Tarixdə iz buraxanlar: Səttar xan
Görkəmli dövlət xadimi və sərkərdə Səttar xan 1866-cı il
oktyabrın 20-də İranın Qaradağ
vilayətinin Bişək kəndində anadan
olub. Atası Hacı Həsən bəy,
anası Təhminə xanımdır. Səttar xanın üç qardaşı və dörd bacısı olub. Kiçik yaşlarından ağır işlərlə
məşğul olan, təhsil imkanı olmayan Səttar zəhmətkeş və cəsarətli
gənc kimi formalaşıb.
İran zülmü əleyhinə baş verən hərəkat rəhbərlərindən birini gizlətdiklərinə görə gənc Səttar və böyük qardaşı İsmayıl həbs olunub və zəncirlə qandallanaraq Təbrizə gətiriliblər. İsmayıl edam olunub, Səttar isə üç ay həbsdə qaldıqdan sonra azad edilib. Qardaşının edamı onda şah üsul-idarəsinə nifrəti daha da artırıb.
1880-ci ildə 14 yaşında olan Səttar yenidən həbs olunub və uzun müddətə məhkum edilərək Ərdəbil həbsxanasına salınıb. O, bir neçə aydan sonra gözətçini öldürüb və həbsdən qaçaraq "Alarlı" Türk tayfasına qatılıb.
İran inqilabı başlayarkən şahdan ən çox narazı qalan Azərbaycan torpaqları arasında Səttar xanın yaşadığı Təbriz xüsusən seçilirdi. 1905-ci ildə burada monarxiya əleyhinə baş verən çıxışlar Səttar xanın siyasi şüurunun inkişafına müsbət təsir edib. İlk vaxtlar bu cür çıxışlar kortəbii olsa da, sonralar bu çıxışların siyasi səviyyəsi daha da yüksəlib ki, bu da irəli sürülən tələblərdə özünü göstərib. Elə inqilabın ilk vaxtlarında Təbriz mücahidləri ilə vali Məhəmməd Əli Mirzə arasında ilk toqquşma valinin məğlubiyyəti ilə nəticələnib. Bu da inqilabın əsasını qoyub.
Səttar xan 1906-cı ilin axırlarında Təbrizdə şah əleyhinə hərəkatda fəal iştirak etməyə başlayıb. İran taxtının varisi Məhəmməd Əli Tehrana getdikdən sonra Səttar xan Salmasda Təbriz səfiri Hacı İbrahimin mübaşiri kimi 6 min tümən yığaraq silah alınması üçün Təbrizdə Əlinin rəhbərlik etdiyi gizli təşkilata təhvil verib. Bu dövrdən o, Təbrizdə yaradılan təşkilatın üzvü kimi nüfuz qazanmağa başlayıb.
1908-ci ilin may ayında mücahidləri və yalnız türklərdən ibarət birlikləri müdafiə etmək üçün Tehrana qarşı yürüşə hazırlıq görülməyə və Təbrizdə bunun üçün könüllülərin toplanmasına başlanır. Min nəfərdən artıq könüllü arasında Səttar xanın da dəstəsi var idi. 17 iyun 1908-ci ildə Səttar xanın 300 nəfərlik və Bağır xanın 50 nəfərlik dəstələri birlikdə Tehran istiqamətində hərəkətə başlayır. Onlar Basmincədə digər dəstələrin gəlməsini gözləmək qərarına gəlir. Bu zaman demokratik qüvvələrin əleyhinə olan şəxslər teleqram vuraraq onları geri çağırır.
1908-ci il iyun ayının 23-də Tehranda əksinqilabi çevriliş baş verir. Polkovnik Lyaxovun kazak dəstələri məclisi atəşə tutaraq onu qovur. Təbrizdə də artıq atışmalar başlamışdı. Tələsik Təbrizə qayıdan Səttar xan öz dəstəsilə küçə döyüşlərinə qatılır. Təbrizin bütün məhəllələri irticaçı qüvvələr tərəfindən ələ keçirilsə də, Səttar xanın dəstələri Əmrəqız məhəlləsində döyüşləri qəhrəmanlıqla davam etdirir. Şəhərdə Səttar xanın qəhrəmanlığı haqqında müxtəlif əfsanələr yayılırdı. Ona kömək üçün hər məhəllədən Azəri türkləri gəlirdi. Tezliklə Səttar xanın döyüşçülərinin sayı artmağa başlayır. Barrikadalarda onun döyüşçüləri ilə birlikdə hətta uşaqlar və kişi paltarı geymiş qadınlar da vuruşurdu.
Səttar xanın ilk qələbəsi Əmrəqız məhəlləsində vuruşan dəstəsilə Xiyabanı məhəlləsində vuruşan Bağır xanın dəstəsinin birliyini təmin etməsi ilə baş verir. Onların birləşməsi Ərk qalasının alınması ilə nəticələnir. Qalada ələ keçirilən çox sayda silah-sursat igidlərə paylanır. Ərk qalasının girişində Səttar xanın şərəfinə izdihamlı mitinq keçirilir və igid Türk xalqı onun adını zikr edir.
İlk aylar ərzində Səttar xanın dəstələri düşmənin bütün hücumlarını, o cümlədən Maku xanı Rəhim xanın dəstələrini dəf edirlər. Səttar xan öz qəhrəmanlığı, şücaəti ilə döyüşçülərə nümunə göstərir və təhlükəli yerlərdə baş verən döyüşlərdə bilavasitə iştirak edir. Məhz onun və döyüşçülərinin qəhrəmanlığı sayəsində Təbriz düşməndən tamamilə təmizlənir və döyüşlər digər ərazilərə keçdi. Tezliklə Marağa, Salmas, Mərənd, Xoy, Maku, Ərdəbil və digər ərazilər İran şahının qüvvələrindən təmizlənir və Tehrana yol açılır. Tehrana hücum etmək və azadlığa qovuşmaq Səttar xanın qarşısında duran əsas vəzifələrdən idi. Əhali arasında yayılan müraciətlərin birində: "Səttar xan bütün İrandakı türklərin azadlığı uğrunda mübarizə aparır" - deyilirdi. Bəli, məhz bu mübarizənin nəticəsində Rəşt, Gilan, Yəzd və Güney Azərbaycanın digər əraziləri Səttar xanı müdafiə etməyə başlayır. Doğrusu, Səttar xan daim Vətən, xalq uğrunda mübarizə apardığını bildirir və bu yolda özünü qurban verməyə hazır olduğunu bəyan edirdi.
Səttar xanın böyük əməyi sayəsində 21 minlik Türk Ordusu təşkil olunmuşdu. Onun şaha qarşı irəli sürdüyü ultimatumda məclisin bərpası, konstitusiya uğrunda mübarizə aparanlara amnistiya, İranlı nazirlərin istefası, Türk torpağının geri verilməsi tələbləri yer alırdı.
Şah qoşunlarının Səttar xana qarşı hücumları heç bir nəticə vermiri. Səttar xanın döyüşçüləri arasında müxtəlif Türk ellərindən gələn igidlər də iştirak edirdi. Bunların arasında 800 nəfərə qədər Şimali Azərbaycan və Xorasandan gələn türklər də var idi.
1909-cu ilin aprel ayında Məhəmməd Əli şah Səttar xanla birbaşa danışıqlara başlayır və Səttar xan öz tələblərini şaha bildirir. Şahın nümayəndələri bu tələblərin yerinə yetiriləcəyi haqda müxtəlif vədlər verməyə başlayır. 1909-cu ildə Şah hökuməti konstitusiyanı bərpa etməyə məcbur olur. Fəqət döyüşçülərin arasında xainlər də var idi. 1909-cu ilin sentyabr ayında Səttar xanın kiçik dəstə ilə Ərdəbilə qayda-qanun yaratmaq üçün göndərilməsi ondan ötrü bir tələ idi. Əleyhidarları onun buradan salamat çıxmayacağına ümid edirdilər. Fəqət Səttar xan, güclü müqavimətə baxmayaraq, sağ-salamat Təbrizə qayıdır.
1910-cu ilin mart ayında Səttar xanın əleyhdarları Sepahdarın başçılığı ilə ondan Tehrana gedib danışıqlara başlamağı tələb edir. Bağır xan buna razı olsa da, Səttar xan qəti etiraz edir və Sepahdara kəskin cavab verir. Bundan sonra ermənilərdən olan Yefremin başçılığı ilə daşnak dəstələri iki pulemyot və digər silahlarla onun evini mühasirəyə alır, lakin o, Bağır xanla mühasirəni yararaq sağ çıxa bilir. Daha sonra Səttar xan Tehrana getmək, danışıqlar aparmaq qərarına gəlir. Tehrana gedərkən bütün yaşayış məntəqələrində xalq onu böyük məhəbbətlə qarşılayır. 1910-cu il aprel ayının 15-də onu qarşılamaq üçün Tehran əhalisinin əksəriyyəti küçələrə çıxmışdı. Onun şərəfinə şəhərin küçələrində "Xalqın qəhrəmanına eşq olsun!" deyə qışqırırdılar. Böyük izdiham Səttar xanı əlləri üstündə şəhər qapılarından keçirir, əhali onu gül-çiçəklə qarşılayır.
Bir neçə gün sonra Səttar xan və Bağır xana məktublar gəlir. Artıq İran bütün şərtləri qəbul etmişdi. İran hökuməti onların gündən-günə artan nüfuzundan ehtiyat edərək, fədailəri tərkisilah etmək qərarına gəlmişdi. Səttar xanın dəstəsinin sayının gündən-günə artması onları narahat edirdi. İran bütün ərazilərini itirə bilərdi. Şah rejimi Səttar xanın dəstəsinin Atabəy parkında, Bağır xanın dəstəsinin isə şəhərin digər hissəsində yerləşdiyindən xəbər tutur. Dəstələr ayrılmışdı. Hücum etmək vaxtı idi. Fədailərin tərkisilah edilməsi üçün bəhanə 16 iyul 1910-cu ildə müctəhid, seyid Abdulla Behbaninin öldürülməsi olur. Qatil tapılmır və hökumət bu sui-qəsddə fədailəri günahlandırır. Səttar xan hökumətin bu ittihamının yalan olduğunu və qatilin üç gün ərzində tapılacağını bildirir. Fəqət hökümət məclisin qərarına istinad edərək, iki gün ərzində fədailərin tərkisilah olunmalarını tələb edir və bildirir ki, bu müddət ərzində silahları təhvil verməyənlər qiyamçı elan olunacaq. Bu zaman Səttar xan və Bağır xanın dəstələrində 500-600 nəfər döyüşçü var idi. Səttar xan məclisin qərarının bütün qeyri-nizami hərbi birləşmələrə, o cümlədən Bəxtiyari dəstələrinə və Yefremin daşnak dəstəsinə də aid edilməsini tələb edir. 7 avqustda nizami piyada hissələri, iranlı Bəxtiyar süvariləri və erməni Yefremin dəstəsi tələsik Tehran polisinin tərkibinə daxil edilərək Atabəy parkını mühasirəyə almaq üçün göndərilir. Nümayəndə heyəti Atabəy parkında Səttar xanı tərkisilah olmaq üçün dilə tutmağa çalışsa da, Səttar xan onları qəbul etmir. Bu günlərdə Səttar xan xəstə idi və döyüşlər başlayanda o, yataqdan qalxıb silaha sarılır, döyüşçüləri ilə birlikdə qəhrəmancasına döyüşür.
Fədailərə qarşı top və pulemyotlardan istifadə olunduğu halda onlar yalnız tüfəng və mauzerlərlə müdafiə olunurdular. Səttar xanın döyüşçülərindən 60-dan çox ölən və yaralanan oldu. Yaralananlar arasında onun özü də var idi.
Fədailərə qarşı törədilən bu cür vəhşilik Tehran, Təbriz və digər şəhərlərin əhalisini hiddətləndirir və etiraz aksiyaları başlayır. Hökumət bütün ölkə ərazisində Səttar xan tərəfdarlarına qarşı repressiyalara başlayır. Səttar xan xəyanət nəticəsində tutulur və şah rejimi onu Tehranda və Gilanda ömrünün sonuna qədər ev dustağı kimi cəmiyyətdən təcrid edir.
Səttar xanın mübariz əhval-ruhiyyəsi, qətiyyəti ev dustağı olarkən də bir an belə zəifləmədi. Bu zaman mürtəce qüvvələri təmsil edən və hökümətə tabe olmayaraq quldurluqla məşğul olan Səməd xanın dəstələrinin Təbriz əhalisini soyub talaması onu bərk narahat edirdi. O, nazirlər kabinetinə məktub göndərərək, Səməd xanın quldur dəstələrindən Təbrizi qorumaq üçün Azərbaycana getməyə icazə istəyir.
"Kavkazskaya kopedka" qəzetinin müxbiri Səttar xanın bu müraciətindən sonra Nazirlər Kabinetinin ona təşəkkür elan etməsi və Təbrizə qayıtmasına icazə verməsi haqqında məlumat vermişdi. Tehranda şaiyə yayılır ki, qəhrəman Səttar xan dəstə toplayaraq bir neçə gündən sonra Tehranı tərk edərək Təbrizə gedəcək. Fəqət Səttar xana Təbrizi quldurlardan təmizləmək missiyasını həyata keçirmək qismət olmadı. O,1914-cü il noyabr ayının 17-də Tehranda ermənilər tərəfindən xainliklə şəhid edildi.
Güneydə yaşayan araşdırmaçı və yazar İbrahim Savalan “Amerikanın səsi” radiosuna söhbətində Səttar xanın vəfatından 100 il keçdikdən sonra müxtəlif etnik və siyasi qruplar arasında görkəmli xalq qəhrəmanından qalan təsviri dəyərləndirib. "Türklər hər zaman Səttar xanı bir xalq qəhrəmanı və onların haqlarını müdafiə edən bir öndər kimi tanıyıb,” deyə ifadə edən Savalan eyni zamanda məşrutə liderinin sadəcə bir savaş qəhrəmanı olaraq təqdim edilməsini doğru görmədiyini vurğulayır. Güneyli araşdırmaçının sözlərinə görə, Səttar xan Azərbaycanda mövcud olan siyasi hərəkatlar və mütərəqqi düşüncələrlə tanış olan siyasi bir lider olub. "Səttar xan bir fəlsəfəçi deyildi, ancaq öz çağını yaxşı tanıyırdı," deyərək o, Səttar xanın idaetmə bacarığına malik olduğunu da önə çəkir.
İbrahim Savalan bu gün İran Azərbaycanında Səttar xanın adının günün sözü ilə bərabər yaddaşlara keçdiyini qeyd edir: "Səttar xanın adının qanun sözü ilə birlikdə anılmasını müxtəlif şəkillərdə müşahidə edirik. Misal üçün, Azərbaycan şəhərlərində seçkilərə namizəd olan siyasətçilər kampaniyalarında Səttar xanın posterlərindən istifadə edir. Onlar Səttar xanın xalq arasında necə tanındığını bilirlər."
Vətəninin azadlığı, müstəqilliyi, demokratik dəyərlərin bərqərar olması uğrunda mətin mübariz olan Səttar xanın adı Azərbaycanın şərəfli mübarizə tarixinə əbədi həkk olunub.
Allah rəhmət eləsin.
Fazil QARAOĞLU,
professor
Bakı xəbər.- 2018.- 28
sentyabr.- S. 15.