Xalçaçılığın
inkişafı strateji məqsədlər...
Azərbaycan xalqının tarixi taleyində
mühüm rol oyanayan əlamətdar günlərdən biri
də oktyabrın 15-dir. 2003-cü ilin bu günü Azərbaycan
Prezidenti seçilən cənab İlham Əliyev ölkəmizi
sürətli inkişaf yoluna çıxarıb. Son 15 ildə
Azərbaycanda əldə olunan nailiyyətlər əsası
1969-cu ildə qoyulmuş dövlətçiliyin Heydər
Əliyev modelinin bəhrələridir. Ulu öndərimizin mənəvi-siyasi
irsinin layiqli davamçısı cənab İlham Əliyevin
rəhbərliyi ilə Azərbaycanın müasir tarixinin
şanlı səhifələri yazılır. Bu şanlı
səhifələrə qızıl hərflərlə
yazılan əhəmiyyətli hadisələrdən biri də
Azərbaycan xalçaçılığının
inkişafı istiqamətində görülən işlərdir.
Cənab İlham Əliyevin Prezidentliyi
dövründə xalçaçılıqla bağlı
çox mühüm tədbirlər həyata keçirilib.
Onun bu sahəyə verdiyi önəmin nəticəsidir ki,
Prezident seçilməyinin 15-ci ildönümündə
açılışını etdiyi obyektlərdən biri də
məhz xalça fabrikidir. Oktyabrın 15-də dövlət
başçısının iştirakı ilə “Azərxalça”nın
daha bir filialı – Lənkəran xalça fabriki
açılıb. Bu hadisə bütün
xalçaçıların hədsiz sevincinə səbəb
olub. Çünki onlar bilir ki, Prezidentlə hər
görüş bu sahənin daha da inkişafına yeni
perspektivlər açır.
“Azərbaycanda
xalçaçılığın çox böyük gələcəyi
var. Biz qədim ənənələrimizi qorumaqla
xalçaçılığı inkişaf etdiririk”, - deyən
cənab İlham Əliyev 2016-cı ildə “Azərxalça”
Açıq Səhmdar Cəmiyyətini yaradaraq
xalçaçılıq sənətinin
yaşadılmasını, inkişafını və onun
qeyri-neft sektorunun aparıcı sahəsinə çevrilməsini
təmin edib. Dövlət başçısının 28
fevral 2018-ci il tarixli Sərəncamı ilə qəbul olunan
"Azərbaycan Respublikasında xalça sənətinin
qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci
illər üçün Dövlət Proqramı" bu sahədə
görülən işləri daha da sürətləndirib.
Prezident xalçaçılığın
inkişafına ciddi diqqət yetirməklə strateji məqsədləri
reallaşdırır. Əvvəla, milli dəyərimiz olan
Azərbaycan xalçası yaşadılaraq gələcək
nəsillərə ötürülür. Digər tərəfdən
dünya bazarında bahalı məhsullar kateqoriyasına daxil
olan xalça satışından ölkəmizə xeyli
valyuta gələcək. Daşına bilər bu məişət
əşyasını dünyanın istənilən yerinə
aparmaq mümkündür. Deməli, milli
naxışlarımızla bəzədilən
xalçamızı alan xarici ölkə vətəndaşlarının
evlərində bir Azərbaycan möhürü olur. Bu da Azərbaycanın,
milli tariximizin, dəyərlərimizin təbliği
baxımından olduqca əhəmiyyətlidir.
Professor Vidadi Muradovun təbirincə desək,
tarixən Azərbaycan xalçası toxunan hər yer Azərbaycan
olub. Azərbaycan xalçası tarixi Azərbaycanın xəritəsidir.
Mövzuya bu konteksdən yanaşanda
xalçaçılıqla bağlı qəbul olunan qərarların
nə qədər müdrik qərarlar olduğunu görürük.
Məsələn, “Azərbaycan brendi” adı ilə İrəvan
qrupu Azərbaycan xalçası alan bir ABŞ vətəndaşı
İrəvanın Vətənimizin bir parçası
olduğunu biləcək, tarixi torpaqlarımız haqqında məlumat
əldə edəcək. Göründüyü kimi,
xalçaçılığın inkişafı təkcə
iqtisadi əhəmiyyət daşımır.
Bütün bu strateji məqsədləri
reallaşdırmaq üçün kütləvi xalça
istehsalının təmin olunması lazım idi. Ona görə
də 2016-2017-ci illərdə Füzuli, Ağdam, Şəmkir,
Tovuz, Ağstafa, Qazax, İsmayıllı, Qəbələ,
Quba və Xaçmaz rayonlarında “Azərxalça”nın
filialları yaradılaraq fəaliyyətə başlayıb.
Bu xalça istehsalı emalatxanalarında 150 nəfər
toxucunun, 14 nəfər inzibati-təsərrüfat
işçisinin çalışması üçün
müasir iş şəraiti yaradılıb. Emalatxanaların
hər birində 43 dəzgah quraşdırılıb ki, həmin
avadanlıqlar da Azərbaycan istehsalıdır.
Ölkə rəhbəri toxucular
üçün müasir, işıqlı emalatxana
binaları yaratmaqla yanaşı, həm də onların
rahatlığının təmin olunması
qayğısına da qalıb. Filial əməkdaşlarının
işə rahat gediş-gəlişinin təmin edilməsi
üçün dövlət başçısının
müvafiq Sərəncamı ilə 2 milyon manat vəsait
ayrılıb, “Hyundai” markalı 18 avtobus alınıb.
900 nəfərə yaxın toxucunun
çalışdığı filiallarda indiyədək Azərbaycan
xalçalarının Bakı, Qarabağ, İrəvan,
Naxçıvan, Quba, Gəncə, Şirvan,
Qazax-Borçalı, Təbriz qrupları üzrə 1330 ədəd,
4401 kvadratmetr xalça toxunub. Bu müddət ərazində
yerli və xarici bazarlarda “Azərbaycan brendi” adı ilə 287 ədəd,
853 kvadratmetr xalça satılıb.
Bu istiqamətdə görülən işlər
2018-ci ildə də davam etdirilir. Azərbaycan Respublikası
Prezidentinin müvafiq sərəncamları ilə “Azərxalça”nın
daha 10 filialının tikintisi üçün vəsait
ayrılıb. Artıq Lənkərandakı filial istifadəyə
verilib. Bakı şəhəri Sabunçu rayonunun Nardaran qəsəbəsində,
Naxçıvan şəhərində, Abşeron rayonunun Qobu
qəsəbəsində, Qobustan, Şabran, Kürdəmir, Tərtər,
Goranboy rayonlarında, Biləsuvar rayonu ərazisində Cəbrayıl
rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı
qəsəbədə yaradılan filiallar ilin sonunadək fəaliyyətə
başlayacaq.
Bu il avqustun 25-də İsmayıllı
filialının açılış mərasimində rayonun
kadr potensialını və toxucuların xahişini nəzərə
alaraq burada yeni emalatxana binasının tikilməsi haqqında
ölkə rəhbərimizin verdiyi qərar onun Azərbaycan
xalçaçılarının arzu və istəklərinə
həssas yanaşdığının daha bir sübutudur.
Dövlət başçısının 27 avqust 2018-ci il
tarixli Sərəncamı ilə İsmayıllıda yeni
xalça istehsalı emalatxanasının tikintisi
üçün Azərbaycan Respublikası Prezidentinin Ehtiyat
Fondundan 2 milyon 400 min manat vəsait ayrılıb. Artıq
binanın inşası üçün hazırlıq işlərinə
başlanılıb.
Ümumilikdə Cəmiyyətin respublika
üzrə yaradılacaq xalçaçılıq şəbəkəsi
31 filialdan ibarət olacaq. 2019-cu ildə Bakı şəhərinin
Qaradağ rayonunda, Gəncə, Mingəçevir, Şəki
şəhərlərində, Xızı, Masallı, Zaqatala,
Bərdə rayonlarında, Ağcəbədi rayonunda
Laçın rayonundan olan məcburi köçkünlərin
məskunlaşdığı Taxtakörpü qəsəbəsində,
Goranboy rayonunda Xocalı rayonundan olan məcburi
köçkünlərin məskunlaşdığı
Aşağı Ağcakənd qəsəbəsində
xalça istehsalı emalatxanaları yaradılacaq.
Xalçaçılığın
inkişafına göstərilən diqqət, ölkəmizin
müxtəlif bölgələrində xalça istehsalı
emalatxanalarının fəaliyyətə başlaması
xammal bazasının yaradılması zərurətini meydana
çıxarıb. Bu məsələ də Azərbaycan
Prezidentinin diqqət mərkəzindədir. Dövlət
başçısı hələ 2017-ci ilin aprel ayında
Yevlaxda keçirilən qeyri-neft
ixracatçılarının respublika müşavirəsindəki
çıxışında yun tədarükü probleminə
və yun iplik istehsalının əhəmiyyətinə
toxunaraq demişdi: “Yun tədarükü məsələlərinə
əvvəlki illərdə o qədər də böyük
diqqət göstərilmirdi. Məndə olan məlumata
görə, bizim cəmi bir fərli-başlı tədarük
məntəqəmiz olub. Bizim bütün bölgələrimizdə
yun tədarükü təşkil edilməlidir. Vaxt gəlib
çatıb ki, Azərbaycanda böyük yun fabriki də
yaradılsın. Bu sahəyə də ciddi diqqət göstərilməlidir.
Bu, fermerlərə əlavə qazanc mənbəyi olacaq,
ölkəyə isə valyuta gələcək”.
Ölkə rəhbərinin
tapşırıqlarına uyğun olaraq, “Azərxalça”
Açıq Səhmdar Cəmiyyəti bu istiqamətdə
müvafiq tədbirlər həyata keçirir. Sumqayıt
Kimya Sənaye Parkında inşa olunan Yunəyrici-Boyaq Fabriki
Türkiyə, Fransa və İtaliya istehsalı olan
avadanlıqlarla təchiz ediləcək. Bu fabrikdə təmiz
yun, yun iplik, təbii və kimyəvi boyaq maddələri
hazırlanacaq.
Fabrikin fəaliyyəti nəticəsində,
ilk növbədə, “Azərxalça” Açıq Səhmdar
Cəmiyyətinin filiallarının, bundan başqa özəl
xalçaçılıq müəssisələrinin yun
ipliyə olan tələbatı ödəniləcək,
idxaldan asılılıq tamamilə aradan
qaldırılacaqdır.
Yunəyrici-Boyaq Fabrikinin xammalla təmin
olunması məqsədilə Naxçıvan şəhərində,
Qobustan, Şabran, Bərdə rayonlarında, Sabirabad Sənaye
Məhəlləsində regional yun və boyaq bitkilərinin tədarükü
məntəqələri üçün binalar tikilir.
2019-cu ildə Şəki şəhərində,
Masallı və Hacıqabul rayonlarındakı sənaye məhəllələrində
daha üç regional tədarük məntəqəsi
yaradılacaq. Müasir texniki avadanlıqlarla təmin ediləcək
bu məntəqələrə il ərzində 1500 ton yun və
boyaq bitkiləri xammalı qəbul olunacaq.
Əhalidən və təsərrüfatlardan
yun alınarkən xalça toxunması üçün iplik
istehsalına yararlı yun tədarük ediləcək. Belə
ki, iplik istehsalı üçün yalnız ildə bir dəfə
qırxılan, uzunluğu 6-10 santimetr aralığında olan
yunun qəbulu həyata keçiriləcək. “Azərxalça”
yun tədarükçüləri üçün
hazırlıq kursları da təşkil edib. Tədarükçülər
kurslarda yun qəbulunun bu incəliklərini öyrənəcəklər.
Yunəyrici-Boyaq Fabrikinin və tədarük məntəqlərinin
yaradılması ölkəmizdə heyvandarlığın
inkişafına da öz təsirini göstərəcəkdir.
İndiyədək fermerlər qoyun sürülərindən əldə
etdikləri yunu satmaq üçün heç bir ünvan tapa
bilmirdilər. “Azərxalça”nın yun tədarükü məntəqələri
bu problemi kökündən həll edəcək.
2019-cu ildə Sumqayıt Kimya Sənaye
Parkında hazır xalçaların emal mərkəzi də
inşa ediləcək. Bu mərkəz fəaliyyətə
başladıqdan sonra xalçaların satışa
çıxarılması prosesi intensivləşəcək.
Xalça istehsalı emalatxanaları yaratmaq,
onları xamalla təmin etmək işin bir tərəfidir.
Digər mühüm bir istiqamət isə kadr
hazırlığıdır. Toxucu kadrların
hazırlanması üçün xalça istehsalı
emalatxanalarının fəaliyyət göstərdiyi və
yeni filialların yaradıldığı şəhər və
rayonlarda tədris-hazırlıq kursları təşkil
olunub. Bu kurslara indiyədək 2 min nəfərdən
çox toxucu cəlb edilib.
Həm kurslara cəlb edilən, həm də
xalça emalatxanalarında çalışan
qadınların əksəriyyəti gənclərdir. Gənclərin
bu sənətə yönləndirilməsi olduqca vacib və
önəmli məsələdir. Çünki
xalçaçılıq sənətinin
yaşadılması gənclərin bu sənəti davam etdirməsindən
asılıdır. Hamımıza məlumdur ki, XXI əsr
yüksək texnologiyalar, sürətli innovasiyalar və elm
tutumlu istehsalatlar əsridir. Müasir dövrün gəncləri
elmi-texniki yeniliklərə daha çox meyl edir. Bu isə ənənəvi
sahələrin, milli dəyərlərin unudulmasına gətirib
çıxarır. Millətlərin və dövlətlərin
öz milli dəyərlərini, ənənəvi sahələrini
qoruyub saxlaya bilmələri üçün gənclər bu
sahələrə istiqamətləndirilməli, onları
yaşatmalı və davam etdirməlidirlər. Bu mənada gənclərin
"Azərxalça"nın filiallarında işlə təmin
olunması, onların toxuculuq peşəsinə yiyələnməsi
strateji məqsədlərə xidmət edir. Yaxşı hal
odur ki, xalça istehsalı emalatxanalarında işləyən
gənclər ömrünü bu sənətə həsr edən,
uzun illərdir xalçaçılıqla məşğul
olan toxucularla bir yerdə çalışır, onlardan sənətin
sirlərini daha dərindən öyrənirlər. Beləliklə,
xalçaçılıqda varislik təmin olunur, qədim el
sənətimiz yaşadılaraq gələcək nəsillərə
ötürülür.
Eyni zamanda xalçaçı-rəssamlar, yun
və boyaq bitkilərinin tədarükü və emalı,
hazır xalçaların emalı, xalça ticarəti və
xalçaçılığın inkişafı
üçün vacib olan digər istiqamətlər üzrə
də mütəxəssislər hazırlanır.
“Azərbaycan xalçası çox yüksək
keyfiyyətə malikdir və onun satış qiyməti də
yüksəkdir. Beləliklə, həm ölkə daxilində,
həm də xaricdə satılan xalçalar Azərbaycan
iqtisadiyyatına töhfə verəcək, ölkəmizə
valyuta gələcək və qeyri-neft sektorumuz da inkişaf edəcək”,
deyən ölkə rəhbəri bu istiqamətdə də qarşıya
mühüm vəzifələr qoyub. “Azərxalça”nın
məhsullarının dünya bazarında
satışının həyata keçirilməsi
üçün ilk növbədə onun təbliği və
təqdimatı lazım idi. Ona görə də Almaniyada,
Amerika Birləşmiş Ştatlarında, Rusiyada keçirilən
beynəlxalq satış-sərgilərdə Azərbaycan
xalçası nümayiş etdirilib. Bütün bunların
nəticəsidir ki, həmin ölkələrin bu sahə
üzrə ixtisaslaşmış iri şirkətləri Azərbaycan
xalçalarına ciddi maraq göstərirlər. Artıq bu
şirkətlərlə danışıqlar aparılıb, həmin
ölkələrə xalça ixracı üçün
müqavilələr hazırlanır.
Prezident İlham Əliyevin rəhbərliyi ilə
xalçaçılıq sahəsində görülən
işlərin dünyada analoqu yoxdur. Cənab İlham
Əliyev xalçaçılığa iqtisadi faktordan daha
çox milli dəyərlər konteksindən
yanaşdığı üçün bu sahəyə
çox böyük diqqət yetirir. Bu qədim el sənətinə
göstərilən yüksək qayğının daha bir təzahürü
odur ki, Azərbaycan xalçaçıları dövlət
başçımızın sərəncamı ilə hər
il may ayının 5-ni peşə bayramları kimi qeyd edirlər.
Xalçaçıların müxtəlif fəxri adlarla,
medallarla təltif olunmağı isə onları
ruhlandırır, daha yaxşı işləməyə
sövq edir.
Cənab İlham Əliyevin son illər bu sahənin
inkişafına 80 milyon manatdan çox vəsait
ayırması, “Azərxalça”nın filiallarının
açılış mərasimlərində iştirak etməsi,
Azərbaycan xalçaçılarının qayğı və
problemləri ilə maraqlanması dövlət
başçımızın xalçaçılıq sənətinə,
bütövlükdə isə milli dəyərlərimizə
olan həssas münasibətinin nəticəsidir.
Xalçaçılıqla bağlı Azərbaycan
dövlətinin konkret hədəfləri və strateji məqsədləri
var. Prezident İlham Əliyev bu sahədə görülən
işlərin əhəmiyyətindən danışarkən
deyib: “Xalçaçılıq bizim milli sənətimizdir,
milli sərvətimizdir. Azərbaycan xalqı bu sənəti əsrlər
boyu yaşadır. Biz xalçaçılığı
yaşatmaqla Azərbaycan xalqının nə qədər
istedadlı olmasını dünyaya bir daha göstəririk.
Eyni zamanda, gənc nəsil də, qızlar da bu sənətə
cəlb olunurlar. Beləliklə, tam əminlik var ki, Azərbaycan
dünyada xalçaçılığın
inkişafında öz sözünü gələcəkdə
də deyəcəkdir. Xalçaçılıq sənətinin
inkişafı və "Azərxalça"nın
uğurlu fəaliyyəti nəticəsində biz bir neçə
məqsədə çatmış oluruq. İş yerləri,
yerli istehsal, xammalın təşkili və ölkəmizin
dünyada təbliği baxımından
xalçaçılığın çox böyük
önəmi var”.
Dövlət başçısının
böyük qayğısı sayəsində yaradılan
xalça fabriklərində toxunan xalçalar artıq “Azərbaycan
brendi” kimi dünyaya ixrac olunur. Bu brend məhsullarla Azərbaycan
təkcə maddi gəlir əldə etmir. Burda ölkəmizin
mənəvi qazancı daha çoxdur. Çünki
xalçalarla biz tariximizi, milli dəyərlərimizi, mədəniyyətimizi,
xalq sənətkarlığımızı,
xalqımızın təfəkkürünü bütün
dünyada tanıdır və təbliğ edirik. Bu, Prezident
İlham Əliyevin daha bir tarixi xidməti kimi, Azərbaycan var
olduqca xalqımız tərəfindən daim minnətdarlıqla
xatırlanacaq.
Bakı
xəbər.- 2018.- 17 oktyabr.- S.13