Azərbaycanın milli keçəçilik
sənətinə yenidən
maraq oyanıb
Bakıda
qədim keçəçilik sənəti ilə
bağlı III Beynəlxalq “Türk dünyasının ortaq
dili – naxışlar” simpoziumu keçirilir
“Ulu
sənətlərimizə qayıdış prosesinə
başlanıb və bu tendensiyanı ancaq təqdir etmək
lazımdır. Keçəçiliyə,
xalçaçılığa, toxuma, bədii tikmə, kəlağayı
kimi qədim sənət növlərimizə
qayıtmağımız çox müsbətdir. Keçəçilik
sənəti bu sənətlərin ən qədimi və ən
ilkinidir. Bu gün bir sıra ölkələrdən gələn
sənətşünasların, rəssamların, mütəxəssislərin
iştirakı ilə Bakıda keçirilən III Beynəlxalq
“Türk dünyasının ortaq dili – naxışlar”
simpoziumu çox müsbət bir hadisədir.
Keçəçilik
türk xalqına aid qədim sənət növüdür.
Ruslar və digər xalqlar keçəçiliyi bizdən məniməsəyib
ondan istifadə edirlər. Bu simpoziumun keçirilməsi bizim
yenidən bu sənətə qayıtmağımız,
keçəçiliyin bizə məxsus olduğunu dünyaya
sübut etməyimiz üçün müsbət nəticələr
verəcək. Bu tədbir ulu sənətlərimizin bərpası
istiqamətində görülən işləri, eləcə
də onların gənc nəslə
çatdırılmasında böyük əhəmiyyətə
malikdir”. Bunu “Bakı-Xəbər”ə
Bakıda keçirilən “Keçə sənətində kəsişmə
nöqtələri” mövzusunda III Beynəlxalq “Türk
dünyasının ortaq dili – naxışlar” simpoziumuna
münasibət bildirərkən Azərbaycan Milli Elmlər
Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı,
tarix üzrə fəlsəfə doktoru, tanınmış
etnoqraf Tahir Şahbazov deyib.
T.Şahbazov vurğuladı ki, keçəçilik sənəti
Azərbaycan xalqının
qədim xalq sənəti sahələrindən
biridir. O deyir ki, keçəçilik xalçaçılıqdan, kilimçilikdən,
həsirçilikdən daha
qədim tarixə malikdir. Ulu babalarımızın
təsərrüfat məşğuliyyətində
qoyunçuluğun birinci
dərəcəli rol
oynadığını deyən
T.Şahbazovun sözlərinə
görə, keçəçilik
də qoyunçuluqla
bağlıdır. Alimin
dediyinə görə,
keçənin funksiyası
çox geniş olub və ondan
soyuqdan, nəmişlikdən
qorunmaq, geyim və s. vasitəsi kimi istifadə edilib. Bu gün
cəmiyyətimizin keçədən
istifadəyə qayıtmasının
vacib olduğunu vurğulayan T.Şahbazovun
fikrincə, keçə
bu gün müxtəlif istiqamətdə
təqdim edilir. O, simpozium çərçivəsində
keçirilən sərgidə
keçədən hazırlanmış
məmulatların, geyimlərin,
aksesuarların nümayiş
etdirilməsini müsbət
sayır. Alim hesab edir ki,
insanlar gec-tez öz ilkinliyinə dönüb qədim sənət növlərini
inkişaf etdirməlidirlər.
Qeyd edək ki, simpoziumun təşkilatçıları
– UNESCO üzrə Azərbaycan
Respublikasının Milli
Komissiyası, MDB-nin iştirakçısı olan
ölkələrin Dövlətlərarası
Humanitar Əməkdaşlıq
Fondu (MFQS) və Bakı Yunus Əmrə İnstitutunun dəstəyi ilə Azərbaycan Respublikasının
Mədəniyyət Nazirliyi
və Azərbaycan Xalça Muzeyidir. Bakıda 22 ölkədən
sənətşünaslar, rəssamlar, moda sənayesi xadimləri toplanıblar.
Simpozium çərçivəsində
"İçərişəhər"
Dövlət Tarix-Memarlıq
Qoruğunun dəstəyi
ilə keçə məhsullarından ibarət
əl işləri yarmarkası təşkil olunub. Burada müxtəlif ölkələrdən
bu sənət üzrə 12 məşhur
sənətkar iştirak
edir.
İradə SARIYEVA
Bakı
xəbər.- 2018.- 27-29 oktyabr.- S.13.