Azərbaycan Ermənistana
təcavüzkar Qarabağ siyasətinə görə daha
sarsıdıcı zərbələr vurmağa
hazırlaşır
Dağlıq Qarabağ münaqişəsinin dinc müstəvidə həllinin dalana dirənməsi, Ermənistanın mövcud hakimiyyətinin sülh danışıqlarından yayınması konfliktin hərbi çözüm ehtimalını indi daha böyük sürətlə artırır. Digər tərəfdən düşmənin cəbhə təxribatlarının sayının artması da müharibəni tətikləyən növbəti amil sayılır.
Yeri
gəlmişkən qeyd edək ki, belə təxribatlar nəticəsində
cəbhədə düşmən itkilərinin sayı
sürətlə artır. Bu xüsusda, ehtiyatda olan polkovnik
Şair Ramaldanov maraqlı məlumatlar açıqlayıb:
“Son bir həftə ərzində Azərbaycan ordusunun bölmələri
bütün istiqamətlərdə düşmənin 5 hərbi
qulluqçusunu məhv edib, bir neçə nəfər isə
ağır yararlanıb”.
Onun
sözlərinə görə, Ermənistanın
hazırkı hökuməti və erməni əsgərləri
baş nazir Nikol Paşinyan və onun populist
çıxışlarının əsirinə çevrilib:
“Həmişəki kimi, qarşı tərəf yalnız Ermənistandan
olan üç çağırışçının
adını rəsmi olaraq bəyan edib. Digər iki nəfər isə Qarabağdan
hərbi xidmətə çağırıldığı üçün onların adları gizlədilib.
Azərbaycan ordusunun əsgərləri
Paşinyan və onun kimi digər cinayətkarların səsləndirdiyi
sərsəm bəyanatlara cavab verir və verməyə də davam
edəcək”. Şair Ramaldanov
qeyd edib ki, bunlar hamısı Azərbaycan
ordusunun gücünü
göstərir: “Bu, ordumuzun
işğal altında olan
torpaqlarımızı azad etməyə
hazır olduğunu bir
daha sübut edir. Paşinyan və onun kimilər nə qədər ki, sərsəm bəyanatlar səsləndirəcək,
o vaxta qədər də
təmas xəttindən erməni əsgərlərinin leşini yığmaqla məşğul olacaqlar”.
Əslində
Nikol Paşinyanın bütün təxribatçı
davranışları Azərbaycana əraziləri azad etmək
üçün hərbi yoldan başqa çıxış
qoymur. Və bunu yaxşı anlayan rəsmi Bakı artıq uzun
müddətdir qələbə döyüşünə
hazırlaşır. Xüsusilə
Rusiya-Ermənistan münasibətlərinin uçurumun
kənarına qədər gəlib çıxması da şərtləri Azərbaycanın xeyrinə
dəyişdirir. Bu kontekstdə Milli Məclisin Müdafiə, təhlükəsizlik
və korrupsiya ilə mübarizə komitəsinin
üzvü Zahid Orucun Rusiya prezidenti
Vladimir Putinin Bakı
səfəri ilə bağlı aşağıdakı fikirləri
xüsusi diqqət çəkir: “Qəlbi
Amerikanın, ətəyi Avropanın yanında olan bir dövlətin
arxasını Qarabağda rus
əsgəri qoruyası deyil. Ermənistan
Rusiyanın forpostluğundan çıxan
kimi Azərbaycan əsgəri döyüş əmrini alacaq!
Güclü liderlər və sərkərdələr
müharibəni əvvəlcə siyasi-diplomatik
cəbhədə qazanır, sonra
silahlı meydana atılır. İlham Əliyev on illər
ərzində apardığı transmilli iqtisadi-enerji savaşını gerçək
hərbi eskalasiyaya çevirməyə
hazırdır! Azərbaycan ordusunun qələbəsi
tarixdə ilk dəfədir, nə
Moskvanın, nə Tehranın, nə də Qərbin məğlubiyyəti
olacaq!”. Bu fikirlərdən də aydın görünür
ki, müəyyən geosiyasi
səbəblər indiyə qədər Qarabağda
savaşın qarşısını alırdısa, erməni
işğalının uzanmasına rəvac verirdisə,
artıq Bakının uğurlu diplomatik gedişləri bunları aradan qaldırır. Xüsusən də
Bakı və Moskva arasında yüksəksəviyyəli
münasibətlər artıq İrəvanın əsas himayədarından
məhrum olduğunu göstərir. Rus tarixçi və analitik Oleq Kuznetsov
bu xüsusda
maraqlı məqamlara diqqət çəkərək bildirir: “Vladimir Putin Paşinyan hökumətinin
bu gün
apardığı daxili və xarici siyasəti bəyənmir, çünki bu, əvvəllər
işlənmiş bütün mexanizmləri
və qarşılıqlı təsir sxemlərini məhv edir. Putin və
Paşinyanın bütün
danışıqları tamamilə boş
və formaldır. Heç bir dövlətin rəhbərinin, o diktator deyilsə, heç bir konkret nəticəyə gətirib
çıxarmayan boş
danışıqlara ayırmağa vaxtı olmamalıdır.
Paşinyan Putin üçün maraqlı müsahib
deyil ki, Rusiya prezidenti onunla görüşmək və ya teatr tamaşasına
getmək istəsin. Hazırda Rusiya-Ermənistan münasibətlərinin
gündəliyində heç bir ümumi mövzu və ya yeni birgə layihələr mövcud
deyil. Bu isə iki dövlət başçısının
görüşlər keçirməsinə ehtiyac
olmadığını göstərir. Amma
bunun əksinə olaraq,
prezident İlham
Əliyevlə Putinin tez-tez
görüş keçirdiyini
müşahidə edirik. Rusiya
ilə Azərbaycan arasında əllidən çox
birgə layihə ilə bağlı danışıqlar
aparılıb. Onların yarısı bu ay ərzində prezidentlərin Soçi görüşündə
imzalanıb. Ölkələrimizin başçıları tez-tez görüşür.
Bunun səbəbi təkcə
danışıqlar aparmaq və ünsiyyət
qurmaq deyil,
razılaşmalar əldə etməkdir. Rusiya
və Azərbaycan arasında bir çox ümumi siyasi və iqtisadi maraqlar mövcuddur ki, bunların həyata keçirilməsi obyektiv olaraq iki prezident arasında xüsusi münasibətlərin
olmasını tələb edir. Buna görə də Moskva-Bakı əlaqələri
güclənir. Əksinə, Moskva İrəvanla
daimi dialoq
formatının saxlanmasında heç bir məna görmür”. Hesab olunur ki,
Rusiya-Ermənistan münasibətlərində müəyyən
soyuqluq yarandığı dövrdə Azərbaycan-Rusiya
münasibətlərinin intensiv
inkişafı Dağlıq Qarabağ probleminin həllini dalandan
çıxarmaq baxımından çox vacibdir. Bütün bunlar həm də o baxımdan vacibdir ki, Moskva mümkün
Qarabağ münaqişəsində
İrəvanı müdafiə etməkdən imtina
edəcək. Ən azından, Ermənistana dərs vermək
və Rusiyanın orbitindən kənarlaşmasının nələrə
gətirib çıxaracığını İrəvana göstərmək
üçün. Digər tərəfdən,
belə vəziyyətdə Kreml Bakı
ilə strateji tərəfdaşlıq əlaqələrinin
daha da yüksələcəyini
yaxşı bilir. Bu şəraitdə erməni
şərhçi Sarkis Artsruni
yazır ki, nəticəsiz
danışıqlar Qarabağda yeni eskalasiyanın başlanmasına gətirib
çıxara bilər: “Ön cəbhədə
gərginlik artır və Yaxın Şərqdəki eskalasiya fonunda baş verənlər bizim
regionumuzda da böyük toqquşmanın ola
biləcəyini göstərir”. Erməni şərhçi
müharibənin nəticəsinin Ermənistan üçün
ağır ola biləcəyindən qorxduğunu da etiraf edir.
Eyni
mövqeni Ermənistan xüsusi təyinatlı kəşfiyyat-diversiya
dəstəsinin banisi Vova Vartanov “İravnuk” qəzetinə
müsahibəsində də bölüşür. O bildirir ki, Qarabağ
savaşı yenidən başlaycağı təqdirdə Ermənistan
çox ağır vəziyyətə
düşəcək və bunun ümdə
səbəbləri Bakının cari ilin mayında Naxçıvan istiqamətində
yeni ərazilərə nəzarəti ələ
almasıdır. Qeyd edək ki, bu ilin
may ayında Şərur rayonunun
Günnüt kəndi, ümumilikdə isə
11 min hektar ərazi
erməni işğalından azad olunub. Ermənistan tərəfi ilk günlər bu
faktı inkar etsə də sonradan təsdiq etmək məcburiyətində
qalıb. Faktı təsdiq edənlərdən biri də erməni kəşfiyyatçısı
Vova Vartanovdur. O bildirir ki, Ermənistandan Qarabağ istiqamətində hərbi kömək
göndərilməsi artıq müşkülə çevrilib: “Bəli, vəziyyət həyəcanlıdır,
100 faiz narahatlıq var.
Azərbaycan mövqelərini irəli çəkdi, lakin bununla həm də
İrəvan-Mehri yolunu nəzarətə
götürdü. Hansı ki, bu yolu
havaya pilotsuz təyyarələr
qaldırmadan artilleriya ilə vura bilərlər. Yəni Azərbaycan ordusu erməni qoşunlarının hərəkət
etdiyi, silah-sursat
daşındığı yolu nəzarətə
götürüb. Bütün
bunlar narahatlıq yaratmırmı? Vəziyyət
sakitdirsə, hələ ki problem yoxdur. İndi ara-sıra atəş səsləri eşidilir. Lakin gələcəkdə
irihəcmli əməliyyat başlayacaqsa,
bu, ciddi problemlər yaradacaq. Çünki Azərbaycan
ordusu Zəngəzura gedən yolları nəzarətə
götürüb”. Bütün
bunlar bir daha nümayiş etdirir ki, diplomatik
müstəvi ilə yanaşı, hərbi müstəvidə
də düşmən çıxılmaz duruma
düşməkdədir. Belə vəziyyətdə yaxın
tezlikdə zəbt olunmuş ərazilərin
azad olunmasına start
verilməsə, Azərbaycan bunu güc yolu ilə etməli
olacaq.
Ermənistan
Respublika Partiyasının sədr müavini Armen Aşotyan isə
vurğulayır ki, Qarabağ məsələsində Azərbaycanın
bütün istiqamətlər üzrə
üstünlüyünü artıran daha bir məqam
Paşinyan iqtidarı sayəsində ölkə daxilində vəziyyətin
çox kəskinləşməsidir: “Təəccüblü
deyil ki, öz anti-konstitusion ideyalarını yaymaq
üçün iqtidardakılar bütün mümkün tədbirlərə
əl atır. Onlar sosial
dəstəyə bel bağladıqca sosial problemlər həll olunmur,
əksinə daha da böyüyür. Paşinyan
insanlara indi də bunu diqtə edir: “Bəli,
siz pis
yaşayırsınız, həyatınızı düzənləyə
bilmirsiniz. Bunların hamısı ona görədir ki, mənim
tərəfdarlarım parlamentdə üstünlüyə sahib deyillər”. Yəqin ki,
yenə avam insanlar ona inanacaq. Cənab baş nazir, siz məndən də yaxşı bilirsiniz ki, parlament sizin dəqiq iqtisadi inkişaf
proqramınızın olmamasında, idarəetmə
aparatını dağıtmağınızda, cəmiyyətdə
təcavüzkarlığı artırmağınızda günahkar deyil. Rusiyada yaşayan erməni
biznesmenlər Paşinyana etimad
göstərməkdən imtina edib, fransız elitası ilə
görüşdə isə heç bir nəticə əldə olunmayıb. Almaniya kansleri Merkel və İtaliya prezidenti Cənubi Qafqaza səfərləri
zamanı Gürcüstan və Azərbaycanda
biznes forumda iştirak edib, özləri
ilə investorlar gətiriblər. Amma Ermənistana gələndə belə hallar baş vermədi. Ermənistan
əvvəlkindən daha böyük
sürətlə zəifləyir. Belə vəziyyətdə
bizim probemləri həll edə biləcəyimiz,
Qarabağ siyasətimizi davam
etdirməyimiz böyük sual
altına düşür. Əksinə,
daxildə artan qarşıdurma Qarabağ məsələsində yalnız Azərbaycanın
mövqelərini gücləndirir”.
“Joxovurd”
qəzeti də yazır ki, ölkə daxilində
qarşıdurma kəskinləşir. Qeyd
olunur ki, bu fonda Ermənistanın keçmiş prezidenti Robert Köçəryan aktiv
görüşlər keçirməyə başlayıb:
“Köçəryan bu dövr
ərzində Milli Razılaşma
Partiyasının rəhbəri Aram Arutyunyan, Razılaşma Partiyasının sədri
Sarkis Avetisyan, Milli Təhlükəsizlik Partiyasının sədri
Qarnik İsqulyanla görüşüb. Maraqlı olan digər məqamı isə Respublika Partiyasının deputatı Qalust Saakyan
açıqlayıb. O bildirib ki, Köçəryan siyasətə
qayıdıb respublikaçılara yaxın əməkdaşlıq
proqramı təklif etsə, o zaman onunla əməkdaşlıq
nəzərdən keçiriləcək. Deməli,
Köçəryan Paşinyanı denvirməkdə
maraqlıdır və bu halda
baş nazirin ona qarşı yeni
hücumları ölkədə vəziyyəti
qarışdıracaq. Bu isə bütün istiqamətlərdə, o cümlədən Qarabağ
məsələsində öz təsirini
göstərəcək. Amma siyasilər bunu nəzərə almır və vəziyyət
pisləşir. Hətta iş o yerə çatıb ki, bir vaxtlar Paşinyaın müdafiə edən
“Çiçəklənən Ermənistan” Partiyası da baş nazirə
qarşı çıxır. Hökumət isə ciddi şəkildə bu
partiyanın üzvlərinin xüsusi olaraq bölgələrdə yaranmış
problemlərin həllinə əngəllər
yaratdıqlarına görə narahat olmağa başlayıb. Belə ki, partiyanın üzvləri bununla
ictimai narazılığın
yaranmasına cəhd edirlər. Ölkədə vəziyyət
qarışır”.
Bütün
bunlar isə, ermənilərin özlərinin də etiraf
etdiyi kimi, Qarabağ münaqişəsinə də ciddi təsir
göstərir.
Tahir TAĞIYEV
Bakı xəbər.- 2018.- 29-30
sentyabr.- S.9.