu mühakimələrə cavab olaraq korrupsiya ilə total müharibə apardığını və ölkə idarəçiliyindəki özbaşınalıqlara son qoymaq niyyətini əsas gətirən Paşinyanın özü ciddi qanun pozuntularına yol verir: “İnternetdə Ermənistanın baş naziri və onun tərəfdarlarını məyus edəcək gizli səs yazısı – Ermənistan Milli Təhlükəsizlik Xidməti və Xüsusi İstintaq Xidməti rəhbərləri arasındakı telefon söhbəti yayıldı. Onların söhbətindən aydın olur ki, sabiq preziden Robert Köçəryanın işi ilə bağlı məhkəməyə təzyiq olunub. Səs yazısında Milli Təhlükəsizlik Xidmətinin direktoru deyir ki, baş nazir ona keçmiş müdafiə nazirini “qəfəsə atmağı” tapşırıb. Bunun üçün isə məhkəmələrə təzyiq edilməlidir. Amma Paşinyan nümayişkarcasına bəyan etmişdi ki, məhkəmələrə təlimat verməyəcək. Bu səs yazısı isə onun dediklərinin əksini sübut edir. İndi Paşinyan “fəxrlə” deyə bilər ki, dövlət institutlarını özünə tabe edən liderlər sırasına qoşulub...” Məqalənin sonunda isə amerikalı diplomat yazır ki, “Paşinyanın qurduğu “Potyomkin kəndi” tezliklə elə onun və tərəfdarlarının öz başına çökə bilər. Dövlət institutlarını zəiflətməklə hakimiyyəti küçələrin əlinə vermək anarxiyanın reseptidir”. Belə vəziyyətdə ABŞ-ın Ermənistanla etibarlı əlaqələr yaratmasının mümkünlüyü də sual altına alınır. Bu şəraitdə ABŞ üçün regionda Azərbaycan və Gürcüstanın əhəmiyyətinin daha da artdığı vurğulanır. Təbii, belə şəraitdə Dağlıq Qarabağ məsələsində də ABŞ-ın məhz Azərbaycanın haqlı mövqeyini müdafiə etməsi qaçılmaz sayılır.

 

Eyni fikirləri Rusiya barəsində də səsləndirmək mümkündür. Ermənistan artıq reallıqda Rusiya üçün etibarlı müttəfiq ola bilməyəcəyini təsdiq edib. Moskva bu gün İrəvana kifayət qədər qəzəblidir. Hətta iş o yerə çatıb ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Parlament Assambleyasının iclasının 30 oktyabrda Ermənistanda planlaşdırılan görüşü ləğv edilib. Ermənistanın “İravunk” qəzeti KTMT-nin görüşün başqa ölkədə keçirilməsi haqda qərar qəbul etdiyini yazıb. Bildirilir ki, qurum bu addımı KTMT baş katibi Yuri Xaçaturova qarşı cinayət işinin qaldırılması və Nikol Paşinyanın bir müddət əvvəl öz tərəfdarları ilə parlamenti mühasirəyə almasına görə atıb. Digər tərəfdən, Paşinyanın vədlərinin əksinə olaraq Qərbə üz tutmaqda davam etməsi də Moskvanı hiddətləndirir. Belə vəziyyətdə İrəvanı cəzalandırmaq məqsədilə Rusiyanın Azərbaycanı KTMT-yə cəlb etmək istiqamətində daha fəal siyasət yürütməsi, Qarabağ məsələsində Azərbaycanın lehinə addımlar atması gözlənilən hal sayılır.  Rusiyanın “Nezavisimaya qazeta” mətbu orqanı bu xüsusda yazır: “Rusiya və onun kollektiv müdafiə üzrə müttəfiqləri – Belarus və Qazaxıstan ümumi siyasi və diplomatik səviyyələrdə postsovet məkanındakı münaqişələrin həllində iştirak edirlər. Onlar Donbasdakı vəziyyətin tənzimlənməsində müəyyən aktivlik göstərirlər. Rusiya, Belarus və Qazaxıstan, həmçinin beynəlxalq təşkilatlar - ATƏT-in Minsk Qrupu, BMT və KTMT çərçivəsində Dağlıq Qarabağ və Dnestryanı münaqişələrin nizamlanmasına çalışırlar. Amma bu proseslərə hərbçilər cəlb edilməsə, nizamlanma çətin olacaq”. Qeyd olunur ki, MDB dövlət başçılarının Düşənbədəki sammitindən sonra Daşkənddə MDB-yə üzv ölkələrin müdafiə nazirləri Şurasının növbəti iclası hazırlanır. İclasın gündəliyinə 20 məsələ salınıb: “Hərbi-diplomatik mənbələr bildirir ki, Rusiya və Belarusun təşəbbüsü ilə MDB müdafiə nazirləri qeyri-formal şəraitdə, həmçinin, keçmiş SSRİ məkanındakı donmuş münaqişələrin kollektiv həlli yollarını cızacaq və müzakirə edəcəklər. 28 sentyabrda Düşənbədəki sammitdə Rusiya prezidenti Vladimir Putinlə belaruslu həmkarı Aleksandr Lukaşenko arasında bu mövzu ilə bağlı gizli söhbət də olub.  Bu söhbəti şərh edən Lukaşenko bildirib ki, “MDB məkanında təhlükəsizliyə NATO-nun genişlənməsilə bağlı faktorlar, həmçinin donmuş münaqişələrlə əlaqəli aspektlər təsir edir. Sammitdə bu barədə çoxumuz danışdıq. Mən də, Nursultan Nazarbayev də Ukraynanın şərqi, Dnestryanı və xüsusən də Dağlıq Qarabağ məsələsindən danışdıq. Biz necəsə təşkilatlanmalı və bu olduqca mürəkkəb düyünləri birlikdə kəsməliyik”. Bu baxımdan MDB dövlət başçılarının sammiti çərçivəsində Düşənbədə görüşən Azərbaycan Prezidenti İlham Əliyev və Nikol Paşinyanın Dağlıq Qarabağ münaqişəsi regionunda təmas xəttində və hər iki dövlətin sərhədində gərginliyin azaldılması üçün öz ölkələrinin müdafiə nazirlərinə konkret addımların atılması barədə göstəriş verəcəklərinə dair razılığa gəlmələri heç də təsadüfi deyildi. Belə ki, Paşinyanla İlham Əliyev hər iki tərəfdən operativ əlaqə kanalının yaradılması barədə razılaşıblar. Azərbaycan və Ermənistan rəhbərləri arasında bu cür əlaqə Rusiya Müdafiə Nazirliyinin iştirakı ilə hər iki ölkənin müdafiə qurumları tərəfindən cəld və effektiv şəkildə təşkil edilə bilər. Və görünür, bu məsələ Daşkənddə müzakirə olunacaq”. Məqalədə qeyd olunur ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində gündəmə gələn məsələlərdən biri Azərbaycanı quruma üzvlüyü ilə bağlı ola bilər. Bildirilir ki, Ermənistanın istəklərinin əksinə olaraq, Rusiya bu məsələdə maraqlıdıır və bu, Azərbaycanın artan əhəmiyyəti ilə birbaşa bağlıdır. O da aydındır ki,  Qarabağ məsələsinin həlli istiqamətində əməli addımlar atmaqla Moskva Bakı ilə münasibətlərini daha da dərinləşdirə bilər. Bütün bunlara isə Ermənistanın hansısa formada etirazı mümkün sayılmır. Çünki Rusiya üçün Azərbaycan regionda əsas tərəfdaş dövlətdir.

 

Tahir TAĞIYEV

 

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.

 

Bakı xəbər.- 2018.- 13-16 oktyabr.- S.9.