Paşinyan Ermənistanın
Qarabağ təcavüzkarlığının iç
üzünü BMT tribunasında tam açıb göstərdi…
Erməni ekspertləri şoka salan
yeni fakt…
Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həlli
üçün istər Azərbaycan, istərsə də
vasitəçilər tərəfindən edilən cəhdlərin
üzərindən Ermənistanın mövcud hakimiyyətinin
qalın xətt çəkməsi aydın şəkildə
özünü göstərməkdədir. Bunu Ermənistanın
baş nazir Nikol Paşinyanın BMT Baş
Assambleyasının 73-cü sessiyasında
çıxışı zamanı səsləndirdiyi fikirlər
də təsdiq edir. Bu
çıxışdan bir daha bəlli olur ki, İrəvan
Qarabağ konfliktinin dinc yolla həllini istəmir və o
üzdən problemin həlli üçün savaşdan
başqa yol qalmır.
Qeyd edək
ki, hakimiyyətə gəldiyindən bəri Dağlıq
Qarabağ münaqişəsi ilə bağlı populist və
sərsəm bəyanatlarla çıxış edən
Paşinyan BMT-də də Dağlıq Qarabağ
münaqişəsi ətrafında vəziyyəti daha da gərginləşdirəcək
bəyanatlar verib: “Dağlıq Qarabağ heç vaxt Azərbaycanın
tərkibində ola bilməz. Qarabağ münaqişəsinin nizama
salınması Ermənistanın xarici siyasətinin prioriteti
olaraq qalır. Dağlıq
Qarabağın statusu və təhlükəsizliyi
danışıqlar prosesində Ermənistanın xüsusi
prioriteti olacaq”. Bundan başqa, baş nazir
münaqişənin “əsas subyekti”
adlandırdığı Dağlıq Qarabağla Azərbaycanın
dialoqa başlamalı olduğu barədə tələbini də
yeniləyib. Ekspertlər isə hesab edir
ki, əvvəla, BMT tribunasında belə mövqe sərgiləməklə
Paşinyan özünü gülünc duruma salıb. Ən azı ona görə ki, Paşinyanın
tribunasından çıxış etdiyi BMT-nin Qarabağ
münaqişəsi ilə bağlı məlum dörd qətnaməsi
var və onların hamısında Dağlıq Qarabağ Azərbaycanın
ayrılmaz tərkib hissəsi kimi qeyd olunur. Belə ki,
BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağ
münaqişəsi ilə əlaqədar 822 , 853, 854 və
884 saylı qətnamələri
yekdilliklə qəbul edərək, Azərbaycan ərazilərinin
işğalını pisləyib. Həmin qətnamələrdə
də Azərbaycanın ərazi bütövlüyü,
suverenliyi və sərhədlərinin
toxunulmazlığını, Dağlıq Qarabağın Azərbaycanın
ayrılmaz hissəsi olduğunu bir daha təsdiq edib. Eyni zamanda işğalçı qüvvələrin
dərhal, tam və qeyd-şərtsiz bütün işğal
olunmuş Azərbaycan ərazilərindən
çıxarılmasını tələb edib. Hətta
874 saylı qətnamədə BMT Təhlükəsizlik
Şurası ATƏT-in Minsk Qrupunun bütün üzvləri
tərəfindən təqdim olunan “Təhlükəsizlik
Şurasının 822 və 853 saylı qətnamələrinin
icrası üçün təxirəsalınmaz tədbirlər
haqqında yeniləşdirilmiş vaxt cədvəli” da müəyyən
edib. Təhlükəsizlik Şurasının 853 saylı qətnaməsinin
mandatı əsasında tərtib olunan bu sənəd Ermənistan
qoşunlarının Azərbaycanın işğal olunmuş
ərazilərindən mərhələli şəkildə və
konkret vaxt qrafiki əsasında
çıxarılmasını nəzərdə tutur. İndi belə sənədlər ortada ola-ola
Paşinyanın BMT tribunasından Qarabağ məsələsi
ilə bağlıyenə sərsəm fikirlər səsləndirməsi
həm onun özünün bu mötəbər təşkilatda
rüsvayçı vəziyyətə düşməsini,
Qarabağ danışıqlarının mahiyyətindən xəbərsiz
olmasını göstərir, həm də konfliktin sülh
yolu həllini mümkünsüz hala gətirir.
Özü də bütün bunlar dünyanın gözü
qarşısında baş verir.
Belə vəziyyət Ermənistanın xarici işlər
naziri Zöhrab Mnatsakanyanla Azərbaycan xarici işlər naziri
Elmar Məmmədyarovun Nyu-York görüşünü də
əhəmiyyətsiz edir. Yeri gəlmişkən
qeyd edək ki, Mnatsakanyan özü də destruktiv mövqe sərgiləyir.
Belə ki, erməni nazir Azərbaycan-Ermənistan
sərhədində və qoşunların təmas xəttində
vəziyyətin gərginləşməsinə görə məsuliyyəti
rəsmi Bakının üzərinə atmağa
çalışır.
Lakin Ermənistandan fərqli olaraq, Azərbaycan elə
BMT-də konfliktin dinc müstəvidə həllini istədyini
açıq bəyan edir. Bakı münaqişənin
həlli üçün BMT Təhlükəsizlik
Şurasının qətnamələrini rəhbər tutaraq,
ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəfindən
real addımlar atılması, Ermənistanın substantiv
danışıqlar masasına qaytarılmasını tələb
edir. Bakı bəyan edir ki, Ermənistandan
beynəlxalq hüquq və BMT Təhlükəsizlik
Şurasının qətnamələri əsasında üzərinə
düşən öhdəliklərin yerinə yetirilməsinin
tələb edilməsi təmin olunmalıdır. Əks təqdirdə İrəvanın konstruktiv
mövqeyə gəlməsi çətin olacaq və
Paşinyanın BMT-dəki çıxışı
Bakının bu mövqeyində bir daha haqlı olduğunu
göstərir.
İşğalçı ölkənin hazırkı
mövqeyi, sadəcə, Qarabağ münaqişəsinin yenidən
alovlanmasına xidmət edir. Erməni siyasi şərhçi
Samvel Akopyan isə ölkəsinin hamilərini itirdiyi bir vaxtda
müharibənin yenidən başlanmasının ölkəsi
üçün fəlakət olacağını
vurğulayır. “Nikol Paşinyan: tütün qutusunda
baş nazir” sərlövhəli şərhində o, diqqəti ilk növbədə
buna yönəldir ki, Paşinyanı ABŞ hakimiyyətə
gətirib və qarşısına konkret hədəflər
qoyub: “Paşinyanın Ermənistanı Rusiya kimi ənənəvi
müttəfiqlərindən ayırması da bu hədəflərdən
biridir. Vaşinqtonun əsas hədəflərindən
biri Paşinyanın əli ilə Qarabağ münaqişəsini
həll etməkdir. Çünki Azərbaycanın
əraziləri hərbi yolla azad etmək planı və bu
işdə NATO üzvü olan Türkiyənin onu dəstəkləməsi
KTMT-nin timsalında Rusiyanın da məsələyə
qarışması ilə nəticələnə bilər.
ABŞ bunu NATO ilə Rusiya arasında hərbi
münaqişənin başlanması olaraq görür. Hərçənd, Qarabağa görə NATO və
Rusiyanın toqquşmasını nə Vaşinqtonda, nə
Brüsseldə, nə də Ankarada istəyirlər. Buna
görə də ABŞ və Türkiyə Qarabağın
azad edilməsinin fərqli yolunu seçdi: Ermənistan cəmiyyəti
Qarabağı könüllü şəkildə Azərbaycana
qaytarsın. Paşinyanın korrupsiya ilə mübarizə
şüarı altında “Qarabağ klanını” təqib etməsi
də bu planın bir hissəsi kimi görünür”. Akopyan məqaləsində Respublika
Partiyasının deputatı Artaşes Qeqamyanın
Paşinyana müraciətini də xatırladır.
A.Qeqamyan “İravunk” qəzetində Paşinyana
ünvanladığı müraciətində deyirdi: “Sən
öz azarkeşlərini inandırırsan ki, erməni
xalqının arasında qaralar və ağlar var. Nə edirsən
et, amma cinsi azlıqları gizli və
açıq müdafiə edərək, bizim ailə dəyərlərimizi
məhv etmə. İrəvanın polis bölmələrinə,
bütün ermənilərin katolikosuna hücum edən təcavüzkar
dini sektaları himayə etmə. Soros tərəfindən
maliyyələşdirilənlər 15-18 noyabrda İrəvanda
“Şərqi Avropa və Mərkəzi Asiyanın LQBT –
xaçpərəstlərinin forumu” adı altında növbəti
yığıncaq keçirməyi planlaşdırır.
Səndən xahiş edirəm, inqilab və əksinqilab
haqqında əsəbi nitqlərinlə insanlara əzab verməyi
dayandır. Bəlkə sən
anlamırsan, lakin Ermənistanın milli təhlükəsizliyi
təhdid altındadır”.
S.Akopyan
iddia edir ki, Türkiyə və Azərbaycanın
Qarabağı azad etmək planlarını işə
saldığı ərəfədə Ermənistanın
daxilindəki xaotik vəziyyət getdikcə inkişaf edir:
“Artıq şübhə etməməliyik ki, ABŞ
tütün qutusunu açacaq, oradan Nikol Paşinyan
çıxacaq və Qarabağı Azərbaycana qaytarmalı
olacaq. Düzdür, baş nazir indi Qarabağla
bağlı sərt bəyanatlar səsləndirir. Amma Azərbaycan hərbi hərəkətə
keçəndə onu dayandırmaq çətin olacaq. Rusiya və ABŞ da işə qarışmayacaq.
Ona görə yaxşı olardı ki,
Paşinyan Qarabağ məsələsində
ölçülü-biçili danışsın. Ermənistanı ağır mərhumiyyətlərin
gözlədiyi yeni Qarabağ savaşını körükləməsin”.
Ekspert xatırladır ki, aprel döyüşləri
və Günnüt əməliyyatlarındakı məğlubiyyətləri
Paşinyan diqqətdən qaçırmamalıdır.
Rusiya Aktual İqtisadiyyat İnstitunun rəhbəri Nikita
İsayev isə Paşinyana məsləhət görür ki,
Moskvanın dəstəyini itirdiyini yaddan çıxarmasın. O, İrəvandan fərqli
olaraq, Bakının Kremlə daha yaxın olduğunu və
bunun Qarabağ münaqişəsinə də öz təsirini
göstərdəyini vurğulayır. Bildirir
ki, Azərbaycanla Rusiya arasında dialoqun aktivləşməsi
Dağlıq Qarabağ münaqişəsinin həllinə təkan
verə bilər. Rusiya prezidenti Vldaimir Putinin ölkəmizə
səfərinə diqqət çəkən Nikita İsayev
qeyd edir ki, iki ölkənin həm siyasi, həm də iqtisadi
sahədə əməkdaşlıq üçün
geniş imkanları var: “Azərbaycan və Rusiya arasında
aktiv siyasi dialoqa baxmayaraq, iqtisadi münasibətlər arzulanan
səviyyədə deyil. Həm Rusiya, həm də Azərbaycan
iqtisadiyyatının əsas hissəsini neft və qaz sahəsi
təşkil edir. Hər iki ölkə qeyri-neft
sektorunun inkişafında maraqlıdır. İki ölkə
logistika sahəsində əməkdaşlığı
inkişaf etdirə, “Şimal-Cənub“ nəqliyyat
dəhlizi də iki ölkə üçün böyük
imkanlar yarada bilər. Siyasi məqama gəldikdə
isə, qeyd etmək istərdim ki, Qərb və Rusiyanın
arasında qalan Ermənistanın Moskva ilə münasibətləri
soyuqlaşır. Bu isə Rusiya və Azərbaycan
arasında münasibətlərin isinməsinə səbəb
olur. Rusiya və Azərbaycan prezidentləri arasında
tez-tez baş tutan görüşlər bir növ Ermənistana
işarədir ki, Moskva Dağlıq Qarabağ münaqişəsinin
həll olunması məsələsində Azərbaycanın
yanında ola bilər. Biz
bilirik ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində
aparıcı rola malikdir”.
Beləliklə, real vəziyyətin təhlili göstərir
ki, Ermənistan beynəlxalq müstəvidə hami və
dayaqlarından məhrum olub. Hərbi müstəvidə
isə Azərbaycandan qat-qat zəifdir. Bu vəziyyətdə
isə İrəvanın sərsəm Qarabağ
açıqlamaları bu ölkənin uduzacağı yeni
savaşı qaçılmaz edir və buna görə də,
dəfələrlə qeyd olunduğu kimi, məsuliyyət
sırf Ermənistan tərəfinin üzərinə
düşür. İndi Ermənistana rəhbərlik
edən Paşinyanın Qarabağ məsələsində
ciddi hərbi təzyiq görməyənə qədər
ağıllanmayacağı da şübhə doğurmur.
Məsələ burasındadır ki,
Paşinyan onu hakimiyyətə gətirən səbəbləri,
yəni yoxsulluğu, səfaləti, işsizliyi aradan
qaldırmaq üçün ciddi addımlar atmaq imkanında
deyil. Bu səbəbdən küçənin
dəstəyini, ən azından, növbədənkənar
parlament seçkilərinə qədər qoruyub
saxlamağın yeganə yolu kimi Qarabağ məsələsi
ətrafında ifrat radikallıq və populizmi görür.
Amma qeyd olunduğu kimi, bu vəziyyət də
öz növbəsində Qarabağ münaqişəsinin
yenidən başlanmasını qaçılmaz edir. Digər tərəfdən faktdır ki, Ermənistan
silahlı qüvvələrinin Azərbaycanın işğal
edilmiş ərazilərində mövcudluğu vəziyyətin
gərginləşməsi və insidentlərin baş verməsinin
əsas səbəbidir. Bu vəziyyətin
davamı isə müharibəni tətikləyən
başlıca faktorlardan biri qismində çıxış
edir.
Tahir TAĞIYEV
Bakı xəbər.- 2018.- 27
sentyabr.- S. 9.