Milli qəhrəmanlarla bağlı filmlərin pulsuz nümayişi... 20 Yanvar ruhuna uyğun vətənpərvərlik təbliğatının yeni forması...

20 Yanvar hadisəsinin 28-ci ildönümü ilə bağlı milli qəhrəmanlar haqqında çəkilən sənədli filmlər nümayiş olunacaq

Jalə Cəfərova: “Hesab edirəm ki, milli qəhrəmanlarla bağlı sənədli filmlər orta məktəblərdə, bağçalarda, universitetlərdə...”

Zülfiyyə Eldarqızı: “Həmin günlərdə 20 Yanvar şəhidlərinin qəhrəmanlığı haqqında filmlər nümayiş olunmalıdır

 

 Xalqımızın müstəqillik uğrunda mübarizə tarixində əhəmiyyətli dərəcədə rol oynayan, milli oyanışı, milli məfkurəyə bağlılıq prosesini sürətləndirən 1990-cı ilin 20 Yanvar hadisəsi tariximizin şanlı səhifələrindən birinə çevrilib.  Tarixçilər, ziyalılar bildirirlər ki, 20 Yanvar hadisəsinin ildönümləri yas mərasimi kimi deyil, xalqımızın şərə, yadelli işğalçılara, qəsbkarlara qarşı mübarizəsinin təzahür nümunəsi olaraq qeyd edilsin.

Sözsüz ki, 20 Yanvar şəhidləri adlarını öz əməlləri, vətənpərvərlikləri ilə qəhrəmanlıq salnaməmizə həkk ediblər. Onlar xalqımızın, Vətənimizin cəsur, qorxmaz övladlarıdır.Bir neçə gün əvvəl Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev “20 Yanvar hadisəsinin iyirmi səkkizinci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı”nı təsdiqləyib. Qeyd edək ki, tədbirlər planında 20 Yanvar hadisəsilə bağlı qeyd ediləcək tədbirlərin xəritəsi cızılıb. Tədbirlər planına əsasən, 20 Yanvar hadisəsinin 28-ci ildönümü respublikanın bütün müəssisələrində, qurumlarında qeyd ediləcək.20 Yanvar hadisəsinin 28-ci ildönümü ilə əlaqədar olaraq milli qəhrəmanların ömür yolundan bəhs edən sənədli filmlərin nümayişinə başlanacaq. Mədəniyyət Turizm Nazirliyinin yaydığı məlumata görə, xalqımızın qan yaddaşı olan 20 Yanvar faciəsinin iyirmi səkkizinci ildönümü ilə əlaqədar yanvarın 15-dən milli qəhrəmanlara həsr edilən sənədli filmlərin nümayişi həyata keçiriləcək. Bu ekran əsərləri Mədəniyyət Turizm Nazirliyinin kinematoqrafiya şöbəsi Bakı Şəhər Mədəniyyət Turizm Baş İdarəsinin birgə təşkilatçılığı ilə idarənin tabeliyində olan mədəniyyət müəssisələrində təqdim olunacaq.Gənc nəslin milli təfəkkürünün formalaşması vətənpərvər ruhda tərbiyəsində, habelə tariximizin öyrənilməsində xüsusi əhəmiyyət kəsb edən bu filmlərin nümayişi yanvarın 19-dək davam edəcək.Milli Mədəniyyətin Təbliği İctimai Birliyinin sədri, filologiya elmləri namizədi Jalə Cəfərova bizimlə söhbətində bildirdi ki, tariximizin qəhrəmanlıq səhifələrinin hər zaman təbliğ edilməsinə, qəhrəmanlarımızın gənc nəslə tanıdılmasına böyük ehtiyac var. Milli qəhrəmanlar haqqında çəkilən sənədli filmlərin nümayiş edilməsinin olduqca əhəmiyyətli olduğunu deyən J.Cəfərova qeyd etdi ki, bu filmlər bütün müəssisələrdə, orta ali məktəblərdə, hətta uşaq bağçalarında da göstərilməlidir: “20 Yanvar hadisələri ərəfəsində milli qəhrəmanlarla bağlı çəkilən sənədli filmlərin nümayiş etdirilməsi olduqca təqdirəlayiq haldır. Kinonun şüurlara, düşüncələrə təsir gücünü nəzərə alıb demək istəyirəm ki, biz filmlər vasitəsilə gənc nəslə, cəmiyyətə sözümüzü daha təsirli şəkildə deyə bilirik. Hesab edirəm ki, milli qəhrəmanlarla bağlı sənədli filmlər orta məktəblərdə, bağçalarda, universitetlərdə nümayiş olunmalıdır. Gənc nəslin vətənpərvərlik tərbiyəsinin formalaşmasında qəhrəmanlıq filmlərinin rolu böyükdür. Fikrimcə, bu filmlər yalnız 20 Yanvar hadisələrinin ildönümü ərəfəsində, Xocalı soyqırımı günündə deyil, il boyu nümayiş etdirilməlidir. Yəni ənənə halını alsın”. 

 

J.Cəfərovanın sözlərinə görə, həm milli qəhrəmanlar haqqında filmlər, həm qan yaddaşımızla bağlı çəkilən ekran əsərləri otellərdə xüsusi quraşdırılmış monitorlar vasitəsilə xarici dillərdə nümayiş etdirilməlidir:Xarici ölkələrin əksəriyyətində otellərdə xüsusi monitorlar quraşdırılıb. Həmin ölkələrin gəzməli, görməli yerləri ilə yanaşı, qəhrəmanlıq tarixləri haqqında da görüntülər təqdim edirlər. Bizim otellərdə xüsusi monitorlar quraşdırılmalıdır. Orada respublikamızın turizm imkanları, mədəniyyəti, gözəllikləri ilə yanaşı, həm milli qəhrəmanlarımız haqqında, xalqımızın başına gətirilən faciələr barədə, Qarabağ müharibəsi ilə əlaqədar kiçik süjetlər təqdim etmək lazımdır. Qoy əcnəbi turistlər xalqımızın mübarizə tarixi haqqında, qəhrəmanları barədə məlumata malik olsunlar”.Sənətşünaslıq üzrə fəlsəfə doktoru Zülfiyyə Eldarqızı da 20 Yanvar hadisəsinin 28-ci ildönümü ilə əlaqədar milli qəhrəmanlar haqqında sənədli filmlərin nümayiş etdirilməsini müsbət qarşılayır. Z.Eldarqızı hesab edir ki, milli qəhrəmanların ömür yolu, torpaqlarımızın müdafiəsi uğrunda verdikləri mücadilələr gənc nəsil üçün əsl örnəkdir: “Milli qəhrəmanlar haqqında çəkilən filmlər cəmiyyətin vətənpərvərlik ruhuna müsbət təsir edir. Mən bu işi təqdir edirəm. Bildiyim qədər, 20 Yanvar Xocalı faciələrinin ildönümlərində filmlərin nümayişi ictimaiyyət üçün açıqdır. Yəni onlar bilet almadan filmlərə baxa bilirlər. 20 Yanvar qan yaddaşımıza həkk olunan unudulmaz tarixdir. Düzdür, 20 Yanvar faciəsində xalqımızın oğul qızları, körpələri şəhid oldular. Onlar bu dünyadan qəhrəman kimi köçdülər. Onların həyat yolu bir örnəkdir. Düşünürəm ki, həmin günlərdə 20 Yanvar şəhidlərinin qəhrəmanlığı haqqında filmlər nümayiş olunmalıdır. Kinoteatrlarda məktəblilər üçün açıq qapı təşkil edilməlidir ki, onlar gəlib bu filmlərə baxsınlar. Məktəblər bu işdə təşəbbüskar olmalıdırlar”.

 

İradə SARIYEVA

Baki xəbər.-2018.- 13-15 yanvar.- S.15.