“Özbəklər mənə
çox əzizdir, doğmadır”
Yunus
Oğuz: “Özbəklərin insanlara münasibəti,
davranışı, böyüklərə hörməti bizdə
olduğu kimidir”
Yazıçı–publisist
Yunus Oğuzun Özbəkistan TV-yə müsahibəsi
- Gəlin,
söhbətə sizin ədəbiyyat haqqında
düşüncələrinizlə başlayaq. Yunus
Oğuz üçün ədəbiyyat nədir?
- Ədəbiyyat əslində elmin ifadə edə
bilmədiyini deyən bir sahədir. Elmdə konkret faktlar,
sübutlar, dəlillər var. Bunlardan kənara
çıxmaq mümkün olmur. Ədəbiyyat isə insana
təxəyyül meydanı açır. İnsanın fikirlərini,
məntiqini genişləndirir, inkişaf etdirir. Ədəbiyyat
insan üçün yeni yetişmə formasıdır.
Əgər insan uşaqlıqdan ədəbiyyat oxuyarsa, ədəbiyyatla
yaşayarsa, qəhrəman
obrazlarını özününküləşdirə
bilərsə, o insan gələcəkdə hökmən ya ədəbiyyat
adamı olur, ya da böyük xadimlərdən biri. Ədəbiyyat
insanın özünüifadə tərzidir. Həm də cəmiyyətdə
baş verən hadisələrin bədii şəkildə əks
etdirilməsidir. Ədəbiyyatın əks olunması gələcək
nəsillərin yetişməsidir. Bu yetişmədə
hökmən gələcək nəsillər oxuduqları
hekayələrin, romanların, şeirlərin qəhrəmanlarına
bənzəmək istəyirlər. Ədəbiyyat gündəlik
həyatda və ya tarixdə baş verən hadisələrin
bədii şəkildə qələmə
alınmasıdır. Qələmə alınma
yazıçının təxəyyülündən
asılıdır. Yazıçı qəhrəmanını
oxucularına mənfi və ya müsbət şəkildə
təqdim edə bilər. Öldürə də bilər,
sağ da saxlaya bilər. Bədii ədəbiyyatda qələm
yazıçının əlindədir. O istəsə qəhrəmanı
haqqında həqiqətdə olduğundan daha çox yaza bilər.
Məsələn, bir gün “Əmir Teymur”
romanını yazırdım, dostum zəng elədi. Dedi,
neynirsən. Dedim ki, Əmir Teymur ölüm
ayağındadı, onu yazıram. Dostum cavabında bildirdi ki,
Əmir Teymur 600 il bundan əvvəl rəhmətə gedib, sən
neynirsən. Cavab olaraq bildirdim ki, qələm mənim əlimdədi.
Hələ öldürməmişəm. Ədəbiyyatın
gücü buradadır.
Tarixdə faktlar tələb olunur. Amma ədəbiyyatın
baş verməyən hadisələri qələmə almaq
imkanı genişdir. Ədəbiyyat insanları yetişdirir.
Ədəbiyyat insanlara sevgi, mərhəmət
bağışlayır.
- Necə oldu ki, Əmir Teymur haqqında əsər
yazdınız? Əmir Teymurun şəxsiyyəti barəsində
məlumat verməyinizi istəyirik.
- Əmir Teymur dünyanın ən
böyük, nəhəng sərkərdələrindən
biridir. Əmir elan olunduqdan sonrakı 35 ildə
apardığı müharibələrin heç birində
uduzmayıb. Adi bir döyüşü də belə.
Əsəri yazmamışdan öncə, təbii
ki, böyük sərkərdə haqqında olan ən qədim
mənbələri araşdırdım, oxudum. Nizaməddin
Şəmi, “Şərəfnamə”, Şərafətdin əl
Yəzdi, Ərəbşah və b. onun dövründə
yazılan əsərləri topladım. Gördüm ki,
Əmir Teymur türk dünyasının ən böyük nəhənglərindən
biridir. Qeyd edim ki, Əmir Teymuru çox zaman həm Avropada, həm
də müasir türk dünyasında zalım bir insan kimi
tanıyırlar. Amma bu o nəhəng şəxsiyyəti
yaxşı öyrənməməkdən irəli gəlir.
Əmir Teymurun nifrəti nə qədər böyük idisə,
mərhəməti ondan böyük idi. Bu insanın, demək
olar ki, hafizəsi, döyüş taktikası müstəsna
idi. 200 minlik ordusunda zabitlərin hamısının
adını bir-bir bilirdi. Əsgərlərinin hansı
döyüşdə şücaət göstərdiyini əzbər
bilirdi. Onların hər birinə verdiyi mükafatları əzbər
bilirdi. Təsəvvür edin, bu hal 35 il təkrarlanıb.
Ən əsası da odur ki, Əmir Teymur türk
dünyasını bir yerə toplamaq istəyirdi. Göydə
bir tanrının, yerdə bir xaqanın olmasını istəyirdi.
Amma məsələ ondadır ki, xaqan nəslindən
olmadığı üçün özünə xan da
demirdi. Ömrünün sonuna kimi də əmir olaraq qaldı.
Bu onun böyüklüyü idi. Onun törələrə,
qanunlara böyük sayğısının göstəricisi
idi. Bax belə bir insan haqqında yazmamaq olardımı?
Təbii ki, Əmir Teymur haqqında minlərlə
kitab, pyes yazılıb. Filmlər çəkilib. Azərbaycan
filmi olan “Nəsimi”də də Əmir Teymurla bağlı
epizod var. İsa Hüseynov “Nəsimi” filminin ssenarisini yazanda
Əmir Teymurla Nəsimini görüşdürür. Amma
tarixdə belə bir hadisə olmayıb. Fəzlullah Nəimi
də qətlə yetiriləndə onunla görüşməyib.
Amma filmdə Əmir Teymurun o hadisədə iştirakı verilir.
Az əvvəlki söhbətə qayıdaraq yenə də ədəbiyyatın
gücünü göstərmək istəyirəm. Ədəbiyyatın
gücü bax, budur. Mən də “Əmir Teymur” romanında
insanların filmdə yaddaşlarında qalan epizoda uyğun
olaraq, Əmir Teymurla Nəsimini Sivasda
görüşdürdüm. Romanda Əmir Teymur qələmin
gücünü qılıncdan daha güclü hesab edir:
Əmir Teymur Nəsimini həbsdən azad edəndə
etirazlar olur. O isə öz alimlərinə deyir ki, dünyaya
hökm edən bir qılınc sahibi dünyaya hökm edən
bir söz sahibinin başını vursun? Bax ədəbiyyat,
poeziya budur. Hökmdarlar söz xiridarlarını, əsl ədəbiyyatı
sevirlər.
- Yazıçı Yunus Oğuz həyatda nələrə
dəyər verir, nələri sevir. Hobbiniz nədir?
- Hər
bir insanın sevdiyi bir peşə olur. İşlədiyi, maaş aldığı, sevdiyi peşə. Məsələ
ondadır ki, mənim sevdiyim və işlədiyim, maaş aldığım peşə eynidir. Yəni sevgim qələmədir, sevgim
yazıyadır. Boş vaxtlarımda kitab
oxumağı sevirəm. Kitablar insanı
formalaşdırır, öz dünyasını yaradır.
Kitaba sevgi ən böyük hobbimdir. Kitaba
sevgi məntiqi nəticə çıxarıb nəsə
yazanda bu
böyük sevgi olur. Təbii ki, ailəyə,
vətənə sevgi var. Azərbaycanın milli mətbəxinə
məxsus yeməkləri bişirmək hobbim var. Ən
böyük sevgim qələm və kitabadır. Ola bilər ki, kiminsə tamam başqa peşəyə
sevgisi var. 15 yaşından mənim hobbimlə peşəm
birdir. 45 ildir mən bu peşəmlə
kitab oxumaq sevgimi birləşdirmişəm. Mənim ən gözəl istirahətim kitab oxuyanda
və yazandadır.
-
Dünyanı xilas etmək üçün nələr
etmək lazımdır? Yazıçı Yunus
Oğuzun təxəyyülü?
- Yunus
Oğuzun təxəyyülünü bilmək
üçün, təbii ki, ilk öncə onun əsərləri,
şeirləri ilə tanış olmaq
lazımdır. Hər bir insanın geniş və
ya dar təxəyyülü var. Təxəyyül təfəkkürün
inkişafına təkan verir. Və
düşünürəm ki, Yunus Oğuz üçün
dünyanı xilas etmək- təhlükəli mühitdən
təhlükəsiz mühitə keçmək
arzusundadır. Yəni dünyada sülh
yaratmaq lazımdır. Dünyada ən
böyük bəlamız cahillikdir. Cahilliyin
də ən böyük səbəbi oxumamaqdır. Məhəmməd Peyğəmbərin bir kəlamı
var. Deyir ki, ey əsabələrim, mən sizə bu dünyada
iki şeyi əmanət qoyuram. Biri kitab,
bir də əhli-beytim. İnsanlar cahil
olacaqsa, dünyada qan töküləcək. İfrat dini radikal qarşıdurmalar yaranacaq. Bunun da səbəbi oxumamaq, cahillikdir. Məhəmməd Peyğəmbər bunu elə belə
demirdi ki, anadan olandan ta qəbir evinə qədər oxuyun.
Sosialist Lenin Məhəmməd Peyğəmbərin
bu hədisindən istifadə etdi. Amma təəssüf
ki, bizdə hələ də oxumaq məsələsini tamam
başqa cür anlayırlar. Elə zənn
edirlər ki, oxumadan da bu dünyada yaşamaq olar. Yaşamaq olar, amma oxumadan insan ancaq cahil olur.
- Nədən Orta Asiyada məhz Özbəkistanla sıx
əməkdaşlıq edirsiz?
- Əslində Özbəkistandan öncə
kitablarım dünyanın müxtəlif ölkələrində
yayımlanıb. “Əmir Teymur” yayımlanmamışdan öncə iki il ardıcıl olaraq Moskvada, Londonda, Nyu-Yorkda
“Nadir şah” çap olundu, Ukraynada, Türkiyədə,
Polşada. Qazaxıstanda Nazarbayev fondu kitabın
təqdimatını keçirtdi.
Özbəkistanla sıx əməkdaşlığımız
yaranmamışdan öncə çox maraqlı hadisə ilə
qarşılaşdıq. Özbəkistanda fəaliyyət
göstərən dostum Qulu Kəngərli ilə birgə
Özbəkistan Yazıçılar Birliyinə, Prezident
Aparatına getdik. Heç kim bizi qəbul
eləmədi. Baxmayaraq ki, bu səfərə qədər
“Əmir Teymur” dünyanın bir çox ölkələrində
çap olunmuşdu. Dünyanın 20
ölkəsində 45 kitabım çıxıb. Qeyd edim ki, “Əmir Teymur” iri həcmli əsərlərimdən
biridir. Amma oxuyanlar bu əsərin çox
gözəl əsər olduğunu bildirir. Özbəkistan vətəndaşı olmadan belə
bir kitab yazmağımı yüksək dəyərləndirirlər.
Buna baxmayaraq, heç kim bizi qəbul etmir.
Qulu Kəngərli ilə nə edəcəyimizi
düşündük. Belə qərara gəldik
ki, mən Bakıya qayıdım və Özbəkistan prezidentinə
teleqram vasitəsilə müraciət edim. O zaman ölkə
prezidenti rəhmətlik İslam Kərimov idi. Bakıdan
İslam Kərimova daşdan keçən teleqram vurdum. Tərcümədə iştirak edən şəxslərin,
redaktorların hamısının adını qeyd etdim. Və prezidentə belə bir sual yazdım ki,
Əmir Teymur sizin üçün böyük bir şəxsiyyətdirsə
nədən kitabımı dərc etmirsiniz? Bir həftədən sonra kitabımın tərcüməçisi,
rəhmətlik dostum Osman Kuçqari zəng edərək
bildirdi ki, onu Prezident Aparatına çağırırlar.
Məni yenidən Özbəkistana dəvət
etdilər. O vaxtdan sonra Özbəkistanla münasibətlərimiz
başqa istiqamətdə inkişaf etdi. Əsər
Prezident Aparatında humanitar şöbədə oxundu. Böyük tirajla yayımlandı. Daha sonra Özbəkistanda fəaliyyət göstərən
Azərbaycan Mədəniyyət Mərkəzində
kitabın təqdimat mərasimi təşkil edildi. Təqdimatda kitabdan imtina edən alimlər, akademiklər
sonradan bu kitabı niyə onlara vermədiyimizi, nədən
Prezident Aparatına şikayət etdiyimizi dedilər. Və bundan sonra həmin insanlarla da dostlaşma xətti
götürüldü. “Əmir Teymur” əsəri
çox surətlə yayımlandı. Kitab
haqqında gözəl rəylər yazıldı.
Özbəkistandan sonra Qırğızıstanda prezident iqamətgahında
“Əmir Teymur” əsərinin təqdimatı oldu. Davamlı
olaraq digər kitablarım Özbəkistanda dərc olundu.
Yunus Oğuz Özbəkistanda tamamilə başqa
insan kimi, yazıçı kimi təqdim olundu. Bütün romanlarıma görə məni sevməyə
başladılar. Təbiidir ki,
yazıçının qələminin gücü məhz
onun yazdığı əsərlərinin sevilməsindədir.
- Özbəkistan
haqqında düşüncələrinizi bilmək maraqlı
olardı…
- Əslində, özbəklər bizə -azərbaycanlılara
oxşayır.
İki cür özbəklər var: bir qıpçaq əsilli,
digəri oğuz əsilli özbəklər. Bunların hər
ikisi mənə əzizdir, doğmadır. Baxmayaraq ki, özbək
sözünün də kökü oğuz elindən gəlir.
Özbəklərin insanlara münasibəti,
davranışı, böyüklərə hörməti bizdə
olduğu kimidir. Dinimiz və bir az da dilimiz oxşardır.
Düzdür, dilimizdə XX əsrin əvvəllində fərqlər
bundan az idi. Sovetlərin zamanında fərq daha çox oldu.
İndi ortaq ədəbiyyat, ortaq mədəniyyət, ortaq dil
yaratmağa çalışırıq. Özbəkləri tərcüməsiz
başa düşmək, anlamaq olur. Təbii ki, elmi dili anlamaq
çətindir. Amma adi danışıq səviyyəsində
bir-birimizi anlayırıq. Ona görə deyirəm ki, Əmir
Teymur, Nadir şah və digər tarixi qəhrəmanlarım nə
qədər mənimdirsə, o qədər də özbəklərindir.
Nə qədər özbəklərindirsə, o qədər
də türk dünyasınındır.
Qırğızıstanındır, Qazaxıstanındır.
Yəni istər-istəməz, biz bir kökdən
yarandığımız üçün hamımız son nəticədə
bir qardaş olmaq üçün kökümüzü
axtarıb, toy keçirib, xaqanımızı seçəcəyik!
Bakı
xəbər.- 2018.- 22-24 sentyabt.- S.- 12.