Vətənin təmsilçiləridirlər şəhidlər

Yatan millət ya ölər, ya da kölə kimi oyanar

M.K.Atatürk

Torpağa bax, şəhid anası, itkin ordadı! Torpağı sev, oxşa, ağını da, laylanı da torpağa söylə. Çünki oğlun bu torpağı canından çox sevdiyi üçün oraya üz tutdu, oranı beşik seçdi özünə. Onun Vətən sevgisi də bu torpaqdan başlamışdı. Axı, qəhrəmanlıq ana qucağından, evdən, ailədən, ocaqdan başlayır. Vətən, torpaq sevgisi ailədə aşılanır insana. Süddən, qandan, gendən gəlir və demək ki, birbaşa anayla, atayla başlayır Vətən sevgisi.Bu ocaq da, ailə də, ev-eşik də torpağın üzərində pərvəriş tapdığı, ordan şirələndiyi, rişələndiyi, ordan bəhrələndiyi üçün ən ümdə sevgimizin içində torpaq xüsusi önəm daşıyır. Qeyrətli igidlər Vətənin dar günündə düşmən qarşısına, önə çıxır, sinəsini sipər edir və çoxu şəhid olaraq torpağa tapşırılır. İgidlər torpağa əkilir ki, qeyrət, qəhrəmanlıq, hünər, təəssübkeşlik bitsin...

Tarixən gülüstan torpağımız, onun yeraltı, yerüstü nemətləri “yağlı tikə” olaraq düşmənin gözünə batıb. Hər vəchlə bu cənnəti ələ keçirməyə hazır olan bədxahlar heç vaxt əksik olmayıb ətrafımızdan. Hər tərəfdən onu əldə etməyə çalışan acgöz qarğa-quzğunlar arasında barınmaq xalqımız üçün zaman-zaman çətinliklər, məşəqqətlər yaradıb. Bu balaca Vətəni qorumaq üçün nə qədər qanlar tökülüb, İlahi! Azərbaycan kimsəyə arxayın olub, kürəyini söykəyə bilməyib. Yalnız qəhrəman oğul və qızlarına güvənib Vətən. Aslanın erkəyi, dişisi olmaz, deyib babalarımız. İgid qadınlarımız da dar gündə ərlərinə ata və qardaşlarına arxa, kömək olublar. Bu mənada tarixin hər səhifəsində xalqımızın qəhrəmanlıq dastanını yazan oğullarımız, qızlarımız olub və bugün də var.

Amma, nədənsə onları kifayət qədər qiymətləndirmək, şəhadətlərinin aliliyini anlamaq gücündə olmamışıq zaman-zaman. Özümüzünkülər kənarda qalıb, yadları ideal seçmişik. Nümunə olaraq gözümüzün önündə Vətən üçün ürəyi təşnə olanı, yolunda canını verəni deyil, filmlərdəki, kitablardakı “qəhrəmanları” nümunə seçmişik.

 Türk özünə dönəndə məğrur, məğlubedilməz, möhtəşəm olur,- deyə bir deyim, inanc var. Artıq tilsim qırılır, millət özünə dönür. Şəhidlərimizin xatirəsini əziz tutmaq, əbədiləşdirmək, bugünkü və gələcək nəslə çatdırmaq üçün onların hər biri haqda ayrıca bir kitab yazmaq ideyasını, təşəbbüsünü Respublika Xatirə Kitabı Redaksiyası və “Bakı-Xəbər” qəzeti birlikdə layihə ilə həll etməyə başlayıblar.

***

...Naxçıvanın tarixi çox qədimlərə gedib çıxır. Ən qədim yer adlarından olmaqla “Naxçıvan” toponiminin müxtəlif etimoloji yozumları mövcuddur. Brokhauz və Efronun ensiklopedik lüğətində  Naxçıvan şəhərinin əsasının e.ə. 1539-cu ildə qoyulduğu qeyd edilir. Müasir elmdə isə Naxçıvan şəhərinin əsasının e.ə. 1500-cü ildə qoyulması fikri qəbul edilməkdədir. Şəhər haqqında ən erkən məlumat tarixçi İosif Flaviyə (e.ə. I əsr) və yunan coğrafiyaşünası Klavdi Ptolomeyə (b.e. II əsri) məxsusdur. Yəhudi tarixçisi İosif Flavi Nuhun gəmisinin dayandığı yer olaraq "Apobaterion" (yun. Αποβατήριον) toponimini qeyd edir ki, bu toponim də "Naxçıvan" kimi səslənir və adı çəkilən toponim də məhz müasir Naxçıvan şəhərinə aid edilir. Yəhudi tarixçisi İosif Flavi yazır ki, Naxçıvan toponiminin meydana gəlməsi Nuhun əfsanəsi ilə əlaqədardır. Nuh peyğəmbər Allahın əmri ilə düzəltdiyi gəmidə öz ailəsi, götürdüyü canlılarla birlikdə xilas olmuş və indiki Naxçıvan ərazisində məskən salmışdır. Toponim "Nax", "çi", "van" olaraq 3 tərkib hissəsinə ayrılmış və "Nax" Nuh peyğəmbərin adı, "çi" türk dillərində isim düzəldən şəkilçi, "van" isə iran dillərində məskən, yer bildirən sonluq kimi göstərilmişdir.

 

Ptolomeyin “Coğrafiya” əsərində Naxçıvan şəhərinin adı ilk dəfə “Naksuana” (yun. Ναξουὰνα, ing. Naxuana) şəklində qeyd olunmuş və şəhərin çoğrafi mövqeyi göstərilmişdir.

 

C.Cəfərov şəhərin adının türk mənşəli olub eramızdan əvvəl yarandığını və ilkin variantda dörd hissədən (ak + üç + eb + on) ibarət “Akçiban” (qədim türklərin, ağ asların – oğuzların adı) olması fərziyyəsini irəli sürmüşdür.

 

Naxçıvan haqda bu məlumatı təsadüfən qeyd etmədim. Haqqında yazacağım qəhrəman da bu ulu torpağın yetirməsidir. Hər kəsə məlum olan rəvayətə görə, Allah Huh peyğəmbərə, qövmünün günahdan əfv edilənlərini və hər canlıdan bir cüt olmaqla gəmiyə mindirib o günah məkanından uzaqlaşmağı və sevib-seçdiyi bu müqəddəs torpağa təşrif gətirməyi əmr etdi. Allahın seçdiyi üçün bu məkan illərdir onu mənimsəməyə cəhd edən düşmənin arzusunu ürəyində qoyub.

 

Ölkəmizə sonradan pənah gətirmiş, xalqımıza məxsus  qonaqpərvərlikdən, ürəyiyumşaqlıqdan və təəssüf ki, unutqanlıqdan  istifadə edərək və arxasındakı güclərdən ürəklənən bədxah qonşularımız o qədər həyasızlaşıblar ki, ən qədim yaşayış yerlərimizdən olan Naxçıvana belə, iddialıdırlar.

 

Tanrının sevdiyi Nuh peyğəmbərin pənah gətirdiyi bu torpağa kafir düşmən ağayının dəyməsi yolverilməzdir və ta qədimdən Naxçıvan torpağına anası kimi sahib çıxan, onu canı kimi qoruyan oğullar bunu çox yaxşı anlayıblar. Belə qəhrəmanlar sayəsində Nəqşi-Cahanımız bu gün də qorunur, mərd oğullarımız bu incinin keşiyində ayıq-sayıq dururlar.

 

...İki il əvvəl ilk dəfə qonaq olduğum bu şəhər təmizliyi, gözəlliyi, tarixi abidələrinə diqqətin pik həddi, göz oxşayan coğrafi mənzərəsi ilə yaddaşıma həkk olundu. Ən ucqar kəndlərinə belə çəkilən yolları ipək kimi rahat idi. Mən təyyarədən enib şəhərə üz tutan zaman uzun avtomobil karvanının şahidi oldum (Bəlkə də bu kitab bir zaman – çox illər sonra oxunacaq, qoy oxucuya o da bəlli olsun ki, biz mənfur düşmənin hiyləsinə uyaraq məhrum olduğumuz bu qədim torpağımıza quru yoluyla gedə bilmirik. Quru yolu yalnız İran İslam Respublikasından keçməklə gerçəkləşir – F.R.).

 

- Naxçıvandadamı Bakıdakı kimi tıxac olurmuş? – deyə sürücüdən soruşdum. O, qəmli-qəmli: - Yox, bacı,- dedi, - Şəhidimiz var, Qarabağdan indi gətirilir. Şəhərdən də, ətraf kəndlərdən də eşidən hər kəs bu igid Vətən oğluyla vidalaşmağa tələsir.

 

Bu kədərli xəbərdən, eyni zamanda qürurdan göz yaşlarımı saxlaya bilmədim (İndi yazarkən belə, kövrəlirəm). Xalqın şəhidinə verdiyi qiymət məni təəsirləndirdi. Şükürlər olsun, elin gözü tərəzidir, hər kəsin öz qiymətini verir, haqq gec-tez öz yerini tapır. Amma bu qədim torpaqdakı şəhidə qiymət bir başqaydı. Avtomobil karvanının ucu-bucağı görünmürdü. Geri dönüb, o karvana qoşulmağı o qədər istədim ki, həmin an. Bunu sürücü də hiss etdi deyəsən və:

 

- Hələ təyyarə nə zaman gələcək bəlli deyil, - dedi...

 

Naxçıvan şəhidinə belə qiymət verir və mən buna, o şəhərə ilk addımımı qoyarkən əmin oldum və sevdim bu şəhəri, onun qonaqpərvər, qədirbilən insanlarını. Ona görə də bu şəhərin igid oğlanlarından biri – bu diyarın nə ilk, nə də son olmayan şəhidi, qəhrəmanı İlkin haqqında yazmaq qərarına gəldim. 

 

O da bu şəhərdə doğulmuşdu – Seyidov İlkin Mir Nəzir oğlu.

 

Evin böyük oğlu olduğu üçün İlkin qoyulmuşdu adı. Amma gələcəkdə adı daha böyük mənalar kəsb edəcəkdi – Şəhid adını! Bu ad qoyularkən bunu bəlkə heç düşünməmişdi valideynləri. Ailədə İlkin oldu, amma şəhidlikdə nə ilkdi, nə sondu. Çünki, hər şəhid öz qanıyla bir ilk səhifə açır, hər şəhid qəhrəmanlıq dastanının bir hissəsi olur, igidlər o dastanları Vətən adlı nəhəng kitabın vərəqlərinə qeyrət, təpər, hünər qələmiylə yazırlar. O yazını pozmaq üçün bütövlükdə bu millətin yaddaşını, hafizəsini silmək, ürəyini, beynini, xatirəsini məhv etmək gərəkdi, bu isə mümkün olan şey deyil!

 

...Şəhidim, yurdsevər ərənim, bir an düşünmədən canını Vətən, torpaq  yolunda fəda edən cəngavərim, qoçağım, nərim, igidim...  qarı düşməndən öc almağa can atan Təpərlim, Qeyrətlim, Təəssübkeşim, Vətənin Ən layiqli oğlu... Cənnət sakini... İlkinim... Nə düşündün düşmən üzərinə gedərkən? Kimi xəyal etdin? Yoxsa, heç kimi, hətta dünya nemətlərindən ən şirini olan canını belə, düşünmədən qarı düşməndən öc almaq üçün bütün nifrətini silaha çevirib irəli atıldın - sonunu düşünmədən, ölümü saya salmadan. Yox, özünü düşünmədin,  çünki özünü düşünənlər o anlarda orada deyildilər. Qəhrəmanlığa əvvəlcədən hazırlaşmırlar, məşq eləmirlər, o, an məsələsi olur. İnsanın əsl xisləti belə anlarda üzə çıxır. Özünü düşünən qəhrəman ola bilməz. Əsl kişilər belə anlarda təmkinli olurlar, iti ağılla düşünə bilir, qəti qərar çıxarırlar. O da qərarını verdi – Vətən üçün ölməyə dəyər! – dedi...

 

Adətən belə bir ifadə eşidirik: Ölüm mələyi yaxşıları seçib aparır. Müharibə vaxtı isə qeyrətli, ağıllı, ətrafın sevimlisi olan, gözəgəlimli, pəhləvan cüssəli oğlanları. Əvvəllər bu sözə elə də əhəmiyyət verməzdim, amma zaman keçdikcə, insanın yaşı üzərinə yaş gəlincə çox ölçülər, fikirlər, gümanlar, təxminlər dəyişir. Və həyatda heç də, heç nəyin təsadüf olmadığına əmin olursan. Bu ölümlər də təsadüfi deyil, sevimliləri Allah da sevir və şəhidliyi də hər kəsə qismət etmir. Çünki uca Yaradanın dərgahında mənsəb qazanmış şəhidlərin bir tək şirkdən başqa bütün günahları əfv edilir. Bu, müqəddəs kitabımızda yazılır və şəhidlik nə qədər böyük xoşbəxtlik olduğunu iman sahibləri çox gözəl anlayır. Bəzən bunu qəbul, həzm edə bilmirik. Çünki, ucunda ayrılıq var, həsrət var, dözüm, səbir istəyir sevənlərindən...

 

Amma şəhid valideynlərinin qəlbində qüssə, kədərlə bərabər bir qürur da yaşanmalıdır, - Şəhid Anası, Şəhid Atası adının qüruru. Çünki, onların dünyaya gətirdiyi insan xalqa nemətdir,  vətənpərvərlik nümunəsi, Vətəni, xalqı sevmək və təmsil etməyə haqqı çatan nümunədir. Bəli, şəhidlər eyni zamanda həm bu dünyada, həm Allah dərgahında Vətənin təmsilçiləridirlər.

 

***

 

Təqvimdə özəl günlər qırmızı rənglə işarələnir. Hər kəsin  özünə məxsus fərdi təqvimi də var – özü üçün tutduğu. Doğum günü, universitetə qəbul olma, ilk iş günü, ilk maaş, toy günü,  övladının ilk dəfə məktəbə gedən günü – bir sözlə həyatın bəxş etdiyi ən xoşbəxt günlər – ömrünə qırmızı işarəylə yazılan günlər.  Və bir də özünü ən bədbəxt hiss etdiyi günlər var insanın, onu təqvimdə qarayla işarələsən də görünməyəcək. Çünki o təqvimdə günlər onsuz da qara işarələnir. Amma kağızda, təqvimdə olmasa da, ürəkdə, beyində, hafizədə qapqara işarəylə həkk olunur o günlər. Bəs şəhid olma günü necə qeyd olunmalıdır yaxınlarının təqvimində - qaramı, qırmızımı? Şübhəsiz, düşünmədən qara deyənlər çox olacaq. Amma düşündükdən, şəhidliyin zirvəsinə  gedən yolu dərk etdikdən, şəhidin Allah məqamındakı ali yerini öyrəndikdən sonra bir daha düşünməli olursan, O təqvim qırmızı olmamalıdırmı?..

 

Xalqımızın “Adın daşlara yazılsın!” kimi bir qarğışı var. Bu doğrudan qarğışdımı, alqışdımı, yaranma tarixi haraya gedib çıxır, bilmirəm. Bəzən fikir dəryasına baş vurub çox dərinə gedərkən üzün astarla yerini dəyişdiyini görmək qaçılmaz olur. Bu mənada “adı daşlara yazılanlar”ımızın bu fikirlərdən hansı ilə düz gəldiyini araşdırsaq, heç də həmişə bu ifadənin qarğış olmadığının da şahidi olarıq. Onsuz da insan yarandığı gündən etibarən ölümə tərəf addım atır. Hər gün bir addım “oraya” yaxınlaşırıq, hər gün yuxudan oyandıqda kimsə həvəslə - o dünyama, məzarıma bir addım daha yaxınlaşdım, demir. Halbuki ən real həqiqətimiz budur. Ancaq yaşamaq, gözəl günlər xəyal etmək var xislətimizdə. Amma ölüm də var, şəhadət də var. Amma ölüm də var, ölüm də... Gedənlərin adı daşlara yazılır. Əvvəllər qəbirlərin üzərinə vəfat edən şəxsin nə işlə məşğul olduğunu bildirən şəkillər olurmuş. Əski məzar daşlarında bunu çoxumuz görüb. İlxıçının məzarı üstə at, çobanın qoyun, dərzinin iynə, alimin, müəllimin kitab, yaxud qələm və s. İndi o şəkillər olmasa da, şəhidlərin qəbri üzərində müqəddəs bayrağımız dalğalanır. Və bu müqəddəslik, zirvə elə bir yüksəklikdir ki, yalnız canını, qanını Vətən, torpaq yolunda əsirgəməyən seçilmişlərə nəsib olur. Və gələcək nəsil gəncləri də vətəni sevməyi onun uğrunda canını fəda edənlərdən öyrənirlər. Beləliklə, daşlara yazılan adlar da eyni deyil – o daşdakı adlardan Şəhid adı hər bir Vətən övladının müqəddəs saydığı addır, ünvandır. Daşların dili olsa, altında uyuyanın qiymətini, yaxud qiymətsizliyini elə bir etiraf edər ki, insan həyatın əsl mənasını dərk edər.

 

Onun da adı daşa yazıldı, eyni zamanda ürəklərə, xatirələrə - Seyidov İlkin Mir Nəzir oğlunun.

 

***

 

Bəlkə qanım bir bayrağa qan olar...

 

Çox canını qurban verən oldu bu müqəddəs torpaq uğrunda. Adları unuduldu, tarixə gömüldü. Sadəcə unutduq! Bəzən elə oldu ki, özümüz də anlaya bilmədik kimik, nəyik? Amma insan unutsa da, onlar Allah dərgahında müqəddəslər sırasında yer qazandılar.

 

Deyilən söz yadigardı, - deyib, ustad Səməd Vurğun. Ancaq deyilən yazılmasa ağızdan-ağıza bəzən təhrif olunaraq, yanlış, bəzən tamamilə kökündən dəyişilərək sonrakı nəsillərə ötürülür. Yazılansa qalır. Ən qədim tarixin “dili” salnamələr, əşyalar, məzarlar... olub.

 

Kim bilir neçədir dünyanın yaşı,

Tarixin nə qədər yazısı vardır...

Hər saxsı parçası, hər məzar daşı

Nəsildən-nəsilə bir yadigardır...

 

Bu gün şəhidlərimiz haqqında yazılanlar da bir zamanlar dönüb arxaya baxan, el-obasının qəhrəmanlıq tarixini öyrənmək, mənimsəmək, təbliğ etmək istəyən gələcək nəsil üçün bir yadigardır. Bu yazılar da müxtəlif olacaq: savadlı yazılmış, həvəskar cəhdi, faktlara güvənən, pafosla, eyforiya ilə yazılmış və bir də yaşadığımız günün reallığını əks etdirən yazılar. Amma bir ümumi, ortaq nöqtə olacaq bunları yazanlar arasında – Vətən sevgisi, millətinə, dövlətinə, tarixinə, keçmişinə, bugününə və gələcəyinə ehtiram!

 

Mən də yüzlərlə qəhrəman oğullarımızdan biri haqqında yazamağa cəhd edəcəm – Seyidov İlkin haqqında. Bəlkə onun qəhrəmanlığını, vətənpərvərliyini, həyat eşqini, təəsübkeşliyini tam ifadə edə bilməyəcəm, amma buna cəhd edəcəm... Bunu, onun ruhuna dərin hörmət və onu dünyaya gətirən, tərbiyə edənlərə sayqıyla bir təskinlik olaraq yazacam.

 

Seyidov İlkin Mirnəzir oğlu 1969-cu ildə Naxçıvan şəhərində doğulub. Orta məktəbi Naxçıvanda oxuyub. 1987-89-cu illərdə Sovet Ordusu sıralarında həqiqi hərbi xidmət keçib. Ordudan tərxis olunduqdan sonra Naxçıvan şəhərinə qayıdıb və işə düzəlmək üçün Naxçıvan Muxtar Respublikası Daxili işlər Nazirliyinə müraciət edib. Gənc yaşlarından idmanla məşğul olduğundan hündürboylu və sağlam bədənli idi. Ona görə də onun Daxili İşlər Nazirliyi Xüsusi Təyinatlı Polis Dəstəsinin (XTPD) sıralarına qəbul olunması çətin olmadı.

 

Yatan millət ya ölər, ya da kölə kimi oyanar - Mustafa Kamal Atatürkün zərb-məsələ çevrilmiş bu dəyərli cümləsinin zaman-zaman təsdiqini görmüşük. Qarı düşmən bunu bizə dəfələrlə sübut edib. Amma milli oyanışla ona qalib gələndə, burnunu əzib yerində otuzduranda yenə bağışlamışıq, bu dəfə yəqin ki, etməzlər fikriylə olanları unudub yenə onlara etibar eləmişik ki, bu da elə, yenidən yatmaqdı. Düzdür, kölə olmamışıq, amma çox uzun yatmışıq...  

 

1990-cı ilin yanvar ayının əvvəllərindən etibarən Ermənistanın silahlı, terrorçu-quldur dəstələri Naxçıvan Muxtar Respublikasına bütün sərhəd boyu hücumlar təşkil edir, terror-təxribat aktları törədirdilər. Məqsəd Naxçıvan Muxtar Respublikasında yaşayan əhali arasında vahimə yaratmaq və əhalinin bölgəni tərk edərək qaçmasına, ərazinin işğalına nail olmaqdan ibarət idi. Ermənistan tərəfindən həyata keçirilən bu cür terror-təxribat aktlarının, bir çox hallarda isə açıq silahlı hücumların qarşısını əsasən, Daxili İşlər Nazirliyi, xüsusən də XTPD alırdı. Xüsusi Təyinatlı Polis Dəstəsinin əməkdaşları gecə-gündüz, qarlı-şaxtalı havalarda, keçilməsi çətin olan hündür dağlıq ərazilərdə müqəddəs Vətən torpağının keşiyini çəkir, qanlı döyüşlərdə onlara layiqli cavablarını verirdilər. Həmin vaxt düşmən müxtəlif növ iriçaplı silahlardan, hətta ağır artilleriyadan istifadə edirdi. Naxçıvan Muxtar Respublikası Ermənistan tərəfindən tam blokadaya alınmışdı.

 

1992-ci ilin may ayında Ermənistan silahlı birləşmələri hər tərəfdən Naxçıvan Muxtar Respublikasına hücuma keçdi. Hücumun əsas hədəfi isə Türkiyə ilə sərhəddə yerləşən Sədərək qəsəbəsi idi. Sədərək çox strateji nöqtə olduğu üçün düşmənin oranı ələ keçirməsi bütövlükdə Muxtar Respublikanın işğalına şərait yaradacaqdı. Bir neçə gün döyüş getməsinə və düşmənin böyük qüvvə ilə aramsız həmləsinə baxmayaraq bir qarış belə, torpaq düşmənə verilmədən hücumun qarşısı alındı. Həmin döyüşlərdə onlarla Azərbaycan oğlu canını müqəddəs Vətən torpağına qurban edərək əyninə şəhidlik kəfənini geydi.     

 

Naxçıvan Muxtar Respublikası Arxiv İdarəsindən Fəxrəddin Cəfərovun qeydlərindən:

 

1992-ci ildə sabitlik yenidən pozuldu. Erməni yaraqlıları Muxtar Respublikanın bütün sərhəd kəndlərini müxtəlif döyüş texnikasından və iri çaplı silahlardan atəşə tutdular. Mayın 3-də Günnüt kəndində növbədə olan polis işçiləri radiostansiya ilə Şərur rayon Daxili İşlər Şöbəsinin növbətçisinə bildirmişdilər ki, Ermənistanın Sovetaşen, Yelpin Areni kəndləri tərəfindən qalxan 2 vertalyot onların olduqları ərazidə müşahidə aparır və hərdən atəş açır. Məlumatda qeyd edilirdi ki, həmin gündən bu vertolyotlar polis postunun yerləşdiyi əraziyə və Günnüt kəndinin özünə 64 raket mərmisi atmış və xeyli dağıntı törətmişdir. Mayın 5-də Günnüt polis postundan məlumat verildi ki, silahlı ermənilər yenə də kəndin yaxınlığında toplaşmışlar. Həmin yerdə 1 tank və 2 BTR-in olduğu da xəbər verildi. Cabbarov bildirdi ki, daşnakların bir hissəsi zirehli texnika ilə Günnüt kəndinə hücuma keçmiş və polis postunu zirehli texnika ilə güclü atəşə tutmuşdur. Ermənilərin Günnüt kəndinə basqını ilə əlaqədar oraya kömək göndərilir. Oraya gedən polis əməkdaşları yerli polis dəstəsi ilə birləşərək 21 nəfər zabit və sıravi polis işçisi erməni yaraqlıları ilə vuruşa-vuruşa dağlara çəkilirlər. Polis nəfəri Mərdan Abbasov yaralandığı üçün polis nəfəri Zakir Qənbərov onu UAZ maşını ilə mərkəzi xəstəxanaya gətirir. Polis baş serjantı Rəhimov Asəf Bayram oğlu mərdliklə vuruşaraq bir addım da olsun geri çəkilmədən polis işçilərinə mühasirədən çıxmağa kömək göstərir, özü isə son anda mühasirədə qalır. Bu dəhşətli anı hiss edən Asəf Rəhimov silahında qalan yeganə güllə ilə özünü vurur. Onun igidliyi və dönməzliyi heç vaxt unudulmayacaq. Onu da qeyd edim ki, 1992-ci il 6 iyunda milisin adı dəyişdirilib,  72 ildən sonra yenidən polis adlandırıldı. 1992-ci ilin may-iyul aylarında erməni silahlı qüvvələrinin basqınları nəticəsində polis əməkdaşlarından şəhid olanlar və yaralananlar oldu. Xüsusən Sədərək, Havuş, Günnüt, Yuxarı Buzqov, Kərməçataq və Şada kəndləri ətrafında gedən ağır döyüşlərdə polis əməkdaşlarımızdan Əsgərov Əli Şirzad oğlu (polis mayoru), Rəhimov Asəf Bayram oğlu (polis serjantı), Seyidov İlkin Mirnəzir oğlu (polis sıravisi), Kazımov İlham Cəbrayıl oğlu (polis serjantı), Seyidov İlkin Mirnəzir oğlu (polis serjantı), Hüseynov Etibar İslam oğlu (polis serjantı), Seyidov Mirəyyub Yusif oğlu (polis serjantı) və başqaları Naxçıvan MR-ın ərazi bütövlüyü və torpaqlarımızın müdafiəsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak oldular. Bu döyüşlərdə neçə-neçə polis əməkdaşlarımız ağır yaralandılar. Bektaşi Ağabala Hidayət oğlu (polis baş leytenantı), Əhmədov Rasim Əhməd oğlu (polis serjantı), Yusifov Əhəd Fərman oğlu (polis serjantı), Rəhimov Qulu Qəhrəman oğlu (polis serjantı), Ağayev Firdovsi Dostəli oğlu (polis serjantı), Novruzov Ənvər Novruz oğlu (polis serjantı), Novruzov Tofiq Məsimalı oğlu (polis serjantı), Musayev Oruc Sərtif oğlu (polis serjantı), Rəhimov İnşallah Xəlil oğlu (polis serjantı), Həsənov Fazil Cəlal oğlu (polis serjantı), Vəliyev Kərəm Səfər oğlu (polis serjantı), Rzayev Hüseyn Məmməd oğlu (polis serjantı), Vəliyev Kərəm Səfər oğlu (polis serjantı), Əliyev Eyvaz Ələkbər oğlu (polis serjantı), Zeynalov Qurban İslam oğlu (polis serjantı), Əliyev Eyvaz Ələkbər oğlu (polis serjantı), Sadıqov Nəsir Məmməd oğlu (polis serjantı), Abdullayev Vəzir Yusif oğlu (polis serjantı) və başqalarını qeyd etmək olar. Erməni hərbi birləşmələrinin 1992-ci il may ayında Şərur və Sədərək rayonlarına genişmiqyaslı hücumları dünyanın 60-dək ölkəsi tərəfindən təcavüz adlandırıldı. Elə buna görə də BMT-nin səlahiyyətli nümayəndələri baş vermiş hadisələri öyrənmək məqsədi ilə Naxçıvana gəldilər. Naxçıvan MR Ali Məclisinin sədri Heydər Əliyev nümayəndə heyətini qəbul edib, onlara erməni silahlı birləşmələrinin Naxçıvan MR ərazisində törətdikləri ağır cinayətlər barədə geniş məlumat verdi. Nümayəndə heyətinin üzvləri bu məlumatı bütün dünya ictimaiyyətinə çatdırdı. Erməni daşnaklarının basqınları çox böyük itkilərlə nəticələnsə də bu, Sədərəyin, Günnütün, Havuşun, Kərməçatağın, Şadanın, ümumiyyətlə, Muxtar Respublikanın qeyrətli oğul və qızlarının iradəsini sarsıda bilmədi. Sədərəklə Ermənistan sərhəddində belə gərgin vəziyyətin yaranması qonşu ölkələrin, Türkiyə və İranın başçılarını da narahat edirdi. Ermənilərin Naxçıvana təcavüzləri ilə bağlı Süleyman Dəmirəl Ermənistan Prezidenti Levon Ter-Petrosyan ilə telefonla əlaqə saxlamış və ondan təcavüzü dayandırmağı tələb edərək demişdir ki, əks təqdirdə acınacaqlı nəticələr baş verə bilər. ABŞ prezidenti C.Buş ilə də telefon danışığı olmuşdur. S.Dəmirəl erməni təcavüzü nəticəsində bölgədə yaranmış vəziyyəti ona izah etmişdir. Naxçıvan Ali Məclisinə sədr seçilmiş dünya şöhrətli bir insan, müdrik siyasətçi Heydər Əliyevin Muxtar Respublikada olması, Ermənistan rəhbərləri ilə tez-tez apardığı məqsədyönlü danışıqlar Şərurun sərhəd kəndlərinə basqınların qarşısına sipər çəkməklə, dağıntılara, nahaq qan tökülməsinə, quldurluğa, qarətçiliyə son qoyulmasına kömək edirdi. Bu nəhəng siyasətçinin şərurlulara ən böyük köməyindən biri də bu oldu ki, başçılıq etdiyi Naxçıvan Ali Məclisi Sədərək kəndinin 28 avqust 1990-cı ildən ayrıca rayon kimi fəaliyyət göstərməsi barədə qərar qəbul etdi. Həmin qərarda Sədərək rayonunun ərazi bölgüsünə Sədərək, Dəmirçi, Kərki, Maxta, Qarabürc, Kərimbəyli və Axaməd kəndləri daxil edildi. Sədərəyin ayrıca rayon kimi fəaliyyət göstərməsinin əhəmiyyəti ondan ibarətdir ki, bu kənd müharibə zonasında rayon mərkəzi kimi qeydə alınmış, idarələrin, müəssisələrin və orada işləyən işçilərin sayı xeyli artmış, nəticədə əhalinin başqa yerlərə köçüb getməsinin qarşısı alınmışdı.

 

Bəli, yuxarıdakı rəsmi məlumatda bildirildiyi kimi, Seyidov İlkin Mirnəzir oğlu 19 may 1992-ci ildə Sədərək uğrundakı döyüşdə qəhrəmancasına həlak oldu. Şəhidin məzarı Naxçıvan şəhərindəki Şəhidlər Xiyabanındadır. O, iki il ərzində Naxçıvan Muxtar Respublikasının sərhədi boyu – Ordubaddan Sədərəyədək böyük bir ərazidə döyüş yolu keçmiş, düşmənin xeyli sayda canlı qüvvəsini məhv etmişdi.

 

Subay idi. Ailəsi - Atası Seyidov Mir Nəzir, anası Seyidova Rahilə,  Qardaşı Seyidov Yalçın Mir Nəzir oğlu hazırda Naxçıvan şəhəri, Nizami küçəsi, 34, ev 23 ünvanında yaşayırlar.

 

Bu, İlkinin qısa və şərəfli ömrünün tarixçəsidir. Onun kimi igid oğullarımızın adları qədirbilən xalqımız tərəfindən zaman-zaman kitablarda, filmlərdə, xatirələrdə əbədiləşdiriləcək, qiymətləndiriləcək.  Mənim aləmimdə bu yöndə atılan hər kiçik addım gələcək uğurumızın, - unutqanlıqdan çəkdiklərimizin, ürəyiyumşaqlıqdan başımıza gələnlərin, aşırı tolerantlığımızdan istifadə edənlərin bizə yaşatdıqları üzüntülərin, içimizdəki insan sevgisinin həddini aşmasının qarşısını almaq, düşməni layiq olduğu yerdə oturtmaq, hətta oturmağa qoymamaq üçün atılan addımdır. Hələ lap qədimdən, ilk insan hüquqları kodeksi layihəsi müəlliflərindən olan Hamurapi deyirdi ki: Keçmişini  unudan onu yenidən yaşamağa məhkumdur. Düşmənlərimizin bizə qarşı xəyanətləri ilə zəngin olan keçmişimizi  unutmayacağıq ki, onu yenidən yaşamayaq. Çirkin siyasət nəticəsində ölkəmizə çağırılmamış qonaq kimi yerləşdirilən murdar düşmənin ayağı torpaqlarımıza dəyəndən başladıqları düşmənçilik siyasətini zaman-zaman unutduğumuz, - yeri gələndə qurd, yeri gələndə quzu libası geyinən düşmənin hiylələrinə uyduğumuz və tarix boyu vurduqları saysız-hesabsız yaralardan sonra yenə onları bağışlaya bilməyimiz böyüklük adlansa da, artıq yetər! Düşmənə düşmən gözüylə baxacaqsan ki, yerini tanısın. Bütün beynəlxalq normaları pozan, önəmli təşkilatların qətnamələrini - BMT Təhlükəsizlik Şurasının  Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair 30 aprel 1993-cü ildə qəbul edilmiş 822 saylı ilk qətnaməsini, 29 iyul 1993-cü ildə qəbul edilmiş 853 saylı ikinci  qətnaməni, 1993-cü il 14 oktyabr ayında qəbul olunmuş 874 saylı üçüncü qətnaməni və 1993-cü il noyabrın 11-də qəbul olunmuş 884 saylı dördüncü qətnaməsini heçə sayan erməni tərəfi həyasızlıqlara bu gün də davam edir, münaqişənin davam etməsi ilə bağlı vəziyyəti yenidən müzakirəyə çıxararır.

 

Amma xalqımızın səbr səbr kasası dolub artıq. Bundan sonra düşmən qorxsun! Türk özünə gələndə möhtəşəm olur. Türk yuxudan oyananda, o yatan zaman at oynadan düşmən girməyə siçan oyuğu axtarar. Oyanır artıq millət, hiyləsini anlayıb artıq qarı düşmənin. Və bu yolda canını “uf” demədən qurban verən oğullar düşmənin kin-küdurət dolu qəlblərini parçalamağa hazır vəziyyətdədirlər. Bunu 2-5 aprel 2016-cı il döyüşü də sübut etdi. Aprel ayının ilk günlərindən başlayaraq ermənilərin cəbhə xəttində yeni bir təxribata əl atması və nəticə etibarilə Qarabağ uğrunda savaşın yeni bir mərhələyə qədəm qoyması nə qədər təəssüfedici olsa da, son proseslər Azərbaycan xalqı, dövləti üçün bir o qədər də qürurverici oldu. Belə ki, ermənilərin təxribat xarakterli hücum cəhdlərinə cavab olaraq Azərbaycan Silahlı Qüvvələrinin əks hücuma keçməsi və uzun illərdən bəri erməni işğalı altında olan bir neçə yaşayış məntəqəmizi işğaldan azad etməsi Azərbaycan Ordusunun gücünü, potensialını ortaya qoymuş oldu. Qısa müddət ərzində Azərbaycan Ordusu tərəfindən sarsıdıcı cavab zərbələri alan ermənilər atəşkəs təklifi ilə çıxış etdi. Bununla işğalçı ölkə təkcə statistik rəqəmlər deyil, real həyatda da Azərbaycan qarşısında gücsüz, aciz olduğunu bir daha nümayiş etdirdi. Bunu tez-tez keçirilən beynəlxalq idman yarışlarında hayların məğlubiyyətində   görürük. Heç şübhəsiz ki, Azərbaycan Silahlı Qüvvələrinin əldə etdiyi nailiyyətlər Azərbaycan xalqı, onun müxtəlif təbəqələrini təmsil edən ayrı-ayrı peşə, sənət sahibləri, ictimai-siyasi təşkilat və qurumlar tərəfindən də alqışlanır, təqdir olunur.

 

***

 

Hər kəsin keçə bilmədiyi yol – şəhidlik yolu

 

İlkin ailədə insana sevgi yönündə tərbiyə almışdı. Aldığı o gücü, o sevgini, o məhəbbəti anası qədər sevdiyi Vətənə, torpağa verməyə hazırdı. Hərə bu sevgini bir cür yaşayır, bir cür büruzə verir. O, bu sevgini ömrünü yarım qoyub, amalı yolunda qurban getmək, Şəhidlik məqamına yetişməklə göstərdi. Saf milli mövqeli insanlar məqamı gələndə özlərini – canlarını düşünmürlər. O can artıq onların amalına, məqsədinə aparan bir vasitə rolunu oynayır həmin an onlar üçün.

 

 Biz vətənpərvər ruhda düşünsək, ömrümüzü şəhidlərin ömrünə borcluyuq. Biz onların şəhidliklərinə şahidik, onların qəhrəmanlıqlarına şahidik. Dövrümüzdə baş verən müharibənin, haqsızlığın, günahsız ölümlərin şahidiyik. Şəhid  zirvəsindəkilərin o məqama yetişməsinə tamaşa edən seyrçiyik,  ömürlərinin bitməsini təsdiqləyən zamandaşıq. Həm də, bəlkə də heç bir zaman o zirvəyə yüksələ bilməyəcək qədər də acizik. Biz şahid olduq Mübariz İbrahimova, Əlif Hacıyevə, Çingiz Mustafayevə, Şirin Mirzəyevə, Asif Məhərrəmova, Salatın Əsgərovaya, Əliyar Əliyevə... və yüzlərlə uca zirvədə olanlara. Biz böyüdük, onlar həmişəlik gənc qaldılar. Biz onların yaşını keçdik, amma yollarını gedə bilmədik, çünki hər kəsin gedə biləcəyi yol deyil şəhidlik yolu!

 

Hər gün yüzlərlə, minlərlə insan köçür bu dünyadan, göydən ulduz axarmış kimi. Yerdə qalanlar isə sanki onlar kimi olacaqlarından xəbərsizdilər. Danışıqda hər kəs deyir ki, bu torpağın üstü varsa, altı da var, amma heç kim altını fikirləşmir, torpağın altında təsəvvür etmir özünü. Bəlkə var, amma çox az olur belələri. Ölüm heç kimə xəbər eləyib gəlmir. İcazə istəyib içəri girənlərdən deyil. Nə də dəvət olunanlar arasında görə bilməzsiniz. Hər gün ətrafımızda, sağımızda, solumuzda görünər, amma tez unudarıq onu. Özümüzə yansıtmarıq. Hər yeni ölənə də təəccüblənər, əlimizi ağzımıza apararıq, sanki gözlənilməyən bir şeymiş kimi təəccüblənərik. Hətta müharibədə ölənə də hər kəs təəccüblənir, halbuki müharibə elə ölümün özüdür. Morfologiyada sinonim sözlər olmasalar da, məntiqlə eynimənalı sözlərdir müharibəylə ölüm. Müharibədə qazanan olmur. Yox, olur – qazanan ölüm olur! Dünyanın gözəlliklərini doyunca görməyən, nemətlərindən ürəyincə dadmayan, həyatdan kam almayan gəncləri, vətənpərvərləri, qeyrətliləri, igidləri, təəsübkeşləri aparır Ölüm... elə yaşda aparır ki, adam yaşadığı üçün xəcalət çəkir. Xəcalət çəkir ki, bəlkə o körpənin yerinə mən olsaydım, o bir az çox yaşasaydı, həyatın pəncərəsindən baxmadan getməsəydi...

 

Şəhid məzarlarını

Mərmərə bükdük,

Daş qoyduq başlarına

Qalxa bilməsinlər

Üzümüzə tüpürməyə...

Bu yaşıma görə

Şəhidlər Xiyabanında

18 yaşlı baş daşları

Utandırdı məni.

Məndən kiçikdi hələ

Məndən öncə doğulanlar

əmi” deyib

üstümə qaçır başdaşları

bir əsgərin ölüm günü...

 

Gənc şair Emin Pirinin üsyankarcasına ifadə etdiyi bu şeiri diqqətimi çəkdi və bir çox şəxsi mənafeyini xalqın rifahından üstün tutan, müqəddəs saydığı yalnız pul olan, nə şəhidinə, nə ağsaqqalına, nə qadınına... qiymət verməyən nadürüstlərə ünvanlandığı bəllidir. Düşmən caynağındakı torpaqlarımızı, əsirlikdə əzabları davam edən və hər gün bir möcüzə baş verəcəyi, azad olunacaqları günü hələ də xəyal edən, bəlkə də artık ümidləri çoxdan – özlərindən əvvəl ölmüş olan əsir qadınlarımızı, ölüncəyə qədər işlədilən, alçaldılan əsir kişilərimizi unudaraq rahatca yaşamağa davam edə bilən insanların üzünə tüpürür və çox sərt deməsinə baxmayaraq bir gənc yazarımızın bunları düşünməsi, bu ağrını içində hiss etməsi, o şəhid olmuşların əmisi yaşına gəlib çıxmasından xəcalət çəkməsi, utanması “sevindirir” məni. Xalqın gözündən pərdə asaraq özünü sözdə vətənpərvər kimi göstərən, zamanı gələndə isə sözündən qaçan, dar gündə simasızlaşan belələrini elə Naxçıvanın mənəvi sərvəti olan ölməz Məmməd Araz təbirincə ifadə edək:

 

Uzaqdan baxıram ağappaq, təmiz,

Yaxına gəlirəm, qurd düşüb qara...

 

***

 

İlkin haqda düşünərkən ağlıma gəldi ki, görəsən, şəhidlərin ilki kim olub yer üzündə, ilk dəfə kimə şəhid deyilib (Təbii ki, Adəm peyğəmbərin oğulları Habillə Qabilin bir-birini öldürməsindən söhbət getmir – F.R)? Maraqlıdır, din uğrundamı, torpaq uğrundamı? Yəqin ki torpaq uğrunda, çünki torpaq dindən əvvəl yaranıb, din yer üzünə yolundan çıxmış insanları islah etmək üçün göndəriləndə artıq insanlar torpaq üstdə bir-birlərini öldürüb günaha batmışdılar. Haqlılarsa bu yolda şəhid sayıldılar. Cənnətdən ayrılıb, bu sürgün məkanına göndərilən insanlığın müqəddəslik, xilas möcüzəsiydi şəhidlik.

 

Fikir adamı Xose Martini deyir ki: Dünyada ən çətin sənət insan olmaqdır. İnsan olmaq! Bu, təkcə dünyaya adam olaraq gəlmək deyil. Böyük Yaradanın insan deyib, yer üzünün əşrəfi saydığı varlıq bəzən hərəkətləriylə ən vəhşi heyvandan da təhlükəli ola bilir. Bunu çörəyimizi, suyumuzu yeyib-içərək üzümüzə gülüb, kürəyimizə xəncər saplayan mənfur qonşularımız zaman-zaman sübut ediblər bizə. Xocalı faciəsində isə dünya bu vəhşiliyin pik həddini gördü, dəhşətə gəldi.

 

İtaliyalı şair Davide Qualtierinin "Xocalı" şeirindən:

 

Şərqdən gələn qonağın

yükü hekayət olar –

amma mən eşitdiklərim…

inanmıram dünyada

belə cinayət olar…

İtalyan şairi fikirləşir ki, şərqlilərin yükü ancaq hekayətdi. Bəlkə də Şərq deyəndə ancaq “Min bir gecə”ni xatırlayırdı. Ona görə də Xocalı soyqırımı haqqında eşidəndə heyrətə gəlmişdi. Daha  onu bilmirdi ki, şərqli bir neçə əsr əvvəlki şərqli deyil, çar Rusiyasının mənfur “Parçala, hökm sür” siyasəti nəticəsində Şərqə erməni virusu yayılıb, ən çox yoluxan da bizim torpaqlardır.

 

Maksim Qorki də deyir ki: İnsan məğrur səslənir! Bu fikri oxuyanda isə, əksinə, insanın içinə bir ümid toxumu səpilir. İnsanın yaradılmışların ən alisi olduğuna inanmaq istəyirsən və həyatda belə insanlara rast gələndə bu fikri içindən təkrar keçirib rahatlayırsan. 

 

***

 

Sən məni hey röyalarda gör, ana...

 

Şəhid balam,

behişt sənin, bayram sənin,

görüş qalsın qiyamətə

M.Şəhriyar

 

Yenə yaz gələcək, yenə ağaclar yarpaqlayacaq, çiçəklər açacaq. Mən gəlməyəcəm... Sən məni hey  röyalarında gör, ana! Düşün ki, oğlun zaman-zaman azğın düşmənlə vuruşaraq yorulub, Vətənin bir məzarında dincəlir...

 

Bu, bir nəğmədir – həzin, kədərli, ürəyi söküb yerindən çıxaran nəğmə. Ana ürəyinin qaysaq bağlamayan yarasını qanadan bir nəğmə. “Əgər dərdin tüstüsü olsaydı, bütün dünyanı tüstü bürüyərdi”, deyib bir dərdli müdrik. Dünyamızı tüstü bürüyüb, həm də insanlar çatıb bu ocaqları öz həmcinslərinin yanıb qovrulmaları üçün. Ən çox da analar yanıb tutuşurlar bu odda. Çünki zərifdirlər, çünki ürəkləri sevgiylə, mərhəmətlə doludur, kinə, nifrətə yer saxlamırlar o ürəkdə. Ana məhəbbəti orada o  qədər yer tutur ki, digərlərinə yer qalmır. Balasının ayağına daş belə, dəyməməsi təlaşıyla qoruyur onu, istidən, soyuqdan, pis gözdən-nəzərdən, yanlış addımdan... Amma bir gün o sözəbaxan uşaq - Sən gözlə ana, məni Vətən çağırır! - deyib, çıxır ananın sözündən və o çağırışa yollanır.

 

İlkin o çağırışı çoxdan duyurdu, çoxdan hazırdı yola çıxmağa. Qarabağ, ən əsası Qaradağlı, Cəmilli, Xocalı qisası içini yandırıb-yaxırdı. İçində püskürən kin, nifrət düşmənin qeyrət qalamız olan Sədərəyə hücumu zamanı daha dözülməz oldu.

 

Fəridə RƏHİMLİ

Bakı xəbər.- 2018.- 28 sentyabr.- S.12