Bakı ilə hərbi əməkdaşlığa can atan Qərb şirkətlərinin sayı artır – Ermənistanın narahatlığını artıran yeni proseslər başlayır...

 

Bakıda 29 ölkənin 224 şirkətini bir araya gətirən “ADEX-2018” beynəlxalq müdafiə sərgisinin Azərbaycana gətirdiyi əsas üstünlüklərdən biri də hərb sahəsində yeni tərəfdaşlıq əlaqələri qurmasıdır. Bura ilk növbədə Qərb şirkətləri ilə əldə edilən yeni əməkdaşlıqlar aid olunur. Belə görünür ki, Qarabağ münaqişəsi səbəbindən hərb müstəvisində Azərbaycanla indiyə qədər əməkdaşlıqdan qaçan Qərb şirkətləri artıq bu siyasətlərində ciddi dəyişikliklərə start verirlər. Hər halda, Fransanın “Naval Group” şirkətinin atdığı addımlar da bu qənaəti əhəmiyyətli dərəcədə gücləndirir.

Məlumat üçün bildirək ki,  Naval Group” şirkəti Bakıda keçirilən “ADEX-2018”  sərgisində özünün OPV-90 mühafizə gəmisinin layihəsini təqdim edib. Fransa tərəfi bəyan edir ki, 87 metr uzunluğunda OPV-90 dənizdə hərəkətə nəzarət, dəniz ehtiyatlarının mühafizəsi, axtarış-xilasetmə əməliyyatları, həmçinin humanitar yardımın göstərilməsi kimi mülki və hərbi vəzifələrin yerinə yetirilməsinə qadirdir. 1500 ton su basımı olan gəmi 5-10 tonluq helikopterləri daşımaq imkanına malikdir.

Naval Group” şirkətinin Marketinq Departamentinin rəhbəri Filip Darcın “Azeridefence”ə verdiyi açıqlamaya görə, Fransa Hərbi Dəniz Qüvvələrinin 10 ildən artıq müddətdə istismarında olan OPV-90 gəmisinin üzərində Azərbaycan Silahlı Qüvvələrinin təklifinə uyğun olaraq təkmilləşdirmə işləri aparılır. Bu isə o deməkdir ki, yaxın tezlikdə Azərbaycan Silahlı Qüvvələrinin ixtiyarında OPV-90 gəmisi olacaq.  Yeni nəsil döyüş gəmisi hesab olunan OPV-90 dənizdə sınaqdan keçirilib. Departament rəhbərinin sözlərinə görə, yeni OPV-90 gəmisi Fransa və Azərbaycan mühəndisləri tərəfindən birgə inşa olunacaq. Azərbaycan tərəfinin tələbinə uyğun olaraq yeni gəminin top və gəmi əleyhinə raket kompleksləri, o cümlədən hava hücumundan müdafiə sistemləri və sair Fransa müdafiə sənayesi tərəfindən yenilənəcək. Ekspertlər isə bütün bunları yüksək qiymətləndirir və bildirirlər ki, artıq yaxın tezlikdə Fransanın digər hərbi texnikasının da Azərbaycana gəlişini gözləmək olar. Fransadan sonra Avropanın digər aparıcı hərbi şirkətləri ilə Azərbaycanın əlaqələrinin genişlənməsi proqnozlaşdırılır.

Xatırladaq ki, bundan əvvəl artıq Çexiya da Azərbaycanla hərbi əməkdaşlığı dərinləşdirməkdə maraqlı olduğunu bəyan edib. Çexiyanın sənaye və ticarət naziri Marta Novakova ölkəsinin Azərbaycana hərbi məhsullar sata biləcəyini də istisna etmir. Qeyd edir ki, Çexiyada istehsal olunan yüksək keyfiyyətli təyyarə və radarların Azərbaycana satışı ilə bağlı əməkdaşlıq qurula bilər. Qeyd edək ki,  Azərbaycan ordusunun ixtiyarında Çexiya istehsalı olanDana” özüyeriyən artilleriya sistemləri mövcuddur. Bütün bunlar Qərb şirkətlərinin silah bazarının artıq Azərbaycanın üzünə açıldığını göstərir.

Qeyd edilənlərə paralel olaraq Azərbaycan ənənəvi tərəfdaşları ilə də hərbi əməkdaşlığını dərinləşdirir. Bunu “ADEX-2018” sərgisinin iştirakçısı, İsrailin Müdafiə Nazirliyinin beynəlxalq əməkdaşlıq idarəsinin regional direktoru Yevgeni Kilştokun açıqlaması da aydın göstərir. Məlumat üçün bildirək ki, İsrail daim “ADEX” sərgilərində iştirak edibbu il 12 şirkət öz məhsullarını, silah və təhlükəsizlik sistemlərini, eləcə də digər sahələr üzrə yeni məhsullarını təqdim edir. Azərbaycanın onların məhsullarının satışı üçün yaxşı bazar olduğunu vurğulayan Yevgeni Kilştok bildirir: Biz bu tərəfdaşlığa görə qürur hiss keçirir, Azərbaycan Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti və digər strukturların beynəlxalq tenderlərində fəal iştirak edirik. İsrailin müdafiə sənayesinin məhsullarının keyfiyyəti və yüksək texnologiyası əsasən döyüş şəraitində sübuta yetirilibbuna görə də rəqabətin ildən-ilə artmasına baxmayaraq, bizim məhsullara və işgüzar təkliflərimizə böyük tələbat var”. İsraillə əməkdaşlıq fonunda artıq ölkəmizdə “Pegasus120” tipli yeni pilotsuz uçuş vasitəsinin istehsalı nəzərdə tutulur. Sözügedən uçuş vasitəsinin İsrailinAeronautics” şirkətilə müştərək əsasla "Azad Systems" müəsisəsində istehsal olunacağı gözlənir.

Rusiyanın  “Rosoboroneksport” dövlət şirkətinin baş direktoru Aleksandr Mixeyev də Azərbaycanla ölkəsinin hərbi əməkdaşlığının genişlənəcəyini bildirir: “Biz bu sərgidə Rusiya üçün çox əhəmiyyətli olan Azərbaycanla hərbi-texniki əməkdaşlığın inkişaf etdirilməsi sahəsində qiymətli və daha vacibi, çox müsbət təcrübə qazanırıq. Biz Azərbaycana həm hərbi texnika, həm də ona xidmət edilməsi və onun təmiri, mütəxəssis hazırlığı ilə əlaqədar müxtəlif infrastruktur layihələri təklif edirik”. Onun sözlərinə görə, Rusiya Azərbaycanın hərbi-texniki məhsullar aldığı ölkələr arasında aparıcı yerlərdən birini tutur. Azərbaycan Rusiyadan son illərdə dəyəri 5 milyard dollardan çox olan hərbi məhsullar alıb və bu rəqəmin artması proqonozlaşdırılır.  Bütün bunlar “ADEX-2018” sərgisinin böyük əhəmiyyətini bir daha göstərir. Hərbçi ekspert Üzeyir Cəfərov  qeyd edir ki, Bakıda sayca üçüncüsü keçirilən bu sərgi bir çox dövlətlərin marağındadır: “Əvvəlki illərə baxanda, həm iştirakçı şirkətlərin, həm də ölkələrin sayı çoxalıb. Azərbaycan və ümumilikdə regionumuz həmin ölkələr üçün böyük maraq kəsb edir. Azərbaycan bu sərgi vasitəsilə hərbi sənaye sahəsində qısa müddətdə əldə etdiyi uğurları nümayiş etdirir. Bununla yanaşı, sərginin siyasi əhəmiyyəti də var. Bu sərgi dünyanın başqa ölkələrində keçirilmiş sərgilərdən bir  çox parametrlərinə görə fərqlənir”.

 

Nahid SALAYEV

 

 Bakı xəbər.- 2018.- 28 sentyabr.- S. 5.