Yunus Oğuz: "Qafqaz İslam Ordusu o zaman Azərbaycana girməsəydi, Azərbaycan talan olunacaq, insanları qətlə yetiriləcək, bir çoxları isə qul kimi işlədiləcəkdi"

 

Azərbaycan daha bir şanlı tarixin astanasındadır. Söhbət 100 il əvvəl Bakının bolşevik-daşnak birləşmələrindən azad edilməsindən gedir. 1918-ci il, 15 sentyabr tarixində Nuru Paşanın komandanlığı altında Qafqaz İslam Ordusunun Bakını işğaldan azad etməsinin 100 ili tamam olur. Bəs görəsən, bu günün tarixi əhəmiyyəti barədə cəmiyyətimiz nə dərəcədə məlumatlıdır? Ümumiyyətlə, Qafqaz İslam Ordusu Bakını işğaldan azad etməsəydi, bu günkü Azərbaycanın taleyi necə olardı? Bu və digər suallarla yazıçı-publisist, tarixi romanlar müəllifi Yunus Oğuzla söhbətləşdik.

-Yunus bəy, bu günlərdə Bakının işğaldan azad edilməsinin 100 ili tamam olur. Bu günün tarixi əhəmiyyətini necə xarakterizə edərdiniz?

-Bu günün əhəmiyyətini 1918-ci il, sentyabrın 15-də Qafqaz İslam Ordusunun Bakıya daxil olması günü kimi qeyd etmək lazımdır. Çünki Qafqaz İslam Ordusu və onun tərkibində yenicə yaranan Azərbaycan Ordusunun əsgərləri Gəncədən başlayan savaşla Bakıya girməsəydilər bu gün Azərbaycanda azərbaycanlı deyilən bir millət olmayacaqdı. Daşnak-erməni və bolşevik birləşmələri faktiki olaraq Azərbaycanın bütün bölgələrində soyqırımlar törədir, insanlarımızı məhv edir, öz ev-eşiklərindən didərgin salırdı. Yəni, Azərbaycanda elə bir coğrafi yer yox idi ki, daşnak- bolşevik birləşmələri qətliam törətməsin. İyunun 4-də Batumda Osmanlı ilə Azərbaycan Milli Şurası arasında müqavilə bağlanandan dərhal sonra hərbi yardım istənildi və bundan sonra iyunun 9-u və 15-i tarixlərində Gəncəyə ilk hərbi hissələr gəlməyə başladı.  Əslində bu, qırğınların, talanların, insanların öz evlərindən didərgin düşməsinin qarşısının alınması demək idi. Beləliklə, Əliağa Şixlinskinin də fəaliyyətini danmadan o vaxtkı Azərbaycan Ordusunun əsgərlərinin iştirakı və Qafqaz İslam Ordusunun dəstəyi nəticəsində Bakıda Milli Hökumət faktiki fəaliyyətə başladı. Yəni, sözdə Azərbaycan Xalq Cümhuriyyəti yaranmışdı. Lakin Qafqaz İslam Ordusunun gəlişi ilə Azərbaycan Milli Hökumətinin qurulması başlanıldı. Gəncədən başlayaraq üzü Qazaxa, eləcə də Bakıya doğru irəliləyərək Qafqaz İslam Ordusu Azərbaycan Hökumətinin strukturlarını yarada-yarada gəldi. Beləliklə, dekabr ayında onun ilk parlamentinin iclası keçirildi. Qafqaz İslam Ordusu təkcə Azərbaycan üçün əhəmiyyətli deyildi. Qafqaz İslam Ordusunun böyük bir Məqsədi, Turan Məqsədi vardı və  noyabr ayının 16-da Mahaçqala fəth edildi. Həm Dağıstanı fəth etdi, Şimali Qafqazı azad etdi. Digər tərəfdən Qafqaz İslam Ordusu Ənzəliyə çıxmaq istəyirdi. Əgər Birinci Dünya Müharibəsi 5-6 ay gec qurtarsaydı Qafqaz İslam Ordusu Azərbaycan əsgərlərinin də köməyi ilə bəlkə Güney Azərbaycanı da azad etmişdi. Bütün bunlarla yanaşı Qafqaz İslam Ordusunun böyük bir xidməti ondan ibarət oldu ki, Milli Hökumətimizin fəaliyyətinə imkan yaratdı. Milli Hökumətin yaranması isə bizim milli kimliyimizi ortalığa qoydu. Düşünürəm ki, Qafqaz İslam Ordusu o zaman Azərbaycana girməsəydi, Azərbaycanda azərbaycanlılar qalmayacaqdı. Azərbaycan talan olunacaq, insanları qətlə yetiriləcək, bir çoxları isə qul kimi işlədiləcəkdi. Azərbaycanda yalnız ermənilər, bolşeviklərdən ibarət ruslar, eləcə də digər xalqların nümayəndələri olacaqdı. Bir tək azərbaycanlılardan başqa. Bu Qafqaz İslam Ordusunun ən böyük xidmətidir ki, bu gün Azərbaycan dövlətində azərbaycanlılar daha çoxluq təşkil edir və dövlətin aparıcı simalarıdırlar.

 

-Artıq bir neçə ildir ki, bu tarix Azərbaycanda geniş şəkildə qeyd edilir. Bakının işğaldan azad edildiyi tarix silsilə tədbirlərlə yadda qalır. Ümumilikdə, cəmiyyətimiz, vətəndaşlarımız bu günün tarixi əhəmiyyətini tam mənada dərk edirlərmi? Yoxsa hələ də insanlarımız arasında maarifləndirici tədbirlərə ehtiyac var?

-Mən deyərdim ki, bu günün əhəmiyyətini az adam bilir. Çünki Sovetlərin zamanında uzun müddət Qafqaz İslam Ordusu pantürkçü adı ilə qələmə verilib və Azərbaycan Xalq Cümhuriyyəti Osmanlının bir əlavəsi kimi təbliğ edilib. Təbii ki, bu sovet-bolşevik ideologiyası idi. Bu arada Leninin Şaumyana ünvanlamış olduğu bir məktubu yada salaq. Həmin məktubda Lenin Şaumyana tapşırırdı ki, Qafqaz İslam Ordusu Bakıya girərsə, o zaman Bakını yandırın. Yəni belə bir plan vardı və Qafqaz İslam Ordusu çox sürətlə hərəkət edərək Bakının yandırılması planının qarşısını aldı və Milli Hökumətin qurulmasında əvəzsiz xidmətlər göstərdi. Sadəcə olaraq bizim təbliğatımız çox az qurulub. Dünənə qədər demək olar ki, bu təbliğat heç yox idi. Ancaq son illər təbliğatımız güclənib. Əvvəllər insanlarımız demək olar ki, Qafqaz İslam Ordusunun nə olduğunu bilmirdilər. Mən Qafqaz İslam Ordusu haqqında uşaqlıqda, Qılman İlkinin "Şimal küləyi" romanını oxuyarkən tanış olmuşam. Amma orda da Qafqaz İslam Ordusu ələ salınır, qurtuluşumuzun şimalda olduğu bildirilirdi. Belə bir təbliğat uzun müddət aparılıb və həmin təbliğata da uyanlar çox olub. Nə Qafqaz İslam Ordusu, nə də Azərbaycan Xalq Cümhuriyyəti haqqında cəmiyyətə heç bir bilgilər verilmirdi.  Yalnız Moskvaya işləyən alimlərə tam məxfi şəkildə bu bilgilər verilirdi. Ona görə də bütün bunları nəzərə alaraq düşünürəm ki, bu istiqamətdə  təbliğat çox güclü olmalıdır. İndiki nəsil Qafqaz İslam Ordusu və onun tərkibində olan Azərbaycan Ordusuna minnətdar olmalıdır ki, Bakını işğaldan, soyqırımdan, qırğınlardan, talandan azad edib. Çünki Qafqaz İslam Ordusu Azərbaycana gələnə qədər ölkəmizin bütün bölgələrində soyqırımlar həyata keçirilirdi. Elə bir bölgə yox idi ki, orada soyqırım həyata keçirilməsin. Bunun da qarşısını məhz Qafqaz İslam Ordusu aldı.

-Bütün bunlara görə haqlı olaraq Nuru Paşaya Bakıda abidə ucaldılması təşəbbüsü irəli sürülür. Yaxın vaxtlar üçün bu mümkün görünürmü?

-Əlbəttə ki, təbliğat gücləndikcə bu mümkün görünür və düşünürəm ki, elə də olacaq. Nəticə etibarilə Nuru Paşanın adı əbədiləşdiriləcək. Nəinki Azərbaycanda, eləcə də Dağıstanda və digər yerlərdə də Nuru Paşanın adı hökmən əbədiləşdiriləcək.

-Bu arada, 15 sentyabr tarixində Türkiyə prezidentinin Azərbaycana səfər edəcəyi, Bakıda möhtəşəm paradın keçiriləcəyi bildirilir. Bu həm Türkiyə-Azərbaycan dostluq və qardaşlığı, həm də Azərbaycana təhlükə mənbəyi olan işğalçı Ermənistan üçün xəbərdarlıq mesajı sayıla bilərmi?

 

-Təbii ki, bu da var. Ancaq nəzərdən qaçırmayaq ki, iki Türk dövləti tarixən bir-biri ilə həmişə mübarizə aparıb. Bunun da səbəbləri böyükdür. Əslində nə Qazi Osman Osmanlı dövlətini yaradanda, nə də  həmin ərəfədə Azərbaycanda azərbaycanlı türklərin dövləti yarananda onlar bir-birinə düşmən deyildilər. Düşmənçilik demək olar ki, XIV əsrin sonları XV əsrin əvvəllərindən başladı və bu uzun müddət davam etdi. Avropa və digər dövlətlər Osmanlı türkləri ilə burada yaşayan türkləri həmişə üz-üzə qoyurdu. Xalq arasında  belə bir problem yox idi. Ancaq iki dövlət arasında mübarizə özünü göstərirdi. Məsələn, XIX əsrdə Rusiya Şimali Azərbaycanı işğal etdi və burada üzdə olan generallarımız faktiki olaraq Rusiya cəbhəsində vuruşmağa başladı. Qarsda, Vanda, İqdırda qalan azərbaycanlı türklər isə Osmanlı dövlətinin tərkibində vuruşmağa başladı. Bu uzun illər, 300-400 il davam etdi. Tarixdə Şah İsmayılla Sultan Səlimin Çaldıran döyüşü, ondan sonra Şah Abbasla digərlərinin, Ağqoyunlularla Fateh Mehmetin döyüşü və s. misal göstərmək olar. O zaman əsasən dini faktoru ortaya atırdılar və sünni-şiə aspektindən qarşıdurma yaradırdılar. XIX əsrin sonları, XX əsrin əvvəllərindən  etibarən bu faktiki olaraq aradan qalxdı. Artıq bizim ziyalılarımız, milli düşüncə sahiblərimiz hiss etdilər ki, bunlar bir millətdirlər və bir-biriləri ilə niyə vuruşmalıdırlar. Birinci Dünya müharibəsi zamanı Hacı Zeynalabdin Tağıyev Gəncədə kimsəsiz uşaqlar üçün ev açmışdı və Qars, İqdır. Ərzurumda, eləcə də digər vilayətlərdə kimsəsiz qalan uşaqları gətirib burada kimsəsiz evlərində yerləşdirirdi. Yəni, artıq milli şüur formalaşırdı. Burada bir məqamı qeyd edim ki, həmin ərəfədə, Qafqaz İslam Ordusunun Gəncəyə daxil olması zamanı maraqlı bir hadisə yaşanır. Belə ki, Qafqaz İslam Ordusu Gəncəyə daxil olarkən 7-dən 77-yə hər kəs onu alqışlarla, gül-çiçəklə qarşılayır. Bu zaman kimsəsiz evinin sakinləri də Qafqaz İslam Ordusunu qarşılamağa çıxırlar və həmin 9 yaşlı gənc Qafqaz İslam Ordusunun tərkibində atasını görür və "ata" deyə qışqırır.

Qeyd etdiyim kimi artıq milli şüur formalaşmışdı və bunun formalaşmasında bizim ziyalılarımızın da xidməti vardı. Bu son nəticədə osmanlılarla Azərbaycan türklərinin qardaş və bir millətə mənsub olduğunu sübut etdi. Düzdür, sonradan Sovetlər birliyi zamanında bu dostluq, qardaşlığı pozmağa çalışdılar. Elə bunun nəticəsi idi ki, 1938-ci ildə bizə azərbaycanlı adı verdilər. Amma 1938-ci ilə qədər pasportlarımızda milliyətimiz türk göstərilirdi. Yəni əsas məqsəd o idi ki, kökümüzü itirək. qardaşımızdan ayrı düşək. Eyni ilə Orta Asiyada da oxşar proses gedirdi. Ancaq Ermənistan və Gürcüstanda bu proses getmədi. Hər vasitə ilə keçmişimizi unutdurmağa cəhd göstərilirdi. Sovetlərin dağılması ilə yenidən milli kimliyimizin ortaya çıxması Azərbaycanla Türkiyənin strateji müttəfiqliyini möhkəmləndirdi, dostluq, qardaşlığımızı inkişaf etdirdi.

 

Məhəmməd

Bakı xəbər.- 2018.- sentyabr.-15-17.- S.11.