Tarixdə iz buraxanlar:
Bəhruz Kəngərli
Bəhruz Kəngərli
1892-ci il yanvar
ayının 22-də Naxçıvan şəhərində anadan olub. Atası Şirəlibəy,
anası Əzizə xanımdır. Bəhruz kiçik
yaşlarından rəsm çəkməyə maraq göstərib, şəkillərin surətini
çıxarmaqla məşğul olub. Kiçik ikən eşitmə qabiliyyətini
itirən Bəhruz özünün xəyal
aləminə qapılaraq vaxtını şəkil çəkməyə
sərf edir. Atasının abunəçi
olduğu “Molla Nəsrəddin”
jurnalını varaqlayaraq özünün
mənəvi aləminə qida verir.
O, jurnalda dərc olunan felyetonlarla, karikaturalarla tanış olur, məzəli şəkillərin üzünü çıxarmaqla rəsm çəkməyin sirlərini öyrənir. Bu vərdişlər Bəhruzun rəssamlıq sənətinə olan sevgisini gücləndirir.
Bəhruz Kəngərli 1910-cu ildə Tiflis rəssamlıq məktəbinə daxil olur. Zaqafqaziyanın
mühüm mədəni mərkəzi
sayılan Tiflis şəhərində
“İncəsənəti təşviq cəmiyyəti” nəzdində
təşkil edilən rəssamlıq məktəbinin ilk azərbaycanlı tələbəsi olan Bəhruz Kəngərli orada
özünün istedadının hərtərəfli
inkişafı üçün əlverişli
zəmin tapır. Məktəbdə təhsil rus təhsil sisteminə əsaslanırdı və
şəhərin qabaqcıl rəsm müəllimləri tərəfindən
aparılırdı. Gürcü rəssamları
Q.Qabaşvili, A.Mrevleşvili,
heykəltəraş Y.Nikoladze, “Molla Nəsrəddin” jurnalı ilə əməkdaşlıq
edən O.Şmerlinq kimi
müəllimlər öz tələbələrinə
peşəkar rəssamlıq prinsiplərini
aşılayırdılar. Gələcək rəssamlar Tiflisin mədəni həyatına
qaynayıb-qarışır, dövri mətbuatı
izləyir, jurnal-kitab qrafikasına, o cümlədən satirik
jurnalların rəsmlərinə maraq
göstərirdilər. Bəhruz Kəngərlinin tələbəlik
illərində “Molla Nəsrəddin”
jurnalının təsiri altında çəkdiyi rəsm və
şarjları bunu aydın sübut edir. Bəhruz Kəngərli
5 il orada təhsil
aldıqdan sonra 1995-ci ildə
Naxçıvana qayıdır.
Bəhruz Kəngərlinin təhsil illərində çəkdiyi rəsmlərin nümunələri bizə gəlib çatıb. Onun karandaş, kömür, sulu və yağlı boyalarla işlədiyi bir sıra rəsmləri, o cümlədən qədim Yunan və Roma incəsənətinin şah əsərlərindən olan “Apollonun başı”, “Laokoon”, dahi Mikelancelonun “Qandallanmış qul” kimi büst və heykəllərin rəsmləri buna misal ola bilər. Bunlar gənc rəssamın canlı naturadan işləyib sərbəst rəsm vərdişlərinə uğurla yiyələndiyini göstərir. O, cansız qips heykəlin surətini köçürməklə kifayətlənmir, eyni zamanda canlı naturadan öz müəllimlərinin, tələbə yoldaşlarının portretlərini də çəkir, insanın zahiri görünüşünü, psixoloji cizgilərini real tərzdə canlandırmağa müvəffəq olur.
Bəhruz Kəngərli təhsil illərində yay tətillərini Gürcüstanın səfalı yaylaqlarında, Qara dəniz sahillərində, eləcə də doğma Naxçıvanda keçirir və görüb müşahidə etdiyi həyat lövhələrini, müasirlərin surətlərini fırçaya alır, sevdiyi peşəsini yorulmadan təkmilləşdirməyə, rəsm qabiliyyətini cilalamağa çalışırdı. Həmyerliləri arasında bacarıqlı rəssam kimi tanınan gənc Bəhruza sənət həvəskarları tərəfindən müəyyən sifarişlər də verilirdi. Hələ tələbə ikən, 1914-cü ildə Naxçıvanda Bəhruzun ilk fərdi sərgisi təşkil olunub, sənət həvəskarlarının nəzər-diqqətini cəlb edib, mətbuat səhifələrində rəğbətlə işıqlandırılıb. Şəhərin qabaqcıl ziyalıları sərgini yüksək qiymətləndirib, mətbuatda verilən məqalələrdə “Bəhruz bəy cənablarının bundan daha gözəl, daha artıq rəsmlər yaratmağa nail olmasını arzu ediblər.
Bəhruz Kəngərli təhsilini başa vurub Naxçıvana qayıtdıqdan sonra doğma şəhərinin mədəni həyatında faydalı rol oynamağa başlayır. O, əsərlərini öz evində nümayiş etdirir, gənclərin bədii tərbiyəsi, estetik mədəniyyəti istiqamətində ilk təşəbbüslərə xüsusi əhəmiyyət verir, müasirlərin bədii tələblərini təsviri sənətə, xalq yaradıcılığının kütləvi növlərinə cəlb etməkdən qeyri-adi zövq alır, bu sahədə görülən işin bəhrəsindən təsəlli tapırdı.
Bəhruz Kəngərlinin sərbəst yaradıcılıq fəaliyyəti ictimai-siyasi cəhətdən gərgin təzadlı illərə, xüsusilə ermənilərin Azərbaycan xalqına qarşı törətdiyri təcavüz və terror əməliyyatlarının baş verdiyi dövrə təsadüf edir. 1917-1920-ci illərdə ölkədə milli qırğın və fəlakət hökm sürüb, “Böyük Ermənistan” yaratmaq kimi bədnam millətçilik xülyasına düçar olan daşnak cəlladlarının törətdiyi vəhşiliklər ölüm kabusu kimi Naxçıvan torpağını bürüyüb, ölkədə aclığa, səfalətə, qaçqınlığa səbəb olub. Erməni təcavüzündən miras qalan ictimai fəlakətlər, günahsız insanların qırılması, evlərin, tarixi abidələrin dağıdılıb xarabalığa döndərilməsi kimi faciəvi hadisələr Bəhruz Kəngərli yaradıcılığında mühüm iz buraxıb. Rəssamın həmin mövzulara həsr etdiyi rəsmləri kəskin sənədli ittihamnamə vüsətinə malikdir. Xüsusilə “Qaçqınlar” rəsm silsiləsi zamanın ictimai ziddiyyətlərini əks etdirən realist ümumiləşdirmə qüvvəsi ilə səciyyələnir. “Qaçqın oğlan”, “Qaçqın qadın”, “Qaçqın uşaqlar”, “Naxçıvan xərabələri” kimi rəsmlər ideya-bədii məzmununa görə həssas ürəkli, humanist rəssamın milli qırğına, ədavətə, ictimai ədalətsizliklərə qarşı etirazı kimi səslənir.
Doğma vətənində məşəqqətli və ağır sınaq illərinin baş verməsinə baxmayaraq, Bəhruz Kəngərlinin yaradıcılıq fəallığı, əməksevərliyi daha da genişlənir, sənətkarlığı kamillik mərhələsinə çatır. O, yorulmadan bədii axtarışlar aparır, rəngkarlığın portret, mənzərə, natürmort janrlarında psixoloji cizgiləri mənəvi hiss və duyğular aşılayan, lirik əhval-ruhiyyəsi ilə seçilən rəsmlər, tablolar yaradır. Həyat varlığını realist mövqelərdən dərk edib canlandıran rəssam özünün estetik amalını aşkarlayıb deyirdi: “Mən gördüyüm bu qəribə aləmi rəhglərlə təsvir edirəm və çalışıram elə rəsm çəkim ki, o həmin şey ilə eyni ola bilsin.” Rəssamın bu səmimi etirafı sübut edir ki, mücərrəd təsvir üsullarına uyub həyatı təhrif etmək Bəhruz Kəngərli sənətinə tamamilə yaddır. Kəngərli insanın, təbiətin gözəlliyini, boyaların ahəngliyini, hava-işıq effektlərinin təravətini tam və dolğun şəkildə ifadə edən realizm metoduna, xüsusilə impressionizm üslubuna meyl göstərirdi. Rəssamın qeyri-adi duyğularla çəkdiyi bir sıra mənzərələrdə, o cümlədən günün müxtəlif çağlarında fırçaya alınan “İlahi dağ” mənzərələrində impressionizm sənət cərəyanının əks-sədası aydın duyulur.
O zaman maarif, mədəniyyət ocaqlarının təşəkkülü sahəsində ilk addımlar atan Naxçıvanın mədəni həyatına Bəhruz Kəngərlinin məhsuldar fəaliyyəti faydalı təsir göstərirdi. Rəssam rəssamlıq sənətini təbliğ etmək üçün təsirli yollar axtarır, “Naxçıvan yadigarı” adlı rəsm albomları hazırlayır, belə albomların yerli əhali arasında yayılmasına səy göstərir, sənətsevərlər arasında maraqlı söhbətlər aparırdı. Naxçıvanın tarixi-etnoqrafik abidələrini milli tirajları, geyimləri, yerli mühitin əlamətdar atributlarını əks etdirən “Naxçıvan yadigarı” adlı olduqca maraqlı rəsm albomu hazırda Azərbaycan Dövlət İncəsənət muzeyində mühafizə edilir.
Bəhruz Kəngərli Naxçıvanda teatr sənətinin inkişafı ilə əlaqədar tədbirlərin həyata keçirilməsində də yaxından iştirak edib. Məlum olduğu kimi, XIX yüzilliyin son rübündə Naxçıvanda görkəmli yazıçı Cəlil Məmmədquluzadənin və bir sıra digər ziyalıların təşəbbüsü ilə “Müsəlman incəsənəti və dram cəmiyyəti” təşkil olunub, şəhərdə teatr sənətinin təşəkkülünə təkan veilib. 1917-ci ildə Naxçıvan “Xeyriyyə” məktəbinin nəzdindəki “El güzgüsü” adlı teatr cəmiyyəti tərəfindən tamaşaya qoyulan Cəlil Məmmədquluzadənin “Ölülər” komediyasının səhnə tərtibatını, dekor və geyim eskizlərini Bəhruz Kəngərli icra edib. O, həmçinin, 1918-ci ildə tamaşaya qoyulan “Ölülər”, “Pəri Cadu”, “Hacı Qara” kimi əsərlərin səhnə tərtibatını verib, bundan əlavə, teatrın arxa səhnəsi üçün dağ mənzərəsini təsvir edən irihəcmli panno çəkib ki, ondan müxtəlif tamaşalarda istifadə olunurdu.
1920-ci ilin yayında Naxçıvan bolşeviklərin Qızıl Ordusu tərəfindən işğal olunur, Sovet hakimiyyəti qurulur, maarif və mədəniyyət sahəsində bir sıra tədbirlər həyata keçirilir. İnqilabi çevrilişi müşayiət edən yenidənqurma prosesi, zamanın ictimai-siyasi və ideoloji tələblərindən doğan reformalara, hay-küyçü şüarlarla təbliğ olunan mədəni tədbirlərə geniş meydan açılır. Yeni ictimai mühitdə Bəhruz Kəngərli özünün yaradıcılıq fəaliyyətini genişləndirməyə imkan tapır. Müasirlərinin xatirələrində göstərildiyi kimi, 1920-1921-ci illərdə Bəhruz Kəngərli özünün bir sıra dolğun, bədii cəhətdən kamil əsərlərini yaradıb. Bunlardan vətəndaş müharibəsində iştirak edən azərbaycanlı döyüşçülərin rəmzi obrazını – “Qızıl əsgər” əsərini xüsusilə qeyd etmək lazımdır.
1921-ci il fevralın 15-də Naxçıvan İnqilab Komitəsinin təşəbbüsü ilə Bəhruz Kəngərlinin 500-ə yaxın rəsm əsərindən ibarət sərgi nümayiş etdirildikdə, bəzi əsərlərin əhaliyə satılması nəticəsində əldə olunan vəsaitin müəyyən hissəsi rəssamın arzusu ilə şəhərdəki uşaq evinə bağışlanıb. Müasirlərinin xatirələrindən məlum olduğu kimi, Bəhruz aclığa, ehtiyaca, maddi məhrumiyyətə məruz qalan qaşqınlara öz yardım əlini uzatmağa çalışıb. O, kimsəsiz uşaqları evinə dəvət edər, onlara yemək, paltar verər, həmçinin şəkillərini çəkərdi. Bu yolla qaçqınların qəlb aləmini, onların çöhrələrinə qonan qəmgin psixoloji çalarları daha canlı müşahidə etməyə nail olardı.
Kəngərli bir qayda olaraq öz personajlarını canlı naturaya əsaslanıb fırçaya alar, həyat həqiqətini rəsm əsəri üçün başlıca meyar hesab edərdi. Bunu kiçik yaşlı körpə uşaqlara, yeniyetmə oğlan və qızlara həsr olunan bir sıra portretlərdə daha aydın görmək mümkündür. Uşaqları gah oyaq, gah yatmış vəziyyətdə, müxtəlif poza və hərəkətlərdə təsvir edən portret və etüdlər göstərir ki, rəssam öz kiçik qəhrəmanlarının sadəlövhlüyünü, məsum və səmimi duyğularını, psixoloji həyəcanlarını, yaş xüsusiyyətlərini diqqətlə öyrənməyə çalışıb.
Bəhruz Kəngərlinin tərcümeyi-halı göstərir ki, bədəncə zəif, mülayim təbiətli, yumşaq xasiyyətli, çalışqan və işguzar ziyalı qısa həyatı boyu maddi çətinliklərə, mənəvi məhrumiyyətlərə məruz qalıb, rəsmi dövlət idarələrindən, imkanlı şəxslərdən lazımi qayğı və yardım görməyib, mədəni cəhətdən geri qalan, avam və cahil insanların laqeyd münasibətlərinin şahidi olub. O, 1922-ci ildə fevral ayının 7-də 30 yaşında ciyər xəstəliyindən vəfat edib.
Bəhruz Kəngərlinin 2000-nə yaxın mövzu və janr etibarilə müxtəlif və rəngarəng əsərlərindən ibarət bədii irsi geniş ictimaiyyətin nəzər-diqqətini cəlb edib, ardıcıl olaraq toplanıb sərgi və muzey ekspozisiyalarının bəzəyinə çevrilib.
2001-ci ilin may ayında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarı ilə rəssamın anadan olmasının 110 illiyi münasibətilə Naxçıvan Rəssamlar Birliyinin sərgi salonuna Bəhruz Kəngərlinin adı verilib. Naxçıvanda rəssamın ev muzeyi yaradılıb, qəbirüstü abidəsi ucaldılıb.
2002-ci ilin iyun ayında prezident Heydər Əliyev Naxçıvan şəhərində Bəhruz Kəngərlinin xatirəsinə yaradılan muzeyin açılış mərasimində iştirak edib və Bəhruz Kəngərlinin yaradıcılığını yüksək dəyərləndirərək: “Onun əsərləri Azərbaycan dövlətinin milli sərvətidir”– deyib.
Allah rəhmət eləsin.
Fazil QARAOĞLU
professor
Bakı Xəbər.- 2018.- 6
sentyabr.- S.15.