70 yaş - qocalığımın gəncliyi, xoş gördük!

 

Sənin olmayan ayın günlərini sayma

Atalar sözü

 

 Gənclik illərindən fərqli olaraq, qocalıq dövrünün başqa cür zövqü-səfası varıymış. Bu illərdə fərdiyyətçiliyin təzahür formalarından olan, əxlaqi keyfiyyət kimi diqqət çəkən eqoist davranışlara xitam verilir, qəlb sakit, necə deyərlər - “öz hayında” çarpışır.

“Qocalıq şənlik deyil” zərb-məsəlinə rəğmən deyə bilərəm ki, ləyaqətini və şəxsiyyətini ləkələmədən, məhkum olacağın qocalığa zərər vurmadan yaşamaq mümkündür...

70 il ərzində daha çox keçmişdə buraxdığım səhvlərimi saf-çürük edirəm, haya-                   -küyə getdiyim anlara görə heyifsilənirəm, özümü cəmiyyətdə tapa bilməyəndə günahı özümdə, bir az da elə bu cəmiyyətdə axtarıram. Həmişə məsuliyyətsiz və mənasız həyat sürməkdən qaçmaq istəsəm də bacarmamışam. Gənclik illərində belə düşünməmişəm. “Mən azad cəmiyyətin azad vətəndaşıyam” düşünüb hanki səmtə, hanki yana üz tutdumsa, maneələri görmədim. İxtisasıma, bacarıq və qabiliyyətimə, bilik səviyyəmə uyğun tələb etdilər. Bacardım və irəlilədim. Sonra? Sonrasını soruşma, dəyərli oxucu! Sonra başım üstə, üzü aşağı yuvarlandım... Niyəsini də soruşma. Bir günah məndə oldu, bir günah da əhatəsində formalaşdığım cəmiyyətdə... Bəzən güləndə də ürəyim ağrıyardı, sevincdən kədərlənərdim.

Nələrin şahidi olmadım?! İtirdiyim qazandığımdan çox oldu... Bunları da qocalıq illərində təhlil etdim... İndi də bilməyim gec imiş...

 

Dünyanın zəmisi heç imiş demə,

 

Dünyanın gəmisi köç imiş demə,

 

Heçimi, köçümü indi bilmişəm

 

İndi də bilməyim gec imiş demə...

 

Atam 75 yaşında çatanda deyərdi ki, qocalığa dözməyə tab gərək. Yorğun addımların sayı artdıqca həyat gözdən düşür. Özünə qəsd günah sayılmasaydı və buna görə o dünyada hesab sorulmasaydı çox adam qocalıqdan bezikib intihara əl atardı. Bunun bir həddi olmalıdır? “Ata, yəqin ki,var...”

Gənclik illərindəki həyatım sanki itkin düşdü... 70 ilimin 30 ili polis orqanlarında şərəfli xidmətə peyvənd olundu. O illərin müəyyən vaxtını vətən savaşında keçirdim... Kaş, müharibəni başa vuraydıq, indiki və gələcək nəsillərə  vətən uğrunda döyüş bir də nəsib olmayaydı... Kaş... kaş... Bu döyüş hələ çox can aparacaq...

Amma bu ixtiyar çağımdakı hər kiçik hisslər, giley-güzarla keçən vaxtlarım yaddaşıma elə bil  mismarla bərkidilib və bir sıra suallar yaradır. Cavabını tapa bilməyəndə üzülürəm.

Bütün bunlara baxmayaraq, qocalığın özünə xas gözəlliyi varmış. Gözəllikləri, cəmiyyətin dinamik inkişafını, ətrafın qayğısını və gücünü dərk edə bilmək qabiliyyətini saxlaya bilənlər qocalığı hiss etmir. Bu mənada, xoşbəxt yaşamaq, səadət dolu günlərin sakini olmaq qocalığı niyyətindən kənara çəkir.

Bəzən sifətdəki təbəssümün yerini də təbii qırışlar zəbt edir. Bu qırışlar kosmetoloji müdaxilə nəticəsində zahirən aradan qalxsa da, batində onu ərsəyə gətirən kök var. Bu qırışlar müdriklik əlaməti, gənclik illərinin canlı təzahürü və canlı şahididir. Məsəl var, deyərlər: “Qocalmaq böyük incəsənətdir”. Gəncliyi qoruya bilmək isə başqa bir incəsənətdir. Həyatın faciəsi ondadır ki,insan tez qocalsa da gec müdrikləşir. Təəssüf...

Tarix boyu müdrik insanların sayı çox olub, lap çox. Haqqında yazılan və yazılmalı olan müdriklərin sayı isə azdır, lap az.

Anladım ki, itirdiklərimi geri qaytarmaq mümkün deyilmiş. Bu illər ərzində məni istəyən dost və tanışların, qohumların da sayı azaldı. Məni incidən başqa hallar da varıydı. Gənclik illərində “Qazandıqlarımı” xeyriyyəçiyə xas tərzdə paylamışam. Qocalığa məruz qaldığım illərdə sələmsiz “verdiklərimi” heç kimdən ala bilməyəndə ürəyim rahat durmurdu. Lazım olduğum anlarda yanıma tələsənlər çox olurdu. Ehtiyac duyduğum vaxtlarda isə hamı “məşğul” oldu, mənə vaxt ayıra bilmədilər...

Anladım ki, cəmiyyətdə xeyirxahlıq ərşə çəkilibmiş. Xeyirxahlıq da qocalarmış?

Ömrümün bu ixtiyar çağında oğlum və nəvələrimlə bir tavanın altında, mehriban yaşayırıq. Xoş gecələr mənə rahatlıq, açılan xoş səhərlər isə övladlarıma yaşayıram deyə ümid bəxş edir. İndi onlar üçün yaşayıram...

Bir şeyi də anladım. Gənclik illərimi elə yaşamalıydım ki, qocalıqda ötən günləri xatırlayanda ah çəkməyim. Mahiyyətcə belədir. İnsan ümumi maraq üçün bir işə yaramırsa, deməli yaşamır.

Bəzən gənclik illərində oxuduqlarımı uzun illər ötəndən sonra anlamağa başlamışam.

Qocalıq və qocalar müxtəlif olurmuş. Alman filosofu Fridrix Nitsşevaxtsa deyib: “İnsanlar müxtəlif xasiyyətdə və səviyyədə olurlar. Birində ürək tez qocalır, başqasında ağıl. Kimin gəncliyi gec başlayıbsa, o, ağlına görə qocalır.”

Fransız xalqının böyük yazıçısı və filosofu, Nobel mükafatı laureatı Kamyu Alber kimi mən də ətrafımdan və umduğum insanlardan verə biləcəklərindən çox şeyi: dostluqda səmimiliyi və əvəzi ödənilməyən münasibəti, heçummadan verilən vədlərə sədaqəticiddiliyi istəmişəm. İndi isə zaman dəyişib. Onlardan imkanlarının həddindən az tələb etməyi öyrənsəm də, susub yanlarında durmağı xoşlayıram. Qarşılıqlı münasibətə xələl gəlməsin deyə, ehtiyac duyduqlarım barədə onlara bir söz demirəm... Onların mənə qarşı hisslərinə və dostluq xətalarına da Xalıqin neməti kimi baxıram. Möcüzədir, elə deyilmi?!

70 yaşım qocalığımın gəncliyi və gəncliyimin varisidir. Onun pişvazına on bir aydır ki, çıxmışam. Xoş gördük səni, cavanlığımın varisi! Xoş gəldin. 80-cı illərimlə qərəzin yoxdursa, tut əlimdən, birlikdə gedək səksənə sarı. Səninlə ürəkli olaram... Birdən 8-ci onluq məni qəbul etmədi?.. 70 il ərzində bircə an da olsa gəncliyimi unutmadım. Onunla yaşadım... Onun sorağındayam... Qocaldıqca tez-tez gəncliyimi düşünürəm. Geriyə dönməyə şans yox. Qocalıq “ovunu  hələ heç kimə güzəştə getməyib. Bu da Anakondanın başqa növüdür-deyərdim.

Bəzən saçın da ağarması yalançı olur. Zahiri görünüş qocalığa dəlalət etməz. Ruhun cavandırsa, mənən də cavansan.

Qədim Yunan filosofu Siseron yazır ki, işsizlik və tənbəllik qədər qocalığı sürətləndirən zəruri amillər yoxdur. Doğrudan da belədir. Qocalığı doğuran amillərin hər biri işsizlikdən və tənbəllikdən başlayır. Həzər o gündən.

vaxtsa Leonardo da Vinçidən oxumuşdum: “Gəncliyində elə davran və elə hərəkət et ki, qocalığın azuqəsiz qalmasın. Başa düşməlisən ki, qocalığın azuqəsi müdriklikdir. Bunu isə gənclik illərində qazanmaq mümkündür. Əks təqdirdə bihudə keçirtdiyin gənclik illəri qocalığına ciddi ziyan vura bilər. Ziyanı ödəməksə çox çətindir”.

Necə deyərlər, gənclikdə nə əkəcəksənsə, onu da qocalıqda biçməli olacaqsan. Hikmətə baxın. Gəncliyində səpilən  toxum qocalıqda bitərmiş. Nə bitəcəyini də Allah bilir.

Sonda: Bədənin zamanın zərbələrindən zəifləyən, əllərin və ayaqların taqətdən düşdüyü bir vaxtda ağıl və yaddaş da korşalır, dil tutulur. Nə dediyin anlaşılmır... Keçmişinə qənim kəsilən qocalıq belə gəlir... Sərəncamında olmayan ayın günlərini saymağın nə mənası? Geriyə baxanda illər üstümə qar kimi tökülür. Yaddaşım köməyimə gəlir, o xoşbəxt anları yaşamalı oluram...

Uşaqlıqdan yorulub böyüməyə tələsdim. Böyüyüb uşaqlıq-şıltaqlıq illərimə qayıtmaq istədim. Güzəranım yaxşı keçsin deyə çox çalışdım, sağlamlığımı və vaxtımı itirdim. Sonra qazandıqlarım sağlamlığımı bərpa etməyə və ötən günlərimi qaytarmağa yaramadı. Həyacanla gələcəyim haqda düşünməyə başladım. Ayılanda çox şeyin arxada qaldığını görəndə  Ah”-dedim. Elə bilirdim ki, hər şey ötdüyü kimi, qocalıq da keçib gedəcək...

 

Allahdan səksənə möhlət almaq arzusu ilə...

 

Şəmsəddin ƏLİYEV,

 

Hüquqşünas-publisist

 

Bakı xəbər.- 2018.- 27 sentyabr.- S. 10.