Qarabağ
məsələsində rəsmi İrəvanın tam dalana
dirəndiyini göstərən yeni elementlər...
ABŞ prezidentinin milli təhlükəsizlik
məsələləri üzrə müşaviri Con Boltonun
Rusiya və Cənubi Qafqaz ölkələrinə səfəri
fonunda Dağlıq Qarabağ münaqişəsi ilə
bağlı hadisələrin hansı səpkidə inkişaf
edəcəyi xüsusi maraq doğurur. Çünki bu səfər
ərəfəsində verilən açıqlamalardan belə
bəlli oldu ki, ABŞ Qarabağ məsələsində daha
aktiv siyasətə başlamağı düşünür.
Digər tərəfdən nəzərə
alaq ki, xarici siyasətdə sərt xətt tərəfdarı
olan Boltonun Ermənistana Vaşinqtonun şərtlərini diqtə
etməsi gözlənir. Bu şərtlərin təxminən
nədən ibarət olmasını isə ABŞ-ın Ermənistan
səfiri Riçard Millz açıqlayıb. Söhbət
konfliktin həllində mərhələli həll
variantının işə düşməsindən gedir.
Rusiyanın “rosbalt.ru”
portalının yazdıqlarından isə belə bəlli
olur ki, İrəvanın bu şərtlərdən imtina etməsi
olduqca çətindir. Burada o da nəzərə
alınır ki, indi özünü demokrat dövlətçi
kimi tanıtmağa can atan Nikol Paşinyan elə ABŞ-ın
“yetirməsidir”. Bütün bunlar fonunda sözügedən
portal yazır: “ABŞ-ın Ermənistan səfiri Riçard
Millzin etdiyi qalmaqallı “etiraf” praktik olaraq Ermənistanın
bütün cəmiyyətini şoka salıb – ehtimal ki, o buna hazır deyilmiş.
Onun bunu əvvəllər niyə etmədyi sualının
öz izahı var. Burada səfirin “EVN Report” nəşrinə
“vida” müsahibəsindən bir fraqment gətirək: “İlk
dəfə bura gələndə və
görüşdüyüm ermənilərin çoxunun
işğal edilmiş ərazilərin danışıqlar
prosesi çərçivəsində qaytarılmasına qəti
qarşı olduğunu öyrənəndə təəccübləndim”.
Ümumiyyətlə, Millz Ermənistanda
olduğu dörd ildən çox vaxtda ancaq bunu edib ki, Ermənistan
cəmiyyətində Qarabağ münaqişəsinin tənzimlənməsi
üçün müzakirələrin cüziliyinə təəccüblənib.
O bildirib ki, eşitdiklərinin hamısı onu həyəcanlandırıb.
Səfir vurğulayıb ki, işğal edilmiş ərazilərin
qaytarılması “Madrid prinsipləri” deyilənin təməllərindən
biridir. Onun sözlərinə görə, ABŞ hökumətinin təsəvvüründə
Dağlıq Qarabağ ətrafındakı ərazilər
münaqişənin dinc həlli üçün sonrakı
istifadə məqsədilə işğal edilib. Nə etməli,
ABŞ-ın tənzimlənmə üzrə ATƏT Minsk
Qrupunun həmsədr ölkəsi olduğu nəzərə
alınsa, olduqca maraqlı “kəşf”dir. Və səfir
yalnız Ermənistanı tərk edəndə “sərt
gerçəklik” haqda danışmağa başlayıb:
“İstənilən həll işğal edilmiş ərazilərin
bir qismini qaytarmağı tələb edir”. Və ümumiyyətlə,
indi status-kvo Ermənistanın xeyrinə deyil, diplomat bunu indiyədək
anlamayanları dilxor edib.
Ermənistanın erkən parlament
seçkiləri səbəbindən bu günlərdə
“şərti” istefa vermiş inqilabçı baş naziri
Nikol Paşinyan Millzin bəyanatını “gedən səfirin
yaxa qurtaran mesajı” adlandırıb. “Lragir” isə Amerika diplomatının
özünəməxsus şərhini təqdim edib. Erməni
nəşri izah edir – onun bəyanatı “ABŞ-ın
Qarabağ tənzimlənməsinə yanaşmasında
tranformasiyadan xəbər verir və Donald Trampın elan etdiyi
“gerçəklikləri qəbul etmək” prinsipinə getdikcə
daha çox yaxınlaşır. Amerika səfiri, faktiki olaraq,
“statusun əvəzinə ərazilər” formulunun
aktuallığını itirdiyini bildirir”.
Ümumiyyətlə, Ermənistanda
Amerika diplomatının birbaşa sözünü bəyənməyiblər
və hətta bunda qəribə sətiraltı tapmağı
bacarıblar. Onda heç bir sui-qəsd yoxdur, xüsusən də
ABŞ-ın ATƏT Minsk Qrupunun həmsədri kimi öz fikri
olmaq hüququ var. Millz də bunu ifadə edərək ermənilərdə
qəzəb doğurub. Amma o, səlahiyyətlərinə aid
olmayan məsələlərə toxunarkən İrəvanda
susublar. Məsələn, mitinqlərdə özünü
necə aparmaq haqda polisə öyüd verib. Yaxud erməni
biznesmenlərə ağıl verib – iranlı həmkarları
ilə əməkdaşlıqdan çəkinmək.
Millz niyə məhz indi
danışmağa başlayıb? Ehtimal ki, bunun
üçün ən əlverişli an yetişib. Ermənistanın
Azərbaycandan döyüşlə aldığı ərazilərin,
heç olmasa, mərhələ-mərhələ
qaytarılmalı olduğu Ermənistan və
tanınmamış Dağlıq Qarabağ Respublikasından
savayı heç kimdə şübhə doğurmur.
Amerikalılar da eyham vurublar ki, məhz bu xətti fəal
şəkildə yürüdə bilərlər. Amma məsələyə
formal da yanaşa bilərlər – hər şey ermənilərin
davranışından asılıdır. Bəs ABŞ Ermənistandan
hansı davranışı gözləyir? Birinci növbədə
xarici siyasət kursunun birmənalı şəkildə dəyişilməsi
və İrana qarşı Amerika sanksiyalarında
Vaşinqtonun yanında olmağı.
Sözügedən “Lragir”in məlumatlandırdığı
kimi, ABŞ dövlət katibinin Avropa və Asiya məsələləri
üzrə köməkçisinin müavini Corc Kent sanksiya səlahiyyətli
Amerika məmurlarının Ermənistan, Azərbaycan və
Gürcüstana tezliklə səfər anonsunu verib. Kent izah
edib: “Ermənistan şirkətləri Gürcüstan və Azərbaycandakılar
kimi anlamalıdır ki, müştəriləri kimlərdir.
Biz şirkətləri İranın müəyyən təşkilatları
ilə ticari münasibətlərə girməməyə
çağırırıq, çünki sanksiya altına
düşə bilər”. Nəşr ehtimal edir ki, bu mövzu
ABŞ prezidentinin milli təhlükəsizlik üzrə
müşaviri Con Boltonun Moskva, Tiflis, İrəvan və
Baklıya səfərinin gedişində də
qaldırılacaq. Hər şey isə ona görədir ki,
İran, o cümlədən Rusiya və Ermənistanın
yardımı ilə Amerika sanksiyalarından yan keçmək
yollarını axtarır.
Bax, Ermənistan beləcə
İranla həmsərhəd coğrafiyasına görə
hissolunacaq geopolitik oyunçuya, əslində isə,
ABŞ-ın antiiran sanksiyaları və Rusiyanınkı ilə
toqquşan Amerika nüfuzu zəminində çəkişmə
ərazisinə çevrilə bilər. Necə olsun? İran
və Ermənistan iki azad ticarət zonası yaradıb – Araz və
Mehri. Bunların vasitəsilə AİZ-də neft emalı
zavodları qurmaqla sanksiyalardan yan keçmək olar.
İranın hesablamalarına inanılsa, gəlirlər zəif
olmayacaq. Bəs nədir, yaşamaq istəyirsənsə,
fırlanmağı bacar. Amma deyəsən, Ermənistana
ABŞ-ın maraqlarına daxil olduğu qədər
“fırlanmaq” imkanı verəcəklər. Yeri gəlmişkən,
məlum olsaydı ki, amerikalıların ermənilərə
verdiyi məsləhətlər Rusiyadan gəlib, respublikada
“ruslar burunlarını başqasının işinə soxur”
tipli böyük səs-küy qalxardı. Və bu səs-küyə
haqq qazandırılardı. Bu arada “gedən səfir” məsləhət
verməyi davam etdirərək, bununla da Rusiya XİN-in kəskin
qıcığını doğurub. O, vidalaşmada
Amerikanın Ermənistandakı ticarət palatasında
çıxış edib və çoxlu maraqlı şeylər
danışıb. Millz “Novosti – Armeniya”ya şərhində
deyib ki, respublikada öz fəaliyyətində “dörd əsas
vurğu”nu rəhbər tutub – korrupsiya ilə mübarizədə
əməkdaşlıq, respublikada demokratik institutlar və
insan haqlarının möhkəmləndirilməsi,
işgüzar və iqtisadi əməkdaşlığın dərinləşməsi,
habelə təmasların və ABŞ-ın Ermənistanda
xarici siyasətinin təqdiminin yaxşılaşması. O həmçinin
məlumatlandırıb ki, ABŞ 3,5 il ərzində Ermənistana
yüz milyonlar, o cümlədən Vorotan SES-nin kaskadına
250 mlyon dollar yatırıb. Bu layihə Ermənistanın
enerji təhlükəsizliyinin təminatına yönəlib.
Millzin fikrincə, ölkədə
“məxməri inqilab” və siyasi dəyişikliklərə gəlincə,
bunlar çoxdan yetişmişdi və əhali
narazılığının artması üzündən
“praktik olaraq havada dolaşırdı”. Moskvanı daha çox
bu ifadəmi cinləndirib? Düzdür, Millz əmin edib ki,
“çoxlarının hesab etdiyi kimi, ABŞ-ın bunda əli
yoxdur”. “Biz, – o deyib, – yalnız dövlətin inkişafı, korrupsiyanın
azalması, insan haqlarına yardım etmişik. Ölkədə
baş verən dəyişikliklərə xarici basqı
olmayıb”.
“Yalnız sonrakı yolunu işarəlməyi
qət etmiş erməni xalqının iradəsinin ifadəsi”
var idi. O, ABŞ tərəfdən Ermənistana dəstəyin
əsas məqsədi kimi “ölkənin seçdiyi yolla irəliləməsi
üzrə” yardımı göstərib. Yeri gəlmişkən,
maraqlıdır ki, Millz bu “seçilmiş yol”un
“seçilmişi”, yəni Nikol Paşinyanı “qurucu atalar”dan
biri – ABŞ-ın ikinci prezidenti Con Adamsla tutuşdurub və
tarixçi Devid Makkalounun bu siyasətçi haqda kitabını ona hədiyyə
edib. Ümumiyyətlə, Millz Ermənistan üçün
tamamilə siyasi platsebo (müalicə imitasiyalı maddə)
çıxa biləcək acı Qarabağ həbinin
şirinliyini artırıb – əlbəttə, müəyyən
şərtlərlə. Bu isə, böyük hesabla, birdir –
ABŞ-ın Ermənistana buyurduqlarını etmək. Rusiya və
İran amilləri nəzərə alınsa, Vaşinqtona tam
itaət – hətta böyük istək müqabilində -
mümkünsüz işdir. Bu isə göstərir ki,
ABŞ-ın baxımından Ermənistan siyasətinin
“sökük” fraqmentləri “etimadı doğrultmayan adam” kimi
Paşinyanın idarəçilik
sürəkliliyini şübhə altına alır; Ermənistan
Qarabağ tənzimləməsində ABŞ-dan əldə
etmək istədiyi “qərəzsizlik” və bir çox
başqa şeyləri tam əldə edə bilməyəcək.
Onun “dostları” da, “düşmənləri”
də respublikada baş verənlərin hamısını
çox diqqətlə izləyirlər. Millzin ticarət
palatasının toplantısında
çıxışı, xüsusən də Ermənistanın
Gümrü şəhərində hərbi bazası mənzillənmiş
Rusiyanın özəl olaraq ürəyinə yatmayıb –
buna Rusiya XİN-in rəsmi təmsilçisi Mariya Zaxarova
qıcıqlı münasibət bildirib. O, “Ermənistanda dəyişikliklərə”
ABŞ-ın verdiyi pay haqda səfirin xəbərini və
respublikanı “ədalətli” etmək istəyənlərə
dəstəyini başqa dövlətin işlərinə
qarışmağın birbaşa etirafı hesab edib.
“Sputnik Armeniya”nın xəbər
verdiyi kimi, Zaxarovanın fikrincə, korrupsiya ilə mübarizəyə
yeni dəstək haqda səfirin bəyanatı da çox
şeydən xəbər verir. O öz nitqində özəl
olaraq qeyd edib ki, ABŞ hökuməti Ermənistanda siyasi durum
əvəzlənəndən sonra bu ölkəyə14 milyon
dollardan çox yardım ayırıb. Gələn il dəstək
26 milyon dollardan çox artırılacaq. Bu,
planlaşdırıldığından 20 milyon dollar
çoxdur. Və bu vəsaitlər korrupsiya ilə mübarizəyə
və vətəndaş cəmiyyətinin, habelə
işgüzar əlaqələrin və Ermənistan və
Amerika müəssisələrinin biznes imkanlarının möhkəmlənməsinə
yönəldiləcək. Rusiya xarici siyasət idarəsinin rəsmi
təmsilçisi bu ifadələri şərh edərək
bildirib ki, bunlar özünü necə aparmaq haqda
“qalanlarına daha bir aşkar təlimatdır”.
Hələ artıq “bütün
dünya”nı demirik, antiiran sanksiyaları, korrupsiya ilə
mübarizə, “demokratik dəyərlər”in təsbiti və
insan haqlarının müdafiəsini ehtiva edən daxili-siyasi
fraqmentlər kontekstində, göründüyü kimi,
Gürcüstan da amerikalıların öyüdlərini eşitməli
olacaq. Və əlbəttə, Rusiya da – lakin Boltonun səfəri
nəzərə alınmaqla Moskvada daha yüksək çəkili
“uçuşların saf-çürük edilməsi” gözlənir.
Amma burası da var ki, indiki mərhələdə bu “çəki”
İrəvandan başqa Tiflis və Bakını da
ağırlaşdırır.
Deyilməlidir ki, Bakı Millzin ərazilərin qaytarılmasının gərəkdiyi
haqda dediklərindən sonra atəşfəşanlıq təşkil
etməyib – bunu haqqı kimi qəbul edib. Və hətta
filosofcasına, İrəvanı səliqəlicə sancmaqla.
Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov
“Euractiv” nəşrinə müsahibədə bildirib ki, ola
bilsin, Qarabağ tənzimlənməsi üzrə
danışıqlar prosesilə tanışlıq
üçün Ermənistanın yeni hakimiyyətinə daha
çox vaxt lazımdır. O, uyğun prosesdə Ermənistan
qoşunlarının işğal edilmiş ərazilərdən
çıxarılması və qaçqınların
qayıtmasını əsas məsələ
adlandırıb. Yəni əslində, Azərbaycan bu məsələdə
və münaqişənin dondurularaq müəyyən
dövrdə saxlanmasında Ermənistana düşünməyə
vaxt verib. Amma ehtimal ki, İrəvanın “qapısını
döyməyə” ümid etmədən.
Yeri gəlmişkən, Paşinyan məlumat
verib ki, Prezident İlham Əliyevlə ilkin razılaşmaya əsasən,
Azərbaycan hökuməti ilə operativ əlaqə qurulub. Və
indi təmas xəttində “görünməmiş sükut”
hökm sürür. Amma bu, yalnız “sülh əvəzində
ərazilər” formulu işə düşərsə belə
qalacaq”. Aydındır ki, əks halda savaş da
qaçılmaz olacaq.
Tahir
TAĞIYEV
Bakı
xəbər.- 2018.- 23 oktyabr.- S.9.