Vətənin təmsilçiləridirlər
şəhidlər
Yatan millət ya ölər, ya da
kölə kimi oyanar
M.K.Atatürk
Torpağa bax, şəhid anası, itkin ordadı! Torpağı sev, oxşa, ağını da, laylanı da torpağa söylə. Çünki oğlun bu torpağı canından çox sevdiyi üçün oraya üz tutdu, oranı beşik seçdi özünə. Onun Vətən sevgisi də bu torpaqdan başlamışdı. Axı, qəhrəmanlıq ana qucağından, evdən, ailədən, ocaqdan başlayır. Vətən, torpaq sevgisi ailədə aşılanır insana. Süddən, qandan, gendən gəlir və demək ki, birbaşa anayla, atayla başlayır Vətən sevgisi. Bu ocaq da, ailə də, ev-eşik də torpağın üzərində pərvəriş tapdığı, ordan şirələndiyi, rişələndiyi, ordan bəhrələndiyi üçün ən ümdə sevgimizin içində torpaq xüsusi önəm daşıyır. Qeyrətli igidlər Vətənin dar günündə düşmən qarşısına, önə çıxır, sinəsini sipər edir və çoxu şəhid olaraq torpağa tapşırılır. İgidlər torpağa əkilir ki, qeyrət, qəhrəmanlıq, hünər, təəssübkeşlik bitsin...
Tarixən gülüstan torpağımız, onun yeraltı, yerüstü nemətləri “yağlı tikə” olaraq düşmənin gözünə batıb. Hər vəchlə bu cənnəti ələ keçirməyə hazır olan bədxahlar heç vaxt əksik olmayıb ətrafımızdan. Hər tərəfdən onu əldə etməyə çalışan acgöz qarğa-quzğunlar arasında barınmaq xalqımız üçün zaman-zaman çətinliklər, məşəqqətlər yaradıb. Yeganə dövlətik ki, hər tərəfdən öz dədə-baba torpaqlarımızla həmsərhəddik. Bu dərdin ağırlığını əsrlərlə daşımışıq, daşıyırıq. Bu balaca Vətəni qorumaq üçün nə qədər qanlar tökülüb, İlahi! Azərbaycan kimsəyə arxayın olub, kürəyini söykəyə bilməyib. Yalnız qəhrəman oğul və qızlarına güvənib Vətən. Aslanın erkəyi, dişisi olmaz, deyib babalarımız. İgid qadınlarımız da dar gündə ərlərinə, ata və qardaşlarına arxa, kömək olublar. Bu mənada tarixin hər səhifəsində xalqımızın qəhrəmanlıq dastanını yazan oğullarımız, qızlarımız olub və bugün də var.
Amma, nədənsə onları kifayət qədər qiymətləndirmək, şəhadətlərinin aliliyini anlamaq gücündə olmamışıq zaman-zaman. Özümüzünkülər kənarda qalıb, yadları ideal seçmişik. Nümunə olaraq gözümüzün önündə Vətən üçün ürəyi təşnə olanı, yolunda canını verəni deyil, filmlərdəki, kitablardakı qəhrəmanları nümunə seçmişik.
Artıq tilsim qırılır, millət özünə dönür. Şəhidlərimizin xatirəsini əziz tutmaq, əbədiləşdirmək, bugünkü və gələcək nəslə çatdırmaq üçün onların hər biri haqda ayrıca bir kitab yazmaq ideyasını, təşəbbüsünü Respublika Xatirə Kitabı Redaksiyası və “Bakı-Xəbər” qəzeti birlikdə layihə ilə həll etməyə başlayıblar. Həmin layihənin növbəti qəhrəmanı – qədim Naxçıvan torpağının igid oğullarından biri Seyidov İlkin Mirnəzir oğludur.
***
...Naxçıvanın tarixi çox qədimlərə gedib çıxır. Ən qədim yer adlarından olmaqla “Naxçıvan” toponiminin müxtəlif etimoloji yozumları mövcuddur. Brokhauz və Efronun ensiklopedik lüğətində Naxçıvan şəhərinin əsasının e.ə. 1539-cu ildə qoyulduğu qeyd edilir. Müasir elmdə isə Naxçıvan şəhərinin əsasının e.ə. 1500-cü ildə qoyulması fikri qəbul edilməkdədir. Şəhər haqqında ən erkən məlumat tarixçi İosif Flaviyə (e.ə. I əsr) və yunan coğrafiyaşünası Klavdi Ptolomeyə (b.e. II əsri) məxsusdur.
Naxçıvan haqda bu məlumatları təsadüfən qeyd etmədim. Haqqında yazacağım qəhrəman da bu ulu torpağın yetirmələrindən biri olduğu üçün bu ulu torpağın keçmişini gözdən keçirmək istədim. Hər kəsə məlum olan rəvayətə görə, Allah Huh peyğəmbərə, qövmünün günahdan əfv edilənlərini və hər canlıdan bir cüt olmaqla gəmiyə mindirib o günah məkanından uzaqlaşmağı və sevib-seçdiyi bu müqəddəs torpağa təşrif gətirməyi əmr etdi. Allahın seçdiyi üçün bu məkan illərdir onu mənimsəməyə cəhd edən düşmənin arzusunu ürəyində qoyub.
Ölkəmizə sonradan pənah gətirmiş, xalqımıza məxsus qonaqpərvərlikdən, ürəyiyumşaqlıqdan və təəssüf ki, unutqanlıqdan istifadə edərək və arxasındakı güclərdən ürəklənən bədxah qonşularımız o qədər həyasızlaşıblar ki, ən qədim yaşayış yerlərimizdən olan Naxçıvana belə iddialıdırlar.
Tanrının sevdiyi Nuh peyğəmbərin pənah gətirdiyi bu torpağa kafir düşmən ağayının dəyməsi yolverilməzdir və ta qədimdən Naxçıvan torpağına anası kimi sahib çıxan, onu canı kimi sevib qoruyan oğullar bunu çox yaxşı anlayıblar. Belə qəhrəmanlar sayəsində Nəqşi-Cahanımız bu gün də qorunur, mərd oğullarımız bu incinin keşiyində ayıq-sayıq dururlar.
...İki il əvvəl ilk dəfə qonaq olduğum bu şəhər təmizliyi, gözəlliyi, tarixi abidələrinə diqqətin pik həddi, göz oxşayan coğrafi mənzərəsi ilə yaddaşıma həkk olundu. Ən ucqar kəndlərinə belə çəkilən yolları ipək kimi rahat idi. Mən təyyarədən enib şəhərə üz tutan zaman uzun avtomobil karvanının şahidi oldum (Bəlkə də bu kitab bir zaman – çox illər sonra oxunacaq və o zamana qədər də Naxçıvanla aramızdakı maneələr dəf ediləcək, qoy o oxucuya da bəlli olsun ki, biz mənfur düşmənin hiyləsinə uyaraq məhrum olduğumuz bu qədim torpağımıza avtomobil yoluyla gedə bilmirik. Naxçıvanı görmə arzumuz yalnız hava yoluyla və bir də İran İslam Respublikası ərazisindən keçməklə gerçəkləşir).
- Naxçıvandadamı Bakıdakı kimi tıxac olurmuş? – deyə sürücüdən soruşdum. O, qəmli-qəmli:
- Yox, bacı,- dedi, - Şəhidimiz var, Qarabağdan indi gətirilir. Şəhərdən də, ətraf kəndlərdən də eşidən-bilən hər kəs bu igid Vətən oğluyla vidalaşmağa tələsir.
Bu kədərli xəbərdən, eyni zamanda qürurdan göz yaşlarımı saxlaya bilmədim (İndi yazarkən belə, kövrəlirəm). Xalqın şəhidinə verdiyi qiymət məni təəsirləndirdi və dərhal da gözümün önünə Qarabağdakı ilk şəhidlərimiz Əli və Bəxtiyar gəldi. Onda da bu şəhidləri Əsgərandan Ağdama izdiham çiyinlərində gətirmişdi. Bu, xalqın öz şəhidinə ilk ehtiramı idi. Mən bu ehtiramı Naxçıvanda da gördüm, halbuki bu, Naxçıvanın ilk şəhidi deyildi. Sadəcə, bu müqəddəs torpaqda Vətən yolunda canından keçən hər kəsə sevgi birmənalıdır, onları sıralamırlar.
...Bu qədim torpaqdakı şəhidə sayğı bir başqaydı. Avtomobil karvanının ucu-bucağı görünmürdü. Geri dönüb, o karvana qoşulmağı o qədər istədim ki, həmin an. Bunu sürücü də hiss etdi deyəsən və:
- Hələ təyyarə nə zaman gələcək bəlli deyil, - dedi...
Naxçıvan şəhidinə belə qiymət verir və mən buna o şəhərə ilk addımımı qoyarkən əmin oldum və sevdim bu şəhəri, onun qonaqpərvər, qədirbilən insanlarını. Ona görə də bu şəhərin igid oğlanlarından biri – bu diyarın nə ilk, nə son olmayan şəhidi İlkin haqqında yazmaq qərarına gəldim.
O da bu şəhərdə
doğulmuşdu – Seyidov İlkin Mirnəzir oğlu.
Evin ilk, böyük oğlu olduğu üçün İlkin qoyulmuşdu adı. Amma gələcəkdə adı daha böyük mənalar kəsb edəcəkdi – Şəhid adını! Bu ad qoyularkən bunu bəlkə heç düşünməmişdi valideynləri.
Hər şəhid öz qanıyla bir ilk səhifə açır, hər şəhid qəhrəmanlıq dastanının bir hissəsi olur, igidlər o dastanları Vətən adlı nəhəng kitabın vərəqlərinə qeyrət, təpər, hünər qələmiylə yazırlar. O yazını pozmaq üçün bütövlükdə bu millətin yaddaşını, hafizəsini silmək, ürəyini, beynini, xatirəsini məhv etmək gərəkdi, bu isə mümkün olan şey deyil! Türk özünə dönəndə məğrur, məğlubedilməz, möhtəşəm olur,- deyə bir deyim, inanc var. Heyif ki, səbri çoxdur bu millətin!
Adını İlkin qoymuşdular... adı İlkin olan, yaşıdları arasında seçilən bu uşaq elə ilk addımlarından adını doğrultmağa başladı. Məhəllədə futbol oynayanda da, gizlənpaç oynayanda da hamıdan öndəydi. İlk qolu da o vururdu, uşaqlardan da cəld qaçıb, onu tutmaq istəyənlərdən uzaqlaşırdı... məktəbdə də beləydi. Hətta onun orta məktəb müəllimlərinin birinin söylədiyi kimi, sinifdə nəsə çatmayanda müəllimin baxışlarından bunu duyurdu. Dərhal “Müəllimlər otağı”na qaçıb təbaşir gətirirdi, ya da atlas xəritəsini. Verilən suallara da bildiyi anda ilk o, əlini qaldırırdı. Nümunə olmuşdu sinif yoldaşlarına, məktəb uşaqlarına səliqəsiylə, intizamıyla, səmimiyyətiylə, xüsusilə özündən fiziki cəhətdən zəif yaşıdlarına qayğısıyla. Yağışlı, qarlı havalarda sinif yoldaşı olan qızlara göstərdiyi diqqətlə və beləcə, bir ad onun simasında, onun şəxsində ilkinləşirdi.
O, həyatda ilkin olduğunu
addım-addım təsdiqləyirdi. Elə Sədərək uğrundakı o
həlledici döyüşdə də ilk şəhid olan o
oldu...
Masamın üzərindəki şəkillərə baxıram – İlkinin şəkilləridi. Sonra ailə albomunu vərəqləyirəm. Burada da İlkinin şəkilləri az da olsa var. Təsadüfdən baxmıram bu şəkillərə. İlkinli günlərə qayıtmaq üçün baxıram. Ona qoşulub orta məktəbə gedirəm - bir əlindən anası Rəhilə xanım tutub, o biri əlindən də mən. Bu xəyalımla mən onun oxuyacağı məktəbi görmək istəyirəm, sinif otağına daxil olmaq, oturacağı partanı tanımaq. Və bir də onunla yanaşı oturacaq gələcək sinif yoldaşını tanımaq. Axı, o, bu məktəbdən böyük həyata doğru bir yolun işığından tutub gedəcək və təbii ki, bu məktəbdə onun taleyinə, yaddaşına ilk müəlliminin də adı yazılacaq. Ona görə də buraxmıram İlkinin əlini, gedirəm onunla. Gedirəm ki, onun on illik bir həyat tarixcəsini təkcə sinif-sinif deyil, həm də zaman-zaman oxuya bilim. Oxuduqlarımı da onun əbədi həyatı önündə baş əyən oxuculara çatdıra bilim.
***
Çox canını qurban verən oldu bu müqəddəs torpaq uğrunda. Adları unuduldu, tarixə gömüldü. Sadəcə unutduq! Bəzən elə oldu ki, özümüz də anlaya bilmədik kimik, nəyik? Amma insan unutsa da, onlar Allah dərgahında müqəddəslər sırasında yer qazandılar.
Deyilən söz yadigardı, - deyib, ustad Səməd Vurğun. Ancaq deyilən yazılmasa ağızdan-ağıza bəzən təhrif olunaraq yanlış, bəzən tamamilə kökündən dəyişilərək sonrakı nəsillərə ötürülür. Yazılansa qalır. Ən qədim tarixin “dili” salnamələr, əşyalar, məzarlar... olub.
Kim bilir neçədir
dünyanın yaşı,
Tarixin nə qədər
yazısı vardır...
Hər saxsı
parçası, hər məzar daşı
Nəsildən-nəsilə
bir yadigardır...
Bu gün şəhidlərimiz haqqında yazılanlar da bir zamanlar dönüb arxaya baxan, el-obasının qəhrəmanlıq tarixini öyrənmək, mənimsəmək, təbliğ etmək istəyən gələcək nəsil üçün bir yadigardır. Bu yazılar da müxtəlif olacaq: savadlı yazılmış, həvəskar cəhdi, faktlara güvənən, pafosla, eyforiya ilə yazılmış və bir də yaşadığımız günün reallığını əks etdirən yazılar. Amma bir ümumi, ortaq nöqtə olacaq bunları yazanlar arasında – Vətən sevgisi, millətinə, dövlətinə, tarixinə, keçmişinə, bugününə və gələcəyinə ehtiram!
Mən də yüzlərlə qəhrəman oğullarımızdan biri haqqında yazamağa cəhd edirəm – Seyidov İlkin haqqında. Bəlkə onun qəhrəmanlığını, vətənpərvərliyini, həyat eşqini, təəsübkeşliyini tam ifadə edə bilməyəcəm, amma buna cəhd edəcəm... Bunu onun ruhuna dərin hörmət və onu dünyaya gətirən, tərbiyə edənlərə sayqıyla bir təskinlik olaraq yazacam.
Seyidov İlkin Mirnəzir oğlu 1969-cu ildə Naxçıvan şəhərində doğulub. Orta məktəbi Naxçıvanda oxuyub. 1987-89-cu illərdə Sovet Ordusu sıralarında həqiqi hərbi xidmət keçib. Ordudan tərxis olunduqdan sonra Naxçıvan şəhərinə qayıdıb və işə düzəlmək üçün Naxçıvan Muxtar Respublikası Daxili işlər Nazirliyinə müraciət edib. Gənc yaşlarından idmanla məşğul olduğundan hündürboylu və sağlam bədənli idi. Ona görə də onun Daxili İşlər Nazirliyi Xüsusi Təyinatlı Polis Dəstəsinin (XTPD) sıralarına qəbul olunması çətin olmadı.
Yatan millət ya ölər, ya da kölə kimi oyanar - Mustafa Kamal Atatürkün zərb-məsələ çevrilmiş bu dəyərli cümləsinin zaman-zaman təsdiqini görmüşük. Qarı düşmən bunu bizə dəfələrlə xatırlamağa vadar edib. Amma milli oyanışla ona qalib gələndə, burnunu əzib yerində otuzduranda yenə bağışlamışıq, bu dəfə yəqin ki, etməzlər fikriylə olanları unudub yenə onlara etibar eləmişik ki, bu da elə yenidən yatmaqdı. Düzdür, kölə olmamışıq, amma çox uzun yatmışıq...
Həyata, mübarizəyə səsləyən
ilk zəng
Naxçıvanda bir ünvan var – müqəddəs ünvan. Çünki bu ünvanın aid olduğu şəxs Cavid əfəndidi. O Cavid ki, təkcə Azərbaycanın yox, həm də Şərqin söz, poeziya günəşidir. O Cavid ki, “İblis”i diz çökdürdü. O Cavid ki, türkü, Turanı göylərə qaldırdı və bir də o Cavid ki, Ulu Öndərin qayğısı, yardımı ilə uzaq Sibirdən “qayıdıb gəldi” Nəqşi-cahana. Gəldi və bütün Azərbaycanı yenidən sözün işığına bələdi - Cavid sözünün! Bu ünvan Cavid əfəndinin adını daşıya-daşıya gənc nəsil yetişdirməyə başladı. Onun divarları körpə nəfəsiylə qızdı, onun ünvanı məzun adıyla Azərbaycanı və dünyanı dolaşmağa başladı. Bu ünvan Naxçıvan şəhərindəki Hüseyn Cavid adına 5 saylı orta məktəbdir.
Bu məktəbin böyük pedaqoji kollektivi var idi. Burada çalışan müəllimlərin peşəkarlığı, intellekti valideynlərin diqqətini çəkmişdi. Ona görə də hətta digər məhəllələrdən bu məktəbə təhsil almağa gələnlər var idi. Səs-sorağı ətrafa yayılmış bu məktəb barəsində İlkinin valideynləri də eşitmişdi. İlkinin dayısı İlyas da pedaqoq olduğundan bu məktəb barəsində məlumatlı idi. Elə ona görə də İlkinin bu məktəbdə oxumasına o da ürəkdən uğur diləmişdi. Evin, ailənin bu səmimi razılığı ilə Rahilə xanım İlkinin əlindən tutub 1976-cı ilin sentyabr ayının 1-də H.Cavid adına Naxçıvan şəhər 5 nömrəli orta məktəbə gətirmişdi. Məktəbin həyəti qələbəlik idi. Müəllimlər, valideynlər, yuxarı sinif şagirdləri bir-birinə qarışmışdı. Bu şən təlaşın içərisində nisbətən sakit görünən məktəb direktoru idi. O, təmkinli şəkildə birinci sinfə gələn şagirdlərin valideynlərinə üz tutub dedi:
Hamınızı salamlayıram və yeni dərs ili münasibəti ilə təbrik edirəm. İndi zəng çalınacaq. Arzu edirəm ki, övladlarınızın bu zənglə başlayan ilk addımı Vətənin gələcəyi üçün ən dəyərli yürüşwnə çevrilsin.
Bir azdan zəng çalındı. Bu, əli Rəhilə xanımın əlinin içində həyəcandan tərləyən qaragözlü balaca İlkinin eşitdiyi ilk məktəb zəngi idi. Onu sinfə, həyata çağıran məktəb zəngi. On il o, bu zəngin sədalarıyla özünü həyata, qəhrəmanlığa hazırladı və indiki prizmadan yanaşanda aydın olur ki, İlkini bu zənglər həm də qəhrəmanlığa kökləyir, həyat mübarizəsinə çağırırdı...
Adətən uşaqlar birinci sinfin ilk günlərində sinifdə oturmağa o qədər də həvəs göstərmirlər. Hər kəs valideynlərinin, əsasən də anasının yanında oturmasını, gözünün qabağında olmasını istəyir. Xüsusilə kiçik yaşlarından körpələr evinə, uşaq bağçasına getməyən uşaqlar bu məsələdə fərqlənirlər. Amma bizim qəhrəmanımız bu məsələdə də yaşıdlarından - sinif yoldaşlarından fərqlənirdi. O, anası Rəhilə xanımın onun başını sığallayıb, üzündən öpməsini ürəkdən gələn bir xeyir-dua kimi qəbul edib, sakit, ana özü eşidəcəyi bir səslə dedi:
Sən get, mən
qalıram.
Rəhilə xanım gözləmədiyi bu təbii, amma həm də qürurverici olan mənzərədən kövrəldi. Təkrar oğlunun başını sığallayıb sinifdən çıxdı. Yeri gəlmişkən xatırladım ki, sonralar digər qardaşı, məhəllə uşaqları birinci sinfə gedəndə artıq onlar üçün də İlkin bir qəribə maraq ünvanı idi, yəni Rəhilə xanımın söhbətlərini eşitdiklərindən, hamısı çalışırdı ki, İlkin kimi təmkinli olsun. Bu da onun özünə inamını müəyyən mənada artırır, önə çıxmasına təkan verirdi.
Birinci sinfin, demək olar ki, hər günü onun üçün maraqlı idi, bütün müəllimləri onun üçün tamam doğmalaşmışdılar. Bunun bir səbəbi yaşıdları ilə qaynayıb-qarışması idisə, ikinci səbəbi ibtidai sinif müəllimlərinin uşaqlara fərdi qaydada yanaşma üslubu idi. Onlar çalışırdılar ki, bu uşaqlar sinfə, kitaba, müəllimə alışa bilsinlər. Üstəlik, bu alışma onları kitaba da, məktəbə də, müəllimə də bağlasın və zaman göstərdi ki, pedaqoji təcrübə öz işini görə bilib. İlk dərslərə çətinliklə valideyn hesabına gələn uşaqlar artıq dərslər bitəndə evə tələsmirdilər, müəllimin başına yığışıb əlavə tapşırıqların yerindəcə öyrənilməsinə sual-cavabla bir-birlərini, müəllimlərini sinifdə saxlamağa çalışırdılar. Həmin pedaqoqların arasında İlkini sənətə, rəssamlığa, ədəbiyyata bağlayan müəllimlər də var idi. Elə buradaca vurğulamaq yerinə düşər ki, İlkin adını tarixə yazandan sonra onun barəsində ürək sözlərini söyləyən müəllimlər də məhz İlkini zamanında dəyərləndirən, ruhlandıran, yaradıcılığa həvəsləndirən pedaqoqlar idi.
... Həmsöhbətim İlkinin əmək təlimi müəllimidir. Bu yaşlı insanla İlkinin oxuduğu məktəbə tərəf yanaşı addımlayırıq. Gedirik ki, İlkinin on illik həyatını öz daş yaddaşına köçürmüş illəri vərəqləyək. Çox söhbətcil insandı Tofiq müəllim. Seyidov Tofiq Mirələsgər oğlu söhbətimizin ilk kəlməsində xüsusi bir qürur hissiylə vurğulayır ki, bizim ailə də seyid ocağı olduğundan, mən İlkinə “əminəvəsi” deyirdim. Və ona xüsusi bir sevgiylə yanaşırdım. Bu sevgini də o, özü qazanmışdı. Öncə səliqəsiylə, sonra da fərdi bacarığıyla. Əmək dərslərində onun əl işləri, çəkdiyi rəsmlər hər dəfə maraq doğururdu. Hiss olunurdu ki, o, seçilənlərdən olacaq. Xüsusilə silah, döyüş maşını çəkməyə qəribə bir marağı vardı İlkinin. Hətta emalatxanada da o, silahların maketini düzəltməyə üstünlük verirdi. Özü də bu istəklər onda alınırdı. Düzəltdiyi tapança, avtomat həqiqi silahları xatırladırdı. İndi mən həmin o emalatxananı, o sinif otaqlarını sizə göstərə bilməyəcəm, çünki İlkinin on il təhsil aldığı məktəb illərin vurduğu zərbələrdən, erroziyadan artıq ömrünün sonuna gəlib çatmışdı. Ona görə də xüsusi qərarla məktəb sökülüb, onun yerində yeni məktəbin ilk mərtəbəsi ucaldılıb. İnşallah tezliklə tikintisi başa çatdırılar.
Biz həmin əraziyə ona görə gedirik ki, siz İlkinin bir vaxtlar çiçəklərini oxşadığı kolları, ağacları, bütövlükdə məktəbin ərazisini görə biləsiniz. Zənnimcə, o ərazini şəhidə ehtiramla, sevgiylə seyr etsəniz, bunun özü də sizin üçün İlkin barəsində əlavə təəssüratın formalaşmasını təmin edəcək.
Biz Tofiq müəllimlə Naxçıvan şəhərindəki H.Cavid adına 5 saylı məktəbin ərazisinə gəlib çatırıq. Böyük tikinti işləri aparılan məktəbin ərazisindəki əvvəlki illərdən qalmış güllər, ağaclar və buradakı lövhə məktəbin dünənki səliqə-səhmanından məlumat verirdi. O məlumatların arasında şəhid İlkin Mirnəzir oğlu Seyidovun adı qırmızı bir xətt kimi keçirdi. Elə həmin lövhənin yanında daha iri planda tikilməkdə olan yeni məktəbin layihəsi yerləşdirilmişdi. Ədalət naminə etiraf etmək lazımdır ki, layihədə ifadə olunan məktəb çox möhtəşəm idi. O bina Naxçıvandakı digər tikililərin, sosial obyektlərin diqqətçəkən mənzərəsini bir az da tamamlamaq gücündə idi. Hiss olunurdu ki, layihə müəllifləri böyük Cavidin adını daşıyan bu məktəbi də Naxçıvanın digər möhtəşəm məktəblərinin, mədəniyyət ocaqlarının sırasına əlavə etməklə onun gözəlliyini bir az da artırmaq məqsədiylə işləyirlər bu proyekti. Aparılan tikinti işləri də layihənin uğurlu alınacağına artıq bəri başdan bizdə inam yaratdı. Elə Tofiq müəllim də yaşının bu ahıl çağında öz şagirdi barəsində yenidən tikilən məktəbin həyətində xatirələrini danışırdı. O, vurğulayırdı ki, İlkin vətənpərvərdi, qoçaqdı, vətən üçün canını verəcəyi elə o vaxtlardan bəlliydi. Mənsub olduğu seyid nəslinin adına layiq hərəkətləri onu ətrafda da, məktəbdə də sevdirirdi.
Müəllim əməyini
ucaldan şəhid...
Makedoniyalı İsgəndər “Həyata gəlməyimə görə ata-anama, həyatda ləyaqətlə yaşadığıma görə müəllimlərimə borcluyam” demişdi. Çox şey öyrətdi bizə müəllimlərimiz, elm, bilik verdilər, dünyanın gözəl olduğunu anlatdılar. Ona görə də hər şeyi gözəl görürdük biz əvvəllər. Dünya uşaq təsəvvürümüzdə tərtəmiz görünürdü. Namərdlikdən, satqınlıqdan, yaltaqlıqdan, savaşdan, müharibədən... xəbərimiz yoxdu. Amma çox çəkmədi, gənc olar-olmaz xain, namərd qonşularımız olan ermənilərin tipik xarakterləri ortaya çıxdı və təsəvvürümüzdəkiləri alt-üst edərək bizə həyatın heç də tərtəmiz olmadığını sübut etdi. Dünyanı gözəlləşdirən xeyir əməllər olduğunu öyrətmişdilər bizə, amma düşmən sayəsində əksini öyrəndik. Evdə valideynlərimiz, məktəbdə müəllimlərimiz xeyirxahlıq, dürüstlük, haqqı qorumaq öyrətdilər bizə. Amma görünür, öyrətmədikləri, bəlkə də heç özlərinin də bilmədikləri şeylər varmış – xəyanət, gözgörəsi haqqı tapdamaq, naqislik, ikiüzlülük, yaltaqlıq, xainlik. Mərhəmət bəslədiklərimiz humanistliyimizdən istifadə edərək bu mərhəməti sonsuz kinə, qəzəbə çevirərək özümüzə tuşladılar.
Bunları İlkinə öyrətməmişdi nə ilk müəlliməsi Havizər müəllimə, nə də sonrakı illərdəki müəllimləri. Amma görünür, dostunu tanıtdığın kimi düşmənini də tanıtmalısan övlada, şagirdə. Bu tanıtma ermənilərin beşikdən başlayan və qəbirə qədər davam edən antitürk nifrəti, təbliğatı deyil, sadəcə bir düşməni olduğunu unutdurmamaq və ondan ehtiyatlı olmağı öyrətmək lazımmış...
İlkinin müəllimlərindən biri ilə
üz-üzə oturmuşam. İndi təqaüdçü
olan Seyidov Tofiq Mirələsgər oğlu bir vaxtlar əmək
təlimi müəllimi işləyib. Onu dinləyirik. Birnəfəsə
İlkinin gözəl məziyyətlərini sadalayır.
Ən əsası, vurğulayır ki, o, sinifdə başqa
uşaqlardan seçilirdi. Vətənpərvərdi,
qoçaqdı, vətən üçün canını verəcəyi
elə o vaxtlardan bəlli idi. Mənsub olduğu seyid nəslinin
adına layiq hərəkətləri onu ətrafda da, məktəbdə
də sevdirirdi. O, əmək təlimi dərsində israrla məndən
tapança düzəltməyi öyrətməmi istəyirdi.
Tez-tez xahiş edirdi ki, onun üçün tapança
düzəldim. Mən taxtadan tapança düzəltməyi
öyrətmişdim, amma bu onu qane eləmirdi: Müəllim,
mən əsl tapança düzəltməyi öyrətmənizi
istəyirəm, deyərdi. Sonralar düşmənin
azğın hərəkətləri haqda duyduqca bu gəncin
qisas hissindən boğulduğunu görürdüm.
İntiqam, nifrət içini yandırıb-yaxırdı. O
zaman hələ uşaq olsa da, məndən tapança istəməsi
səbəbinin də bu olduğunu çox gözəl
anlayırdım. Çünki sərhədin o üzündə
daim pusquda pis niyyətli qarı düşmən
yatırdı.
Çox mərd oğuldu, çox qoçaqdı, hörmətcildi, bir kəsi dilindən belə incitməzdi. Onun şəhid olduğu xəbərini eşidəndə dünyanın faniliyinə bir daha əmin oldum. O cür layiqli oğulu itirmək çox çətindi. Məktəbimizdən İlkindən başqa da şəhidlər var. Bir təskinliyimiz var ki, onun yeri cənnətdir. Ümumiyyətlə, Naxçıvandan 83 nəfər Vətən yolunda şəhid olan oğullarımız var. Onlardan 43 nəfərin məzarı Naxçıvandadır, qalanları Naxçıvanın müxtəlif rayonlarında. Mən tez-tez Şəhidlər Xiyabanına gedir, o igid oğullarımızı ziyarət edir, Yasin surəsiylə ruhlarını yad edirəm. Sizə də təşəkkür edirəm ki, belə qəhrəmanların sorağıyla buraya qədər gəlmisiniz, onun xatirəsini əbədiləşdirmək, gələcək nəslə belə igidləri tanıtmaq üçün zəhmət çəkirsiniz.
***
İlkinin dil-ədəbiyyat müəllimi Əmanət Musayeva gəlişimin məqsədini eşidən andan kövrək notlaq üstündə köklənmişdi:
- Bütün şəhidlər mənim də balamdır, - deyən Əmanət xanımın sinəsi şəhid nisgiliylə, şəhid ağısıyla doludur. Hər bir şəhid vətən oğlunu öz balası kimi ağlayır, hər bir igid vətən oğluyla qürurlanır, fəxr edir Əmanət xanım. Bu qəlbi kövrək xanım həm də şairədir və dörd kitab müəllifidir. Bir zamanlar Hüseyn Cavid adına 5 nömrəli məktəbdə İlkinə dərs deyən Əmanət müəllimə sonradan Heydər Əliyev adına məktəbdə əmisinin adını daşıyan balaca İlkin Seyidova dərs deyib. İlkinin kiçicik bir yanlışı olardısa, mütləq daşıdığı adın məsuliyyətini xatırladar, onu utandırardım, - deyir Əmanət müəllimə.
Müharibənin zərbəsi bu xanıma da dəyib – oğlanları Qarabağda igidliklə döyüşüb, vətənin müdafiəsində canlarını verməyə hazır olublar. Böyük oğlu Ağdam cəbhəsində ağır yaralananda Əmanət xanım təmkinlə - Vətən sağ olsun! - deyib. Oğlunun yanına tələsib, ağır yaralanmasına baxmayaraq şükür edib. Orada şəhid, itkin, yaralı analarına təskinlik verib, vətənpərvər təbliğatla çıxış edib.
Şəhid İlkin Seyidov haqda danışanda gözləri bir cüt çeşməni xatırladırdı Əmanət xanımın. Onun necə layiqli övlad, ləyaqətli oğul, nümunəvi şagird olduğunu həvəslə danışdı. Əmanət xanım 44 illik pedaqoji fəaliyyəti dövründə İlkin kimi şagirdləri az-az gördüyünü etiraf etdi.
Musayeva Əmanət özünü təqdim edərkən: Naxçıvan şəhərindəki orta məktəblərdə 44 ildir dil-ədəbiyyat fənnini tədris edirəm, şairəyəm, 4 kitab müəllifiyəm, mənə elə gəlir ki, bu illər ərzində müəllimlik şərəfini ləyaqətlə qoruyaraq işimi yerinə yetirirəm. Demək olar ki, Muxtar Respublikanın şagirdlərinin əksəriyyəti mənim şagirdlərim olub. Elə bu məktəbdə səkkiz nəfər şagirdim mənimlə çiyin-çiyinə müəllim işləyir.
Həm pedaqoji sahədəki uzun illər fəaliyyəti, həm şairlik qabiliyyəti üst-üstə düşən bu xanımla söhbət etmək daha asandı. Ürəyi sözlə doludur, amma söhbətin belə kövrək notlar üzərində qurulması, görünür həm də onun yaralı yeri olan mövzuya toxunmam onu çox həyəcanlandırıb. İlkin haqqında sualıma geniş haşiyə çıxaraq cavab verir: Mən özüm tam əminliklə deyə bilərəm ki, qatı vətənpərvərəm. Hələ hadisələr başlayanda Naxçıvanda savadlı, bacarıqlı hərbçilər olsun deyə, iki oğlumu hərbi məktəbə yönəltdim. Birinin heç yaşı düşmürdü, amma yazdırdım ki, məktəbdən onların ardınca başqaları da getsin. Və böyük oğlum, anasına layiq övlad olaraq, ön cəbhədə döyüşdü (qəhərlənir, göz yaşlarıyla davam edir), ağır yaralandı. Bir ay komada qaldı, indi birinci qrup əlildi.
Mən onu ziyarətə gedəndə məni qınayanlar oldu ki, sən necə razı oldun ki, oğlun cəbhəyə getdi, müəyyən səbəblərə görə məni qıcıqlandırmaq istəyirdilər. Mən dedim ki, bizə, Vətənimizə ali savadlı, hərbi biliyə malik olan oğullar lazımdı. Ona görə də ayağı olmazsa, mən ona ayaq olaraq düşmən qarşısına çıxararam, əsas döyüş taktikasını, texnikanı idarə edə bilən başı – savadı, biliyi, bacarığı olsun. Min şükür Allahıma, başımızı əymədilər.
Mənə verilən imkandan istifadə edərək mən yalnız İlkinə deyil, onun kimi çox oğullara, hətta qızlara vətənpərvərlik dərsi keçmişəm, vətənsevərliyi təbliğ etmiş, düşmənə qarşı sərt olmağı aşılamışam. Dərsini zəif oxuyan şagirdlərə də məsləhət görürdüm ki, hərbi bilik əldə edin ki, silahdan istifadə qaydalarını öyrənin ki, bizim əbədi düşmənimiz var və o, həmişə bizi arxadan vurmağa hazırdır. Bizim şəhid İlkinin adını daşıyan, onun qardaşı oğlu balaca İlkinə də, digər şagirdlərimə də həmişə deyirəm ki, bilik əldə etmək mümkündü, bu lazımdı və istəsəniz, zəhmət çəksəniz bilik əldə edə bilərsiniz, amma vətənpərvərlik, hərbi bacarıq daha vacibdi, çünki vətəni sevmək, onun müdafiəsində iştirak etmək, yeri gəlsə yolunda canından keçmək bu xalqımızın hər bir nümayəndəsinin öyrənməli olduğu vacib məsələdir. Və bu da hər kəsə nəsib olmur. Məhz İlkin kimi qeyrətli oğullar bu yolu seçdilər və şəhidlik zirvəsinə ucaldılar.
Mən Hüseyn Cavid adına 5 nömrəli məktəbdə günü uzadılmış qrupda dərnək rəhbəri işləyirdim, orda İlkin tez-tez gəlirdi mənim yanıma... demək olar ki, hər gün gəlirdi. Elə gözəl əl qabiliyyəti vardı ki, elə bacarıqlıydı ki, maraq məni bürüyürdü və ondan soruşdum ki, böyüyəndə kim olacaqsan, hansı sənəti, peşəni seçəcəksən? Cavab verdi ki, xalqıma, millətimə layiqli övlad olacağam. Dəqiq cavab vermirdi, yayınırdı sualımdan. Ona bir iş tapşırdımmı, yerinə yetirəcəyinə tam əmin olurdum, çünki o, tapşırılan işi sona yetirmədən rahatlıq tapmazdı. Bu məsuliyət hissi uşaq vaxtından onun çoxlu gözəl xüsusiyyətlərindən biri idi. Qrupda çoxu müxtəlif işlər görərdi, vaxt bitəndə hər kəs evə gedərdi, o, işini bitirməmiş yerindən tərpənməzdi. Dərslərində də çox nizam-intizamlı idi. Bəzən dünyasını dəyişən insan haqqında ancaq gözəl sözlər deyirlər, amma inanın vallahi-billahi, tam səmimi deyirəm ki, İlkin həqiqətən gözəl keyfiyyətlərə malik insan idi. Bəzən bizim kiçik İlkində bir nöqsan görəndə şəhid əmisininin gözəl keyfiyyətlərini yada salır, nümunələr gətirirəm. Ona xatırladıram ki, İlkinə bir dəfə də olsun sinifdə dərs zamanı “sakit otur, düz otur, səs salma” kimi ifadələri işlətməyə ehtiyac olmayıb.
Hər kəs öz elinin-obasının qəhrəmanı ilə fəxr eləyir. Bəzən “mən filankəslərin torpağındanam” deyərək qürur duyur. Bu baxımdan Əmanət xanım doğulduğu yurdun qəhrəmanları, şəhidləri, qaziləri ilə fəxr edir. Onun İlkin haqqında şeiri, yazısı varmı deyə soruşduqda: Nəinki İlkin haqqında, ümumiyyətlə bütün şəhidlərimiz haqqında qəlbimdə kök salmış fikirləri çözərək kağıza köçürürəm, deyir. – İlkindən əvvəl on il bir sinifdə oxuduğum Milli Qəhrəmanımız Yusif Mirzəyev haqqında yazmışdım. Döyüşə getməmişdən bir həhtə əvvəl mənə dedi ki, televiziyada veriliş çəkiləcək hansı mahnını istəyirsən orda oxuyum. Mən “Ana” mahnısını dedim. Yusif anasını həddindən artıq çox sevirdi. Mən də dünyada ən qiymətlimi - anamı itirmişəm. O, sözünü tutub o mahnını oxudu və o son gedişi oldu, şəhid olduğu xəbərini aldıq. İnanın bugünə qədər də şəhid mövzusunda yazılarımda nə İlkin Seyidovun, nə Yusif Mirzəyevin haqqında yazmaqdan yorulmuram. Onları fikrimdən, xatirəmdən uzaqlaşdıra bilmirəm, heç bunu istəmirəm də. İlk dəfə Şəhidlər Xiyabanına ayaq basanda onların ikisini də yan-yana görüncə bu əzizlərimin həsrətindən içimdən bir nalə qopdu (ağlayır) və bədahətən gələn şeirim yarandı:
Qalx, qalx
ayağa, şəhid qardaşım,
Qalx, qalx
ayağa, dostum, sirdaşım,
Qalx, cənnətə
dönüb doğma diyarın,
Qalx, sənin
qadanı mən özüm alım...
(qəhər boğur, göz yaşları dayanmadan çənəsinə yuvarlanır). Mən hər gün ağlayıram, hər gün o gənclər üçün yanıb-yaxılıram. Elə olur ki, xiyabanın yanından keçərkən unudub musiqi səsini azaltmayan sürücü ilə savaşıram. Ona əsəbiləşərək söyləyirəm ki, sən bir gör hardan keçirsən, sənin bu şəhidlərin yanından keçərkən musiqi dinləməyə ixtiyarın yoxdur!
Mən sinif şagirdlərini tez-tez Şəhidlər xiyabanına aparıram, onlar haqqında məlumat verirəm, igidlikləri, döyüş yolları, şəhidlik zivəsinə ucaldıqları barədə danışıram. Onların adiləşəcəyindən, yaddan çıxacaqlarından, unudulacaqlarından əndişə edirəm. Oğlum döyüşçü olanda da mən bütün oğullarımızı öz balam bilirdim. Mən bu oğullarla fəxr edirəm. Şəhidlik mənim əsas yaradıcılıq mövzumdu. Mənim oğlumun biri Qazaxda, biri də Ağdamda döyüş bölgəsində olub, layiqli vətəndaşlıq missiyalarını yerinə yetiriblər. Prezident təqaüdü alırlar, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov onlara avtomobil də hədiyyə edib.
İstəmirəm təbliğat işi bir mənim fəaliyyətimlə bitsin. Məncə, bütün xalqımızı, anaları, ataları bu işə səsləməliyik ki, övladlarımızı düzgün tərbiyə edək, vətənpərvər böyüdək ki, düşmən üstümüzə ayaq açmağa ürək eləməsin. Əgər biz torpaqlarımızı həqiqətən azad görmək istəyiriksə, “mənə nə”, “sənə nə” sözünü, Məmməd Araz demiş, qırağa atmalıyıq. Və onda yəqin ki, bütöv bir Azərbaycan yarada bilərik. Ölənə qədər ən böyük arzum bütöv Azərbaycan yaratmaq olacaq. Və var gücümlə, əməyimlə, biliyimlə, təbliğatımla bu iş uğrunda zəhmətimi əsirgəməyəcəm. Mən inanıram ki, bu əməyim boşa getməyəcək. Yəqin ki, hamısı da olmasa, şagirdlərimdən çoxu bu istəyimi, çağırışımı qəbul edəcək, nəticə çıxaracaqlar. Qəhrəmanlıq yolları bu gün şəhidlik zirvəsinə qalxan, ruhları bugün bizimlə bir arada gəzib-dolaşan igidlərimizlə tamamlanmayacaq. Bu yol özünün yeni-yeni igidləri ilə düşməni sarsıdacaq, diz çökdürəcək, xalqımızı isə daha əzmkar, daha qüdrətli edəcəkdir. İlkin kimi igidlər öz qəhrmanlıqları ilə yeni İlkinlərə nümunə olur, yol göstərirlər, yəni İlkinlər bu torpaq üçün doğulur, bu torpaq üçün döyüşür, bu torpağın da qan yaddaşında yaşayırlar.
Bu gün sizi buraya İlkin gətirib, mənim sevimli şagirdim, əziz balam, igid Şəhidim. Çox gənc tərk etdi bu dünyanı. Hələ çox işlər görəcəkdi, öz zəngin mənəvi aləmiylə çoxlarına nümunə olacaqdı, vətən üçün daha çox əmək verəcəkdi. Neyləyək ki, qisməti buraya qədər yazılmışdı. Amma onu da deyim ki, bu qısa ömrü ilə də bir əsrə bərabər nümunə qoyub getdi İlkin Seyidov və xatirəsi əziz tutulanlar, bu torpaq üzərində haqqı olanlar sırasında əsrlərlə - Azərbaycan durduqca yaşayacaq.
Haşiyə: Yusif Vəli oğlu Mirzəyev Naxçıvanın 83 şəhidindən biridir. Şəhidlər Xiyabanında da məzarı İlkinlə yan-yanadır.
O, 1958-ci il may ayının 23-də Babək rayonunun Böyükdüz kəndində dünyaya gəlib. 1975-ci ildə 1 saylı Naxçıvan orta məktəbini bitirib. 1976-cı Naxçıvan Rabitə Qovşağında əmək fəaliyyətinə başlayıb. O, işləyə-işləyə Dövlət Xalq Təsərrüfatı Universitetində (indiki Dövlət İqtisad Universiteti) ali təhsil alıb. 1987-ci ildə həmin universitetin mühasibatlıq fakültəsini bitirir və Bakıda bankların birində müfəttiş vəzifəsinə təyin edilir.
1988-ci ildə Xalq Hərəkatına qoşulur. 1990-cı il 20 Yanvar faciəsi zamanı rus əsgərləri Yusifə ağır işgəncələr verir. Lakin o sınmır, əksinə, daha da mətinləşir. Azərbaycanda baş verən ictimai-siyasi hadisələr, eləcə də Dağlıq Qarabağda ermənilərin törətdikləri qanlı cinayətlər onu bir an belə rahat buraxmırdı. Yusif Mirzəyev 1991-ci ildə sakit həyatla vidalaşıb, könüllü olaraq cəbhə bölgəsinə yollanır. İlk döyüşü Ağdərə-Goranboy istiqamətində olur. O, tez bir zamanda xidmət etdiyi briqadanın fəal döyüşçülərindən birinə çevrilir. Komandanlıq belə cəsur əsgər olduğunu görüb, onu briqada komandirinin təchizat üzrə müavini təyin edir.
Yusif Mirzəyev on dörd nəfərlik dəstəsiylə bütün əməliyyatlarda iştirak edirdi. Ağdərədə 17 kəndin alınmasında isə onun müstəsna xidmətləri olub. Gənc komandir döyüşlərinin birində öz dəstəsiylə mühasirəyə düşür, lakin çevikliyi və cəldliyi sayəsində erməni silahlılarının xeyli sayda canlı qüvvəsini məhv edərək heç bir itki vermədən döyüşçüləri mühasirədən çıxarır.
1993-cü il fevralın 19-da Ağdərədə gedən qeyri-bərabər döyüşlərin birində silah yoldaşlarını mühasirədən çıxararkən qəhrəmancasına həlak olur. Ailəlidir, bir qızı var.
Azərbaycan Respublikası Prezidentinin 27 mart 1993-cü il tarixli 495 saylı fərmanıyla Mirzəyev Yusif Vəli oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilir. Naxçıvandakı məktəblərdən biri və Bakıdakı 44 saylı məktəb onun adını daşıyır.
O
vaxtın operatorunun çəkdiyi lenti izləyirəm. Ekrandan Yusif deyir ki, arzum budur, burdan piyada gedib
çıxım Kəlbəcərə, ondan sonra da yolumuz
Xankəndiyədi. Heç nədən də qorxumuz
yoxdu, axır nəfəsimizə qədər də
vuruşacıyıq... elə səmimi, məsum üzü
var ki, danışan əzizinmi, qanından-canından birimi,
yoxsa vətən uğrunda şəhid olduğu
üçünmü bu qədər doğma olduğunu
ayırd edə bilmirsən...
Onun haqqında dostu Şəmistan Əlizamanlının
xatirələrini dinlədikcə bu zəminimdə
yanılmadığımı gördüm. Dostu da söyləyir ki, o,
o qədər mehriban, səmimi, cana
yaxındı ki, elə ilk söhbətdən insan ona
isinişirdi. Ş.Əlizamanlının söylədiyinə
görə, “İgid əsgər, möhkəm dayan”
mahnısını da onun istəyiylə, demək olar ki, təkidiylə
hazırlamışdır və zarafatla bunu sənə həsr
edəcəm demişdir. Amma mahnını
Yusifin ölümündən sonra onu xatırlayaraq ifa
etmişdir.
Əmanət
xanımın Yusif Mirzəyevin adını dilə gətirməsiylə
onun haqqındakı xatirələrim çözələndi
və Naxçıvanın yalnız bir şəhidi -
İlkin Seyidov haqqında yazmaqla bərabər Naxçıvanda neçə
Qarabağ müharibəsi şəhidi olduğu ilə maraqlandım.
Sədərək Şəhidlərinin
ümumi siyahısı:
1.
Abbasov Bahadır Bayram oğlu
2.
Əsgərov Abdulla Rza oğlu
3.
Abbasov Mehman Musa oğlu
4.
Əsgərov Canpolad Ağaverdi (Ağoş) oğlu
5.
Abbasov Namiq İlyas oğlu
6.
Adnayev Elşad Səxavət oğlu
7.
Əsgərov Sədi Sabir oğlu
8.
Ağayev Qulu İbrahim oğlu
9.
Heydərov Hüseyn İsgəndər oğlu
10.
Ağayev Musa Ağamalı oğlu
11. Heydərov
Yusif Qafar oğlu
12.
Ağayev Nəsib Ağamalı oğlu
13. Həsənəliyev
Asəf Ələkbər oğlu
14.
Babayev İlqar Kamil oğlu
15. Həsənov
Bayram Həsən oğlu
16.
Babayev Rəşad Abbas oğlu
17. Həsənov
Cəfər Əli oğlu
18. Canməmmədov
Vəli Eldar oğlu
19. Həsənov
Fariz Sabir oğlu
20. Cəfərov
Adil Allahverdi oğlu
21. Həsənov
Muxtar Həsən oğlu
22.
Əbülhəsənov Hidayət Allahverdi oğlu
23. Həsənov
Müşfiq Hüseynqulu oğlu
24. Həsənov
Nemət Arif oğlu
25.
Əhmədov Eldar Paşa oğlu
26. Həziyev
Namiq Əyyub oğlu
27.
Əhmədov Etibar Rzaqulu oğlu
28.
Hüseynov Araz Səməd oğlu
29.
Əhmədov Kərim Yəhya oğlu
30.
Hüseynov Coşqun Hüseyn oğlu
31.
Ələkbərov Vahid Zahid oğlu
32.
Hüseynov Etibar İslam oğlu
33.
Əliyev Elbrus Ələkbər oğlu
34.
Hüseynov Rəhim Həsən oğlu
35.
Əliyev Elxan Vəli oğlu
36.
Hüseynov Şamil Telman oğlu
37.
Əliyev Ənvər Bilal oğlu
38.
Xanlarov Elmidar Nurəddin oğlu
39.
Əliyev Kamran Yaqub oğlu
40.
Xudaverdiyev Səməd İmran oğlu
41.
Əliyev Malik Qabil oğlu
42.
İbrahimov Əşrəf İbrahim oğlu
43.
Əliyev Məhəmməd Nurəddin oğlu
44.
İbrahimov Orxan Yusif oğlu
45.
Əliyev Səyyad Əhəd oğlu
46.
İmanov Əbülfəz Bəbir oğlu
47.
Əsədullayev Kamal Fətulla oğlu
48.
İsmayılov Elman Cabbar oğlu
49.
İsmayılov Fərmayıl İsmayıl oğlu
50. Nəzərəliyev
Abbasəli Qaragöz oğlu
51.
İsmayılov Mehman Qurban oğlu
52.
Kazımov İlham Cəbrayıl oğlu
53.
Orucov Mehman Rövşən oğlu
54.
Qasımov Əhməd Sadiq oğlu
55.
Ramazanov Hidayət Əjdər oğlu
56.
Qasımov İlyas Sabir oğlu
57.
Rzayev Surxay İsa oğlu
58.
Qasımov Qadir Qasım oğlu
59.
Sarıyev Sədi Əhəd oğlu
60.
Qaybalıyev Bəxtiyar Nəsib oğlu
61.
Seyidov İlkin Mirnazir oğlu
62. Qədimov
Hamlet Əli oğlu
63.
Seyidov Məhərrəm Mirəziz oğlu
64. Qədimov
Vəli Rəhim oğlu
65.
Seyidov Mirəyyub Miryusif oğlu
66.
Quliyev Qulam Əli oğlu
67.
Seyidov Mirhəşim Mirşəmil oğlu
68.
Mahmudov Əbdül Qəhrəman oğlu
69. Səfərov
Müşfiq Qasım oğlu
70.
Mahmudov Vilayət Təvəkkül oğlu
71. Səfərov
Sabit Vaqif oğlu
72.
Mehdiyev Lətif Nəsib oğlu
73. Səfərov
Şakir Səttar oğlu
74. Məmmədov
Bəhlul Musa oğlu
75. Səfərzadə
Vidadi Vaqif oğlu
76. Məmmədov
Əhməd Həsənqulu oğlu
77. Səfərzadə
Vüqar Nəsib oğlu
78. Səmədov
Əli Səməd oğlu
79. Məmmədov
Faiq Yaqub oğlu
80.
Sultanov Kamil Hüseyn oğlu
81. Məmmədov
İdris Ələsgər oğlu
82.
Sultanov Nazim Fərman oğlu
83. Məmmədov
Kamran Cəbrayıl oğlu
84.
Süleymanova Səmərqənd İbrahim qızı
85. Məmmədov
Məmməd Əli oğlu
86. Məmmədov
Muxtar İsa oğlu
87.
Şahverdiyev Mübariz İslam oğlu
88. Məmmədov
Nüsrət Hüseyn oğlu
89.
Şəfiyev Rasim Vəli oğlu
90. Məmmədov
Surəddin Oruc oğlu
91.
Şirəlıyev Mustafa Hüseyn oğlu
92. Məmmədov
Valid Qasım oğlu
93.
Tağıyev Azər Nemət oğlu
94. Məmmədova
Seyran Mirəli qızı
95.
Tağıyev Rüstəm Rəşid oğlu
96. Mirzəyev
Fərhad Səyyad oğlu
97. Vəliyev
Rövşən Nizami oğlu
98.
Muxtarov Vüqar Bayram oğlu
99. Vəliyev
Şükür Məhərrəm oğlu
100. Musayev
Firuddin Qulu oğlu
101. Yusifova Ruhiyyə
Abdulla qızı
102. Nağıyev
Elşad Arif oğlu
103. Zamanov Aydın Əhməd oğlu
104. Nəsibov
Vüqar Şəmil oğlu
105. Zamanov Fazil
İmran oğlu
106. Nəsirov
Elvin Tofiq oğlu
107. Zeynalov Mahmud Zeynalabdin oğlu
108. Nəsirov
Malik Tofiq oğlu
***
Təqvimdə özəl günlər
qırmızı rənglə işarələnir. Hər kəsin özünə məxsus fərdi
təqvimi də var – özü üçün tutduğu.
Doğum günü, ali məktəbə qəbul olma, ilk
iş günü, ilk maaş, toy günü, övladının ilk dəfə
söz dediyi gün, ayaq açdığı, məktəbə
getdiyi gün – bir sözlə həyatın bəxş etdiyi ən
xoşbəxt günlər – ömrünə
qırmızı işarəylə yazılan ən əlamətdar
günlər. Və bir də özünü ən bədbəxt
hiss etdiyi günlər var insanın, onu təqvimdə qarayla
işarələsən də görünməyəcək. Çünki o təqvimdə günlər onsuz da
qara hərflərlə yazılır. Amma
kağızda, təqvimdə olmasa da, ürəkdə, beyində,
hafizədə qapqara işarəylə həkk olunur o günlər.
Bəs şəhid olma günü necə qeyd olunmalıdır
yaxınlarının təqvimində - qaramı,
qırmızımı? Şübhəsiz,
düşünmədən qara deyənlər çox olacaq.
Amma düşündükdən, şəhidliyin zirvəsinə
gedən yolu dərk etdikdən, şəhidin Allah məqamındakı
ali yerini öyrəndikdən sonra bir daha düşünməli
olursan, O təqvim qırmızı olmamalıdırmı?..
Xalqımızın “Adın daşlara yazılsın!”
kimi bir qarğışı var. Bu doğrudan
qarğışdımı, alqışdımı, yaranma
tarixi haraya gedib çıxır, bilmirəm. Bəzən
fikir dəryasına baş vurub çox dərinə gedərkən
üzün astarla yerini dəyişdiyini görmək
qaçılmaz olur. Bu mənada “adı
daşlara yazılanlar”ımızın bu fikirlərdən
hansı ilə düz gəldiyini araşdırsaq, heç də
həmişə bu ifadənin qarğış
olmadığının da şahidi olarıq. Onsuz da insan yarandığı gündən etibarən
ölümə tərəf addım atır. Hər
gün bir addım “oraya” yaxınlaşırıq, hər
gün yuxudan oyandıqda kimsə həvəslə - o
dünyama, məzarıma bir addım daha yaxınlaşdım
- demir. Halbuki bildiyimiz ən real həqiqətimiz
budur. Ancaq yaşamaq, gözəl günlər
xəyal etmək var xislətimizdə. Amma ölüm də
var, şəhadət də var. Bir də ölüm də
var, ölüm də... Gedənlərin adı
daşlara yazılır. Əvvəllər
qəbirlərin üzərinə vəfat edən şəxsin
nə işlə məşğul olduğunu bildirən şəkillər
olurmuş. Əski məzar
daşlarında bunu çoxumuz görüb. İlxıçının məzarı üstə
at, çobanın qoyun, dərzinin iynə, alimin, müəllimin
kitab, yaxud qələm və s. İndi o şəkillər
olmasa da, şəhidlərin qəbri üzərində
müqəddəs bayrağımız dalğalanır. Və bu müqəddəslik, zirvə elə bir
yüksəklikdir ki, yalnız canını, qanını Vətən,
torpaq yolunda əsirgəməyən seçilmişlərə
nəsib olur. Və gələcək nəsil
gəncləri də vətəni sevməyi onun uğrunda
canını fəda edənlərdən öyrənirlər.
Beləliklə, daşlara yazılan adlar da eyni
deyil – o daşdakı adlardan Şəhid adı hər bir
insanın müqəddəs saydığı addır,
ünvandır. Daşların dili olsa,
altında uyuyanın qiymətini, yaxud qiymətsizliyini elə
bir etiraf edər ki, insan həyatın əsl mənasını
onda dərk edər.
Onun da adı daşa yazıldı,
eyni zamanda ürəklərə, xatirələrə - Seyidov
İlkin Mirnəzir oğlunun.
Vətən üçün ölməyə
dəyər...
Deyirlər, heç bir insan elə-belə girmir həyatımıza
– kimisi cəza, kimisi bəla, kimisi imtahan, kimisi də ərməğan
kimi gəlir.
Hər biri də o gəlişlərlə bəzən
dəyişir həyatımızı - kimisi müsbətə,
kimisi mənfiyə doğru. Bəzən o
dəyişikliyin içində tapırıq
özümüzü, o gəlişlə anlayırıq həyatın
mənasını, dəyərini, gözəlliyini. O gəliş
bir neçə saniyəlik də ola bilir,
bir ömür boyu da...
Naxçıvan Hava limanı... buradan birbaşa
Naxçıvan şəhərinin mərkəzindəki
Şəhidlər Xiyabanına yollanırıq. Məqsədim ancaq şəkillərini
görüb, barəsində müəyyən bilgilər əldə
etdiyim şəhid İlkin Seyidovu uyuduğu o müqəddəs
ünvanda ziyarət etməkdi...
Həyat təsadüflərlə dolu olsa da, mən bu səfər
tarixini təsadüf saymıram. Naxçıvana
Ramazan günlərində gəlmişəm Xüsusi Təyinatlı
şəhidi ziyarət etməyə, onun barəsində bilgilər
toplamağa. Xatirələr məni bir az
geriyə çəkir – Ramazan günlərinə - o zaman
gerçəkləşən 2016-cı ilin Aprel
döyüşlərinə.
Ramazan bayramı ərəfəsində Füzuliyə -
kəndimə getmişdim. Məzarları ziyarət
edərkən qaçqınlıq illərindən sonra kənd
qəbiristanlığında məzarların sayının
çoxaldığını müşahidə etdim. Burada yerli əhalidən başqa Kəlbəcər,
Laçın, Cəbrayıl, Zəngilan
qaçqınları da dəfn olunmuşdular. Həmişəki kimi, üstündə bayraq
dalğalanan məzarları da ziyarət etdim. Bir neçə ay getmədiyimdən daha bir şəhid
məzarının artdığını gördüm və
ona tərəf addımladım. İlahi, bu o gənc
idi...
...Cəbhə
zonasının insanları başqalarına nisbətən
daha ürəkli, qorxmaz olurlar. İllərdi
başlarının üstündən "uçan” güllələrə
fikir vermədən çöldə, tarlada əkin-biçinlə,
mal-qara otarmaqla, gündəlik normal həyatları ilə məşğuldurlar.
Gün-güzəranları ürəkaçan
olmasa da, torpağa bağlı olan bu insanlar kəndi yenidən
tərk etməyi düşünmürlər belə.
Martın son günləri atəşkəsin
pozulması get-gedə daha da artırdı. Kənd sakinləri
xəstəsindən, qocasından, körpəsindən nigaran
olmağa başlamışdı. Atılan
güllələr, mərmilər evlərin dam
örtüyünə, pəncərələrə, həyətlərə
düşür, insanların əl-qolunu iş-gücdən
soyudurdu. Kəndin kişiləri gecə
yarısınadək bir yerə toplanıb vəziyyəti
müzakirə edir, çıxış yolu
düşünür, bununla həm də kəndə
keşik çəkməli olurdular. Qadınlar
da rahat yatmırdılar təbii ki. Bircə
körpələr dünyadan xəbərsiz yatır,
güclü atışma olmayınca yuxudan
ayılmırdılar. Bu vəziyyət bir
neçə gün davam etdi.
İldırım
sürətilə yayılan xəbər səksəkədə
yaşayan camaata bir rahatlıq gətirdi – kəndə
Xüsusi Təyinatlılar gəlir!
Kəndin palçıqlı yolunda onların
döyüş maşınının batdığı xəbəri
gəldi. Bir neçə gənc köməyə tələsdi.
Bu zaman qarşı tərəfdən gələn Vaqif kişi onların məqsədini anlayıb,
özünəməxsus zarafatla: A bala, onlar sizi iki loxmaya yeyərlər,
onların sizin köməyinizə ehtiyacları yoxdur, -
dedi. Bunu eşidən
balaca uşaqlar "yeyərlər” sözündən ürpənən
kimi oldular. Vaqif kişi sözünə
davam etdi: Yəni mənim çiynimə bir Vaqif də
qoysanız, boyum onlarınkından balaca olar. Onlar
bir təkana texnikanı palçıqdan götürüb kənara
qoydular. Kişinin sözünü söylərkən
üzündəki məmnunluğu hamı sezdi. Demək, rahatlamaq olardı.
Camaat onların tamaşasına durmuşdu. Onlar xüsusi tünd
geyimli, üzlərinə o rəngdə boya çəkilmiş,
boyları ən az bir metr səksən santimetr olan, müxtəlif
müasir silahlarla silahlanmış bu gənclərə
baxmaqdan qürur duyur, qadınlar bu qürurdan, sevincdən
göz yaşı axıdır, kişilər eyni hissi
keçirsələr də onların etdiklərini siqaret
yandırmaqla əvəz edirdilər. Bu
görüntü uşaqlar üçün daha maraqlı
idi. Hər kəsdə bir məmnunluq,
rahatlıq, onların düşməndən qisas
alacağına böyük ümid vardı. Xüsusi Təyinatlıların
üzlərindəki sərtlik, özgüvən,
qorxmazlıq hər kəsə sözsüz, səssiz şəkildə:
Arxayın olun, torpağımıza burnunu soxmuş
düşmənin başını əzəcəyik! – deyirdi. Tək bir gənc
dönüb mehribanlıqla camaata baxdı. Qaragözlü bu gənc qonşu kəndlərin
birindən idi. Baxışındakı səmimiyyət:
Sizin hər birinizin neçə gündü çəkdiklərinin
hesabını çəkəcəyik, mənim ailəm də
siz çəkəni çəkdi - dedi sanki...
O gecə
kənd sakinləri neçə günlük yuxusuzluqdan sonra
rahat yata bildilər. Aprelin 2-si səhərə
yaxın güclü atışma başladı. Yer-göy bir-birinə qarışmışdı.
Atılan güllələrin, mərmilərin
gurultusundan evlərin şüşələri cingildəyir,
partlayış sanki hər kəsin yanında baş verirdi.
Gələn xəbərlərsə ürəkaçan idi:
Düşmən qısa zamanda geri oturdulmuşdu. Kəndin üstündən,
aşağısından gedən döyüş
texnikaları, əsgərlər əsl müharibənin
olduğunu göstərirdi. Düşmən
əsgəri postu buraxıb qaçır, silahlarını
belə götürməyə macal tapmır, yaxud buna cəhd
etmirdilər. Yaralanan, ölən
yoldaşlarına kömək etməyi ağıllarından
da keçirmirdilər. Ölənlər
arasında Livandan gəlmiş muzdlular, zəncilər də
vardı. Dağlıq Qarabağdakı
bütün xəstəxanalar, hospitallar yaralıyla, meyitlə
dolu idi. Artıq yaralıları İrəvana
daşımağa başlamışdılr...
Döyüş
müvəffəqiyyətlə başa
çatmışdı - kəndimizin üst tərəfindəki
Lələtəpə yüksəkliyi düşməndən
geri alınmışdı! İllərdi
düşmən o yüksəklikdən kəndlərimizi,
strateji əhəmiyyətə malik olan Horadiz şəhərini
nəzarətdə saxlayırdı.
Tezliklə
kənd camaatını məyus edən xəbərlər də
gəlməyə başladı – çox sayda şəhidimiz
vardı... Müharibədə udan tərəf
olmur deyirlər, hər iki tərəf uduzur. Çünki çirkin siyasətin qurbanı qəlbi
həyat eşqi ilə dolu olan gənclər olurlar.
Bütün kənd camaatı şəhidlər
üçün ağlayır, minnətdarlıq hissiylə
onları son mənzilə uğurlayırdı. Amma onların kim olduqlarını görmə
şansımız yoxdu. Buna icazə verilmirdi.
Geri dönənlər içində
gözüm nədənsə o, qaragözlu gənci
axtardı. Özümə təskinlik verərək,
yəqin başqa yolla gedib, deyə
düşünürdüm.
Amma o
gün – Ramazan bayramında üstündə bayraq
dalğalanan məzarlıqda gördüyüm, qara gözlərilə
mərmərdən səmimiyyətlə baxan gənc o idi –
Şəhidim, Vətənin Ən layiqli oğullarından
biri... Cənnət sakini...
(Ardı var)
Fəridə RƏHİMLİ
Bakı xəbər.-
2018.- 27 sentyabr.- S. 12.