Tarixdə
iz buraxanlar: Firidun bəy Köçərli
Firidun bəy
Köçərli 1863-cü il yanvarın
26-da Azərbaycanın dilbər guşəsi Şuşa şəhərində
anadan olub. Uşaqlığı qışda
Əyricə kəndində, yayda Şuşada keçib.
Atası Əhməd bəy şeirə-sənətə həvəs
oyatmaq, fars dilini öyrətmək məqsədilə
1872-ci ildə onu Şuşada Mirzə Kərim Münşizadənin
mədrəsəsinə qoyur. Firidun bəy dörd il bu mədrəsədə təhsil alır. Sonra rus dilinin cəmiyyətdə, xüsusilə də
idarə işlərində daha böyük rol
oynadığını və rus dilini bilən bəylərin
çar məmurları yanında daha hörmətli
olduğunu görən Əhməd bəy oğluna rusca təhsil
vermək qərarına gəlir və Firidunu
Şuşadakı rus məktəbinə qoyur.
Şuşadakı
rus məktəbində oxuyarkən Qoridə yerləşən
Zaqafqaziya Müəllimlər Seminariyasının müəllimi,
tanınmış pedaqoq A.O.Çernyayevskinin müəllimlik
peşəsinin şərəfli olması və Qori Müəllimlər
Seminariyası haqqında söhbətləri gənc Firidunda
bu seminariyada təhsil alıb müəllim olmaq
şövqü oyadır. O, Şuşada rus məktəbini
bitirib,1879-cu ildə atasının
razılığı ilə Qoriyə gedir və imtahan verərək
Qori Müəllimlər Seminariyasının Azərbaycan
bölməsinin hazırlıq sinfinə qəbul edilir. Bu seminariya o zamankı Qafqazın ən mütərəqqi
təhsil ocağı idi, tədris prosesində humanitar biliklərin
və dillərin öyrənilməsinə ciddi fikir verilirdi.
Hər bir şagird dərsdən kənar vaxtda
oxuduğu əsərlərə dair xüsusi albom tərtib
edirdi. Bu albomlarda Lomonosov, Puşkin,
Qonçarov kimi sənətkarların tərcümeyi-halından
müəyyən hissələr, Qoqol, Lermontov və Tolstoyun əsərlərindən
ayrı-ayrı parçalar yazır, bu yolla onların dərslərdə
qazandıqları biliklər daha da möhkəmləndirilirdi.
Bütün bunlar gələcək müəllimlərin
mədəni və hərtərəfli inkişaf etmiş
mütəxəssislər kimi avamlığa və cəhalətə
qarşı mübarizə ruhunda yetişməsinə təsir
edirdi.Firidun bəy Köçərli Qori seminariyasında
altı illik təhsilini başa vurduqdan sonra Azəri türklərinin
qədim yaşayış məskənlərindən olan
İrəvan şəhərindəki qimnaziyada pedaqoji fəaliyyətə
başlayır. O, ana dili, şəriət və hüsnxətdən
dərs deyir. Gənc müəllim şəhərin ədəbi-mədəni
mühiti, xüsusilə də müxtəlif məktəblərin
müəllimləri ilə tanış olur, onlarla pedaqoji təcrübə
mübadiləsi aparır, onların işlədikləri məktəbə
gedib dərslərində iştirak edir, bəzi müdərrisləri
gimnaziyadakı təlim üsulları ilə tanış edir,
onların iştirakı ilə özü də açıq
dərslər deyirdi.1890-cı ildə Firidun bəy
Köçərli müəllim Səfərəli bəy Vəlibəyovla
birlikdə Krıma – Baxçasaraya gedib İsmayıl bəy
Qaspıralı ilə görüşür. Onlar
bir neçə gün İsmayıl bəyin evində qonaq
qalır, İsmayıl bəydən və zövcəsindən
yaxşılıq və nəvazişlər görürlər.
İsmayıl bəy Qaspıralı qonaqlarını
Krımın görməli yerləri, əyanları, yeni tipli
məktəbləri, bu məktəblərdəki tədris
üsulları ilə tanış edir.
Gimnaziyada işləyərkən Firidun bəy Köçərli
İrəvan ədəbi mühiti, xüsusilə məktəblərdə
çalışan şairlərin
yaradıcılığı ilə yaxından tanış
olur, onların şeirlərini dinləyir, tərcümeyi-hallarını
öyrənir. Bu dövrdə o, tərcüməçilik fəaliyyətinə
başlayır, rus şairlərindən Puşkinin
“Balıqçı ilə qızıl balığın
nağılı” və Lermontovun “Üç xurma
ağacı” şeirlərini Azərbaycan dilinə tərcümə
edib, İrəvanda və Şuşada nəşr etdirir.
Mühitdə öz bacarığı və savadı ilə
dərin hörmət qazanan gənc Firidun ədəbi prosesi də
böyük həvəslə izləyir, təzə
çıxan kitabları oxuyub qiymətləndirir, klassik
şairlər haqqında məlumat toplayır, biliyini zənginləşdirir.1895-ci
ildə Firidun bəy Köçərli Qafqaz təhsil dairəsinin
əmri ilə Qori Müəllimlər Seminariyasına
keçirilir və bu vaxtdan Firidun bəyin elmi-pedaqoji və ədəbi-ictimai
fəaliyyətinin yeni mərhələsi başlayır.
Ədib seminariyanın qabaqcıl müəllim heyəti ilə
sıx əlaqə saxlayır, oranın zəngin
kitabxanasından faydalanmaqla bilik dairəsini genişləndirir,
Tiflisdə və Bakıda çıxan “Kolxoz”, “Kaspi”,
“Zakavkazye”, “Şərqi-rus” qəzetlərini izləyir, həmin
mətbuat orqanlarında müxtəlif yazılarla
çıxış edir.Firidun bəy Köçərli
Qoriyə köçdükdən iki il sonra Qazax qəzasının
Salahlı kəndindən olan Badisəba xanımla ailə
qurur, ömrünün sonuna qədər bu mehriban
xanımın qayğısı altında yaşayır. Həyat yoldaşından 18 yaş kiçik
olmasına baxmayaraq, Badisəba xanım onunla məslək, əqidə
dostluğu edib, Firidun bəyin sağlamlığı və
rahat işləməsi üçün ailədə
lazımi şərait yaratmaqdan, onun yazılarının
üzünü köçürməkdən və qorumaqdan
həzz alıb. Ədibin vəfatından
sonra “Azərbaycan ədəbiyyatı” kitabını qoruyub
saxlayan və 1925-ci ildə çap olunmaq üçün “Azərnəşr”ə
təqdim edən də Badisəba xanım olub. 20 ildən
artıq bir yerdə yaşayan bu ailəni
övladsızlıq dərdi sıxsa da, onların bir-birinə
olan sevgisini soyutmayıb, həm Firidun bəy, həm də
Badisəba xanım şagirdlərə böyük məhəbbətlə,
ata-ana sevgisi ilə yanaşaraq, onların təlim-tərbiyəsi,
müasir vətəndaş kimi yetişməsi uğrunda
yorulmadan çalışıb, bu yolda bütün enerjilərini
sərf ediblər.1910-cu ilə qədər Qori
seminariyasında müəllim işləyən Firidun bəy
Köçərli həmin ilin əvvəllərində
çox az müddətdə seminariyanın Azərbaycan
şöbəsinin inspektoru vəzifəsini icra edib, 1917-ci il
avqust ayının 17-də isə həmin şöbənin
inspektoru vəzifəsinə təyin edilib. Fəqət
bu zaman çarizmin süqutu ilə əlaqədar ölkədə
hərcmərclik çoxalmış, Qori seminariyasının
nüfuzu zəifləmişdi. Bəzən
günlərlə dərs keçilmirdi. Acınacaqlı
vəziyyətin yarandığını görən Firidun bəy
Köçərli Azərbaycan Maarif Nazirliyindən icazə
alıb, 1918-ci ilin sentyabr ayında Qori seminariyasının Azərbaycan
bölməsinin ləvazimatını Qazaxa
köçürür. O, ziyalıların köməyi
ilə çox sayda şagird toplayır və 1918-ci il sentyabr
ayının 17-də Qazaxda Azərbaycan
Müəllimlər Seminariyasında ilk dərsin
başlandığını xəbər verən zəngi
çalır.Qazax seminariyasında direktor və pedaqoqika
müəllimi vəzifəsində işləyən Firidun bəy
Köçərli təkcə dərs demək, yaxud
seminariyanı idarə etməklə kifayətlənməyib, əhalini
maarifləndirmək üçün başqa işlərin də
həyata keçirilməsinə nail olub, ADR-nin təhsil siyasətini
həyata keçirmək, xalqı maarifləndirmək
uğrunda yorulmaq bilmədən gecə-gündüz
çalışıb. Fəqət Azərbaycan
Xalq Cümhuriyyətinin süqutu, bir çox başqa xalqsevər
ziyalılar kimi, Firidun bəyin də arzularını
gözündə qoyur. 1920-ci il aprel
çevrilişindən az sonra may ayının əvvəllərində
Firidun bəy Köçərli Qazax İnqilab Komitəsi tərəfindən
həbs edilib Gəncə Fövqəladə
Komissiyasının sərəncamına göndərilir. Burada onu müsavatçı olduğuna görə
“əksinqilabçı” və “millətçi”
damğası vuraraq günahlandırırlar. Guya Azərbaycan Xalq Cümhuriyyəti dövründə
Firidun bəy Köçərli ona verilən səlahiyyətlərdən
istifadə edib xalqı aldatmış, yoxsul kəndlilərin
torpaqlarını şallaq gücünə mənimsəmiş,
bu yerlərdə milli nifaq törətmişdi.
İttihamların hamısını rədd etməsinə
baxmayaraq, Gəncə Fövqəladə Komissiyası Firidun bəyi
ölüm cəzasına məhkum edir və günahsız ədib
1920-ci il iyun ayının 5-də güllələnərək
qətlə yetirilir...XIX əsrin sonları, XX əsrin əvvəllərində
yazıb-yaradan ziyalıların əksəriyyəti kimi Firidun
bəy Köçərli də ictimai fəaliyyət
meydanına M.F.Axundzadə və H.B.Zərdabinin
maarifçilik ideyalarının, onların
başlatdıqları işin davamçısı kimi
çıxmışdı. O, eyni zamanda həm məktəbdə
çalışır, gənclərə bilik öyrədir,
həm də məişətdə gördüyü mədəni
geriliyə, cəhalətə qarşı çıxır,
camaatı mənəvi azadlığa, müasir təhsilə,
əxlaqi saflığa, imana çağırırdı.Azəri
türklərinin mənəvi mədəniyyətinin, ədəbi-elmi
fikrinin inkişaf tarixində Firidun bəy Köçərli
üç fəaliyyət sahəsi ilə tanınır: o,
millətin maariflənməsi üçün bütün
süurlu həyatını və enerjisini sərf edən
yorulmaz müəllim, yaşadığı dövrün
ictimai problemlərinə fəal münasibət bildirən həssas
yazıçı-publisist, nəhayət, istedadlı ədəbiyyatşünas-alimdir.
Bu fəaliyyət sahələrinin hər
üçündə Firidun bəy bənzərsiz ədəbi
şəxsiyyətdir. Bəs Firidun bəy
Köçərlinin hansı fəaliyyət sahəsi daha
üstündür? Heç şübhəsiz, müəllimliyi!
Bəli, Firidun bəy Qori Müəllimlər
Seminariyasını bitirdikdən sonra bütün
ömrünü müəllimlik işinə həsr edib.
Onun pedaqoji baxışlarının əsas prinsipi
xəlqilik idi. Təlimin mərkəzində
isə ana dilinin öyrənilməsi dayanırdı.
Firidun bəy Köçərli yazırdı: “Bir millətin
malını, dövlətini və hətta vətənini əlindən
alsan, ölüb-itməz, amma dilini alsan, yox olar və ondan bir
nişanə qalmaz. Ana dili millətin mənəvi
diriliyidir. Ananın südü bədənin
mayəsi olduğu kimi, ananın dili də ruhun
qidasıdır. Hər kəs öz
anasını və vətənini sevdiyi kimi, ana dilini də
sevməlidir. Onu əziz və möhtərəm
tutmaq hər kəsin borcudur.”
Firidun bəy Köçərli ana dilinin aşiqi idi. Onun 1913-cü
ildə qələmə aldığı “Ana dili” məqaləsi
o dövr üçün çox böyük əhəmiyyət
kəsb etdi. Bir sıra qələm sahibləri
müxtəlif jurnallarda qəliz bir dildə yazılan məqalələr
dərc etdirərək Azərbaycan dilini korlayırdılar.
Həmin vaxt Firidun bəy belə mətbuata
qarşı amansız mübarizə aparırdı.Ensiklopedik
biliyə malik görkəmli pedaqoq-alim Firidun bəy
Köçərlinin fəaliyyət istiqamətlərinin hər
biri ayrıca tədqiqatın predmetidir. Onun
pedaqoji və ədəbiyyatşünaslıq sahələrində
fədakar, yorulmaz fəaliyyəti, publisistik irsi Azərbaycanın
elmi-mədəni inkişafında mühüm iz qoyub.
Firidun bəy Köçərli
müəllimliklə eyni vaxtda tərcüməçiliklə
də məşğul olub. İrəvan gimnaziyasında
çalışarkən o, qədim yunan filosofu Sokratın “Təlimati-Sokrat”
kitabını, rus şairləri A.S.Puşkin və
M.Y.Lermontovun şeirlərini azərbaycan dilinə, M.F.Axundzadənin
“Aldanmış kəvakib” povestini rus dilinə
çevirərək nəşr etdirib. Ədibin publisistik və
tənqidçilik fəaliyyəti də İrəvan
gimnaziyasında müəllimlik etdiyi dövrdən
başlanır. İrəvan gimnaziyasında
çalışarkən o, Azərbaycan-türk ədəbiyyatına
dair müxtəlif nümunələr, əlyazma nüsxələrini
və bir çox məlumatları toplayaraq tədqiq etməyə
başlayıb, 20 illik gərgin zəhmətdən sonra 1908-ci
ildə üçcildlik məşhur “Azərbaycan ədəbiyyatı”
kitabını yazıb. Bu kitab Azərbaycan ədəbiyyatı
tarixini yaratmaq sahəsində çox mühüm, olduqca əhəmiyyətli
bir kitabdır. Firidun bəy Köçərli
bu kitabda 130-a qədər şair və yazıçı
haqqında bəhs etməklə Azərbaycan ədəbiyyatının
varlığını, onun tarixi qədimliyini və bədii-estetik
qüdrətini dananlara tutarlı cavab verir, səhv
düşüncələri alt-üst edir. Ədib təkzibolunmaz
faktlarla sübuta yetirir ki, dünyanın ən
qədim mədəni xalqlarından olan Azəri türklərinin
özü kimi, onların yaratdıqları söz sənəti
də yaşı minillərlə ölçülən
qocadan-qoca, son dərəcə humanist-bəşəri məzmunlu,
bədii forma baxımından heyrətamiz dərəcədə
rəngarəng bir sənətdir. Yəni Firidun bəy
bu əsərdə Azərbaycan ədəbiyyatının
tarixi qədimliyini və estetik zənginliyini ortaya qoyur. O bu
kitabı özü üçün əziz və mübarək
bir kitab hesab edir, onun gözəl bir surətdə təbliğ
olunmasını arzulayırdı. Alimin bu arzusunu
xalqının qədirbilən övladları həyata
keçirib. Yəni Firidun bəyin vəfatından sonra bu
kitab üç dəfə böyük tirajla nəşr
olunaraq ictimaiyyətə təbliğ olunub.
Firidun bəy Köçərli zülmətdə
parlayan bir ulduz kimi ətrafa nur saçırdı. Maarif fədaisi
kimi sorağı İrəvandan, Qazaxdan, Gəncədən gəlirdi.
Firidun bəy millətinin aşiqi idi. O, gənc nəslin təhsil
almasında, maariflənməsində, mədəni
inkişafında bir məşəl kimi alovlanırdı.
Xalqımız böyük mütəfəkkir Firidun bəy
Köçərlini heç vaxt unutmayacaq.
Allah
rəhmət eləsin.
Fazil
QARAOĞLU
Bakı xəbər.- 2018.-19 sentyabr.- S.15.