Şəhid
ocağının işığı
Şəhidin qardaşı Yalçın
Seyidov 1976-cı ildə dünyaya gəlib. İlkin şəhid olan zaman onun 16
yaşı olub. Həmin günü belə xatırlayır:
Səhər həyətimizə Xüsusi Təyinatlı Polis
Dəstəsinin üzvləri və təcili yardım
maşını gəldi. Məsələnin nə yerdə
olduğunu məhəllədə anladım, ilk anama zəng
vurdum, yaralanıb dedim. Anam gələrkən
qonşuların həyətdə bir yerə toplanmasından
anladı qardaşımın şəhid olduğunu və
bayıldı.Qardaş faciəsini yaşamaq çox
ağırmiş... çəkməyən bilməz. İlkin sağkən arxamda möhtəşəm
bir dağ dayandığını zənn edirdim. Xüsusi Təyinatlı Polis Dəstəsinin
üzvü, sağlam, idmançı, qorxmaz olmasıyla
qürur duyur, dostlarımın həsədini hiss edirdim.
Ağlıma da gətirmədiyim o müdhiş
hadisə həyatımı alt-üst etdi. Aldığım bəd xəbərlə
arxamdakı nəhəng dağın necə
çökdüyünü gördüm. İçimdə qorxunc bir boşluq yarandı.
Gələcəkdəki arzularımın
çoxu onunla bağlı idi. Sabahlarımı
onun məsləhətləri ilə
ölçüb-biçirdim. İki
qardaş o qədər birgə xəyallar qurmuşduq ki, indi
də xatırlayanda özümə yer tapa bilmirəm. Əminəm ki, o sağ olsaydı, həyatımız
indikindən tamamilə fərqli olacaqdı...Onun
üçün qəribsəyəndə qaçıb gedirəm
Şəhidlər Xiyabanına, xəyalən dərdləşib,
onun təsəllisini alıram. Amma bu təsəllidə
bir az təmkin, bir az da soyuqqanlılıq var, əvvəllər
isə qardaşım od-alov parçası idi...Onunla həmsöhbət
olarkən hiss edirəm ki, dünənimdə qalan İlkinlə
indi Xiyabanda həmsöhbət olduğum İlkin arasında
bir zaman fərqi var. Qardaşım indi müdrikləşib,
dünyaya şəhidlik zirvəsindən baxır və mənim
onu anlamam üçün onun zirvəsinə qalxmam
lazımdır...Dəqiq əmin olduğumsa budur ki, Vətən
hansı an çağırsa, mən də
qardaşımın zirvəsinə doğru gedən yolu
keçməyə hazıram! Yalçınla
söhbət edirik. Qardaşının şəhidliyindən
illər sonra onun doğum günündə
Yalçının ata olması - oğlunun doğulması da
təsadüf deyil bəlkə... Bununla Yaradan Rəhilə
anaya Vətənə bağışladığı şəhid
oğlunun əvəzinə bir sağlam oğul nəvə bəxş
eləmişdi və adını İlkin qoydular. Əmisinin üzünü görməməsinə
baxmayaraq, hərəkətləri, davranışı, vətənpərvərliyi,
yurd, torpaq sevgisi şəhid İlkinin eynidir, deyirlər.
Həm də indi əmisinin yolunu davam etdirərək
dövlətçiliyin qorunmasında əməyini, biliyini sərf
etmək üçün Milli Aviasiya Akademiyasında təhsil
alır.Yalçın danışdıqca diqqətlə onun
üzünə baxır, simasında İlkinin cizgilərini
axtarıram. Elə səmimi,
ütüsüz danışır ki, istər-istəməz
insanda ona rəğbət oyanır. Üzündəki o
sadə, məsum ifadə, danışığındakı
bir az ötkəmliklə, içindəki
vulkanı nizamlayan təmkinlə onunla - “tanış
olduğum” gündən bəri fotosundan “çıxıb gələrək”
mənimlə söhbət edən İlkinə çox bənzərlik
görürəm. Qəlbindəki ilə dilindəkinin bir
olduğu, ürəyindəki təpər, mərdanə
manerası o qədər əminlik yaradırdı ki məndə,
düşünürdüm ki, belə oğullar vətənə
arxa ola bilir. Belə
oğullara güvənib vətəni, sərhədlərimizi
onlara əmanət etmək olar. Elə uzun
müddət Naxçıvan DİN-də qulluq etməsi də
təsadüfi deyil Yalçın Seyidovun. O
danışdıqca İlkini düşünürdüm.
Əgər sakit təbiətli özündən kiçik
qardaşı hər şeyə rəğmən bu qədər
vətənsevərsə, onda coşqun, dəliqanlı
İlkinin necə biri olduğunu onunla müqayisədə təsəvvür
edirdim.üstə, Şəhidlər Muzeyinə, İlkinin
oxuduğu məktəbə gedərkən onun qonaqlar
üçün nə qədər narahat olduğunu
gördükcə bu insanların, yəni
naxçıvanlıların
qonaqpərvərliyinə, qonağa diqqətinə,
qayğısına bir daha əmin olurdum. Bu ailədəki
sakitlik, bir-birinə qayğı ilə yanaşmaq,
böyük-kiçiyin yerini bilmək kimi nümunələri
gördükcə sevinirdim ki, əski adət-ənənələrimizi
yaşadan ailələr hələ var. Qaynatasının
qulluğunda can-başla duran gəlini Gülşəni,
oğlu Yalçını, nəvəsi Amini, həyat
yoldaşı Rəhilə xanımı, kimsəyə əziyyət
vermədən ehtiyaclarını özü həll etmək
istəyən ağır xəstə atanı müşahidə
etdikcə bu ailənin təməlində adət-ənənəyə
hörmətlə bərabər, soydan, kökdən, seyid nəslindən
gələn bir əsillik də olduğunun fərqindəydim.
Hər kəs bir-biriylə sakit
danışır, bir-birinə mehriban müraciət edirdi.
Bu sakitliyin, mehribançılığın
kökündə ailə tərbiyəsinin, ailə təməlinin
möhkəmliyi dayanırdı. Ümumiyyətlə,
insanlar niyə qışqıraraq danışırlar? Hirslənəndə nədən yüksək səslə
danışırıq? Türkiyə yazarı Hakan
Menküçün yazdıqlarını oxuyuram: Yaşlı
bir müdrik öyrənciləri ilə gəzərkən
çay kənarında hirslə bir-birinə bağıran
bir ailə görür. Şagirdlərinə dönüb: Nədən
insanlar hirslə bir-birlərinə bağırırlar deyə
soruşur. Şagirdlərdən biri: Çünki hirslənəndə
sakitliyimizi itiririk deyir. Bunu dinləyən
müdrik, amma acığımız tutan insan
yanımızdadırsa niyə bağırırıq ki?
Ona sözümüzü, fikrimizi daha alçaq
bir səslə çatdıra biləcəyimiz halda niyə o
qədər yüksək səslə bağırırıq?
Şagirdlərdən səs çıxmayınca müdrik
izah etməyə başlayır: İki insan bir-birinə hirsləndiyi
zaman qəlbləri bir-birindən uzaqlaşar. Bu
uzaq məsafədən qəlblərinin səsini bir-birinə
eşitdirmək üçün bağırmaq məcburiyyətində
qalırlar. Nə qədər çox əsəbləşərlərsə,
arada açılan məsafəni qapatmaq üçün o qədər
bağırmaları gərək olur. Bəs
iki insan bir-birini sevdiyində nolur? Bir-birinə
bağırmaq yerinə sakitcə danışırlar. Çünki qəlblər bir-birinə
yaxındır. Arada məsafə ya yoxdur,
ya da çox azdır. Yaxşı, iki
insan bir-birini daha da çox sevərsə nə olur? O
zaman artıq danışmazlar, sadəcə
pıçıldaşarlar. Çünki qəlbləri
bir-birinə daha da yaxınlaşmışdır. Artıq bir müddət sonra danışmalarına
belə gərək qalmaz, sadəcə bir-birlərinə
baxmaq yetərli olar. Budur bir-birini gerçək
anlamda sevən iki insanın yaxınlığı, yaxud
insanların. Daha sonra müdrik öyrəncilərinə
baxaraq belə davam edir: Buna görə də mübahisə
etdiyiniz zaman aranıza məsafə girməsinə imkan verməyin.
Aranıza məsafə yaradacaq sözlərdən
uzaq durun. Əks halda məsafənin
artdığı elə bir gün gələr ki, geriyə
dönüb bir-birinizə yaxınlaşacaq yolu tapa bilməzsiniz.
Hirs külək kimidir, bir müddət sonra sakitləşər,
amma artıq bir çox budaqları qırmışdır...
Budaqlarınız qırılmadan sevginizin qiymətini bilin!Bəli, İlkin Seyidovun ailəsi belə bir
ailədir – ailə bağının, ailə birliyinin, ailədə
bir-birinə sevginin dəyərini, qiymətini bilən bir ailə.
Və İlkinin vətənsevərliyi, təəssübkeşliyi,
torpağı üçün canını verməsi təsadüf
ola bilməzdi çünki, belə bir
mühitdə doğulmuşdu, tərbiyə
almışdı, o ruhda böyümüşdü. Atalar
boşuna söyləməyiblər ki, ot
kökü üstə bitər.
Təbii
ki, bəzən istisnalar olur, nankor, naxələf övladlar da
çıxa bilir belə ailələrdən...
***
Dərdin
də, sevincin də şəriki - qonşu
Yaxın qonşu, uzaq qohumdan irəlidir - belə deyiblər
dədə-babadan. Ən əziz adam yaxın qonşun
olur çox zaman. Qohumun başına gələndən
xəbər tutub gələnə qədər qonşu
artıq hayına çatmış olur. Belə məsəl
də var ki: “Qonşun pisdir, köç, qurtar”. Yəni
yaxşı qonşun yoxdursa, yaşam da çətin olur (erməni
qonşularımız ən sınanmış nümunədir) .
İlkin Seyidovun yaşadığı binadakı
qonşuların onu necə xatırlaması, yad etməsi də
maraqlı idi mənim üçün. Bir evdə
doğulub, bir elin oğlu olan şəhidimiz haqda
qonşuların fikrini də eşitmək istədim. Bina təmir olunduğu üçün
qonşuların çoxu ayrı-ayrı yerlərdə kirayə
evlərdə məskunlaşmışdılar. Ən yaxında kirayədə oturan Əzimə
xanıma baş çəkməli olduq. Qapını
Əzimə xanım özü açır. Gözləri yaşlıdır. Jurnalistlərin gəlişini, İlkin haqqında
soruşacaqlarını eşitdikdən bəri İlkinli
günlər dəfələrlə gözləri
önündən kino lenti kimi keçmişdi. Xatırladıqca həmişəki kimi bu
yaraşıqlı cavanın dünyadan vaxtsız gedişinə
yanıxır, göz yaşlarını tuta bilmirdi.
Balaşova Əzimə
xanımın 75 yaşı var, həyat yoldaşı gənckən
rəhmətə gedib. 6 övladı, 15 nəvəsi,
6 nəticəsi var. Söylədiyinə görə, 1967-ci
ildən o binada yaşayır.
- 1970-ci
ildən Rəhiləgil bizə qonşu gəliblər, -
deyir.
- İlkin gözümüzün qabağında
böyüyüb. Vətən yolunda qurban getdi uşaq.
Erməni torpağıma addım ata bilməz,
deyirdi. Qeyrəti yol vermirdi onların belə
özbaşınalığına, - Əzimə xanım qəhərlənir.
İlkinin
anası Rəhilə xanım onun haqqında məlumat verir:
- İllərdi birevli
kimi, çox mehriban dolanırıq. Elə
İlkinin yasında da qırx gün evin işlərini,
qonaqları qarşilama-filan hər şeyi qonşum Mötəbər
xala və Xuraman həll etdilər. Sənəddə
adı Əzimədir, hamımız Xuraman deyirik.
Çox həyəcanlıdır Əzimə xanım. Sualları tam
dinləmədən cavab verməyə tələsir. İlkin haqqında danışdıqlarını elə
tələskənliklə söyləyirdi ki, sanki geciksə
unudacaqdı.
-
Gözümüzün önündə böyüyən
uşaqdı. Çox tərbiyəli,
qanacaqlı, cavan, hətta mən deyərdim, o yaşında
müdrik bir insandı. Ata-anasına,
qonşuya, dosta çox mehribandı. Dilindən
kimsəni incitməzdi. Nə gün gördü ki... (ağlayır) təzə pöhrələnirdi.
Hələ yeni başlayırdı həyatı
anlamağa. Böyüdü- böyümədi
mühairibə başladı...
Yerində rahat otura
bilmirdi. Ermənilərin bu xəyanəti
onu haldan çıxarırdı. Naxçıvanda
ermənilər də çox idi. Dinc
yanaşı yaşayırdıq. Kim
düşünə bilərdi ki, onlar gizlincə belə
planlar qururlar. Bu yuxarı binada (əliylə
göstərir) Robert adlı bir erməni yaşayırdı,
poçtda işləyirdi. İlkin səngərdə
onun əlində avtomat bizə qarşı
döyüşdüyünü görmüşdü və
bu onda arxadan iş görən xain düşmənə nifrəti
ikiqat artırmışdı. Bax belə vicdansız,
qansız millətdi erməni...
İlkin
bizi elə kəskinliklə, əminliklə sakitləşdirir,
rahatlatmağa çalışırdı ki: Erməninin
ayağı Naxçıvana dəyə bilməz, Xuraman xala,
biz canımızı verərik, amma Naxçıvanı vermərik
erməniyə, - deyirdi. Elə də oldu,
Naxçıvanı vermədi amma canını verdi, snaypernən necə vurmuşdular ürəyinin
başından... (qəhər boğur
Əzimə xanımı) gözümün qabağında...
(yenə ağlayır) sözünü
bitirə bilmir. Rəhilə xanım da ona
qoşulur (elə mən də). Toxdayıb yenə davam
edir: Həmin gün mən işdəydim. Dəmiryolunda
işləyirdim, Bakıya, İmişliyə baxırdıq.
Oğlum Coşqunla Yalçın gəldilər yanıma və
oğlum dedi ki, ana İlkin şəhid olub, gətiriblər.
İnan, bədənim əsdi, işlərimi
yarımçıq atıb evə qaçdım...
Ağırdı... anası üçün daha
ağırdı, amma İlkin elə oğuldu ki,
hamımızı yandırdı onun gedişi. Anasına həmişə
təsəlli verirəm, səbr diləyirəm, neyləyək,
hamımız gedəcəyik, deyirəm. Amma
o çox tez getdi. Ağır dərddir,
dözmək çətindir.
Ona, Xalq şairi Osman Sarıvəllinin
təbirincə:
Vaxtsız
ölənlərə biz ağlasaq da,
Təbiət
ah çəkib ağlamamışdır;
Ömrün
uzunluğu haqda bizimlə
Əcəl müqavilə bağlamamışdır.
- demək istəyirəm, amma heç bir təskinlik
bala itkisininin yanğısını sərinlədə bilməz.
İlk vaxtlar dövlət tərəfindən, ictimai təşkilatlardan,
yuxarılardan, müxtəlif yerlərdən, hətta məktəblərdən
də çox gəlib-gedənlər oldu, sonra
yavaş-yavaş seyrəldi gələnlər. Şəhidə
görə təqaüd kəsdilər ailəyə.
Amma hər il 20 Yanvarda şəhidlər
anılır, başçıdan tutmuş idarə
işçiləri, məktəblər, hətta
bağça uşaqları belə, əllərində
güllərlə xiyabana gəlib, şəhidləri ziyarət
edirlər.
Oğlum da müharibə veteranıdır. 1993-də
gedib, 1997-də evə qayıdıb. Vətən
yolunda xidmətini əsirgəməyənlərin xatirəsi əziz
tutulur Naxçıvanda, onlara dövlətin
qayğısı böyükdür. Sədərək
ərazisi erməniyə çox yaxındı. Həm də düşmənin burada mövqeyi
yüksəklikdə yerləşdiyindən, bizim oğullara
döyüşmək daha da çətinləşirdi.
O cür ağır şəraitdə döyüşüblər
bizim naxçıvanlılar. Sədərək
qeyrət qalası oldu, bir namərdi içəri
buraxmadı.
Haşiyə:
Naxçıvana hər səfərimiz yaddaqalan, maraqlı
hadisələrlə tarixləşir. Budəfəki
səfərimiz xüsusilə önəmli oldu.
Özü də təkcə bizim üçün deyil,
bütövlükdə xalqımız, dövlətimiz
üçün... Belə ki, hələ
Naxçıvandan Şərura gedərkən yolboyu edilən
söhbətlərdən öyrəndik ki, məhz həmin
günlərdə Naxçıvandakı ordumuz uğurlu bir əməliyyat
keçirib. Qısamüddətli və sürətli əməliyyat
nəticəsində ermənilərin öz nəzarəti
altında saxladıqları Cünnüt kəndi və yüksəklik
düşməndən təmizlənib. Həmin yüksəklik ordumuzun nəzarəti
altına keçib, sadəcə müəyyən hərbi-strateji
baxımdan bu barədə rəsmi açıqlama verilmir.
Amma yerli əhali artıq məsələdən
xəbərdar idi. Biz Naxçıvandan
geriyə qayıdarkən elə təyyarədəcə
Respublika Müdafiə Nazirliyinin rəsmi
açıqlamasını dinlədik. Bu
şad xəbər bütün sərnişinlərin
alqışları ilə qarşılandı. Hər kəs Ali Baş Komandana, Naxçıvanda
döyüşən əsgərlərimizə minnətdarlığını
ifadə edirdi. Rəsmi məlumata görə: “Mayın
son günlərində Şərur rayonunun Günnüt kəndi
və ətafındakı mühüm strateji əhəmiyyəti
olan yüksəkliklər Əlahiddə Ümumqoşun Ordunun
əks-həmlə əməliyyatları ilə
işğaldan azad edilib. Bununla da ordumuz daha əlverişli
mövqelərə sahiblənib, “Xunut” dağı və
“Ağbulaq” yüksəkliyi, daha sonra isə “Qızılqaya”
dağı və “Mehridağ” işğaldan azad edilərək
Dərələyəz mahalının Arpa kəndi (Ermənilər
adını dəyişdirərək “Areni” qoyublar) nəzarət
altına keçib. Ümumilikdə 11 min hektara
yaxın ərazi nəzarət altına alınıb. Bu ərazinin isə 8 min hektardan artığı əkin
üçün, xüsusilə dəmyə əkinçiliyi
üçün yararlı ərazilərdir. Şərur
rayonunun Günnüt kəndini nəzarətdə saxlamağa
imkan verən, dəniz səviyyəsindən 1683 metr
hündürlükdə yerləşən Qızılqaya
yüksəkliyinin ən böyük strateji əhəmiyyəti
isə İrəvan-Yexeqndzor-Gorus-Laçın-Xankəndi
avtomobil yoluna ordumuza nəzarət etməyə imkan verməsidir.
Ərazinin etibarlı müdafiəsi və təminat
məqsədi ilə 50 km yeni yol çəkilmiş, 50 km-dən
artıq yararsız yollar isə bərpa edilmişdir. Strateji əhəmiyyətli Arpaçay Su Dəryaçasının
Taktiki cəhətdən etibarlı mühafizəsinin təşkili
üçün hakim yüksəkliklərdə yeni müdafiə
mövqeləri qurulmuşdur.
Bu zirvənin geri alınması İlkinin və digər
şəhidlərimizin narahat ruhuna bir qürur hissi
yaşatdı.
Onların da ruhu sevindi ki, uğrunda qurban getdikləri o zirvələr
bizim olub və olacaq!
- Həm
qapıbir qonşu, həm rəfiqə kimi çox
yaxındıq anasıyla, - Əzimə xanım söhbətinə
davam edir, - İlkin, demək olar ki, əlimdə
böyümüşdü. Çox vətənpərvər
idi, döyüşə də könüllü olaraq getdi.
Görün neçə il keçib, amma
unuda bilmirəm, elə bil öz balamdı. İlkin
adı gələndə varımdan yox oluram. Çox
yaxşı oğul idi, çox yaxşı övlad idi, hərtərəfli
yaxşı...
Kiçik yaşlarında məktəbdən gələrkən
anası işdə gecikəndə İlkin də, kiçik
qardaşı Yalçın da mənim evimə gələr,
analarını bizdə oturub gözləyərdilər. Körpəliyindən
necə ağıllı idisə, böyüyəndə də
eyniydi. Əlimizdən getdi, eldən getdi İlkin...
Arzu eləyirəm
ki, belə ağrıları heç bir ana bir daha
yaşamasın, bayrağımız daim uca olsun, müharibə
olmasın, - deyir ağbirçək Əzimə xanım.
Dünyanı
qarışdırmaq istəyən qüvvələr var,
balalarımızdan uzaq olsun onların şərləri! Amin!
***
Şəhidliyə
yüksəlmiş sevgi
İlkin haqqında danışan hər kəs
sözarası “nişanlıydı, bir həftə sonra toyunu
edəcəkdik” deyərək yanıb-yaxılırdı. Bir də...
qızın hələ də ailə
qurmadığını deyirdilər. İyirmi altı il keçməsinə baxmayaraq, gəncliyini
sevgisinə qurban edən o qızla tanış olmaq qismət
olmadı mənə. Amma onun haqqında
düşüncələrim davam edir. Yaraşıqlı,
sevimli, ətraf tərəfindən sevilən, incə ruhlu,
eyni zamanda qoçaq, vətənpərvər bir gənci sevəsən,
onunla xoşbəxt gələcəklə bağlı sonsuz xəyallar
qurasan və... ölüm xəbərini alasan. Bunu düşünmək belə,
ağırdır. O qızın daşlara
çırpılan arzularını, puç olan xəyallarını,
ömür boyu çəkəcəyi həsrəti,
ümidsiz bir gələcəklə yaşamaq əzabını
düşündükcə sevginin nə qədər
böyük bir güc və eyni zamanda işgəncə
olduğuna bir daha inanırsan.
Qızın üzünü görməsəm də,
adını bilməsəm də, sadə bir Azərbaycan
qızının nələr çəkdiyi mənə
çox tanışdı. Yaxınları qızın
qışqıraraq şəhidin qanlı cənazəsinin
üstünə atıldığını söylədilər
və o anı gözümlə görmüş kimi onun
ürəyinin sızıltısını, dərdinin
ölçüsünü duyuram, ahının içini necə
qarsdığını görürəm, içinin göynərtisini
hiss edirəm, səssiz naləsini Məstan Günərin qələmiylə
eşidirəm:
Fələk,
sənnən düz dolana bilmərəm,
Məni dönüb-dönüb yaralayıbsan.
Yurdumu
böldüyün bəs deyildimi,
İndi də eşqimi paralayıbsan?
Gendən
durub bəh-bəh deyən çoxuydu,
Qaşlar qara, kirpikləri oxuydu.
Dünyamı
darıydı, yermi yoxuydu,
Dağları
sinəmdə sıralayıbsan?..
Sevgisinin dözümünə heyran qalmışam o
qızın.
Qovuşacağı günə bir həftə
qalmış dünyadan nakam gedən o gəncin yerinə kimisə
qoya bilmədi, amma öz ömrü də
çürüdü o Azərbaycan gözəlinin. Artıq ürəyindəki sevgini orda yurd
salmış dözümlə dostlaşdırdı.
İlahi,
neynirdim bu məhəbbəti,
Onu göynən uçan quşa verəydin.
Ömrümü
çürütdü, dözə bilmirəm,
Bu eşqi dözümlü daşa verəydin.
Uca tutdum
mən ki, sənin adını,
Bəs niyə sındırdın qol-qanadımı?
Həsrətdən
göynəmək istedadını,
Üzü dönüb puç olmuşa verəydin.
Məni həmişə düşündürən bir
fikir var. Oğullarımız şəhid olurlar, adları
sayqıyla çəkilir, xatirələri əziz tutulur, bu
borcumuzdur.
Amma arxa planda qalan bir qüvvə də var. Onların sevdikləri
insan, onlara mənəvi güc-qüvvət verən,
döyüşməyə də, sağ qalmağa da səsləyən
bir qüvvə. İkinci dünya müharibəsində
də belə qadınlarımız həddən artıq
çox olub. İllərlə əsgər
yolu gözləyiblər, “qara kağız” alsalar da,
inanmayıblar sevdiklərinin yoxluğuna. Çünki
sözünə inanıblar, “gözlə, gələcəyəm”,
dediyi üçün gözləyiblər. Çoxu o inamla
köçüb bu dünyadan, “Gəlsə, onu gözlədiyimi
deyərsiniz...”, deyə vəsiyyət
edib, ümidlə dünyalarını dəyişiblər. Bəziləri
qarısa da, hələ də yol gözləyirlər...
Qarabağ şəhidlərinin xanımları da o
dözümü yaşayırlar. Mənim aləmimdə o qızlar,
qadınlar da şəhiddirlər, diri şəhidlər!!!
Şəhid
İlkinin “şəhid” nişanlısıyla görüşə
bilmədim, amma ürəyimdəki İNSAN və
ŞƏHİD siyahısında o qız da yaşayır, dərdlərinə,
ələmlərinə rəğmən yaşayır...
Xüsusi
təyinatlı ilk şəhid
Naxçıvan Muxtar Respublikasının Daxili
İşlər Nazirliyinin tərkibində
yaradılmış XTPD üzrə üç
bölümündə ilk şəhid İlkin Mirnəzir
oğlu Seyidov idi.
Sovet dönəmində rusların 1 nömrəli hərbi
şəhərciyi vardı Naxçıvanda. Ruslar getdikdən
sonra orada OMON-çular (XTPD) yerləşdi. İlkin də bir mənzil götürdü. Məqsədi
döyüş ara verəndən sonra ailə
qurmaq və bu mənzildə ailəsi ilə xoşbəxt
yaşamaq idi. Təəssüf ki, arzusu ürəyində
qaldı - döyüşə gedib, dönmədi...
O mənzili
mən də ziyarət
etdim. İlkinin çəkdiyi rəsmlər,
özünün şəkli, xüsusi təyinatlılara məxsus
hərbi geyimləri, canını qurban verdiyi Azərbaycanın
üçrəngli bayrağı, Ulu Öndər Heydər
Əliyevin və Ali Baş Komandan, prezidentimiz İlham
Əliyevin fotoları, döyüş zamanı kazarmada
yatdığı, sonradan o mənzilə gətirilmiş
çarpayısı, şəklinin qarşısına qoyulmuş
patron... mənzil torpağı canından artıq sevən Vətən
oğlunun bir ev muzeyi təsirini bağışlayır. Onun
döyüş yolu, əsgər yoldaşları haqqında, o illərdə qeyrət qalası Sədərək
ərazisinin düşmən qarşısında necə dayandığını təsvir
edən eksponatlar da olsa, gələcək nəsillərə
nümunə olacaq dəyərli
bir muzey ola bilər.
***
Şəhid
ruhlarını göy üzündə salamlayacaq şahin
Şəhid
İlkin Seyidovun ailəsində bir neçə dəfə
diqqətimə çatdırılan bir fikir oldu: İlkin
Seyidovun şəhid olduğu gün (bir neçə il sonra) İlkinin qardaşı oğlu
dünyaya gəldi və adını İlkin qoydular. Biz şəhidin ailəsini ziyarət edərkən
İlkin evdə yox idi. Maraq
götürmüşdü məni, görəsən eyni
gündə doğulmağın və eyni adı
daşımağın insanın həyat tərzinə təsiri
olurmu? Əslində adın insan həyatına
həlledici təsiri haqqında çox oxumuşdum.
Yaşa dolduqca insan həyatda heç nəyin təsadüf
olmadığına əmin olur. Hər bir yaradılışda
da, yaşam tərzində də, ölümdə də bir
hikmət gizlənir - şüurumuzun tamamilə dərk etmədiyi,
ağlımızın qavramadığı, instinktimizin
alışmadığı bir hikmət.
Yaradılışla ölüm, ruhla cisim arasındakı mistik
bağlantını da real qəbul edə bilmirik bəzən.
Bakıda görüşdük İlkin Seyidzadə ilə. Aviasiya
Akademiyasında müdavim olduğunu eşitmişdim. Başqa bir şey bilmirdim haqqında. Eyni adı daşıdığı qaragözlü
şəhid İlkinə bənzərliyi varmı deyə
düşünürdüm. Gəldi,
gördüm, nəinki xarici görünüşündə,
eyni zamanda vətənpərvər ruhunda da, tərbiyəsində
də əmisinin eyni idi. Bu yerdə “Allah torpağı
sanı ömür versin!”, deyərdi nənəm.
Kiçik İlkini görəndə də o
deyim keçdi ürəyimdən.
Əmisi haqda fikirlərini bilmək üçün
onunla həmsöhbət oldum.
-
Özünü təqdim elə.
- Seyidzadə
İlkin Yalçın oğlu 1998-ci il
mayın 19-da Naxçıvan şəhərində
doğulmuşam. Orta məktəbi Naxçıvandakı Heydər
Əliyev adına tam orta məktəbdə
bitirmişəm. 2015-cildə 400 balla Milli
Aviasiya Akademiyasına daxil olmuşam. Hazırda
akademiyanın dördüncü kurs tələbəsiyəm,
2020-ci ildə məzun olacam.
- Hərbçi
olmaq öz içindən keçən arzuydu, yoxsa əminin
yolunu davam etdirmək üçün bu yolu seçdin?
- Əslində şəhid ailəsində böyüməyim,
onun haqqında duyduqlarım, o mühitdə tərbiyə
almağım, əmimin hər gün göz-gözə gəldiyim
şəkli məndə maraq oyatmışdı, sonradan
içimdəki hərbçi olmaq istəyini hiss etdim.
- Sən
bir şəhidin adını daşıyırsan. Bu adı daşımaq həm şərəfdi, həm
də eyni zamanda məsuliyyət. Bu
yükün altında sıxılmırsan ki?
- Xeyr, bu
mənim üçün həqiqətən bir şərəfdir.
Bütün həyatım boyunca
çalışacam ki, o adı daha da ucaldım. Gördüyüm işlərlə, həyatdakı
uğurlarımla, öz ailəmin, ümumiyyətlə,
insanların arasında onun adından doğan
işığı daha artırmaq üçün əlimdən
gələni edirəm, edəcəm.
- Hər
bir oğul Vətənə sipərdir, deyirlər. Sən üstəlik hərbçi olmaq yolunu da
seçmisən. Yəni bu yöndə digərlərindən
fərqlənirsən. Bir azərbaycanlı
kimi, bir şəhid ailəsi kimi və gələcəyin
zabiti kimi Azərbaycanımızın düşdüyü bu
vəziyyətin – Qarabağ probleminin
çözümünü nədə görürsən?
- Azərbaycan
tarix boyu çox çətinliklərin şahidi olub. Amma bu vəziyyətlərdən
çıxmağı da bacarıb. Mən
inanıram ki, Qarabağ problemini də biz yaxın gələcəkdə
həll edəcəyik. Dövlət
başçımızın dünyəvi siyasəti nəticəsində
bu məsələnin həll olunacağına böyük
ümidimiz var. Amma düşmən tərəf bu məsələnin
həllinə sülh yoluyla razı olmazsa, müharibə
yoluyla həll etməyə də hazırıq və bu mənada
əmimin və onun kimi igidlərimizin yolu artıq mənə
bir mayakdır.
- Təsəvvür
edək ki, mən heç Naxçıvanda olmamışam, sənin
ailəni də tanımıram, bildiyim sadəcə orada
İlkin Seyidov adlı bir şəhidin olmasıdır. Səndən bir naxçıvanlı kimi o şəhidin
haqqında eşitdiklərini, bildiklərini
danışmanı istəyirəm.
- İlkin Seyidov 1969-cu ildə Naxçıvan şəhərində
anadan olub.
Orta məktəbi Naxçıvandakı H.Cavid adına
5 nömrəli orta məktəbdə bitirib. Onun çox cəsarətli
bir adam olduğu, həyatda
özünün seçdiyi və inandığı yolla
uğurla getdiyi haqda çox eşitmişəm. Mən onun müəllimləri ilə də
tanışam, hətta bəziləri (Əmanət xanım
Musayevanın adını çəkir – F.R) mənə də
dərs deyib. Dostları ilə də
tanışam. Hər biri onun haqqında
böyük hörmətlə danışır. İstər
təhsil həyatında, istərsə də ictimai həyatda
dəyərli, ləyaqətli, doğru-düzgün,
sözübütöv kişi, eyni zamanda
geyim-keciminə, otağına, yatağına, əyin-başına,
oturduğu partada belə, həddən artıq səliqəl-səhman
gözləyən biri olduğunu söyləyirlər. Bütün bunlarla yanaşı, belə söhbətlərdə
onun vətənpərvərliyi, yurd, torpaq aşiqi olduğu
da qabardılır. Ümumiyyətlə,
onun haqqında həmişə yaxşı şeylər
eşitmişəm.
Digər
bölgələrimizdə gedən döyüşlər əmimə
təsir edib və başqa oğullarımız kimi o da
düşmənin torpaqlarımıza dəyən murdar
ayaqlarını oradan kəsməyə, namusumuz olan Vətənə
əl uzadan düşmənin əlini kəsməyə,
başını əzməyə can atanlardan olub. Bunun
üçün Qarabağa getməyə can atıb, hətta
yola da çıxıb, amma alınmayıb, çünki həmin
vaxt azğın düşmən Sədərək tərəfdən
Naxçıvana da hücum edibmiş və əmim
doğulduğu torpağın
çağırışına səs verərək onun
müdafiəsinə qalxıb. DİN-nin
Xüsusi Təyinatlı Polis Dəstəsinin tərkibində
döyüşə qoşulub, döyüşlərdə fəal
iştirak edib. Düşmənə qan udduran
oğullarımızın bir nümunəsi olub əmim, istər
əlindəki qumbara ilə düşmən səngərinə
yaxınlaşıb onları kütləvi surətdə məhv
eləmək olsun, istər əsgər yoldaşlarının
xilas edilməsi, mühasirəyə düşənlərin
oradan çıxarılması olsun, istər qurtarmış
patronları, güllələri təcili çatdırmaq
olsun – hər birində nümunəvi əsgər olub. Elə
o döyüşlərin qızğın yerində əsgərləri
mühasirədən çıxararkən düşmənin
snayper gülləsinə tuş gəlib...
Mən onun Şəhidlər Xiyabanına
aparılması, dəfn mərasimini ifadə edən şəkilləri
görmüşəm. Naxçıvan xalqı, ümumiyyətlə,
şəhidlərinə həmişə çox hörmətlə,
sayqıyla, dəyərlə yanaşıb. Onun dəfnində
minlərlə insan iştirak edibmiş və hər il 20 Yanvarda minlərlə insan xiyabandakı
şəhidlərimizi ziyarət edir. Bu artıq
bir ənənə halını alıb.
- Əminin şəhid olduğu gündə sən
doğulmusan.
Bu sənin üçün bir anlam
daşıyırmı? Səncə bu bir
təsadüfdümü?
- Yox, mən
təsadüflərə inanmıram. Məncə,
Tanrı məni nənəmin-babamın verdiyi ağır
itkiyə tapıntı olaraq, çəkdikləri acılara
bir məlhəm olaraq həmin gün ailəmə bəxş
edib. Yəni bir tərəfdən alan
Tanrının digər tərəfdən verdiyini onlara
göstərmək, sübut etmək üçün.
- Belə
bir deyim var: General olmaq istəməyən əsgər
yaxşı əsgər deyil. Bu mənada,
general olmaq istəyirsənmi?
- Əlbəttə, bu ona görə deyilib ki, insan ən
uca zirvəyə yüksəlməyi özünə məqsəd
seçməlidir ki, heç olmasa ona yaxınlaşa bilsin. Təbii ki, mənim
də məqsədim zirvələrə nail olmaqdır.
Məqsədimə doğru irəliləyirəm, inşallah
çatacam!
Bəli, bu fikirlər İlkinindi, Vətəninə
özünü qurban deyən oğullardan ikinci İlkinin.
Əməkdar
jurnalistimiz, Zəngəzur həsrətli Flora Xəlilzadənin
ürək ağrılarından: “Əlimiz uzalı qalan... Gözümüz zirvəsini, əlimiz
daşını, dodağımız torpağını
öpə bilmədiyi yurd yerlərimiz çox uzaqda qalıb.
Baxa-baxa, gözləyə-gözləyə,
yana-yana çoxumuz özümüz boyda ocaq olmuşuq.
Tanrı sönməkdən, kül olmaqdan qorusun! Həsrətdən
əbədi susanları demirəm, çünki onların
ruhları da bizimlədir...”..
İnşallah,
İlkin və onun kimi oğullarımız Vətənin
azadlığı uğrunda əllərindən gələni
edəcəklər. Və gənc İlkin həsrətdən
əbədi susan əmisinin
arzuladığı – azğın düşməndən təmizlənmiş
azad torpaqlarımızın üzərində süzən
şahin kimi vətəni yad gözlərdən qoruyacaq! Ona bu
uçuşlarda müqəddəs torpaqlarımızdan ucalan
dualar və bir də onun göy üzündə
salamladığı şəhid ruhları kömək
olacaq...
Şəhidliklərə
şahid olan Ucubiz dağına
Aristotel deyirdi ki, ölümsüz olmaq istəyiriksə
“Ölümsüzlüyə yaxın yerlərdə
yaşamalıyıq”.
İlkin getdikdən sonra Rəhilə ananın gecələri
xeyrə qalmır, Ucubiz dağı, yuxusuz sabahları xeyrə
açılmır... gözləri iki yanaşı
çeşməyə dönüb, qurumaq bilmir. İlkinini
yuxuda əzizləyir, oxşayır, boyunu sevir, layla deyir,
oyandıqda bunun röya olduğunu anlayır, yuxusuna
ağıyla davam edir. Daha yata bilərmi
ana, gözünə yuxu gedərmi? Az
əvvəl qucağında olan, qoxusunu aldığı
oğlunu istəyir ana... elə istəyir ki, səhrada
dodaqları susuzluqdan cadarlanmış, suya təşnə
biri kimi...
Oğlunun
hər yuxusuna gəlişiylə yarası təzələnir
ananın, bala həsrəti içini qovurur,
yandırıb-yaxır...
Ucubiz
dağı, nələr gördün, nələr duydun, nələrin
şahidisən, mənimlə paylaş! Sinəndə gəzən
o ər oğulların köksünə dağ boyda –
özün boyda qürur ola bildinmi?
Sənin
yüksəkliyindən Vətənin geridə qalan, imdad diləyən
hissəsini seyr edərək onu qorumaq üçün and
içən, sinələrini sipər edən, səni özlərinə
arxa seçən oğullara sipər ola
bildinmi? Axı, dağdan
arxası olanın, daşdan ürəyi olar...
Düşmənin sinəsinə dağ çəkərək
əzəli-əbədi torpaqlarımızı geri almağa
çalışan nər igidlərin qanı sinənə
axarkən onlara ağı deyə bildinmi? İlkin
alnından vurulub sinənə sığınarkən, əbədiyyətə,
şəhidlik zirvəsinə yol aldığını anlarkən
ona toxdaqlıq verə bildinmi, Ucubiz dağı? Yoxsa o
itkilərə sən də dözmürsən, ondan
başın belə ağarıb?!.
Dağlar,
ağ başlı dağlar,
Gözləri
yaşlı dağlar,
Yalvarıram,
düz déyin,
Sizdən
kim aşdı, dağlar?
Bu
dağlar ġoşa dağlar,
Vérib
baş-başa dağlar,
İgidlər
səndə gəzib,
Səni yüz yaşa, dağlar.
Éləmi
nâşı dağlar,
Sinəmin
başı ağlar,
Burda bir qərib
ölüb,
Ocağın
daşı ağlar...
Niyə qoruya bilmədin igidləri, Ucubiz dağı? İlkinə
niyə söz eşitdirə bilmədin, dinləmədi səni,
deyilmi? Sənə əyilməyərək,
qayalarının arxasında gizlənməyərək düz
düşmənin üstünəmi
şığıdı? Gəbərtdiyi çoxlu sayda
erməni dığalarının qisasını almaq
üçün onu çoxdan izləyən düşmən
snayperinin onu nişan
aldığını ağlından keçirmədi. Çünki canını unutmuşdu,
çünki geridə qalanların ümidi olduğunu dərk
edirdi. Çünki canını düşünməsi
Vətəni düşünməyə mane ola
bilərdi. Bilirsənmi niyə sənə əyilmədi,
çünki cüssələri səninki qədər olmasa
da, o igidlərin hər birinin ürəyi səndən də
böyükdü! Çünki arxalarında Vətəni,
ayaqlarının altında Vətən torpağını sən
boyda ürəklərində kişi qeyrətini,
təpərini, şir biləklərində intiqama səsləyən
yenilməz qüvvəni hiss edirdilər. Düşməni əzəcəklərinə
şübhələri yoxdu...
Bilirəm, Ucubiz dağı, biz gördüklərimizin
min qat artığını sən görmüsən. Necə dözürsən,
soruşmuram, çünki elə dözdüyün
üçün dağsan! Bizlərsə
dözə bilmirik, ağrımızı göz
yaşlarıyla çıxararaq ürəyimizi müvəqqəti
sakitləşdiririk. Yaxud dərin bir ahla! Sənin bu
imkanın da yoxdur – sən ağlarsan, selinin
qarşısında dayanmaq gücümüz olmaz, sən ah
çəkərsən, o ahın tufanından dünya
dağılar...
Sus, Ucubiz
dağı, ərənlərinin səndən örnək
aldıqları təmkinini pozma! Qoy sənə bənzəsinlər,- dözümdə, səbrdə, mətanətdə,
vüqarda, qürurda...
Çünki bu qürur, bu dözüm, mətanət,
vüqar onları ölümsüz etdi. Ölümsüzlüyə
gedən yollarısa səndən keçdi...
“Xınalı
Hasan” hekayəsi
İlkin Seyidovun ailəsindən onun haqqında
danışan hər kəs son gedişində onun əllərinə,
ayağına xına yaxaraq getdiyini söyləmişdi, lakin
bunu hansı səbəbdən etdiyini kimsə söyləməmişdi
və bu məndən ötrü bir müəmma olaraq
qalırdı.
Bu yaxınlarda Ankarada “Anıt Kabir”də - Mustafa Kamal
Atataürkün qəbri və orda yaradılmış
möhtəşəm muzeydə olarkən neçə
müddətdir mənimlə ruhi bağlantısı olan
şəhid İlkin Seyidovu da andım. İgidin əlinə
niyə xına yaxması müəmması da orada
açıldı mənimçün. Həm də elə
bir tərzdə açıldı ki...
Ondan az əvvəl
ziyarət etdiyim Cümhuriyyətimizin qurucusu Məmmədəmin
Rəsulzadənin məzarı üstə keçirdiyim
kövrək anlar, məzar üzərində
asılmış üçrəngli bayrağın mənə
verdiyi anlaşılmaz məhrəm duyğulu hisslər,
bayrağımı öpərkən saxlaya bilmədiyim göz
yaşlarım onsuz da qəlbimin sarı simini tərpətmişdi.
Bir də şəhidimi anmam məni daha da
kövrəltdi və qardaş xalqın nümayəndələrinin
buna anlayışlı, səmimi münasibətlərindən
mütəəssir oldum.
M.K.Atatürk muzeyində istedadlı, xüsusi
hazırlıqlı gid Doruq Gökhanın
danışdığı hekayəyə yüksək səs
tonuyla və peşəkar aktyor qabiliyyəti ilə əlavələr
edərək vurğuladığı önəmli anlar beynimə
əbədi həkk olundu və orada aldığım mənəvi
qidayla bir daha türk olmağımla, türk
doğulmağımla fəxr etdim. Hekayə belə idi.
Anası Hasanın əllərinə, ayaqlarına,
saçlarına xına yaxaraq döyüşə
yollamışdı. Əsgərlər ona gülür,
“Xınalı quzu”, “Ana quzusu” deyə ələ salıb
gülürdülər. Bundan əsəbiləşən,
təsirlənən Hasan anasına məktub yazır: “Ana,
qurban olum, burda hər kəs məni xınalı olduğuma
görə ələ salır. Məndən
sonra iki qardaşım da cəbhəyə yollanacaq. Səndən xahiş edirəm, onlara da xına
yaxıb göndərərək mənim günümə
salma. Qoy rahat döyüşsünlər”.
Ana Hasana
belə bir cavab yazır: “Oğlum, gözümün nuru,
xınalı quzum, türk xalqının adətidir,
üç halda xına yaxarlar. Bir, Qurban
bayramında – qoyunu xınalayar, kəsdikdə onun qanından
alınlara çəkib Allaha qurban deyərlər.
İkinci, gəlinin əl-ayağına xına çəkib,
namusu, ismətiylə getdiyi ailəyə qurban deyərlər
və nəhayət üçüncü, xınanı
yaxıb oğulu döyüşə yollayaraq Vətənə
qurban deyərlər! Mən səni Vətənə qurban
dedim, oğlum, sən bundan utanmalı deyil, fəxarət
duymalısan!..”.
Məktub
yetişəndə Hasan ön cəbhədə olduğu
üçün onu komandiri açır və məktubdan o qədər
təsirlənir ki, onu götürüb Hasanın yanına
gedir, lakin... Hasan artıq şəhid düşmüş - Vətənə qurban
getmişdi...
Bəli,
İlkin son gedişində xınanı özü
yaxmışdı əllərinə və bununla
özünü Vətənə qurban demişdi... amma bundan
heç kimin xəbəri yox idi...
İlkin
nağılı
O
nağılı İbadulla kəndində, dayısı
İlyas müəllimin həyətində dinlədim...
Naxçıvanlıların qonaqpərvərliyi haqda
çox eşitmişdim və bunun bariz nümunəsinin
Naxçıvana ikinci dəfə ayaq basanda daha yaxından
şahidi oldum.
Ev sahibləri hər vəchlə qonağı
rahat etdirməyə çalışır, yeyib-içməsi,
gəzməsi, dincəlməsi üçün əllərindən
gələni əsirgəmirlər. Mən
yazdığım bu fikirləri bilavasitə qonağı
olduğum ailədə, şəhid İlkinin dayısı
İlyas Seyidovun və onun həyat yoldaşı Mehriban
xanımın timsalında gerçəkdən yaşadım.
Bu ailənin qonağa həssaslığı,
diqqəti, səmimiyyəti özü ayrıca bir
mövzudur. O gün isə mənim də, onların da,
bizimlə bir araya toplaşanların hamısının da
fikri, ürəyi İlkinin yanında idi. Biz qəhrəmanın
işığına toplaşmışdıq. Elə bu ailədə də söhbətimiz
İlkindən idi.
Ev sahiblərinin davranışı, bir-birinə diqqət
və sayqısı ilk andaca diqqətimi çəkdi. Bir yazı
adamı marağıyla onların bu ünsiyyətinin ipucunu
tapmağa çalışdım. Söhbət
zamanı İlkinin nişanlı olması burada da
xatırlandı. İlyas müəllimin
sevgiyə, qarşılıqlı anlayışa münasibəti
həmin o nişanlı söhbətində qabardıldı,
sevginin yaşı olmadığı, onun insana məxsus ən
gözəl hiss olduğu vurğulandı.
Sözarası
onu da öyrəndim ki, Mehriban xanımla İlyas müəllim
orta məktəbdən bir-birinə bağlanmış, yuvalarını o
sevgiylə qurmuşlar, indi də oğul-uşaq, nəvə
sahibləridirlər və gənclik illərindən
başlamış bu təmiz sevgilərinin ömrün sonuna
qədər davam edəcəyinə şübhə yeri
qalmır. O İllərdən dəyişən, yəni istər-istəməz
yaşlanan bu insanların yaşlanmayan, dəyişməyən
bir xəzinələri vardı – sevgiləri və o sevgi,
bir-birinə münasibətdə hər kəlmələrindən
bəlli idi.
-Bir
dayı kimi İlkinin də sevdiyindən az-çox xəbərim
vardı. Təəssüf ki, onun sevgisi də
özü kimi xatirəyə çevrildi... – deyir İlyas
müəllim.
İlkin haqda, ümumiyyətlə şəhidlərimiz
haqda yazmaq, xatirələrini anmaöın hər bir
yazarın, hər bir vətəndaşın borcu olmasına rəğmən,
dəfələrlə təşəkkür edir, minnətdarlıq
bildirirdilər.
Şərur rayonunun
İbadulla kəndindədir şəhidin dayısı
İlyas müəllimin evi. Qeyd edim ki, buna
tamamilə nail olmasam da, əslində qəhrəmanımın
ayaq basdığı hər yerə getmək, baxmaq,
müşahidələrimin mənə verdiyi təəssüratlardan
bəhrələnmək istəyirdim.
Kənd deyəndə daha
çox şəhərdən kəskin fərqlənən,
yaşıllıq içində olsa da, susqun, zəhmətli həyatı, bozarmış
damları kənardan ağaran kənd evləri göz
önünə gəlir. Şərur rayonunun
İbadulla kəndi haqda bunu söyləmək
qeyri-mümkündür. Ümumiyyətlə, Naxçıvanı hər
cəhətdən dünyanın ən inkişaf etmiş
şəhərləri ilə müqayisə etmək olar. Göz oxşayan yaşıllıq, aşırı
təmizlik, geniş şüşə kimi yollar Muxtar Vilayətin
yaraşığıdır. İbadulla kəndi
isə ən müasir mədəni-məişət-iaşə,
tibbi, inzibati binaları, səliqəli həyət-bacaları,
hər tərəfi bürümüş yaşıllıq
zonaları ilə ən müasir şəhərlərlə
müqayisə oluna bilər. 310 evdən ibarət bu kənddə
icra nümayəndəliyi, 522 yerlik məktəb, məscid
kompleksi, ambulator mərkəzi,
kənd mərkəzi, polis bölməsi və sair fəaliyyət
göstərir.
Şəhidin
dayısı İlyas müəllim uzun müddət icra
strukturlarında çalışıb, sonra məktəb
direktoru kimi fəaliyyət göstərib. Onun həvəslə,
bir az da fəxrlə ətraf kəndlər olan Qışlaq
Abbas, Qarxun, Xanlıq, Dan Yerindəki inkişafı göstərməsi
və hər biri haqqında ətraflı məlumat verməsi
ürəkaçan idi. Blokada şəraitində
bu qədər işləri görmək, kənd yerində bu
inkişafa nail olmaq inanılası deyil. Coğrafi
mövqeyi sərt olan Naxçıvanda bu gözəllik
heyranedici idi.
Arpaçay
da bu əsrarəngizliyə bir az da gözəllik
qatır. Yollarsa sanki xətkeşlə
ölçülüb çəkilib. Bunlara baxdıqca
düşünürdüm ki, demək insan zəhmət
çəkərsə, torpağa əyilərsə hər
bir gözəlliyə də, bolluğa da nail ola
bilər. İlyas müəllimin izahıyla mən
yolların kənarında əkilən
yaşıllığın necə ərsəyə gəldiyini
öyrəndim. Deməli, hər bir idarə,
müəssisə bir neçə hektar yeri öz öhdəsinə
götürür, yaşıllıq, bağ salmaq, o
bağın əkilməsi, becərilməsi,
sulanmasını nəzarətə alır. Bunu bir neçə hektar sahədən bir
yazılıb vurulmuş lövhələrdən də
görmək olur. Naxçıvanın DİN, Ədliyyə,
Təhsil, Səhiyyə, Mədəniyyət və Turizm
nazirliklərinin, Statistika Komitəsinin və sair
...
Mənim üçün daha maraqlı olan yol kənarındakı
yaşıllığın şam, küknar, çinar
ağacları ilə başlayıb, arxasında meyvə
ağaclarının əkilməsi idi. Ərik,
alça, iydə və s.ağacların üstü meyvə
ilə dolu idi və hər kəs istədiyi qədər o
meyvədən yığıb apara bilər. Bu mənzərə uşaqlıqda bizə öyrədilən,
ümidlə gözlədiyimiz kommunizmi xatırlatdı mənə.
Hər kəs özünə lazım olan qədəri
dərib aparır, qalanından da digərləri yararlanır.
Beş-altı hektarlıq püstə
bağında isə xarici ölkələrdən
alınmış və təzə basdırılmış
tinglərin əksəriyyəti tutmuşdu.
Bütün bu gözəlliyi seyr edə-edə
Naxçıvandan Şərura – İbadulla kəndinə nə
zaman gəlib çatdığımı fərq etmədim. Narın
yağışın ruhuma verdiyi romantik duyğuları bu
yaşıllıq daha çox
tamamlayırdı.
Qonaq olduğum evin bağını dolaşıram. Xəyalən
qəhrəmanımız İlkini bu həyətdə təsəvvür
edirəm. Ona görə ki, bura onun baba yurdu idi... Uşaqlıqda buraya gəlmişdisə, demək
ki, o gövdəsi qalınlaşmış yaşlı
ağaca mütləq dırmanmışdı. O tutdan dərib
yemişdi. Cavan ağaclara baxıram, yox... onlar
yaşca İlkindən balaca olarlar. O getdikdən sonra əkiliblər
və İlkin burada gəzərkən yəqin, o
ağacların heç izi-tozu da olmayıb.
O
yaşlı ağacın İlkinlə bağlı
yarpaq-yarpaq xəfif pıçıltılarını yenicə
pörələnən bu ağaclar nağıl kimi dinləyir
yəqin və sanki İlkini görmədiklərinə daxilən
üzülmüş kimidilər.
İlyas müəllimdən
soruşuram: İlkin sizə gəlirdimi? Əlbəttə,
- deyir.
Çox qaynar uşaqlığı olduğunu söyləyirlər. Necə
davranardı bu həyətdə, çoxmu nadincdi? – soruşuram. - Əsla, deyir, mərifətli
uşaqdı. Böyük-kiçik yeri
biləndi. Dəliqanlı idi, coşqundu, cəsarətli
idi, amma böyüklərə sayqısını heç
vaxt unutmazdı, - əlini bir az
aralıdakı köhnə - evə tərəf uzadır, -
İlkin bax, o evə gələrdi, ata evimizə...
... Bir həyətdədi evlər. İlyas
müəllimin evinin qarşısında dayanıb, onun ata,
İlkinin isə baba evinə tərəf baxıram və mənə
elə gəlir ki, bu əski evlə yeni evin arasındakı
cığırla bir uşaq qaçır. Dayanmadan, nəfəs
dərmədən gəlir İlyas müəllimin
qapısını döyməyə. Gəlir nənəsinin,
babasının sözünü, ismarıcını
çatdırmağa...
Dayanır yarı yolda.
Qarşısındakı alma ağacı barının
ağırlığından qanadlarını o qədər əyib
ki, onun meyvəsini qoparmadan altından keçmək
mümkün deyil. Bu mümkünsüzlüyün yolunu
tapır İlkin. Dayanır, əlini uzadıb
üçü də bir boyda olan üç alma qopardır -
“İlkin nağılı”nın sonunda göydən
düşəcək üç almanı...
O almalar hələ göydədi,
düşməyiblər, çünki müharibə bitməyib.
Çünki İlkinin və onun kimi digər şəhidlərimizin
qanı alınmayıb, çünki torpaqlarımız
işğaldan azad edilməyib, çünki Naxçıvan
blokadadan qurtulmayıb və deməli, İlkin
nağılı da bitməyib...
Fəridə
RƏHİMLİ
Bakı
xəbər.- 2018.- 17 oktyabr.- S.12.