Tarixdə iz buraxanlar: İsmayıl bəy
Qutqaşınlı
İsmayıl bəy Qutqaşınlı
1806-cı il yanvar ayının 27-də Qurban bayramı
günündə Qutqaşında anadan olub. İsmayıl
adı da ona Qurban bayramına görə qoyulub. Atası Nəsrullah
bəy, anası Bədircahan xanımdır.
Qutqaşının mahal
başçısı Nəsrullahın beş oğlu
vardı. İsmayıl ən balacası idi.
İsmayılın anası Bədircahan xanım öz
anası rəhmətə gedəndən sonra atası hara
gedirdisə, onu da özü ilə aparırdı. Həmin
dönəmdə fransız dili dəbdə olduğuna görə
Bədircahan xanım fransızcanı öyrənmişdi. Həmçinin
rus dilini də bilirdi və bu dilləri oğluna öyrədirdi.
Azərbaycan Çar Rusiyasının hakimiyyəti altına
düşdükdən sonra xanlıq dövründə imtiyaz
sahibi olan bəylərin çoxu əvvəlki statuslarında
saxlansalar da, gələcəkdə qiyam qaldırmamaları
üçün həmin bəylər müəyyən
öhdəlik götürürdülər. Rusiya Azərbaycanı
işğal edəndən sonra bəy ailələrindən
bir uşağı iki məqsədlə imperiyanın mərkəzinə
aparırdı. Birinci məqsəd tabeçilik idi, yəni
oğlu Rusiyada olan bəy məcbur olacaqdı ki, imperiyaya sadiq
qalsın. İkinci məqsəd isə o idi ki, bu uşaqlar vətəninə
qayıdanda oxuduqları yeri təbliğ edəcəkdilər.
Boyca balaca olmasına baxmayaraq, İsmayıl həddən
artıq diribaş uşaq idi. Bu kimi xüsusiyyətlərinə
görə Rusiyadan gələn nümayəndə onu
seçmişdi. Beləliklə, İsmayıl Rusiyaya
aparılır, orada peşəkar hərbçi olaraq
yetişir.İsmayıl bəy 1826-1828-ci illərdə Rusiya –
İran, 1828-1829-cu illərdə isə Rusiya – Türkiyə
müharibələrində iştirak edib. Vəzifəsi ilə
bağlı olaraq Moskva və Peterburqda, 1832-1836-cı illərdə
isə Varşavada yaşayıb. Hərbdə
qazandığı uğurlar nəticəsində 1838-ci ildə
ona mayor, 1839-cu ildə podpolkovnik, 1843-cü ildə polkovnik,
1850-ci ildə isə topçu general-mayoru rütbəsi
verilib. 1851-ci ildə iki min manat gümüş pul
miqdarında maaşla istefaya çıxsa da, ehtiyatda olan zabit
kimi fəaliyyət göstərib, müəyyən hərbi
işlərdə çalışıb. İstefasından
sonra Şamaxıda və Qutqaşında pedaqoji fəaliyyətlə
məşğul olub. 1850-ci ildə Rusiya Kənd Təsərrüfatı
Cəmiyyəti Qafqaz şöbəsinin, 1864-cü ildə isə
Rusiya Coğrafiya Cəmiyyəti şöbəsinin həqiqi
üzvlüyünə seçilib.İsmayıl bəy çoxşaxəli insan olub. Şamaxıda öz hesabına məktəb açıb, rus dili tədrisini təşkil edib. Qəbələdə mədrəsəsi olub, xanımı və anası orada dərs deyib. İsmayıl bəy yeddi dil bilirdi. General-mayor rütbəsini Şəki üsyanını yatırdandan sonra alıb. Sonralar bütün bunlara peşman olub. Çünki zaman keçdikcə vətənində yaşadıqca başa düşüb ki, Azərbaycan Rusiyanın müstəmləkəsidir. Ondan sonra türklərlə müqavilə bağlayıb ki, Azərbaycan və Dağıstan müstəmləkədən azad olsun. Bu məqsədlə o, türklərlə məktublaşırdı. 1854-cü ilin aprel ayında Anadolu ordusunun marşalı Zərif Mustafa paşa İsmayıl bəyə gizli məktub göndərərək ondan Azərbaycan və Dağıstanda Rusiya əleyhinə üsyan təşkil etməyi xahiş edib. Fəqət bu məktub erməni polkovniki M.T.Loris-Melikovun casuslarının əlinə keçib. Buna görə
də 1855-ci ildən etibarən çar hökuməti İsmayıl bəyi nəzarətə götürüb.1852-ci ildə İsmayıl bəy xanımı Bikə, bibisi Surə, Mirzə Hacı Əli bəy və digərləri ilə birlikdə həcc ziyarətinə yola düşüb. O, “Səfərnamə” adlanan əsərində getdiyi yerlər haqqında məlumat verib. Həcdən qayıdarkən bir qız və bir oğlan qul alıb və onları Qutqaşında azad edərək, yeni həyat qurmalarına səbəb olub.İsmayıl bəy Qutqaşınlının heç bir sənədləri qalmayıb. Çünki məlum olanda ki, İsmayıl bəy Türkiyə ilə müqavilə bağlayıb Rusiyaya qarşı
çıxacaq, onun Polşa, Tiflis, İrəvan kimi olduğu yerlərdəki bütün sənədləri toplanaraq yox edilib. Bunun ardınca da onun ölümü ilə bağlı qərar verilib. Təsəvvür edin ki, avqust ayında İsmayıl bəy dəm qazından vəfat edir. Amma Ağdaş kimi isti bir yerdə, karvansarayda dəm qazı nəyə lazım idi? Burda artıq bir düşmən əli vardı...Rusiya Polşanı işğal edəndə İsmayıl bəy ora məsul vəzifə ilə yollamışdı. Amma İsmayıl bəy o qədər humanist bir insan idi ki, əsarətdə olan ölkədə hörmət qazanıb. Aristokrat cəmiyyətdə ondan xahiş ediblər ki, sən vətənin haqqında bir şey yaz ki, biz də bilək. İsmayıl bəy: “Axı siz bizi
çətin başa düşərsiniz, bizim ölkədə qadın-kişi münasibətləri sizinki kimi deyil...”– deyib. Nəticədə o, bu xahişə görə “Rəşid bəy və Səadət xanım” adlı əsərini yazıb. İsmayıl bəy bu əsərdə sevgini, təbiəti çox gözəl təsvir edir.
İsmayıl bəy Qutqaşınlı Qasım bəy Zakir, Abbasqulu ağa Bakıxanov və Mirzə Fətəli Axundzadə ilə yaxından dostluq edib. İsmayıl bəyin tanınmış yazıçı, maarifçi Mirzə Fətəli Axundzadə ilə dostluq münasibətləri ədəbiyyat və mədəniyyət tariximizin maraqlı səhifələrindəndir. XIX əsrdə Azərbaycan xalqının inkişafında xidmətləri olmuş bu iki şəxsin dostluğu barədə məlumatlara böyük ədəbiyyatşünas alim, mərhum Əziz Mirəhmədovun 1967-ci ildə çap etdirdiyi “İsmayıl bəy Qaspıralı əsəri” kitabında rast gəlirik. İsmayıl bəy Qutqaşınlı Polşada hərbi qulluqda olarkən 1835-ci ildə “Rəşid bəy və Səadət xanım” əsərini yazaraq, elə orada çap etdirib və bununla realist Azərbaycan nəsrinin bünövrəsini qoyub. İndi yeganə nüsxəsi Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitunda qorunan bu kitabın sonunda M.F.Axundzadənin avtoqrafı
var. O, kitabı oxuduqdan sonra
öz təəssuratlarını yazıb: “Mənim qəlbim elə alovlu qəlblərdəndir ki, o nə öz sevincini, nə də kədərini gizlədə bilər. Buna görə
də mən bugünkü sevincimi sizə xəbər verməyə bilmərəm. Mənim
şadlığımın səbəbi odur ki, başladığımız işin axıra çatması haqqında məndə zərrə qədər də şübhə qalmamışdır. Bu gün sizi tamamilə
inandıra bilərəm ki, arzularımızın həyata keçirilməsi günü yaxınlaşmışdır. İzahatını gələcək münasib bir təsadüfə saxlayıram. 15 mart 1846-cı il. Mirzə Fətəli.”Ədəbiyyatımızda İsmayıl bəy Qutqaşınlı adı ilə öz möhrünü vuran yazıçı bəzən “Miskin” təxəllüsü ilə də şeirlər yazıb. Təəssüf ki, onun əlyazmaları 1930-cu illərdə repressiya dövründə məhv edildiyindən bizə gəlib çatmayıb. Ancaq ona aid olduğu iddia edilən və 1973-cü ildə aşkarlanan “İki quşun söhbəti” adlı şeiri
çox maraqlıdır. “İki quşun söhbəti” adlı şeiri
İsmayıl bəy Qutqaşınlının poetik dünyasından xəbər verir. İsmayıl bəyin bu əsəri iki quşun arasında gedən söhbətdən ibarətdir. Öz dostunun qəmli halına baxaraq, onun halına yanan bir quş nədən belə fəğan etməyinin səbəbini soruşur. Digər quş
öz övladının ona qarşı laqeydliyindən, biganəliyindən bəhs edir. Balasının ona yaxın gəlmədiyindən və anasını görcək uçub kənara qaçmasından söhbət açır. Əslində quş özü də bilmədən bu laqeydliyin əsas səbəbini açıqlayır. Heç şübhəsiz,
İsmayıl bəy Qutqaşınlının bu şeiri tərbiyyəvi və düşündürücü xüsusiyyətə malikdir. Bizə görə, bu şeiri oxuyan hər kəs özünə bir dərs və eyni zamanda nümunə götürə bilər. Yəni bizim biri ilə
qan bağımız deyil, qəlb bağımız önəmlidir. İnsanlar bir-birinə əmək, sevgi verərsə,
qarşıdakını özünə yaxınlaşdıra bilər. Sevgi sevgi gətirər. Bəli, İsmayıl bəy Qutqaşınlı sevginin və əməyin insanlar arasında ən önəmli ünsür olduğunu vurğulayıb. Əmək ən böyük cəfa, sevgi isə ən böyük əməkdir. Bu da bir həqiqətdir ki, yazıçı əslində öz başına gələn və özünün şahid olduğu hadisələrin təsvirində olduqca konkretliyə varıb.
İsmayıl bəy Qutqaşınlı mədəniyyət və ədəbiyyatımız tarixinə canlı və şərəfli səhifələr bəxş edib. Onun “Rəşid bəy və Səadət xanım” hekayəsi həm ideya məzmunu, həm də üslubu etibarı ilə Azərbaycan nəsri tarixində realizmə doğru meylin gücləndiyini göstərən ilk mühüm əsərlərdəndir. Hekayənin qəhrəmanı Rəşid bəy görüşləri, hissləri və
əməli ilə xalqa yaxın və bağlı olan ziyalıların real bədii surətidir. O, hər
şeydən əvvəl, öz vətəninə, içərisindən çıxdığı mühitə və zəmanəsinə uyğun olan gəncdir. Rəşid bəyin gözəl xüsusiyyətlərindən biri onun savadlı, bilikli və mədəni bir gənc olmasıdır. Onun arzusu vardı: bütün məşhur igidlərə qalib gəlmək və bütün zəiflərə, yoxsullara kömək etmək. Rəşid bəy igidliyi, şücaəti yalnız tüfəng atmaqda, at oynatmaqda görmür. Bu ona vətənini müdafiə etmək üçün lazımdır. Rəşid bəyin fikirləri, bir insan olaraq mənəvi məziyyətləri onun ata və anasına, doğma yurduna,
qadına bəslədiyi münasibətlərdə təzahür edir. Rəşid bəy fəaliyyətinin çoxunu vətənini çapıb-talayan və əkinçiləri incidən quldurlarla çarpışmada keçirərdi. İsmayıl bəyin bu əsəri qələmə almaqda məqsədi Azərbaycan mühitinin təsvirilə onda ailə həyatı və məişəti haqqında təsəvvür yaratmaq olub. Başlıca ideyası azad sevgi və qadının cəmiyyətdə azadlığı olan istər kübar, istər yoxsul ailələrdə insani münasibətləri incəliklə təsvir edən orijinal nəşr nümunəsidir. Müəllifin özünün çılğın təbiəti onun qəhrəmanlarına da hopub. “Rəşid bəy və Səadət xanım” yazıldığı
dövrün etnoqrafiyası haqqında da zəngin məlumat verir. XIX əsrin birinci yarısı Azərbaycan məişəti burada elə canlı və inandırıcı təsvir olunur ki, ondan tarixi bir sənəd kimi də faydalanmaq mümkündür.
“Rəşid
bəy və Səadət xanım” hekayəsi məhəbbət
mövzusunda yazılıb. Əsərdə yüksək
kübar ailədə doğulan iki gəncin ülvi və
romantik məhəbbət macəraları təsvir olunur,
onların atəşli və saf sevgisi tərənnüm
edilir. Ədib bu mövzu ilə bağlı olaraq
dövrün bir sıra aktual ictimai məsələlərinə
toxunur, orta əsr feodal adət-ənənələri, dini
fanatizm, mühafizəkarlıq, qadın əsarəti əleyhinə
çıxır, azad sevgi, qarşılıqlı məhəbbət
əsasında ailə qurmaq prinsiplərini təbliğ edir.
İsmayıl bəy Qutqaşınlının bu hekayəsi
real məhəbbət mövzusunda yazılsa da, xalq həyatı,
məişəti, adət-ənənələrinin bəzi səciyyəvi
cəhətləri, həm məzmunu, həm də bədii
strukturu cəhətdən tam romantik bir əsərdir. Əsas
hədəf saf və ülvi hisslərin qabarıq şəkildə
özünü büruzə verməsidir. “Rəşid bəy
və Səadət xanım” hekayəsi həm məzmunu, həm
də bədii forması cəhətdən yeni tipli nəsrin
tələblərinə cavab verən və bəzi
mühüm ideya-bədii məziyyətlərə malik olan
çox gözəl bir əsərdir.
İsmayıl
bəy Qutqaşınlının vətənimizə olan xidmətləri
çoxşaxəlidir. O, hərbimizə olan xüsusi xidmətləri
ilə yanaşı, ədəbiyyatımıza da gözəl
töhfələr bəxş edib.
İsmayıl
bəy Qutqaşınlı geniş ürəkliliyi, insan sevərliyi
ilə məzlumlara məhəbbəti, darda qalanlara əl
tutmasıyla tanınıb. Özü yüksək təbəqədən
olan İsmayıl bəy yurddaşlarına varlı-yoxsul, bəy-rəiyyət
baxımından deyil, əməkçi-havayıyeyən, məzlum-zalım
baxımından yanaşıb. Çar bütün
torpaqları işğal edəndə İsmayıl bəy
camaatın torpaqlarını alıb öz adına
keçirib. Yəni imkan verməyib ki, torpaqları
başqaları ələ keçirsin. Bir ildən sonra isə
hər kəsin torpağını özünə
qaytarıb.
Sağlığında
böyük hörmət-izzət sahibi olan,
qayğıkeş və mərd insan kimi tanınan
İsmayıl bəy Qutqaşınlı 14 avqust 1861-ci ildə
vəfat edib.
Allah rəhmət
eləsin.
Fazil
QARAOĞLU
Bakı xəbər.-
2018.- 21 sentyabr.- S.15.