Cəbhə uşaqlarının laylası güllə səsləri olur...

 

Polis serjantı Natiq Eminov...

 

Cəbhə bölgəsində doğulan və böyüyən uşaqların taleyində müharibənin bir ömür izi qalır. Bir az obrazlı desək, onların laylası güllə səsləri olur. “Müharibə uşaqları” bədii ədəbiyyatın keçilməz mövzusudur...

Doğulduğu bölgə də səhəri güllə səsi ilə açılan, axşamı güllə səsi ilə düşən bölgələrdəndir. “Biz güclü olmalıyıq ki, düşmənə qalib gələ bilək”. Atası idmançı olub, bu fikriona görə deyib ki, o da böyüyüb idmançı olsun, güclü olsun.  Və həmin sözlər böyüyəndən sonra ilk həvəsinə, sonra isə arzusuna qol-qanad verib.

DİN Əlahiddə Çevik Polis Alayı 10-cu Patrul Bölüyünün əməkdaşı, polis serjantı Natiq Eminov bu gün beynəlxalq idman arenalarında bayrağımızı ucaldan,  himnimizi səsləndirən gənclərdəndir.

1985-ci ildə Goranboy rayonunun Yolqulular kəndində dünyaya gəlib. Səkkiz yaşında DİN İdman Cəmiyyətinin  Gəncə təmsilçiliyində məşqlərə gedib. Gəncəyə gediş-gəliş çətin olduğundan Goranboyda karate ilə məşğul olub. Məktəbi bitirdikdən sonra DİN Daxili Qoşunlarında xidmət edib. Təxris olunubprofessional məşqlərə başlayıb.

Azərbaycan Müəllimlər İnstitutunu bitirib. 2007-2009-cu illərdə Sin Do Kyu Federasiyasında Okinava Karatedən şimal-qərb bölgəsində məşqçi kimi fəaliyyət göstərib. 2011-ci ildə daxili işlər orqanlarına qəbul olunub. İdmançı nizam-intizamı xidmətinə təkan verib. Qarşıya çıxan çətinliklərdən qorxmayıb. DİN rəhbərliyi, xidmət etdiyi Alayın komandiri, polis general-mayoru Zaur Abdullayev  ona ölkəmizi dünyada təmsil etmək üçün hər cür şərait yaradıb və o da hər dəfə  qələbə ilə dönüb. Natiq artıq Okinava karatedən birinci dan qara kəmər sahibidir.

Alpaqut Turan döyüş sənətində yeni olsa da nailiyyətləri yetərincədir. Söhbət zamanı bildirdi ki, Alpaqut Turan Döyüş Sənəti Federasiyası 2014-ci ildə yaranıb və bu gün 33 ölkədə nümayəndəliyi var.

Alpaqut haqqında onun fikirlərini, şübhəsiz ki, oxucularımızın da marağına səbəb olacaq. Həmkarımız filoloq olduğundan onu elə səlis və məntiqli şəkildə izah etdi ki, düzü, bu idman növünə bizdə də maraq oyandı.

Sözün kökündəki Alp sözü türk babalarımızdan miras qalıb. Mahmud Kaşqarinin  “Divani-lüğət-it-türk” əsərində bu barədə geniş bilgi var. “Alpaqut” tək başına düşmənə hücum edən və heç bir tərəfdən ələ keçməyən igid mənasını bildirir. Həmçinin bu söz alp-igid, qut-müqqədəs sözlərinin birləşməsindən yaranıb. Bu idman növündə kəmərlərin rəngindən tutmuş dərəcələrə, sistemlərə qədər hər şey milli dəyərlərə və kökənə söykənir. Polis serjantı Natiq Eminov bu idman növündə 1 dəfə dünya, iki dəfə isə ölkə çempionudur. Bu yaxınlarda o, Türkiyədə keçirilən beynəlxalq seminarda ölkəmizi təmsil edib, həmçinin III Türk Dünyası Ata Sporları Festivalına qatılıb.

Yeri gəlmişkən, mayın 12-də ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş alpaqut üzrə açıq Bakı çempionatında  milli komandanın üzvü, həmkarımız batur sistemi (əlbəyaxa döyüş) üzrə + 85 kiloqram çəki dərəcəsində bütün rəqiblərini məğlub edərək qızıl medal qazanıb.

Natiq yorulmadan qarşıdakı yarışlara hazırlaşır. Sentyabrın 29-30-da Qazaxda keçiriləcək beynəlxalq turnirdə, oktyabrın 20-21-də Azərbaycan kuboku uğrunda, noyabrda isə ölkəmizdə keçiriləcək Alpaqut üzrə dünya çempionatında gücünü sınayacaq.

Bir arzusu var: Turan oyunları Azərbaycanımızda, işğaldan azad edilmiş Qarabağımızda keçirilsin.

 

Hafiz TƏMİROV,

 

polis mayoru

 

Bakı xəbər.- 2018.- 28 sentyabr.- S. 13.