“Azərxalça”nın
Füzuli filialında 1000 kvadratmetrə
yaxın xalça toxunub…
“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Füzuli rayonunun Horadiz şəhərində fəaliyyət göstərən filialı 2016-cı ilin noyabr ayında istifadəyə verilib. Ötən dövrdə xalça istehsalı emalatxanası öz fəaliyyətini genişləndirib. Hazırda burada 80-dən çox toxucu çalışır. Onlar “Azərxalça”nın təşkil etdiyi tədris-hazırlıq kurslarında bu sənətin sirlərinə yiyələniblər. Toxucuların çoxu gənclərdir. Burada 35 nəfər 30 yaşa qədər olan gənc toxucu işləyir.
“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən “Bakı-Xəbər”ə verilən məlumata görə, fəaliyyətə başladığı vaxtdan indiyədək xalça fabrikində 950 kvadratmetr 255 xalça toxunub. Toxucular həm Horadiz şəhərinin, həm də Füzuli rayonunun ayrı-ayrı kəndlərinin, o cümlədən hazırda işğal altında olan kəndlərinin sakinləridir. Rayonun Horadiz şəhərindən, Zobucuq qəsəbəsindən, Bala Bəhmənli, Böyük Bəhmənli, Araz Yağlıvənd, Babı kəndlərindən olan toxucular daha çoxdur. Xalçaçılar müxtəlif ölçülü 43 dəzgahda çalışırlar. Toxucuların rahatlığının təmin olunması üçün fabrikdə lazımı şərait yaradılıb, filiala “Hyundai” markalı avtobus verilib. Burada əsasən Qarabağ qrupu Azərbaycan xalçalarının toxunmasına üstünlük verilir. Hazırda hanalarda 34 xalça var.
“Azərxalça” fəaliyyətə başladığı gündən klassik Azərbaycan xalçalarının yenidən istehsalında maraqlı olduğundan Füzuli filialının ilk məhsulları məhz belə xalçalar olub. Burada istehsal edilən ilk xalçalardan birinin xalçaçılıq tariximizdə mühüm yer tutan qədim “Əjdahalı” çeşnisi əsasında toxunması təsadüfi deyildi. Çünki Qarabağın klassik xalçaları içərisində bu nümunənin özünəməxsus yeri vardır. Azərbaycan xalçaçılıq tarixinin ən qədim örnəklərindən olan “Əjdahalı” xalçalar əsasən 16-17-ci əsrlərdə toxunub. Bu xalçanın qədim nümunələrinə dünyanın məhşur incəsənət muzeylərində və şəxsi kolleksiyalarda rast gəlmək mümkündür. 2017-ci ildə bu filialda Fransanın Paris şəhərində bir şəxsi kolleksiyada saxlanılan, 18-ci əsrə aid “Əjdahalı” xalçanın çeşnisi əsasında yeni xalça istehsal edilib.
“Azərxalça”nın digər filialları kimi Horadizdəki emalatxanada da sağlamlığı xalça toxumağa imkan verən insanlar işlə təmin edilib. Onlara hər cür şərait yaradılıb. Füzulinin Böyük Bəhmənli kənd sakini, eşitmə qüsuru olan və danışa bilməyən 32 yaşlı Gülyaz Hüseynova xalça toxumağı "Azərxalça" tərəfindən təşkil olunan kursda iştirak edərək öyrənib. Artıq iki ilə yaxındır ki, Füzuli filialında çalışan gənc toxucu bu müddət ərzində 7 xalça toxuyub. O, buradakı işindən çox razıdır və onun kimi insanlara göstərilən qayğıya görə dövlətimizə minnətdardır. Toxucu yoldaşları deyir ki, “Azərxalça”nın Füzuli filialının yaradılması rayonda yaşayan bütün xalçaçıların ürəyincədir. Ancaq ən çox sevinən Gülyaz Hüseynovadır. Çünki bu xalça istehsalı emalatxanası onun həyatını kökündən dəyişdirib. Gülyaz indi bir kollektivdə çalışaraq gələcəyə daha böyük ümidlə və inamla baxır.
Füzuli filialında
peşəkar toxucuların rəhbərliyi altında keyfiyyətli
xalçalar toxunur. Toxucular işə həvəslə, maraqla yanaşırlar. Emalatxanada
əmək rəqabəti var. Hər kəs
daha tez və daha yaxşı xalça
toxumaq üçün
çalışır, öz işinə
yaradıcı yanaşır. Bu da, öz növbəsində,
əmək məhsuldarlığını təmin edir.
Bakı xəbər.- 2018.- 28
sentyabr.- S. 14.