Tarixdə iz buraxanlar:

Almas İldırım

 

Almas İldırım 1907-ci il martın 24-də Bakı yaxınlığındakı Qala kəndində anadan olub. Atası Hacı Əbdülməhəmməd bəy, anası Nisə xanımdır. Almas 1914-cü ildə Cənubi Azərbaycandan Bakı Neft mədənlərində işləməyə gələn fəhlələrin uşaqları üçün İran hökuməti tərəfindən açılan “İttihad” məktəbində təhsil almağa başlayb. Bu məktəbdə dərslər Azərbaycan dilində tədris edilirdi, eyni zamanda fars dili fənninə də geniş yer verilirdi.

Odur ki, Almas İldırım “İttihad” məktəbini bitirərkən fars dilində mükəmməl yazı və danışıq təcrübəsi qazanmışdı. O bu məktəbin son sinfində oxuduğu zaman artıq şeir yazır, ciddi mövzular seçə bilirbu mövzuların bədii ifadəsində şeirin texnikasına yaxşı bələd olduğunu nümayiş etdirirdi.

1925-ci ildə “İttihad” məktəbini bitirən 18 yaşlı Almas İldırım təhsilini Abdulla Şaiqin “Nümunə” məktəbində davam etdirməyə başlayır. Bu məktəbdə dərs deyən A.ŞaiqS.Hüseyn kimi görkəmli ziyalılarla ünsiyyət gənc Almasın intellektual inkişafında, bədii yaradıcılıq istedadının parlamasında önəmli rol oynayır. A.Şaiqin “Nümunə” məktəbində Almas İldırımla birgə oxuyandostluq edən buzovnalı Abbasqulu Əlihüseyn oğlu Abdullayev öz xatirələrində: “Tələbələrimiz arasındakı dostluq, səmimiyyət və mehribanlıqdan bəhs etmək lazım gəlsə, Almas İldırımın adı xüsusi qeyd olunmalıdır. O, ağır təbiətli, təvazökar bir şəxsiyyət idi. Müəllimlərindən S.Hüseyn və A.Şaiqlə daha çox ünsiyyətdə olardı”– yazır. Təbii ki, Almas İldırımın məktəb müəllimlərindən bu iki tanınmış yazıçı ilə daha çox ünsiyyətdə olması özünün də ədəbi fəaliyyətə başlaması ilə əlaqədar idi.

Almas ildırım A.Şaiqin “Nümunə” məktəbində oxuduğu illərdə H.Cavid, C.Cabbarlı və Ə.Cavad kimi görkəmli ədiblərlə də tanış olur, onların əsərlərini mütaliə edir. Bu sənətkarlar arasında gənc Almasın ruhunu ən çox oxşayanona yaxın olan Əhməd Cavad idi. Əhməd Cavadın incə ruhu, həssas qəlbi, alicənab davranışı gənc şairin diqqətini daha çox cəlb edirdi. Elə buna görə də Almas İldırım özündə şairlik yanğısı hiss etdiyi gündən Ə.Cavadı özünə ustad bilmişdi. Ə.Cavad o zaman təşkil olunan “Ədəbiyyat cəmiyyəti”nin məsul katibi idi. Azərbaycan ədəbiyyatının yeni quruluşun tələblərinə uyğun inkişafını təmin etməyi qarşısına məqsəd qoyan bu cəmiyyətin əsas fəaliyyət istiqamətindən biri də gənc ədəbi qüvvələrə kömək etmək idi. Cəmiyyətin fəaliyyətində, tanınmış sənətkarlarla yanaşı, gənc şair və yazıçılar da yaxından iştirak edir, yeni əsərlərini oxuyur, müzakirələrdə çıxış edirdilər. Gənc Almas İldırımın Ə.Cavad sənətinə və şəxsiyyətinə böyük rəğbət və məhəbbəti onu bu cəmiyyətin sıralarına gətirir. Fəqət 1926-cı ildə “Ədəbiyyat cəmiyyəti” fəaliyyətini dayandırır. Buna səbəb cəmiyyətdə sovet quruluşu ilə ayaqlaşa bilməyən C.Məmmədquluzadə, Ə.Haqverdiyev, S.Axundovs. qocaman yazıçıların nüfuzunun artması idi. “Ədəbiyyat cəmiyyəti” öz işini “Qızıl qələmlər ittifaqı”na təhvil verir. “Ədəbiyyat cəmiyyəti”ndə açıq-saçıq milli fikirli gənc şair Almas İldırım da sovet quruluşunun “ayıq-sayıq” keşikçilərini duyuq salmışdı. O zaman Azərbaycan Proletar Yazıçıları Cəmiyyətinin sədri Mustafa Quliyev yazırdı: “Yazıçılar arasında musavatçılara aşiq və Türkiyə çavuşlarının həqiqi şagirdi olan Almas İldırım yer almış olduğu meydana çıxmaqdadır...” Yəni Almas İldırım da ədəbi fəaliyyətini bu ittifaqın üzvü kimi davam etdirirdi. 1926-cı ildə həmin ittifaqın nəşr etdirdiyi “Gənc qızıl qələmlər” məcmuəsində onun altı şeiri dərc edilir.

1927-ci ildə Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinə daxil olan Almas İldırım az sonra bu təhsil ocağından xaric olunur. Səbəb olaraq onun tacir ailəsinin övladı olması göstərilir. Əslində isə Almasın atası Əbdülməhəmməd bəy Cəmbərəkənddə xırda ticarətlə məşğul olurdu. Bu da bir həqiqətdir ki, Almas İldırımın universitetdən xaric olduğu dövr milli düşüncəli ziyalıların təqib olunduğu, milli mənlik şüurunun izləndiyi illər idi. Bolşevik rejimi özünə düşmən saydığı sosial zümrələri – tacirləri, sənayeçiləri, keçmiş dövlət məmurlarını, milli ordu zabitlərini, kənd mülkədarlarını, habelə onların ailə üzvlərini izləməyə, məhv etməyə başlamışdı.

Müstəqil həyata qədəm qoyan Almas İldırım universitetdən xaric edilməsindən həddən ziyadə mütəəssir olur, güclü ruh düşkünlüyü vəziyyətində yaşayır. Adını “etibarsız adamlar” siyahısından sildirmək üçün, könülsüzolsa, yeni həyatı tərənnüm edən şeirlər yazmağa başlayır, daxili yanğısını büruzə vermədən şeirə həsr olunan yığıncaqlarda çıxış edir. Bu ovqat Almas İldırımı 1928-ci ildə yeni təsis olunan Azərbaycan Proletar Yazıçıları Cəmiyyətinə gətirib çıxarır. Azərbaycan mühacirət ədəbiyyatşünaslığının görkəmli nümayəndəsi Əbdülvahab Yurdsevər Proletar Yazıçıları Cəmiyyətinin mahiyyətini belə açıqlayır: “Kommunist Partiyası tərəfindən qurulan bu cəmiyyətin qayəsi – sovet rejiminə kor-koranə xidmət edəcək sözdə “ədiblər” yetişdirməkdi. Kommunist sıralarında güclü və istedadlı sənət ərbabı çox olmadığı üçün bu kimilər əksərən partiyasızlar arasında axtarılmalıdır. Bu məqsədlə, əsl kommunist ədiblərin yanı-başında bir də “cığırdaş” yazarlar zümrəsi yaradılmışdır. Cığırdaş yazar kommunist görünüşünə görə sovet rejiminə prinsip etibarilə müxalif olmayıb, onunla ədəbi sahədə işbirliyi etməyə hazır olan qələm sahibi deməkdir. Belə bir partiyasız ədəbi zümrənin yaradılması həm kommunistlərin, həm də milliyyətçilərin işinə yarayırdı. Kommunistlər bu surətlə qurulan müştərək çalışma mühitində bəzi istedadlı gəncləri partiya lehinə qazana biləcəklərinə ümid edirdilər. Milliyyətçi şairlər isə başqa heç bir çalışma sahəsi tapa bilmədikləri üçün bu cəmiyyətə girmək surətilə fikirlərini bir parça yürütmək və şeirlərini xalqa çatdırmaq fürsətini əldə edə biləcəklərini düşünərdilər. Beləcə, cəmiyyət içində iki müxtəlif və hətta bir-birinə düşmən zümrə qarşı-qarşıya gəlmiş olurdu.” Artıq şəxsiyyət kimi kəskin, milli və dünyəvi mövzularda yazan Almas İldırımı açıqcasına təqib edir, düşüncələrini zorla sovet ideologiyası baxımından günahlandırırdılar. Həm də Almas İldırım gənc, yeniyetmə olsa da, Azərbaycan Xalq Cümhuriyyətinin süqutunun acısını unutmamışdı. Proletar Yazıçıları Cəmiyyətinin sədri, o dövrün nüfuzlu təngidçilərindən sayılan Əkbər RuhiMustafa Quliyev Almas İldırımı “milli ədəbiyyat pərdəsi” altında mərsiyələr, sevgi qəzəlləri yazmaqda ittiham edir, onu “müsavatçıların aşiqi” adlandırır, artıq buna meydan verməyəcəyik kimi hədələrlə şairi addım-addım izləyirdilər. Qəlbi, ürəyi Vətən eşqi ilə döyünən Almas İldırım barəsində “Əgər keçmişdən vaz keçərsə, sadəcə sözdə deyil, işdə də bizimlə olarsa, başqa məsələ, yoxsa bizim hücumlarımıza sinə gərməlidir” kimi fikirlərlə bolşevik mətbuatında çıxış edirdilər. Onu Əhməd CavadHüseyn Cavid kimi şairlərin yolunu davam etdirməkdə günahlandırır, bu kimi yazarlardan proletar ədəbiyyatını təmizləmək lüzumunu kəskin şəkildə qeyd edirdilər. Vulqar sosioloji tənqidin nümayəndələrindən olan Əsəd Əyyubi isə bütün əxlaqi normaları unudaraq yazırdı ki, “Almas kimilərin başı sovet çəkici ilə əzilməlidir”.

Beləliklə, amansız təqiblərə məruz qalan şair Azərbaycan Proletar Yazıçıları Cəmiyyətindən xaric olunur və Dağıstana sürgün edilir. Almas İldırımın Dağıstanda keçən iki illik sürgün həyatı burada ədəbi mühitin qaynar dövrünə təsadüf edir. Şair bir tərəfdən pedaqoji fəaliyyət göstərir, eyni zamanda “Dağıstan füqərasi” qəzetində yeni şeirlərini dərc etdirir. Bu şeirlər Dağıstanda yaşayan azərbaycanlı, ləzgi, çeçenbaşqa xalqların nümayəndələri arasında geniş yayılır, sevilə-sevilə oxunur. Almas İldırım sürgün dövründə Dağıstan Proletar Yazıçıları Cəmiyyətinin təşkilatlanmasında, bu cəmiyyətin Dərbənd özəyinin yaradılmasında yaxından iştirak edir, müzakirələrdə fəallıq göstərir, yeni şeirlərini oxuyur. Az bir zamanda gənc şair Dağıstan ziyalıları və zəhmətkeş xalq arasında böyük nüfuz qazanır.

Təbii ki, bu hal Dağıstanda sürgün həyatı yaşayan Almas İldırımın hər bir addımını izləyən siyasi idarə əməkdaşlarını narahat etməyə bilməzdi. Onlar Almas İldırımın bundan sonra da Dağıstanda qalmasını milliyyətçilik, istiqlal ideyalarının daha da qüvvətlənməsinin təkanverici amili kimi qiymətləndirir və bunu mövcud siyasi rejim üçün böyük təhlükə sayırdılar. Yəni şairin Dağıstandakı ədəbi, pedaqoji, ictimai fəaliyyətinin milliyyətçi, istiqlalçı fikirlərinin geniş vüsəti Baş Siyasi İdarəni şairə qarşı yeni qəddar tədbirlər görməyə sövq edir. Onun 1930-cu ildə Bakıda “Azərnəşr” tərəfindən çap edilən “Dağlar səslənirkən” kitabı sosializm quruluşunu, fəhlə-kəndli hökuməti əleyhinə təbliğat məqsədi güdən ziyanlı ədəbiyyat kimi mağazalardan, kitabxanalardan yığışdırılır. 1930-cu ilin əvvəllərində isə Almas İldırım Dağıstandan Türkmənistana sürgün edilir.

Şair Dağıstanda başladığı pedaqoji fəaliyyətini Türkmənistanda da davam etdirir. O, Aşqabadda İrandanQafqazdan köçürülən türk ailələrinin uşaqları üçün təşkil edilən məktəbdə dərs deyir. Eyni zamanda türkmən ədibləri, alimləri, ziyalıları ilə sıx əlaqələr qurur, qardaş türkmən xalqının həyatı ilə yaxından tanış olur və əlbəttə ki, şeir yaradıcılığını davam etdirir. Almas İldırım burada jurnalist fəaliyyəti ilə də intensiv məşğul olur, “Zəhmət” qəzetində xeyli şeir və məqalələri dərc edilir. Fəqət tale Türkmənistanda da İldırımın üzünə gülmür. Onu burada da rahat buraxmırlar. Şair daim təqib olunur, izlənir, hətta onun sürgündəki fəaliyyətinə nəzarət etmək üçün Azərbaycan SSR Baş Siyasi İdarəsi xüsusi nümayəndəsini Aşqabada ezam edir. Bu agent öz vəzifəsini iki istiqamətdə yerinə yetirirdi: bir tərəfdən şairin hər addımını izləyərək öz idarəsi üçün donos hazırlayır, digər tərəfdən isə türkmənlər və respublikadakı azərbaycanlılar arasında onu gözdən salmaq üçün məqalələr yazıb nəşr etdirirdi. Almas İldırım ya bolşevik rejiminin təklifini qəbul edib həmin ideolojinin cəbhəsinə keçməli, ya da milli ideala sadiq qalaraq istiqlal mücadiləsini davam etdirməli idi. Heysiyyətini, şərəf və ləyaqətini hər şeydən üstün tutan şair, təbii ki, ikinci yolu seçir. Artıq Türkmənistanda qalmaq özü və ailəsi üçün təhlükəli olduğuna görə mühacir həyatını, yəni xaricə getmək yolunu seçir. 1933-cü ilin iyun ayında xəlvəti olaraq İrana köçür. Azərbaycanın istiqlalı, azadlığı və müstəqilliyi uğrunda döyüşən şairin ruhunu oxşamayan İran həyatını Məşhəddə, Tehranda və Təbrizdə yoxsul keçirən görürük. Şair çəkdiyi bu iztirabları şeirlərinin birində belə ifadə edir:

 

Həsrət qalıb doğma yurdun nazlı, müşfiq qucağına,

Gözlər yaşlı, boyun bükük vətənsizmi öləcəyəm?

Göz dikərək yad ellərin şəfa verməz ocağına,

Böylə qərib, bir parçacıq kəfənsizmi öləcəyəm?

 

Şeir parçasından göründüyü kimi, şair İranda, Cənubi Azərbaycanda belə özünü yad və kimsəsiz hiss edib, qəfəsdəki quş kimi çırpınıb. Nəhayət, İranı da tərk etmək qərarına gəlib. Buna səbəbsə qəddarlığı və amansızlığı ilə Sovet İttifaqındakı bolşevik rejimindən heç nə ilə fərqlənməyən İran şahlığı idi. Almas İldırım o zaman türk dünyasının yeganə müstəqil və demokratik ölkəsi olan Türkiyə Cümhuriyyətinə pənah aparır. Almas İldırım bu ölkənin simasında özünə ikinci vətən tapır. Dili, dini, mədəniyyəti bir qardaş-bacılarına qovuşur. Şairin Vətən həsrətilə döyünən ürəyi az da olsa rahatlıq tapır. Burada mənzil və işlə təmin olunur, ailəsinin guzəranı yaxşılaşır. Eyni zamanda yorulmadan bədii yaradıcılıqla məşğul olur. Türkiyədə yaşadığı təqribən 17 illik həyatı dövründə onun şəxsiyyətinin tam açıldığı aydınlaşır.

Tarixi şəxsiyyət Almas İldırım 1952-ci il yanvarın 14-də həyata gözlərini əbədi olaraq yumub. Almas İldırımın həyatı əziyyət və məşəqqətli olub, buna baxmayaraq, onun Azərbaycana olan məhəbbəti sönməyib, ana Vətəninin istiqbalına, müstəqilliyinə dərin  ümid bəsləyib.

Allah rəhmət eləsin.

 

Fazil QARAOĞLU

Professor

 

Bakı Xəbər.- 2018.- 5 sentyabr.- S.15.