Azərbaycanda qədim muzey
eksponatları necə bərpa olunur?
Muzey Sərvətləri və Xatirə Əşyalarının
Elmi Bərpa Mərkəzində Əli bəy Hüseynzadənin
də irsi bərpa edilib
Zərifə Məlikova: “Ümumiyyətlə,
bərpa və konservasiya üçün Mərkəzə
daxil olan hər bir eksponat haqqında əvvəlcə
geniş elmi araşdırma aparılır, məlumatlar
toplanır”
İranə İbrahimova: “Biz əşyaların
üzərində baş verən dəyişikliklərin
bütün tarixini öyrənməklə yanaşı…”
Hər bir eksponat tarixin bir mərhələsinin örnəyidir. Tarixdən-tarixə
miras qalan eksponatlar muzeylərdə, şəxsi kolleksiyalarda
böyük maddi-mənəvi sərvət kimi qorunub
saxlanır. Ancaq təəssüf ki, bu
materialların çoxu arxeoloji qazıntılar zamanı
üzə çıxarıldığından, çox zaman
zədəli olur, yaxud tamamilə qırılır. Sözsüz ki, bu da materialların, eksponatların
yenidən bərpasına ehtiyac yaradır. Bu günə kimi respublika muzeylərində bərpaya
ehtiyacı olan eksponatların xeyli hissəsi bərpa edilib, bir
qismi isə bərpa edilir. Bildiyimiz kimi,
respublikada bu sahə ilə Muzey Sərvətləri və
Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzində
(MSXƏEBM) məşğul olunur. İndiyə qədər
Mərkəzdə saysız-hesabsız eksponata ikinci həyat
verilib və o eksponatlar xalqımızın sərvəti kimi
muzeylərdə qorunur, seyirçilərə təqdim edilir.
Son illər Muzey Sərvətləri və Xatirə
Əşyalarının Elmi Bərpa Mərkəzində
görülən işlərə nəzər salsaq görərik
ki, burada çoxlu işlər həyata keçirilib.MSXƏEBM-nin
direktoru, əməkdar mədəniyyət işçisi, sənətşünas
Zərifə Məlikovanın bildirdiyinə görə, Elmi Bərpa
Mərkəzinə bərpa üçün təqdim edilən
hər bir eksponata xüsusi diqqətlə yanaşılır.
Mərkəzdə hər sahənin öz mütəxəssisləri
olduğunu deyən Z.Məlikova qeyd edir ki, bərpaçılıq
sənəti mədəni sərvətlərin gələcək
nəsillər üçün qorunmasına yönəlmiş
müqəddəs peşələrdən biri, bəlkə də
birincisidir: “Bu müqəddəs peşənin nümayəndələri
vaxtilə xalq ustaları, dahi sənətkarlar tərəfindən
yaradılmış, daha sonra zamanın və s. təsiri ilə
zədələnmiş, dağılmağa
başlamış və hətta dağılmış mədəniyyət
abidələrinin, bir növ, təbibin xəstəni
sağaltmaq səylərinə bərabər fədakarlıqla,
əsərin üzərində zərrə-zərrə, cərrah
dəqiqliyi ilə işləyərək yenidən həyata
qaytarılmasına nail olurlar. Ensiklopedik biliyə
maliklik, intuisiya, səbrlilik, dözümlülük, məsuliyyətlilik
kimi keyfiyyətlər peşəkar bərpaçıya dahi sənət
əsərlərinin ömrünü uzatmağa imkan verir.Çətin
ki, tamaşaçılar muzey zallarını gəzib incəsənət
nümunələrini seyr edərkən əksər
eksponatların muzeyə hansı vəziyyətdə daxil
olduğunu fikirləşsinlər. Belə
fikirlərin tamaşaçını narahat etməməsini təmin
edən böyük peşəkarlar-bərpaçılar var.Lakin
bu incəsənət əsərlərinin hansı sirlərinin
olması, hansı məlumatı daşıması
hamını maraqlandırır. Bu sirlər
isə çox vaxt məhz bərpa zamanı
açılır.Bərpaçılıq sənətinin
tarixi orta əsrlərə gedib çıxır. Peşəkar bərpa məktəblərinin əsası
isə XVII-XVIII əsrlərdə qoyulub. Azərbaycanda
bu sənətin tarixi bir o qədər də çox deyil.
Ötən əsrin 50-ci illərində əsası qoyulan bərpaçılıq
məktəbinin davamı olan Muzey Sərvətləri və
Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzi
yaşının bir o qədər də çox olmamasına
baxmayaraq, yarandığı vaxtdan bu günədək bir
çox nailiyyətlərə imza atıb”.Z.Məlikovanın
qeyd etdiyinə görə, təkcə 2009 və 2011-ci illərdə
Milli Azərbaycan Tarixi Muzeyinin toplularında qorunan misilsiz mədəniyyət
abidələrinin bərpası üçün elan etdiyi
tenderdəki qələbəni və bu qələbənin nəticəsi
kimi də həyata qaytarılan 1500-ə yaxın eksponatın
yüksək səviyyədə bərpasını
vurğulamaq kifayətdir. Onun sözlərinə görə, əslində,
özündə tarixin keşməkeşlərini, bir
çox sirləri gizlədən istənilən mədəniyyət
abidəsinin müvəffəqiyyətlə bərpası,
sirrinin açılmasının özü böyük bir
uğurdur: “Mərkəzinsə belə uğurları
sonsuzdur. Belə ki, 90-cı illərdə fransız rəssamı,
məşhur barbizonçu Jül Düprenin, rus
impressionizminin banilərindən sayılan Konstantin Korovinin,
polşalı rəssam Yan Stıkanın, holland natürmort
ustası Piter Klasın tablolarının sirri
açılmış, şamaxılı sənətkar Məhəmmədkərimin
(XVII əsr) özündə qədim miniatür və Avropa rəngkarlığını
birləşdirən əsərlərinin tarixçəsi
aşkarlanıb. Ümumiyyətlə, bərpa
və konservasiya üçün Mərkəzə daxil olan hər
bir eksponat haqqında ilk əvvəl geniş elmi
araşdırma aparılır, məlumatlar toplanır. Bu məlumatlara əşyanın atribusiyası,
istifadə məqsədi və s. daxildir. Lakin
bəzən bu məlumatlar ya yarımçıq, ya təhrif
edilmiş, ya da dəqiqləşdirməyə ehtiyacı
olur. Bu məqsədlə Mərkəzdə
eksponatın bərpası ilə paralel laborator analizi, elmi tədqiqi
də aparılır. 2003-cü ildə
Quba Tarix-Diyarşünaslıq Muzeyindən Mərkəzə
islamın çağırışçıları
sayılan dərvişlərin əsas atributu olan kəşkül
daxil olmuşdu. İlkin baxış
zamanı qəlpələr şəklində olan kəşkülün
mexaniki zədədən sındığı müəyyənləşdi.
Bərpaya başlamazdan əvvəl kəşkülün
hazırlandığı materialın qırmızı gil olduğu, daha sonra üzərinin ağ rəngli
anqobla, naxışlandıqdan sonra isə qalın şirlə
örtüldüyü aydınlaşdırıldı. Kəşkülün
üzərindəki yazıların Məhəmməd
Füzuli adına Əlyazmalar İnstitutu ilə birgə
aparılan tədqiqi isə bu yazıların orta əsrlərə
xas olan fars yazıları olduğunu və kəşkülün,
güman edildiyi kimi, XVIII əsrə deyil, daha erkən dövrə
-XIV-XV əsrlərə aid olduğunu müəyyənləşdirdi”.MSXƏEBM
rəhbəri vurğulayır ki, 2011-ci ildə Milli Azərbaycan
Tarixi Muzeyindən daxil qurama texnikalı tikmə isə
özündə daha maraqlı məlumatlar saxlayırdı. Bu tikmənin bərpası zamanı onun demontaj
edilmiş bir hissəsində ipək parçanın üzərində
həm əski əlifba, həm də köhnə kiril əlifbası
ilə olan yazılar aşkarlandı. Bu yazılar 12
yanvar 1908-ci ildə “Nicat” maarif cəmiyyəti tərəfindən
həvəskar aktyorların Hüseyn Ərəblinskinin
rejissorluğu və müəllifin nəzarəti ilə
müsəlman səhnəsində ilk dəfə olaraq
Üzeyir Hacıbəyovun “Leyli və Məcnun”
operasının ilk tamaşasının
proqram-afişasını əks etdirirdi: “Afişanın
üzərində ilk tamaşada rolları ifa edən
aktyorların adı, rejissorun adı və s. ilə
yanaşı, 14 yanvarda oynanılacaq növbəti
tamaşanın anonsunu əks etdirən yazılar da var idi. Təəssüflər olsun ki, növbəti dəfə
hansı tamaşanın olacağına dair yazılar
itmişdi və bu, yeni araşdırmalara meydan
açırdı. Tədqiqatlar
yazılarda anonsu keçən növbəti tamaşanın
türk ədibi Şəmsəddin Saminin “Gavə” əsərinə
(şair və publisist Səməd Mənsurun tərcüməsi
və iştirakı ilə) hazırlandığını
müəyyənləşdirdi. Azərbaycanın
ilk operasının yaranma tarixinin daha bir sübutu olan bu unikal
abidə həm də tikmənin özü haqqında, onun da
təxminən XX əsrin əvvəllərinə aid
olduğunu müəyyənləşdirməyə imkan verir.
İlk operanın birinci tamaşasının
müjdəçisi olan bu ipək parça - proqram-afişa
güman ki, hələ relikviyaya çevrilməmişdən əvvəl,
bəlkə təsadüfən, bəlkə də qəsdən
bu tikməyə əlavə edilib. Bu həm
də əşyanın zəngin, ziyalı ailəsinə məxsusluğu
ehtimalını doğurur. Çünki
XX əsrin əvvəllərində teatra getmək imkanı
daha çox zənginlərə və ziyalılara xas idi və
ipək parça üzərində belə proqram afişalara
daha çox onların evində rast gəlinirdi. Quramada
istifadə olunan zərxara, ipək, atlas və s. kimi digər
qiymətli parçalardan hissələr də bu fikri əsaslandırmağa
imkan verir”.MSXƏEBM rəhbərinin verdiyi bilgiyə görə,
2012-ci ildə milli təsviri incəsənətdə realist dəzgah
boyakarlığının yaradılmasına misilsiz töhfələr
vermiş, portret və mənzərə janrının
formalaşmasında böyük rol oynamış Azərbaycan
rəssamlıq məktəbinin görkəmli nümayəndəsi
Bəhruz Kəngərlinin 120 illik yubileyinin qeyd olunması
haqqında Azərbaycan Respublikası Prezidentinin
imzaladığı sərəncamla əlaqədar
Naxçıvan MR-də rəssamın muzeyində
toplanmış rəsm əsərlərinə baxış
keçirilməsi, bərpaya ehtiyacı olan əsərlərin
müəyyənləşdirilməsi və bərpası məqsədilə
Naxçıvan MR-in Mədəniyyət və Turizm Nazirliyi tərəfindən
Mərkəzə müraciət daxil olub: “Ölkəmizdə
teatr rəssamlığının banilərindən olan Bəhruz
Kəngərlinin xalqımızın tarixi keçmişini və
dövrün ictimai-siyasi hadisələrini dolğun əks
etdirən zəngin irsinin bərpası kimi şərəfli
vəzifəni layiqincə yerinə yetirmək
üçün Mərkəzin əməkdaşları Azərbaycan
Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi
ilə Naxçıvan MR-ə ezam olundular. Burada rəssamın
bir çox əsərlərinə baxış keçirildi,
“Gənc oğlanın portreti”, “İmamzadə”,
“Naxçıvan toyu”, “Avtoportret”, “Naxçıvan gözəli”,
“Naxçıvanda sərdabə” kimi rəsm əsərləri
yerindəcə bərpa olundu, “Minarəsi
dağılmış məscid”, “Nuhun qəbri”, “Ov itləri”
əsərləri isə əsaslı bərpa
üçün Mərkəzə gətirildi. “Gənc
oğlanın portreti” adlı rəsm əsəri bərpa
olunarkən demontaj zamanı arxa hissəsindən rəssamın
bu günə kimi məlum olmayan daha bir rəsm əsəri
aşkar olundu. Bu, karton üzərinə sulu
boyalarla çəkilmiş oğlan uşağının rəsmi
idi və onun bərpa olunaraq muzeyə qaytarılması təkcə
Bəhruz Kəngərli muzeyi üçün deyil, Azərbaycan
təsviri sənət tarixi üçün də
böyük bir töhfədir. Bu gün
respublikanın əksər muzeylərində özündə
belə dəyərləri, tarixin bilinməyən sirlərini
saxlayan çoxlu sayda incəsənət nümunələri,
mədəni sərvətlər var və bu dəyərlərin
aşkar edilməsi, araşdırılması, sirlərinin
açılması təkcə sənətşünasların,
alimlərin deyil, bərpaçıların da şərəfli
vəzifəsidir. Çünki vaxtilə müəllif
qələmindən, sənətkar əlindən
çıxmış bu sərvətlərin yenidən
yaranmaq ehtimalı yoxdur, dünənimiz, bu günümüz və
sabahımız üçünsə onları qorumaq, saxlamaq
hər birimizin müqəddəs borcudur”.MSXƏEBM-nin əməkdaşı
İranə İbrahimovanın verdiyi məlumata görə, Mərkəzdəgörkəmli
türkoloq, şair, ədib, musiqişünas, filosof, publisist,
rəssam, həkim Əli bəy Hüseynzadənin də irsinə
aid nümunələr bərpa edilib. O qeyd edir ki,
Ə.Hüseynzadə haqqında nəinki yerli mətbuatda, eləcə
də xarici nəşrlərdə bir sıra məqalələr
yazılmış, onun həyat və fəaliyyəti, Azərbaycan
tarixinə və mədəniyyətinə verdiyi töhfələr
haqqında geniş araşdırmalar aparılıb: “Bu dahi
şəxsiyyətdən bizə yadigar qalan, uzun illərdən
sonra ölkəmizə gətirilərək İstiqlal Muzeyinə
hədiyyə olunan memorial əşyalar və onların bərpasını
həyata keçirmişik. Bu əşyaların içərisində
Əli bəyə məxsus orden, medal, döş
nişanları, cib saatı, şəxsi möhürlər,
qol düymələri, Əli bəyin və oğlu Səlim
Turanın müəllifi olduğu rəngkarlıq və qrafik
əsərlər, həyat və fəaliyyətini əks
etdirən fotoşəkil və s. sadalamaq olar. 2016-cı ildən
bəri başlayaraq, Azərbaycan Respublikasının mədəniyyət
və turizm naziri Əbülfəs Qarayevin təşəbbüsü
və vasitəçiliyi ilə Əli bəy Hüseynzadənin
qızı Feyzavər xanımla və Türkiyə dövlət
qurumları ilə aparılan danışıqlardan sonra uzun
yola çıxan bu əşyalar nəhayət ki, Azərbaycan
İstiqlal Muzeyinin toplusunda özünə əbədi yer
aldı. Onların sayəsində Azərbaycan gəncliyi,
gələcək nəsillər Azərbaycanın istiqlal
tarixində, mədəniyyətində, elmində xüsusi
rol oynamış görkəmli şəxsiyyət Əli bəy
Hüseynzadə haqqında bir çox həqiqətləri
öyrənmiş olacaqlar. Lakin muzeyin
ekspozisiyasında öz yerlərini almamışdan öncə
bu əşyalar digər bir mədəniyyət ocağına
– Muzey Sərvətləri və Xatirə
Əşyalarının Elmi Bərpa Mərkəzinə səfər
etdilər. Burada bərpaçılar bir təbib
kimi xüsusi nəvaziş və qayğı ilə mədəni
sərvətlərimizi, bir növ, “xəstəlikdən
sağaldır”, xilas edir, ikinci həyat verərək gələcək
nəsillər üçün qoruyurlar.Mərkəzə
daxil olan hər bir əşya özüylə müəyyən
bir informasiya da gətirmiş olur. İlk
baxışda bəzən bu informasiyanın cüzi bir hissəsi
müəyyən olunur. Daha dərın
bilgilər isə onların üzərində araşdırma
və bərpa işi aparılarkən aşkarlanır.
Təsadüfi deyil ki, Rusiyanın görkəmli xalq rəssamı,
sənətşünas alim, bərpaçı rəssamı
İqor Qrabar deyirdi: “Bərpa və qorumaq məqsədilə əşyaların
araşdırılması eyni zamanda onların çox
yaxşı tədqiqi deməkdir. Biz əşyaların
üzərində baş verən dəyişikliklərin
bütün tarixini öyrənməklə yanaşı, həm
də onları hazırlayan sənətkarın
yaradıcılıq sirlərini, məharətini izləmiş,
onun sənətkarlığının ən gizlin mənalarını
öyrənmiş oluruq”.Aşkarlanan hər bir məlumat isə
daha sonra aid olduğu dövr, mədəniyyət, şəxs
barəsində sübutlara, tarixi faktlara çevrilir.
Əli bəy Hüseynzadəyə məxsus memorial əşyalarda
olduğu kimi”.İ.İbrahimovanın qeyd etdiyinə görə,
Əli bəyin incəsənətə, musiqiyə olan
meylinin, maarifpərvərliyinin, müasir
baxışlarının, türkçülük uğrunda
apardığı mübarizənin, tibb sahəsində nailiyyətlərinin,
dini baxışlarının, səyahətlərinin
şahidi olan rəsm əsərləri, şəxsi əşyaları,
musiqi alətləri, təltifləri, möhürləri,
orden, medal, döş nişanları və digər ölkələrdən
olan suvenir əşyaların hər biri onun yadigarı olmaqla
yanaşı, onun səxsiyyəti barəsində zəngin
informasiya mənbəyidir: “Bunların içərisində
xüsusi diqqət çəkən əşyalardan üzərini
pas təbəqəsi tutmuş qol düymələridir ki,
xüsusi vasitələrlə pas təbəqəsi təmizləndikdən
sonra onların üzərində ərəbcə ”Allah”,
“Maşallah” “Yadigar” sözləri, “Məscid” və “ağac”
təsvirləri aşkar edildi. Bundan başqa Əli bəy
Hüseynzadənin kağız üzərində sulu boya ilə çəkdiyi “Bibiheybət məscidi”
adlı rəsm əsəri də xüsusi maraq doğurur. Belə
bir fakt var ki, uzun illərdən sonra keçən əsrin
90-cı illərinin sonunda ulu öndər Heydər Əliyevin
təşəbbüsü və göstərişi ilə
Bibiheybət məscidi bərpa olunarkən, məscidin xarici
görünüşünü təsvir etmək
üçün Əli bəyin müəllifi olduğu bu rəsmdən
istifadə olunub. Rəsmin arxa tərəfində
isə əl yazısı ilə “Bibiheybetin resmi. Bu cami Baku ve ya Selyanda zelzelede
yıkılmışdır. Pr. Dr.
Huseynzade Ali (1864-1941) bey tarafından yapılmışdır”
cümlələri yazılıb.Digər maraqlı əşyalara
Əli bəyin məktub açmaq üçün istifadə
etdiyi suvenir bıçaqları aid etmək olar. Bıçaqlardan
birinin üzərində almancadan “Birlik gücü, Dünya
müharibəsi 1914/17” mənasını verən yazılar,
digər bıçağın üzərində isə təmizləndikdən
sonra təsvirlər və “Rattvik” yazısı
aşkarlanıb. Aparılan araşdırmadan sonra ikinci
bıçağın İsveç istehsalı olduğu
müəyyənləşib. Bıçağın qəbzəsinin
üzərindəki təsvirlərdə Retvik şəhərinin
sakinlərinin - milli kəndli geyimlərində olan qadın və
kişi təsvirləri, eləcə də qədim isveç
rəsmi olan “rosemaling” - qızılgül təsvirləri
verilib”.
Mütəxəssisin bildirdiyinə
görə, Əli bəyin əşyaları içərisində
ən maraqlılarından biri də onun skripkasıdır.
Əli bəyin onu necə əldə etməsi barədə dəqiq
məlumat yoxdur. “Əvəzində bəllidir ki, 1916-cı
ildə Əli bəy Avstriya-Macarıstan, Almaniya,
İsveçrəyə səyahət edib və Əli
bəyə məxsus olanda artıq skripkanın 2 əsrə
yaxın yaşı var idi. Bu barədə skripka özü məlumat
verir. Bərpaçı-rəssam G.Məmmədov tərəfindən
aparılan bərpa prosesi zamanı skripkanın içindən
yazılar olan yarlığ aşkar edildi. Yarlıqda
yazılırdı: “MATTHIAS Albanus me fecit, Bulsani Tyroli 1706”. Tərcüməsi
Mattiias Albani məni 1706-cı idə Tiroli Bulsanidə düzəltdi.
Tədqiqatdan məlum oldu ki, Mattias Albani (oğul) Bulsani
qraflığının Tirol şəhərində
İtaliyanın tanınmış skripka ustalarından olub.
Onun atası Matias Albanus da tanınmış skripka ustası
olub. Skripka düzəltməyi atasından öyrənən
Mattias daha sonra tanınmış skripka ustası Amatenin
yanında püxtələşmiş və öz işini
Romada davam etdirib. Onun düzəltdiyi Amate skripkaları dəyərli
sayılır və daha çox XVII-XVIII əsrlərə aid
edilirdi. Albani Mattiasdan sonra onun işini iki oğlu Maykl və
Jozef Almaniyada davam etdiriblər. Sözsüz ki, 3 əsrə
yaxın yaşı olan bu skripkanı tarixi və muzey dəyəri
çox böyükdür”.
İradə SARIYEVA
Bakı
xəbər.- 2018.- 13-15 noyabr.- S.14.