Yaxın tezlikdə
Ermənistanın işğalı altındakı ərazilərin
daha bir hissəsi Azərbaycanın
nəzarətinə keçə bilər...
Birmənalı həqiqətdir ki, Dağlıq Qarabağ münaqişəsi işğalçı Ermənistanın bütün istiqamətlər, o cümlədən sosial-iqtisadi sferada çöküşünə səbəb olan başlıca faktordur. İndi ermənilərin öz aralarında da belə etiraflara rast gəlmək mümkündür ki, münaqişənin davamı Ermənistanın, ümumiyyətlə, bir dövlət olaraq varlığına son qoya bilər.
Çünki ötən dövr ərzində yaranan vəziyyət çox aydın göstərir ki, işğal siyasətinə son qoyulmadan Ermənistanda hansısa inkişafdan danışmaq mümkünsüzdür. Özü də maraqlı tərəflərdən biri budur ki, Azərbaycan torpaqlarının işğalının müvəqqəti olması da düşmən tərəfə yaxşı məlumdur. Amma buna rəğmən, işğalın davam etdirilməsinə yenə mənasız cəhdlər göstərilir və qeyd olunduğu kimi bu hal yalnız Ermənistanın çöküşünə xidmət edir.
Bununla yanaşı, müşahidə olunan məqamlardan biri Ermənistanda artan daxili siyasi-gərginlik fonunda Qarabağ kartından istifadə cəhdlərinin yenə çoxalmasıdır. İstər hakimiyyət, istərsə də əsas müxalif qüvvələr Qarabağ məsələsindən sırf öz məqsədləri üçün yararlanmağa çalışır. Ekspertlər hesab edir ki, bu vəziyyət münaqişənin gedişinə birbaşa təsir göstərə bilər. Hazırda müşahidə olunan odur ki, Nikol Paşinyan iqtidarı Qarabağ məsələsində olduqca sərsəm və güzəştsiz mövqe sərgiləməyə salışır. Bunu erməni baş nazirin BMT tribunasından etdiyi çıxış da təsdiqləyir. Ekspertlər isə bunu təsadüfi saymır. Bu, ilk növbədə ondan qaynaqlanır ki, Paşinyan çox ciddi problemlərlə üz-üzə qalıb. Xüsusilə də daxili auditoriya getdikcə Paşinyana münasibətdə məyusluq ifadə etməyə başlayıb. Belə vəziyyətdə o çalışır ki, Dağlıq Qarabağ münaqişəsindən maksimum yararlansın və ilk növbədə elə etsin ki, parlament seçkilərinə qədər danışıqlara getməsin. Paşinyan həm də ona çalışır ki, parlament seçkilərinə qədər kompromissiz və güzəştsiz siyasət aparan lider obrazı yaratsın, nəticədə seçkilərdə qalib gəlsin. Çünki bu şəxsə indi parlament seçkilərində qalib gəlmək, necə deyərlər, hava-su kimi lazımdır. Elə onun münaqişə ilə bağlı bütün ifadələri, sərsəm fikirləri və cəfəng yanaşmaları da ancaq bu məntiqdən qaynaqlanır. Təsadüfi deyil ki, o, BMT-dəki çıxışının xeyli hissəsini parlamentdəki vəziyyətə həsr etdi və sözündən belə çıxdı ki, bugünkü Ermənistan parlamentində əslində devrilmiş hakimiyyətin qüvvələri mövcuddur və hakimiyyət daha çox onların əlindədir, bu da Paşinyana xeyli mane olur. Amma belə görünür ki, Paşinyana müxalif olan qüvvələr də elə Qarabağ kartından yararlanaraq onun parlamentdə qalibiyyətini əngəlləmyəi düşünür. Bu xüsusda “Qarabağ klanı”nın adı xüsusi çəkilir. Erməni mediasında səslənən fikirlərdən belə bəlli olur ki, “Qarabağ klanı” parlament seçkiləri ərəfəsində zəbt olunmuş ərazilərin müəyyən hissəsinin Azərbaycanın nəzarətinə keçməsinə çalışacaq. Bununla da Paşinyanın mövqeyinə ciddi zərbə vurulmuş olacaq ki, belə vəziyyətdə onun parlament seçkilərində qalib gəlməsi mümkünsüz olacaq. Ermənistanın nüfuzlu “Joxovurd” qəzeti yazır ki, “Qarabağ klanı”nın Paşinyana qarşı hərəkətə keçəcəyi artıq dəqiqləşib. Bildirilir ki, yay aylarındakı durğunluğa son qoyaraq, Ermənistanın müxalif Respublika Partiyası uzun fasilədən sonra yenidən partiyanın icra orqanının fəaliyyətini bərpa etmək qərarına gəlib. Respublikaçıların sədri, Ermənistanın istefaya məcbur edilən sabiq prezidenti Serj Sarkisyan yenidən partiyanın iclaslarına başçılıq etməklə “silahdaşlarını” bir araya toplamaq və aktiv fəaliyyətə keçmək qərarı verib: “Tezliklə uzun fasilədən sonra Respublika Partiyası icra orqanının payız sessiyasındakı ilk iclası keçiriləcək. Etibarlı mənbələrimiz bildirir ki, iclasa partiyanın rəhbəri Serj Sarkisyan sədrlik edəcək. Respublika Partiyasının təşkilati işlər üzrə komissiyasının sədri Ruben Tatevosyan bizə məlumat verib ki, bundan sonra partiyanın iclasları hər həftə keçirilməklə müntəzəm xarakter daşıyacaq. Lakin iclasın gündəliyi əvvəlcədən bilinmir və yalnız toplantı zamanı məlum olacaq ki, Sarkisyan partiya üzvlərini nə məqsədlə bir araya gətirir”.
Qeyd olunub ki, istefa verdikdən sonra “siyasi tənhalığa” çəkilən Sarkisyanın məhz payızda aktivləşmək qərarı onun baş nazir Nikol Paşinyana qarşı ciddi mübarizəyə hazırlaşdığından xəbər verir. Çünki Sarkisyan kimi “avtoritet” öz ambisiyalarından əl çəkərək bu cür asanlıqla məğlub edilməsilə barışacaq şəxs deyil. Bu mənada, kifayət qədər əlaqələrə və təcrübəyə malik keçmiş prezidentin yeni hökumətə qarşı "qisas planı"nı işə salacağı istisna edilmir. Elə Sarkisyanın Paşinyanın payızda istefa verərək növbədənkənar parlament seçkilərini gələn ilin yazına yox, bu ilin sonuna salacağı ilə bağlı yayılan məlumatlardan sonra aktivləşməsi də bununla izah edilir. Erməni mediası yazır ki, parlamentin Paşinyanın nəzarətinə keçməsinin qarşısını almaq üçün Sarkisyan qarşıdakı iclaslarda Respublika Partiyasına ciddi təlimat verərək, silahdaşlarına hökumətlə mübarizənin yeni metodlarını təqdim edəcək. Erməni politoloq Astmik Şapaxatyan bilirir ki, Respublika Partiyası qanunverici orqana nəzarəti saxlamaq niyyətindədir. Bu fonda Respublika Partiyası parlamentin buraxılmasına izn verməyəcək, Paşinyan isə insanları yenidən küçələrə səsləyəcək: “Hələlik parlamentin buraxılması ilə bağlı müzakirələr gedir. Məncə, indiki situasiyada növbədənkənar seçki inqilabın ictimai epiloqu olacaq. Hazırkı parlament cəmiyyət üçün heç bir ümid vəd etmir”. Şapaxatyan Paşinyanın ABŞ-dan geri qayıtdıqdan sonra öz planlarını gerçəkləşdirə biləcəyini söyləyib. Onun sözlərinə görə, hazırkı hökumət seçkidə böyük fərqlə qalib gəlsə, o zaman onları Levon Ter-Petrosyanın taleyi gözləyə bilər. Qeyd edək ki, 90-cı illərdə Petrosyan Qarabağ klanı və Rusiyanın təzyiqi ilə məcburi istefaya göndərilib. Onun istefasından bir müddət sonra isə Ermənistanda parlament teraktı baş tutub və nəticədə daxili siyasətdəki aparıcı simaların əsas qismi məhv edilib. Amma yuxarıda qeyd olunduğu kimi, “Qarabağ klanı” heç də Paşinyanın parlamenti öz nəzarətinə almasına imkan vermək niyyətində deyil. Bunun üçün ona bütün istiqamətlərədə ciddi müqavimfət göstəriləcək və bura Qarabağ konflikti də daxildir. “Qarabağ klanı” hesab edir ki, Ermənistanın işğal altında saxladığı ərazilərdən daha bir hissəsi azad olsa, bu, Paşinyan iqtidarı üçün böyük zərbə olacaq. Özü də burada nəzərə almaq lazımdır ki, “Qarabağ klanı”nın işğal altındakı ərazilərdə təsir dairəsi Paşinyana nisbətdə kifayət qədər yüksəkdir.
Digər tərəfdən onu da ayrıca qeyd etmək lazım gəlir ki, Paşinyan iqtidarının devrilməsində Rusiya da maraqlı tərəf kimi çıxış edir. Bu səbəbdən “Qarabağ klanı”na Moskvanın lazımi dəstək verəcəyi şübhə doğurmur. Elə erməni siyasi şərhçi Sarkis Artsruni də vurğulayır ki, Kreml Paşinyan iqtidarına mənfi münasibət bəsləyir və Rusiya prezidentinin Ermənistan səfərini təxirə salması bunun real təzahürü oldu: “Xarici İşlər Nazirliyinin mətbuat katibi Tiqran Balayan Rusiya prezidentinin yaxın vaxtlarda Ermənistana baş çəkəcəyini bildirsə də, artıq bunun baş verməyəcəyi dəqiqdir. Rusiya prezidentinin köməkçisi Yuri Uşakov İrəvana siqnal verdi ki, Moskva üçün Putinin Ermənistana səfəri heç də prioritet deyil və İrəvan öz “növbəsini” sakitcə gözləyə bilər. Uşakov xatırladıb ki, Rusiya və Ermənistan liderlərinin son görüşü “bu yaxınlarda” olub. Bu yaxınlarda, daha dəqiqi, sentyabrın 1-də Soçidə Putin Azərbaycan prezidenti İlham Əliyevi qəbul edib, amma bu, Kremlin başçısına Azərbaycan prezidenti ilə yeni görüşü keçirməyə mane olmur. Yeni görüş isə Bakıda keçirilir. Həm də, Ermənistan formal planda Rusiyanın regional müttəfiqidir və Azərbaycandan fərqli olaraq, Avrasiya İqtisadi İttifaqı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür. Amma Uşakovun sözlərində daha çox təhqiredici işarə var idi. O, imkan daxilində Rusiya siyasətində Ermənistanın rolunu, beləliklə, Putinin Ermənistana səfərinin dövlət və siyasi qiymətini kiçildir. Halbuki, erməni tərəfi inadla iddia edir ki, Putinin İrəvana səfəri rəsmi olacaq. Uşakov isə tədbirləri sadalayır ki, Paşinyan bu tədbirlərin gedişatında Vladimir Putinlə “şəkil çəkdirə” bilər. Yeri gəlmişkən, baş nazir Nikol Paşinyan Putinlə üç dəfə görüşüb və bunlardan heç biri rəsmi deyildi”. Erməni şərhçinin sözlərinə görə, Putinin ətrafında əmindirlər ki, Ermənistanın qaçmağa yeri yoxdur və o, “qardaş” Putinin səfərini səbrlə gözləyəcək, təbii, Rusiya prezidentinin bir neçə saat boş vaxtı olacaqsa. Sarkis Artsruni qeyd edir ki, bununla Rusiya Paşinyana hansı qiymət qoyduğunu aydın göstərir və belə vəziyyətdə Moskvanın Paşinyanın sələfləri olan Serj Sarkisyan və Robert Köçəryanı dəstəkləməsi erməni baş nazir üçün heç də müsbət sonluq vəd etmir. Bu həm də o deməkdir ki, “Qarabağ klanı”nın bu təmsilçilərinin Qarabağ münaqişəsi ətrafında gedişlərinə Moskva da göz yumacaq. Beləliklə, səslənən fikirlərdən bəlli olur ki, Ermənistan daxilində cərəyan edən proseslər Qarabağ münaqişəsinin gedişinə də öz təsirini göstərəcək. Digər tərəfdən, hadisələrin gedişindən o da aydın görünür ki, Ermənistan daxilində baş verənlər bu ölkənin daha böyük sürətlə zəifləməsinə rəvac verir. Bu mənada hesab olunur ki, Ermənistanın Azərbaycana diplomatiya, hərbi müstəvidə də müqavimət göstərmək imkanları azalacaq. Yəni qarşıdakı dövr ərzində Azərbaycan düşmən ölkə üzərində üstünlüyünü daha da artıracaq imkanlar əldə edəcək. Aydındır ki, belə vəziyyət, öz növbəsində, Qarabağ konfliktinin həllinin daha da tezləşməsinə rəvac verəcək.
Tahir TAĞIYEV
Yazı Azərbaycan
Respublikasının Prezidenti yanında
Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.
Bakı xəbər.- 2018.- 28
sentyabr.- S. 6.