Azərbaycanın
üçüncü kosmik
peyki – ölkənin informasiya
təhlükəsizliyinə yeni güclü təminat…
Cahid İsmayıloğlu: “Yeni peykin orbitə
buraxılması Azərbaycanın informasiya
müstəqilliyinin və təhlükəsizliyinin möhkəmlənməsində
müstəsna rol oynayacaq”
Osman Gündüz: “Bu daha çox
kommunikasiya xidmətləri göstərən bir peyk olacaq”
Məlum olduğu kimi, Azərbaycanın “Azerspace-2” peyki Fransa Qvianasında yerləşən Qviana Kosmos Mərkəzindəki ELA-3 buraxılış platformasından orbitə buraxılıb. Bu, ölkəmiz və dünya üçün böyük əhəmiyyətə malik olan bir hadisədir. Məlumdur ki, bu, ölkəmizin ilk təcrübəsi deyil, bundan əvvəl 2013-cü ildə “Azerspace-1” orbitə buraxılıb, 2015-ci ildə “Azerisky” müşahidə peyki ölkəmizin istifadəsinə verilib və onların xidmətlərindən bir sıra dünya dövlətləri, şirkətlər geniş istifadə edir.
Ölkəmizin yeni peykinin orbitə buraxılması Azərbaycanın informasiya təhlükəsizliyinin möhkəmlənməsində nə kimi rol oynayacaq?
İKT üzrə mütəxəssis Cahid İsmayıloğlu hesab edir ki, bu hadisənin sözügedən sahəyə müsbət təsiri olacaq. Onun bildirdiyinə görə, “Azerspace-2” ilk olaraq ehtiyat qismində çıxış edəcək və ekstremal şəraitlər yaranarkən sabit rabitəni təmin etməyə hesablanıb. “Azərbaycanın ilk telekommunikasiya peyki “Azerspace-1” kommersiya fəaliyyətində olduğu dövr ərzində 72 milyon ABŞ dolları məbləğində gəlir gətirib. Telekommunikasiya xidmətlərinin davamlılığının və etibarlılığının təmin edilməsi, həmçinin, yayımın əhatə dairəsinin, xidmət çeşidinin və satışlarının həcminin artırılması məqsədilə Azərbaycanın növbəti telekommunikasiya peyki – “Azerspace-2” orbitə çıxarıldı. “Azerspace-2” peykinin əhatə zonasına Avropa, Mərkəzi və Cənub-Qərbi Asiya, Yaxın Şərq və tropik Afrika ölkələri daxildir. Orbitdə istismar müddəti 15 il nəzərdə tutulan “Azerspace-2” həm də birinci telekommunikasiya peyki olan “Azerspace-1”in orbitdəki ehtiyatı rolunu öz üzərinə götürəcək. Daha bir telekommunikasiya peykinin mövcudluğu irihəcmli tenderlərdə iştirak edərək irihəcmli sifarişlərin alınması, peyk tutumlarının çoxalması səbəbilə miqyas effektindən istifadə edilməsi və nəticədə “Azərkosmos”un bazarda rəqabətli mövqeyinin yaxşılaşdırılması üçün imkanlar yaradacaq. “Azerspace-2” peykinin buraxılması iqtisadiyyatın şaxələndirilməsi, informasiya müstəqilliyinin və təhlükəsizliyinin təmin edilməsi, ölkəmizdə kosmik sənayenin inkişaf etdirilməsi və beynəlxalq kosmik məkana inteqrasiya istiqamətində mühüm addım olmaqla yanaşı, eyni zamanda, kommersiya xarakterli və gəlirli bir layihədir. Yeni peykin orbitə buraxılması Azərbaycanın informasiya müstəqilliyinin və təhlükəsizliyinin möhkəmlənməsində müstəsna rol oynayacaq. Burada əsas məsələ informasiya müstəqilliyi və təhlükəsizliyidir. Bu heç kimdən asılı olmayacaq. Bu peyk 1-ci peykin ehtiyatı olacaq və orada nə isə baş versə, avtomatik olaraq idarəetmə bura keçəcək” - deyə bildirən C.İsmayıloğlunun sözlərinə görə, “Azerspace-2” texniki parametrlərinə görə "Azerspace-1" peykindən kardinal şəkildə fərqlənməyəcək.
O qeyd etdi ki, onların düzəldilməsi zamanı müxtəlif tezlik diapazonları istifadə edilə bilər. Müsahibimizin sözlərinə görə, birinci peykin hazırlanmasında istifadə edilən diapazonlardan başqa, X və Ka diapazonları da var: “Yeni peykin hazırlanmasında yeni tezlik diapazonlarının istifadə edildiyi istisna olunmur.
Peyk Avropa, Mərkəzi və Cənub-Qərbi Asiya, Yaxın Şərq və tropik Afrika ölkələrini əhatə edəcək. “Azerspace-2” regionda artmaqda olan tələbatı qarşılamaq üçün yüksək texniki imkanlar, əlverişli əhatə zonası və keyfiyyətli xidmət təklif edəcək. Bu peyk həm də birinci telekommunikasiya peyki olan “Azerspace-1”in orbitdəki ehtiyatı olacaq və müştərilərə daha etibarlı xidmət göstərmək və şirkətin göstərdiyi peyk xidmətlərinin hazırkı əhatə zonasını genişləndirmək imkanı verəcək”.
İKT üzrə digər tanınmış mütəxəssis Osman Gündüzün fikrincə də yeni peykin orbitə buraxılması Azərbaycanın informasiya təhlükəsizliyinin möhkəmlənməsində az rol oynamayacaq. “Azərbaycanın orbitə buraxdığı yeni peykin ölkəmizin informasiya təhlükəsizliyinin möhkəmlənməsində o rolu ola bilər ki, bu, ölkəmizin milli peykidir. Bu daha çox kommunikasiya xidmətləri göstərən bir peyk olacaq. Yəni bu peyk bizim televiziyaların yayımının başqa ölkələrdən asılılığının qarşısını alır. O, telekommunikasiya yayımının peyk üzərindən ötürülməsini həyata keçirir. Düşünürəm ki, bizim televiziyaların bu peyk vasitəsilə yayımı ilə bərabər, dünyanın müxtəlif ölkələrinin də bu cür qurumlarına xidmət göstərir. Artıq xeyli sayda ölkə var ki, onlar bizim peykin xidmətlərindən istifadə edirlər. Biz bundan əvvəl də belə bir peyk buraxmışıq, bu peyk o peykin ehtiyat variantıdır. Əslində, yeni peyk birinci peykin ehtiyatı olaraq zərurətdən doğub. Yəni ölkələr, qurumlar, şirkətlər bu cür peyk qurumları ilə müqavilə bağlayırlar ki, onun xidməti dayanıqlı olsun. Belə deyək, biri var bir peyki olan şirkət və ölkə, biri də var bir neçə peyki olan ölkə. Təbii ki, müqavilə bağlayanlar bir neçə peyki olan ölkələrlə müqavilə bağlayırlar ki, birdən nə isə olsa, o birisi işləyə bilsin. Bu baxımdan, bizim növbəti peykin buraxılması zərurət idi. Hesab edirəm ki, bu peykin ömrü 15 il olsa da, o, eyni zamanda, birinci peykimizdən daha effektiv, daha dayanıqlı istifadə etməyə imkan verəcək”.
O.Gündüz, həmçinin, bildirdi ki, birinci peykin xeyli müddəti ötüb, onun 10 illik istifadə müddəti qalıb və yeni peyk isə 15 il xidmət göstərəcək. Toplam müddətin məhdud olduğunu deyən O.Gündüzün sözlərinə görə, “Azərkosmos” bu məhdud müddətdə qoyulan xərci çıxarmalıdır. “Yəni o, gəlir götürməlidir. Bura yüz milyonlarla xərc çəkilib. Bu baxımdan, fikrimcə, peyki orbitə qaldırmaq görülən işin bəlkə də 5-10 faizidir. Əsas işlər qarşıdadır. Yəni yaxşı müştəri tapmaq, müxtəlif şirkətlərlə müqavilələr bağlamaq və xidməti satmaq, bəlli bir müddətdə də mayasını çıxarıb gəlir götürmək vacibdir. Ona görə də, hesab edirəm ki, “Azərkosmos” daha çox işləməlidir ki, qoyulan xərcləri çıxara bilsin” - deyə O.Gündüz bildirdi.
İradə
SARIYEVA
Bakı xəbər.- 2018.- 27 sentyabr.-
S. 3.