Tarixdə iz buraxanlar: Mirzə
Həsən Rüşdiyyə
Mirzə Həsən Rüşdiyyə 1851-ci
il iyul ayının 5-də Təbriz şəhərində
dövrün görkəmli alimlərindən olan Molla Mehdinin
ailəsində anadan olub. İbtidai təhsilini Təbrizdə
alandan sonra Beyrutdakı Darülmüəllimi məktəbinə
daxil olub. O, həmin məktəbdə təkcə təhsil
almaqla kifayətlənməyib, həm də dövrü
üçün aktual olan yeni təhsil üsullarını
öyrənirdi. Bu işlərin XIX əsrdə
çox böyük əhəmiyyəti var idi. Çünki
Avropa təhsil proqramları Şərqdəki mədrəsə
təhsilindən çox irəli getmişdi və orta əsr
qaydalarına söykənən mədrəsə təhsil
sistemi müasir tələblərə cavab vermirdi və
yalnız dini ayinlər, bəzi təbiət elmləri
sahələrində səthi məlumat verilirdi.
Mirzə Həsən
Rüşdiyyə məhz müasir tələblərə
cavab verən məktəblərin təsis edilməsi barədə
düşünürdü. Bu məqsədlə o,
Darülmüəllimində təhsilini bitirəndən sonra,
1884-cü ildə Rusiya tərkibində olan Qafqaza, daha
doğrusu, indiki Ermənistan ərazisi olan İrəvan
xanlığına gəlmiş, burada görkəmli rus
pedaqoqu K.D.Uşinskinin pedaqoji irsi ilə tanış olub. Rüşdiyyənin qardaşı İrəvanda
yaşayırdı və o, qardaşının köməyi
ilə yeni tipli məktəb açıb azərbaycanlı
uşaqları təhsilə cəlb edir. İranın
şahı Nəsrəddin Avropa səfərindən qayıdanda
İrəvanda olub və Ruşdiyyə ilə şəxsən
görüşüb, ona İranda yeni tipli məktəblər
açmağı təklif edib. Yeni məktəb təliminin əsaslarını
bilən Rüşdiyyə 1887-ci ildə Təbrizə
qayıdıb şəhərin Şeşgilan məhəlləsində
yeni tipli “Dəbistan” məktəbini açıb.
Həmin dövrdə dövlət səviyyəsində
yeni tipli məktəblərin açılmasına icazə
verilirdi və ölkəni idarə edən azərbaycanlı
sülaləsi Qacarlar əhalinin maarifləndirilməsi
üçün bir çox tədbirlər həyata
keçirirdilər. Elə həmin tədbirlər layihəsindən
faydalanan vətənpərvər ziyalı 1893-cü ildə Təbrizdə
başqa bir məktəb – “Rüşdiyyə milli məktəbi”ni
də açır. Bu məktəb dərsi yeni üsulla tədris
edən məktəblərdən idi. Rüşdiyyəni Azərbaycan
xalqının xoşbəxt gələcəyi
düşündürürdü və o bilirdi ki, xoşbəxt
gələcəyə aparan yol müasir məktəblərdən
keçir. Böyük Azərbaycan ziyalısı təkcə
nəzəri cəhətdən deyil, əməldə də
bunları həyata keçirmək istəyirdi. O, təkcə məktəb açmaqla öz
işini bitmiş hesab etmirdi, həm də müasir məktəblər
üçün müasir dərsliklərin də vacibliyini
başa düşürdü. Ona görə də
Rüşdiyyənin özü 1894-cü ildə “Vətən
dili” adlı dərslik çap etdirir və həmin dərslik
müasir məktəblərdə tədris olunur.
M.H.Rüşdiyyə bilirdi ki, yeni zamanın rəhbərləri
qabaqcıl düşüncəli adamlar olmalıdırlar. Bu məqsədlə o, siyasi dərnəklərdən
biri “Gizli əncümən” təşkilatının
üzvü olur, onun siyasi dərnəklərində iştirak
edir və sonra siyasi fəaliyyətini genişləndirib
“İnqilab komitəsi”nin əsas təşkilatçılarından
birinə çevrilir.
Yazıçının ədəbi fəaliyyətinə
qiymət verən C.Xəndan yazır: “Müasir adamlara
Rüşdiyyəni sevdirən nədir? Hər şeydən əvvəl,
onun ana dilini təlim etmək sahəsindəki fəaliyyətidir.
Bu fəaliyyətinin böyüklüyü bir də ona
görə nəzəri cəlb edir ki, bu, irticanın ən
qüvvətli bir dövründə özünü göstərib”.
Həqiqətən də güneylilər Rüşdiyyənin
ədəbi-pedaqoji fəaliyyətini həmişə yüksək
dəyərləndiriblər. Ömrünün sonunadək
pedaqoji işlərlə məşğul olan Mirzə Həsən
Rüşdiyyə 17 kitab ərsəyə
gətirib. Həmin kitablar ədəbi-elmi xarakter
daşıyır.
Bu da bir həqiqətdir ki, Rüşdiyyənin
ədəbi irsi Azərbaycan ədəbiyyatının nadir
nümunəsi hesab edilir. Onun alleqorik hekayələrində
çox dərin mənalar var. Yazıçı həmin
hekayələri uşaqlar üçün yazıb dərsliyinə
salıb. O, “Bir aslan ilə iki öküz” hekayəsində
göstərir ki, aslan öküzləri yemək istəyir,
ancaq onların birləşib aslana hücum etmələri buna
imkan vermir. Belə olduqda aslan onlardan birini aldadıb deyir ki:
“Yoldaşından ayrılıb onu tək və tənha
qoysan, səninlə əsla işim olmaz...”. Yekəbaş
öküz aslanın verdiyi vədə aldanıb köməyindən
ayrılır. Aslan isə fürsəti əldən verməyib
əvvəl o öküzün yoldaşını və sonra
onun özünü yırtıb yeyir...
Yazıçının uşaqlar
üçün yazdığı belə kiçik hekayələr
onlarda milli birlik tərbiyəsini yaradırdı. Sonradan
böyüyüb yaşa dolan uşaqlar həmin hekayənin təsiri
ilə sağlam düşüncəyə sahib olurdular.
Yazıçı “Maral” hekayəsində daha dərin
əxlaqi-estetik məsələlərə toxunur.
Ayaqlarının naziqliyindən utanıb, buynuzlarının
böyüklüyü ilə fəxr edən maral
ovçulara rast gəlir. Nazik ayaqları onu təhlükədən
qurtarır, ancaq meşədə buynuzlarını ağaca
ilişdirib xilas ola bilməyən maral fikrində
yanıldığını anlayır: “Ayaqlarım məni səhrada
düşmən əlindən qurtardı, fəqət, məmnun
olduğum buynuzlarım həlakıma səbəb oldu” deyir.
Bu hekayənin də uşaqlar üçün böyük tərbiyəvi
əhəmiyyəti var: İnsan gərək Uca Yaradan tərəfindən
ona verilən hər şeyin qədrini bilsin, haqqı nahaqla
qarışdırmasın.
Yazıçı “İki xoruz”
hekayəsində yenə də yersiz qürrələnmədən
bəhs edir və yazır ki, iki xoruz döyüşdü və
sonra qalib gələn xoruz daşın üstünə
çıxıb qürrələnəndə
yırtıcı quşlardan biri şığıdı və
onu qapıb apardı. Yazıçının məğrurluq
haqqında belə düşüncələri həm də
müqəddəs kitabımız Qurani-Kərimdən gəlirdi.
Müqəddəs kitabda yazılıb ki, özünü
dartan adamdan Uca Yaradanın xoşu gəlməz.
Yazıçı “Köpək və
çaylan” hekayəsində artıq tamahın pis nəticələr
verəcəyini anladır. Köpək ağzında ət
çaya girir və çayda əksini görəndə istəyir
ki, sudakı əti də götürsün. Bu vaxt
ağzından ət suya düşür və onu çaylan
aparır.Beləliklə, köpək əlində olan qismətini
itirir.
Rüşdiyyə “Şir və siçan” təmsilində
yaxşılığın heç vaxt itməyəcəyini
uşaqlara anlatmaq istəyir. Şir bir dəfə
siçanı yeməyib, ona yaxşılıq edir. Bunun
müqabilində bir gün tora düşən şirə də
siçan yaxşılıq edir və toru kəsib onu xilas
edir.
Belə süjetlərlə yazıçı
insanlara anlatmaq istəyir ki, hər kəs öz əkdiyini
biçir. İnsan nə edirsə, o da onun
qarşısına çıxır. Bu fikrini
yazıçı “Dözümsüz aslan” hekayəsində
bir qədər dərinləşdirib və rəftarın həmişə
xoş olmasını nəzərə çarpdırıb.
Hekayənin məzmunu belədir ki, aslan yatanda bir çəyirtkə
onu əsəbiləşdirir və bu halı görən
tülkü onun hərəkətlərinə gülür.
Bundan qəzəblənən aslan: ”Ey tülkü, məni
titrədən çəyirtkənin özü yox, onun təhqiredici
hərəkət və rəftarıdır” deyir. Həqiqətən
də cəmiyyətdə bəzən ləyaqətsizlərin
pis rəftarı insanları əsəbiləşdirir.
Yazıçının özü də belə ictimai-siyasi
mübahisələrdə çox əziyyət çəkib
əsəbiləşirmiş.
Rüşdiyyənin bədii nəsri onun
pedaqoji fəaliyyəti ilə bağlı idi. Ona görə
də yazıçının
kitablarında daha çox nəsihətlərə,
atalar sözlərinə rast gəlirik. Həmin nəsihətlərdə
elmin qiymətləndirilməsindən, xeyirxahlığın
uca tutulmasından, xalqın mənafeyinin şəxsi mənafedən
üstün olmasından, insanların mənəvi zənginliyindən
bəhs edilir.
Mirzə Həsən Rüşdiyyə həm
də Azərbaycan folklorunun təəssübkeşlərindən
idi. Kitablarında çoxlu el məsəlləri,
atalar sözləri toplamışdı: bir gül ilə bahar
olmaz; hər şeyin təzəsi, dostun köhnəsi; özgəyə
quyu qazan quyuya özü düşər; xain heç zaman
artmaz; bu günün işini sabaha qoyma və s.
Rüşdiyyənin bədii nəsrinin ən
gözəl xüsusiyyətlərindən biri də odur ki,
yazıçı əsərlərini sadə Azərbaycan
dilində, uşaqların anlaya biləcəyi üslubda
yazıb. Onun seçdiyi mövzular xalqın maarifləndirilməsinə
xidmət edirdi. Maarifləndirmə isə əhalidə
yeniyetmə dövrlərindən başlamalıdır. Bir
pedaqoq kimi Rüşdiyyə bilirdi ki, uşaqları elmə,
təhsilə həvəsləndirmək, onlarda maraq oyatmaq
lazımdır. Əgər belə olmasa, onlar elmə
maraqlarını itirər və mədəni-maarif işlərinə
meyl etməzlər. Ona görə də uşaqların
zövqünü oxşaya biləcək duzlu-məzəli təmsillər
yazırdı. Təmsillərin həcmi də çox olmurdu
ki, uşaqların zehni yorulmasın. Həmin əsərlərdə
biz Rüşdiyyənin böyük sənətkarlığını
görür və bir pedaqoq kimi şəxsiyyətinin möhtəşəmliyini
seyr edirik.
Mirzə Həsən
Rüşdiyyə Təbrizdə yeni üsulda doqquz məktəb
açsa da, şah üsuli-idarəsi və mürtəce
ruhanilər onu incitmiş, açdığı məktəbləri
gah bağlamış, gah da qarət etmiş və digər
müxtəlif vasitələrlə ona ciddi təzyiqlər
etmişlər. Bu fitnəkar qəsdlər zamanı məktəblilərdən
ölən və yaralananlar da olub. Hətta Rüşdiyyə
özü də bir neçə dəfə ağır
yaralanıb. Tarixə Rüşdiyyə məktəbi
adıyla düşən həmin təhsil ocaqlarının tədris
planına nəzər saldıqda, burada Azərbaycan, fars,
fransız dilləri, ədəbiyyat, riyaziyyat, fizika və digər
fənlərin daxil edildiyini görmək olar. Tədris
işinin yüksək səviyyədə
aparıldığı bu məktəblərin şah
üsuli-idarəsi və mürtəce ruhanilər tərəfindən
dəfələrlə bağlanmasına baxmayaraq,
Rüşdiyyə məktəbləri XIX əsrin
sonlarında və XX əsrin əvvəllərində
İranda yeni tədris üsulunun yayılmasında
mühüm rol oynayıb. Bu məktəblərin Azərbaycan
üçün ən əhəmiyyətli məqamı isə
Səfəvilər dövründən sonra Cənubi Azərbaycanda
ana dilimizdə açılan ilk milli məktəb olması
idi. Bəlkə elə buna görə də bu təhsil
ocaqlarına “Rüşdiyyəvi-Milli” məktəbi də
deyilirdi.
Rüşdiyyənin ən
böyük xidmətlərindən biri də qadın
azadlığı və qadın təhsili uğrunda
mübarizə aparıb qızlar məktəbi
açması, korlar üçün yeni oxumaq üsulu ixtira
edib, onlar üçün də məktəb təsis etməsi
idi.
Cənubi Azərbaycanın görkəmli
maarifpərvəri, pedaqoqu, publisisti, Rüşdiyyə məktəbinin
banisi Mirzə Həsən bəy Rüşdiyyə 1944-cü
il dekabr ayının 10-da 93 yaşında vəfat edib. Bu
tarixi şəxsiyyət ömrünün 60 ilini gənc nəslin
tərbiyəsinə həsr edib. O, on yeddi kitab ərsəyə
gətirib. Həmin kitablar ədəbi-elmi xarakter
daşıyır. Bu kitablarda mənalı nəsihətlər,
tərbiyəvi hekayələr, maraqlı təmsillər
toplanıb. Ədəbiyyatımızda Nizami Gəncəvinin
“Sirlər xəzinəsi” ilə başlanan və XIX əsrdə
A.Bakıxanovun, S.Şirvaninin yaradıcılığı ilə
davam edən alleqorik janrın davamçılarından biri də
Mirzə Həsən Rüşdiyyədir. Seyid Cəfər
Pişəvəri Mirzə Həsən Rüşdiyyənin vəfatından
sonra belə yazıb:
“Yüz ilə yaxın
ömrünü maarif, azadlıq yolunda, nadanlıq və cəhalət
əleyhinə mübarizə işinə sərf edən
qocaman müəllim mərhum Hacı Mirzə Həsən
Rüşdiyyə Azərbaycan millətinin fəxr edəcəyi
ən parlaq və tarixi simalardandır. Rüşdiyyə
Azərbaycan xalqının ən böyük xalq və maarif
xadimi idi. O, yaxşı bilirdi ki, hər xalqın tərəqqisi
onun mədəni-maarif səviyyəsinin tərəqqisi
üçün şərait olmasından asılıdır.
Məhz buna görə də o, bu şəraiti yaratmaq və
lazımi vəsaiti əldə etmək uğrunda var qüvvəsilə
çalışıb”. Bəli, Seyid Cəfər Pişəvəri
Mirzə Həsən bəy Rüşdiyyəni çox
gözəl xarakterizə edib.
Ömrünün axırınadək pedaqoji
işlərlə məşğul olan Mirzə Həsən
Rüşdiyyənin vəsiyyəti belə olub: “Məni elə
yerdə dəfn edin ki, məktəblilər hər gün qəbrimin
üzərindən keçərkən ruhumu şad etsinlər”.
Allah rəhmət eləsin!
Fazil QARAOĞLU,
Professor
Bakı
xəbər.- 2018.- 11 sentyabr.- S.15