“Tello”
da, “Aman Tello” da bizimdir, ermənilərin bir
saxtakarlığı da bitdi…
Vahid
Əziz: “Ermənilərin bizim mahnıları
oğurlamasına müəlliflərin adlarını çəkməməklə,
yaxud mahnıların xalq mahnısı olduğunu elan etməməklə
ifaçılar özləri şərait yaradırlar”
“Ermənilər Azərbaycan xalq
mahnısı “Tello”nu da mənimsəyiblər. Bu, xalq mahnısıdır.
Sözləri mənə məxsus olan və bəstəkar
Oqtay Kazıminin bəstələdiyi mahnının adı isə
“Aman Tello”dur. Bililsiniz, bunun günahı bizim müğənnilərdədir.
Niyə? Konsertlərdə, proqramlarda istər xalq, istərsə
də müəllif mahnılarını ifa edərkən
mahnının kimə məxsus olduğunu elan etmirlər.
Əgər “Tello”nu, eləcə də başqa
mahnıları oxuyarkən onun müəllifinin adı qeyd
edilərsə, heç kəs o mahnıları oğurlamaz.
Müğənnilər “Tello”nu oxuyursa, elan etsinlər ki, xalq
mahnısı “Tello”, yox, əgər “Aman Tello”nu ifa edirlərsə,
desinlər sözləri Vahid Əzizə, musiqisi isə Oqtay
Kazımiyə aiddir. Amma onlar bunu demirlər”.
Bu
fikirləri tanınmış şair Vahid Əziz ermənilərin
“Aman Tello” mahnısını mənimsəməsinə
münasibət bildirərkən “Bakı-Xəbər”ə
dedi.
V.Əziz
onu da bildirdi ki, hər bir mahnının sahibi, müəllifi
var və ifaçılar diqqətli olmalıdırlar.
Tanınmış şairin sözlərinə görə,
istər televiziya və radio proqramlarında, istərsə də
ölkəmizdə və respublikamızdan kənarda təşkil
edilən konsert proqramlarında mahnılar təqdim edilərkən
onların müəlliflərinin kimliyinin qeyd edilməsi
unudulur: “Əgər mahnı müəlliflərinin adları
qeyd edilərsə, həm yerli tamaşaçılar, həm
də xaricilər bilərlər ki, hansı mahnının
müəllifi hansı bəstəkar və şairdir. Bu
mahnıların yiyəsi var. Azərbaycanda müəllif
hüququ yoxdur, müəllif hüquqsuzluğu var. Azərbaycanda
mahnı müəlliflərinin adlarının çəkilməsinə
niyə xəsislik edirlər? Sözləri mənə,
musiqisi Eldar Mansurova aid olan “Bayatılar” mahnısını
bütün dünya oxuyur və müəllif kimi bizim
adımız qeyd edilir. Ancaq bunu Azərbaycanda demirlər. Ermənilər
də görürlər ki, bu mahnılar ifa edilərkən
müəlliflərinin adları çəkilmir, onlar da
mahnılarımızı oğurlayıb öz adlarına
çıxırlar. Ermənilərin bizim mahnıları
oğurlamasına müəlliflərin adlarını çəkməməklə,
yaxud mahnıların xalq mahnısı olduğunu elan etməməklə
ifaçılar özləri şərait yaradırlar”.Qeyd edək
ki, Əqli Mülkiyyət Agentliyi “Aman Tello”
mahnısının tarixi barədə və erməni musiqi
plagiatçılığını ifşa edən məlumat
yayıb. Məlumatda qeyd edilir ki, “Aman Tello” Azərbaycan xalq
mahnısının ABŞ-da yaşayan etnik ermənilərin
yaratdığı “System of A Down” rok-qrupu tərəfindən
ifası və sosial şəbəkələrdə
yayımlanması cəmiyyətdə və KİV-də
müzakirələrə və narazılığa səbəb
olub. “Beləliklə, istər tarixi, istər etimioloji, istərsə
də musiqişünaslıq baxımından “Aman Tello”
mahnısının ermənilərə aidiyyəti yoxdur.
Heç də təsadüfi deyil ki, ənənəvi erməni
qız adları siyahısında “Telli” adına rast gəlinmir”
- deyə agentlikdən bildirilir.
İradə Sariyeva
Bakı xəbər.- 2018.- 24
oktyabr.- S.- 14.